|
Kəşfiyyat və əks-kəşfiyyat öz işinə uğurla başlamışdı
Casusluq şəbəkələrinin üstü açılmış, nə qədər xarici kəşfiyyatçı zərərsizləşdirilmişdi
Xüsusi xidmət orqanlarının təşkilatlanma işi ordu quruculuğu ilə birbaşa bağlı idi. 1918-ci ilin dekabrından etibarən bu proses bir qədər də sürətlə getməyə başlamışdı. Həmin gərgin vaxtlarda ölkənin təhlükəsizliyinin - kəşfiyyat və əks-kəşfiyyat işinin təminatı kimi prinsipial məsələ də hərbi nazirliyə həvalə edilmişdi.
25 fevral 1919-cu ildə Hərbi Nazirliyin strukturunun yekun layihəsi qapalı müzakirə üçün Azərbaycan parlamentinə təqdim olunmuşdu. Elə həmin gün parlament "Hərbi Nazirliyin ştatları haqqında" xüsusi qanun qəbul etdi. Qanunda Hərbi Nazirliyin 38 istiqaməti üzrə ştatlar təsdiq edildi. Burada müxtəlif istiqamətlərlə yanaşı, nazirliyin general-kvartirmeyster idarəsinin nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsinin yaradılması da nəzərdə tutulmuşdu.
1919-cu il martın 28-də Baş Qərargahın Baş İdarəsinin general-kvartirmeyster şöbəsində yaradılan dörd bölmədən biri də əks-kəşfiyyat və kəşfiyyat bölməsi idi. Bölmənin rəisi vəzifəsinə kornet (süvari hissələrində ilk zabit rütbəsi) Ağalarov təyin olunmuşdu. Ağalarov əks-kəşfiyyat bölməsinə hələ 1918-ci il avqustun 28-dən rəhbərlik edirdi. Özü də Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin 7 saylı sərəncamına əsasən. Odur ki, 28 mart bu gün təhlükəsizlik orqanlarının peşə bayramı kimi qeyd olunur.
Bölmənin 28 nəfərdən ibarət ştat-strukturu yaradılmışdı. Kəşfiyyat və əks-kəşfiyyat bölməsi işini, adından da göründüyü kimi, iki istiqamət üzrə qurmuşdu. Onlar Hərbi Nazirliyi və ölkə rəhbərliyini müvafiq məlumatlarla təmin etməyə çalışırdılar.
Əks-kəşfiyyatçilarin iki işi
Əks-kəşfiyyatçılar əsasən Denikin, bolşevik və erməni casuslarına qarşı mübarizə aparırdılar. Bildiyimiz kimi, "denikinçi" zabitlər ilk vaxtlar Azərbaycan Ordusuna daxil olsalar da, niyyətləri başqa idi. Bu barədə dövlət arxivində xeyli sənədlər saxlanılır. "Smıslovanın işi üzrə" adlı sənəddən aydın olur ki, kornet Ağalarovun rəhbərliyi ilə bölmənin əməkdaşları xüsusi plan hazırlayaraq gənc ölkənin əleyhinə casusluq edən qrupu ifşa etmişdilər. Smıslovanın Gəncədə həbs edilməsi casus şəbəkəsinin üstünü açmışdı. Casus qadının verdiyi ifadəyə görə, onu Gəncəyə xüsusi tapşırıqla Denikin ordusunun kəşfiyyatçı zabiti Çernışov göndərmişdi.
Denikin kəşfiyyatının Azərbaycan Ordusunda xidmət edən rus zabitləri arasında geniş şəbəkəsi vardı. Denikin kəşfiyyatı agentlərinin bir çoxu eyni zamanda ingilislərə işləyirdi. Elə Smıslova özü də eyni zamanda ingilislərlə əlbir idi. İngilislər ona Azərbaycan Ordusunda xidmət edən Osmanlı zabitlərinin sayını öyrənməyi tapşırmışdılar. Çernışovun yaşadığı mənzildə axtarış zamanı Azərbaycanda ictimai-siyasi və iqtisadi vəziyyətlə bağlı, gizli bolşevik təşkilatının işi, Azərbaycan Ordusunun durumu barədə Denikinə ünvanlanmış çoxlu sayda agentura məlumatları tapılmışdı. O, "vahid və bölünməz Rusiya" ideyasına düşmən olanlar haqqında məlumat toplamalı idi. Denikin kəşfiyyatı şəbəkəsi işfa edildikdən sonra iş baxılmaq üçün Gəncə dairə məhkəməsinə göndərilmişdi.
