|
Gəncədə Azərbaycan milli təhlükəsizlik orqanlarının yaradılmasının 90 illiyi münasibətilə tədbir keçirilmişdir.
İştirakçılar əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə əklil qoymuş, xatirəsini ehtiramla yad etmişlər.
Azərbaycanın ilk təhlükəsizlik orqanlarına rəhbərlik etmiş Məmmədbağır və Nağı Şeyxzamanov qardaşlarının vaxtilə yaşadıqları evdə onların xatirələri anılmışdır.
Gəncə Şəhər İcra Hakimiyyətində ictimaiyyət nümayəndələrinin iştirakı ilə təntənəli yubiley mərasimi keçirilmişdir.
Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində milli təhlükəsizlik orqanlarının gərgin fəaliyyətindən danışmış, bu sahədə çalışan bütün əməkdaşları yubiley münasibətilə təbrik etmişdir.
Milli təhlükəsizlik orqanlarının erməni terrorizminə qarşı apardıqları əməliyyatlardan bəhs edən sənədli filmin nümayişindən sonra Milli Təhlükəsizlik Nazirliyi Gəncə Şəhər İdarəsinin rəisi Vüqar Əliyevin Azərbaycan milli təhlükəsizlik orqanlarının 90 illik fəaliyyətindən bəhs edən məruzəsi dinlənilmişdir.
Gəncə Elm Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Fuad Əliyev, Gəncə Şəhər Apelyasiya Məhkəməsinin sədri Rafiq Məmmədov, şəhər prokuroru Adil Vəliyev, şəhər polis idarəsinin rəisi Rasim Musayev və başqaları ölkənin təhlükəsizlik orqanlarının əməkdaşlarına bundan sonrakı fəaliyyətlərində uğurlar arzulamış və xatirə hədiyyələri təqdim etmişlər.
|