|
Ağcabədidə milli təhlükəsizlik orqanlarının yaradılmasının 90 illiyi qeyd edilmişdir
Ağcabədi Rayon İcra Hakimiyyətində milli təhlükəsizlik orqanlarının yaradılmasının 90 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov təhlükəsizlik orqanlarının əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik etmişdir.
Milli Təhlükəsizlik Nazirliyi Ağcabədi rayon şöbəsinin rəisi Zülfüqar Mütəllimov 1919-cu il martın 28-də fəaliyyətə başlayan milli təhlükəsizlik orqanlarının keçdiyi şərəfli yoldan danışmışdır. Bildirmişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra təhlükəsizlik orqanlarının formalaşması və inkişafında görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin rolu olduqca böyükdür.
Xüsusi vurğulanmışdır ki, təhlükəsizlik orqanları dövlətçiliyimiz əleyhinə yönəlmiş təhdidlərə, terrorçuluq, narkotik vasitələrin, odlu silah, döyüş sursatlarının qanunsuz dövriyyəsinə, həmçinin transmilli cinayətkarlığın digər təhlükəli növlərinə qarşı layiqli mübarizə aparır.
Tədbirdə çıxış edənlər nazirliyin əməkdaşlarını peşə bayramları münasibətilə təbrik etmiş, onlara məsuliyyətli işlərində nailiyyətlər arzulamışlar.
|