Həmin günlərdə Azərbaycan parlamenti "denikinçi"lər haqqında xüsusi qərar qəbul etmişdi. Parlament Azərbaycan Respublikasının dövlət qulluğunda, orduda "denikinçi"lərin xidmətini qadağan etmişdi.
Xarici kəşfiyyat
Xarici kəşfiyyatın təşkili məsələsinə gəldikdə, kadr qıtlığı, peşəkar zabitlərin olmaması özünü göstərirdi. Nazirlər Şurasının qərarı ilə Hərbi Nazirliyin zabiti Məmməd bəy Əliyev 8 aprel 1919-cu ildə Tiflisdə Azərbaycan diplomatik missiyasında hərbi attaşe vəzifəsinə təyin edilmişdi. Hərbi attaşe kimi işini ləyaqətlə yerinə yetirən Məmməd bəy kəşfiyyat işlərinə də cəlb edilmişdi. Bu barədə dövlət arxivlərində xeyli sayda məlumatlar saxlanılır. Müşahidə işlərindən tutmuş, əməliyyat-kəşfiyyat məlumatlarının toplanmasına qədər çox mürəkkəb tapşırıqları yerinə yetirən podpolkovnik M.Əliyev Tiflisdən qiymətli məlumatlar göndərirdi.
Hərbi nazir S.Mehmandarov və Baş Qərargahın rəisi M.Sulkeviç xarici işlər nazirinə məxfi məktub göndərmişdilər. Məktubda deyilir: "...Ermənistan qoşunları barədə məlumatlar toplamaq Tiflisdəki hərbi attaşeyə tapşırılmışdır. Ona Gürcüstanın Baş Qərargahı ilə birlikdə gizli kəşfiyyat təşkil etmək tapşırılmışdır...". Təbii ki, bu, Məmməd bəy Əliyevə, Azərbaycanın ilk kəşfiyyatçısına göstərilən böyük etimad idi.
Bundan başqa, cəbhə bölgələrindən, erməni qoşunlarının vəziyyətindən, Qarsdan, İrəvandan da kəşfiyyat xarakterli qiymətli məlumatlar verilirdi. Özü də bu məlumatlar "Şahzadə Məmməd" ləqəbi ilə verilmişdir. Sözsüz ki, bu hansısa bir kəşfiyyatçının kodlaşdırılmış adı idi. Bu tipli informasiyalar Baş Qərargahın fəaliyyətində olduqca vacib rol oynayırdı. Agentura məlumatlarının birində Ermənistanın siyasi-hərbi vəziyyəti barədə geniş təhlil xarakterli məlumat verilirdi. Bu məlumatlar müxtəlif mənbələrdən alınmış və Baş Qərargahın zabitləri tərəfindən işlənmişdi.
Göründüyü kimi, Azərbaycan kəşfiyyatçıları Tiflisdən, Ermənistandan, Şimali Qafqazdan, cəbhə və qaynar bölgələrdən məlumat verirdilər. Xüsusən də müstəqil Azərbaycanın ilk kəşfiyyatçısı Məmməd bəy Əliyevin, Mullayevin, "Şahzadə Məmməd"in və digərlərinin fəaliyyəti diqqəti daha çox cəlb edirdi. Baş Qərargahın yüksək çinli zabiti Karqaleteli, baş adyutant ştabs-rotmistr Takanayevin də xidmətləri unudulmamalıdır.
XİN-lə əl-ələ
Kəşfiyyatçı zabitlərin Xarici İşlər Nazirliyi ilə də geniş əlaqələri vardı. Onlar Xarici İşlər Nazirliyinin diplomatiya şöbəsinin kargüzarlıq və şifrələmə bölməsi əməkdaşlarına məxfi kargüzarlığın və şifrələmənin sirlərini öyrədirdilər.
Baş Qərargah "tam məxfi" qrifi ilə 8 noyabr 1919-cu ildə xarici işlər nazirinə məktub göndərmişdi. Məktubda deyilirdi: "Mümkün düşmənlər (ermənilər, könüllülər və digərləri), həmçinin müxtəlif siyasi cərəyanlar (bolşeviklər) haqqında məlumatların cəmlənməsi üçün bütün alınmış məlumatların Baş Qərargaha ötürülməsinə imtina etməməyinizi xahiş edirəm. Qeyd edirəm ki, Baş Qərargahı ən çox maraqlandıran məsələlər bizimlə həmsərhəd olan dövlətlərin qoşunlarının cəmlənməsi, yerdəyişməsi, sayı, komanda heyəti, təchizatı, qidalanması, əhval-ruhiyyəsi, sanitar vəziyyəti və sairədir. Baş Qərargah öz növbəsində onun ixtiyarında olan və XİN-in səlahiyyət çərçivəsinə aid olan məlumatları göndərəcəkdir ki, qarşılıqlı informasiya əsasında bizim qonşulara aid olan məsələləri daha dəqiq işıqlandırsın. ...Məlumatları ayda bir-iki dəfə, fövqəladə olanları isə dərhal göndərmək lazımdır".
Hər iki nazirlik qarşılıqlı əməkdaşlığı davam etdirirdi. Xarici İşlər Nazirliyi qonşu respublikalarda Azərbaycan diplomatik nümayəndəliklərinin əməkdaşları vasitəsilə əldə etdikləri mühüm məlumatları Baş Qərargaha göndərirdi. "Tam məxfi" qrifi ilə Ermənistanda, Cənub-Qərbi Qafqaz Respublikasında, eləcə də həmin vaxt ingilislərin əlində olan Batumda vəziyyət barədə XİN-ə göndərilmiş geniş təhlil xarakterli məlumatlar həm də Baş Qərargahın general-kvartirmeyster idarəsinə ünvanlanmışdı. Ermənistanda diplomatik missiyanın rəhbəri M.Təkinskinin işi xüsusilə qeyd edilməlidir. Onun göndərdiyi şifrəli teleqramlar önəm kəsb edirdi.
5 noyabr 1919-cu ildə Hərbi Nazirlik rəhbərliyinin Xarici İşlər Nazirliyinə göndərdiyi məktubda bildirilirdi: "Bizim hökumət Ermənistanın Bakıda diplomatik missiyasında hərbi attaşe vəzifəsinin təsis edilməsi təklifini rədd etdi. Əldə edilmiş məlumatlara görə, bu missiyanın üzvlərinin çoxu zabitlərdən ibarətdir, onlardan birini isə "missiya qərargahının rəisi" adlandırırlar. Bunları deməklə, Ermənistan Xarici İşlər Nazirliyinin bu cür hərəkətinə qarşı hansı qərar qəbul edilməsi barədə məlumat verilsin".
Bu iş Azərbaycan xüsusi xidmət orqanları ilə XİN-in necə də əlbir və faydalı əməkdaşlığının olduğunu əyani şəkildə göstərir. Ermənistanın Bakıda diplomatik missiyası üzvlərinin əksəriyyətinin hərbçilərdən təşkil edilməsi kəşfiyyat və əks-kəşfiyyatın səyi nəticəsində öyrənilmişdi. Bu da beynəlxalq normalara zidd olduğundan Azərbaycan hökuməti Ermənistanın Bakıdakı diplomatik missiyasında hərbi attaşe vəzifəsinin təsis edilməsinə icazə vermirdi.
Yenidən təşkilatlanma
Baş Qərargahın general-kvartirmeyster idarəsi kəşfiyyatçılarının fəaliyyəti cümhuriyyətin son günlərinədək davam etmişdir. Yalnız 2 mart 1920-ci ildə hərbi nazir Səməd bəy Mehmandarovun məxfi əmri əsasında nazirliyin müvafiq qurumlarında struktur dəyişikliyi aparılmış, Baş Qərargah və Baş Qərargahın Baş İdarəsinin birləşdirilməsi nəticəsində Azərbaycan Ordusunun Qərargahı yaradılmışdır. Ordu qərargahının ştat strukturunda kəşfiyyat-əməliyyat bölməsi saxlanmış, polkovnik İrza bəy Hacıbəylinski həmin bölmənin rəisi təyin edilmişdir.
Ölkədə vəziyyətin gərginləşməsi, xüsusən də kənar müdaxilənin olduğu bir vaxtda, təbii ki, güclü və müstəqil xüsusi xidmət orqanına ehtiyac vardı. Məhz belə bir vaxtda sırf əks-kəşfiyyat fəaliyyəti ilə məşğul olacaq qurum - Əksinqilabla Mübarizə Təşkilatı (ƏMT) yaradıldı. Kəşfiyyat isə Hərbi Nazirliyin tərkibində saxlanıldı.
ƏMT böyük səlahiyyətlərə malik Dövlət Müdafiə Komitəsinin (DMK) tapşırıqlarını yerinə yetirirdi. Təşkilata əməkdaşların qəbulunda partiya prinsipi əsas götürülürdü. Belə ki, ƏMT-nin əməkdaşlarının üçdə ikisi "Müsavat", üçdə biri isə "Hümmət" partiyasından olmalı idi. Eyni zamanda, təşkilatın rəhbərini "Müsavat"dan, müavini isə "Hümmət"dən təyin etmək nəzərdə tutulmuşdu. Sənədləşdirmə zamanı "hümmət"çiləri tək rəqəmlə, "müsavat"çıları isə cüt rəqəmlə nömrələyirdilər. Təbii ki, bu tipli xidmətlərdə partiya prinsipləri ilə işləmək ölkənin maraqlarına zidd idi. Elə buna görə də təşkilatın fəaliyyətində tez-tez problemlər çıxırdı.
ƏMT-nin rəisi vəzifəsinə "Müsavat" partiyasının üzvü, millət vəkili Məmmədbağır bəy Şeyxzamanov təyin olunmuşdu. Rəis müavini vəzifəsini isə "Hümmət" partiyasının üzvü Mirfəttah Musəvi yerinə yetirirdi. Onun öldürülməsindən sonra isə bu vəzifəni Mahmud bəy Səfikürdski icra etməyə başladı.
ƏMT-nin ilk rəisi M.Şeyxzamanov təşkilata qısa müddət rəhbərlik etdi. Belə ki, o, 1919-cu il avqust ayının 20-də öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edildi. O, fəaliyyətini AXC parlamentinin aqrar komissiyasında davam etdirməyə başladı. Elə həmin gün DMK ƏMT-nin yeni rəisi, Məmmədbağır bəyin qardaşı Nağı bəy Şeyxzamanovu şəxsi heyətə təqdim etdi. Onu da deyək ki, ƏMT öz fəaliyyətini "Azərbaycan Cümhuriyyəti əks-kəşfiyyat xidmətinin hüquq və vəzifələri haqqında" 22 maddədən ibarət əsasnaməyə uyğun qurmuşdu.
Bakı şəhərinin rayon bölmələrinə Məmmədtağı Dadaşov, Seyfulla Əzimzadə, Məmməd Hacızadə, Qasım İsmayılov, Aleksandr Şengeliya, Qəmbər Tahirov, Əbdüləziz Tağıyev, İslam Əliyev rəhbərlik edirdilər. Təşkilatın senzura işinə Lavrenti Beriya, agentura işlərinə isə Aleksandr Qoberidze, sonra A.Sultanov cavabdeh idilər. Üç baş agent (baş əməliyyat müvəkkili) vəzifəsi vardı. Təşkilatın Lənkərandakı nümayəndəsi Yusif bəy Bayraməlibəyov idi. Tanınmış şair Əli Razi Şamçızadə də ƏMT-da işləyirdi. Onu işə Nağı bəy götürmüşdü. Əvvəl kargüzar köməkçisi, sonra isə agentur (əməliyyat müvəkkili) kimi fəaliyyətə başlamışdı.
ƏMT DMK-nı vacib informasiyalarla təmin etməyə çalışırdı. Məlumatların birində N.Şeyxzamanov bildirdi ki, son vaxtlar çağırış yaşlı ermənilərin Bakıya güclü axını müşahidə edilir. Əks-kəşfiyyatın müəyyən etdiyinə görə, həmin ermənilər buraya əsasən Gəncədən və Krasnovodskdan gəlirlər. Daha bir məlumatda Gəncə həbsxanasında saxlanılan qatı cinayətkar Stepan Lalayevin öz həmfikirləri ilə birlikdə həbsxanadan qaçmağa hazırlaşması bildirilir və Gəncə həbsxanasında nəzarətin gücləndirilməsi xahiş olunurdu.
DMK da öz növbəsində ƏMT-yə tapşırıqlar verirdi. Nəsib bəy Usubbəyov ƏMT rəisinə göndərdiyi məktubda Könüllülər Ordusunun nümayəndəsi polkovnik Lazarevin və onun həmfikirlərinin fəaliyyəti barədə diqqətli, güclü nəzarət aparılmasını məqsədəuyğun hesab edir, əldə edilmiş məlumatların təcili DMK-yə göndərilməsini tapşırırdı. ƏMT əməkdaşları DMK sədrinin tapşırığına əsasən, əməliyyat-müşahidə işi apararaq Könüllü Orduda xidmət edən 134 nəfər zabitin siyahısını hazırlayaraq DMK sədrinə məruzə etmişdilər. Belə məlumatların sayını çoxaltmaq da olar.
Təşkilatın üzvlərinin erməni casuslarına qarşı apardıqları əməliyyat işlərindən biri olduqca maraqlıdır. Bu əməliyyat həm də ƏMT əməkdaşlarının öz peşələrinə münasibətini açıqlayır. ƏMT-nin əməkdaşları Bakıda bir ermənini həbs etmişdilər. Onun cibindən məktub çıxmışdı. Həmin məktub Ermənistanın Bakıdakı diplomatik missiyasının üzvlərindən birinə çatmalı idi. Erməni casusu Bakıya Cənubi Rusiya Silahlı Qüvvələrinin Baş komandanının nümayəndəliyindən, polkovnik Palitskinin tapşırığı ilə gəlmişdi. ƏMT əməkdaşları bu işi nəzarətə götürərək hadisələri diqqətlə izləmişdilər. Nəticədə Azərbaycan tərəfinin tələbi ilə Ermənistanın Bakıdakı diplomatik missiyasının həmin üzvü respublikadan çıxarılmışdı. Bu, ƏMT-nin ən yaxşı əməliyyat işlərindən biri idi.
Ancaq bolşeviklərə qarşı mübarizədə lənglik hiss olunurdu. Təbii ki, bir xidmət orqanında iki ideyaya xidmət edən əməkdaşların fəaliyyəti qənaətbəxş ola bilməzdi. Hətta 1919-cu ilin payızında ƏMT-nin ləğv edilməsi məsələsi də gündəliyə çıxarılmışdı. Təşkilat işlərində müəyyən dəyişiklik aparılsa da, ƏMT ləğv edilməmiş, Bakı Möhkəmləndirilmiş Rayonunun rəisinin tabeçiliyinə verilmişdi. Elə həmin dövrdən də ƏMT bolşeviklərə qarşı normal mübarizə aparmağa başlamışdı. Eyni zamanda, təşkilatın sıralarına işçiləri partiya prinsiplərinə görə deyil, şəxsi keyfiyyətlərə görə götürməyə başlamışdılar.
1920-ci il mart ayının 6-da Nazirlər Şurasının iclasında daxili işlər nazirinin çıxışı dinlənilmiş və ƏMT-nin ləğv edilməsi barədə qərar qəbul edilmişdir.
Mart ayından etibarən əks-kəşfiyyat təminatını Bakı general-qubernatorluğunun tərkibində yaradılmış informasiya şöbəsi həyata keçirmişdir. İnformasiya şöbəsi Nazirlər Şurasının sədrinə və daxili işlər nazirinə tabe idi. ƏMT-nin funksiyaları informasiya şöbəsinə verilmişdi. Şöbəyə Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirmiş Ələkbər xan Şahsuvarov rəhbərlik edirdi. Ə.Şahsuvarovun rəhbərliyi ilə şöbə fəaliyyətinin ilk günlərindən bolşeviklərə qarşı yorulmadan mübarizə aparmışdır. Az və çətin vaxtda o bir sıra uğurlu əməliyyat işləri aparmışdır. İnformasiya şöbəsi fəaliyyətini yalnız bolşevik Rusiyasının Azərbaycanı işğalı nəticəsində dayandırmağa məcbur oldu...
Elşad QOCA tədqiqatçı-jurnalist
|