|
Yeni kitab erməni daşnaqlarının azərbaycanlılara qarşı soyqırımından bəhs edir
Bu yaxınlarda “Vətən” nəşriyyatı tərəfindən tarix elmləri namizədi Məmməd Cəfərlinin ideya müəllifliyi və elmi redaktorluğu, tarix elmləri doktoru, professor Yaqub Mahmudovun ön sözü ilə bir qrup MTN əməkdaşının ərsəyə gətirdiyi “Erməni cinayətləri” (sənədlər əsasında) I cild kitabı oxucuların ixtiyarına verilib. Kitabda ermənilərin separatçılıq və dövlət terrorizm siyasəti, erməni quldur birləşmələrinin Dağlıq Qarabağda və ətraf rayonlarda törətdikləri qanlı cinayətlər, dinc sakinlərin başına gətirilən olmazın müsibətlər konkret faktlar və istintaq materialları əsasında təhlil edilib. Haqqında bəhs etdiyimiz kitab erməni millətçilərinin son 15-20 ildə törətdikləri cinayətlərin faktoloji mənzərəsini əks etdirir və bu baxımdan böyük maraq doğurur. Əslində, “Erməni cinayətləri” (sənədlər əsasında) kitabı müasir Azərbaycanın son 10-15 ildə yaşadığı tarixin acı həqiqətlərini özündə əks etdirməklə erməni terrorçularının Dağlıq Qarabağ problemini necə yaratdıqlarını sübut edən tarixi faktları, təkzibedilməz ittihamları geniş oxucu auditoriyasına təqdim edir. Kitabla tanış olduqdan sonra burada əks olunmuş faktların və ittihamların bəzilərinin bizlər üçün hələ də yeni olduğunun şahidi oluruq. Yaxın keçmişimizdə baş vermiş hadisələrin mahiyyəti barədə kitabdan əldə etdiyimiz təkzibedilməz faktlar bu mövzunun hələ gələcəkdə də işlənilməsi, elmi baxımdan araşdırılması üçün geniş imkanlar yaradır. Kitab “Erməni terrorçularının çirkin anatomiyası” adlı ön söz, giriş, 3 fəsil və nəticədən ibarətdir. Kitabın giriş hissəsində müəlliflər qrupu qeyd edirlər ki, Avropa və Asiyanın qovuşuğunda yerləşən Azərbaycan hər iki mədəniyyəti özündə cəmləşdirib. Onlar nümunə olaraq Azərbaycan xalqının genetik yaddaşını əks etdirən bütün mənəvi dəyərləri misal gətirirlər. O da qeyd olunur ki, tarix boyu bəşər mədəniyyətinə öz töhfələrini vermiş xalqımız daim məkrli qonşularının nifrət və xudbinliyinin hədəfinə çevrilib. Məhz bu məsələdə müəlliflər diqqəti Dağlıq Qarabağda xalqımızın üzləşdiyi məşəqqətlərə yönəldir və doğru qeyd edirlər ki, bu, azərbaycanlılara qarşı yönəlmiş etnik düşmənçilik siyasətindən başqa bir şey deyil.
Daha sonra XX əsrin əvvəllərindən başlayaraq dünyanın müxtəlif ölkələrinə kütləvi surətdə səpələnmiş ermənilərin “Böyük Ermənistan” xülyası uğrunda mübarizə məqsədilə xarici dövlətlərin siyasi elitasına yol tapmalarından, müxtəlif sövdələşmələrindən danışılır.
“Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda ermənilərin yürütdüyü etnik təmizləmə siyasətinin nəticələri” adlanan I fəsildə erməni millətçilərinin onilliklər boyu Azərbaycan torpaqlarına qarşı ərazi iddialarını həyata keçirmək üçün əlverişli məqam aramalarından, şovinist “Daşnaksütyun”, “Krunk”, “Qarabağ” təşkilatlarının proqram - bəyanatları əsasında hərəkətə gəlmiş erməni terrorçularının işğalçılıq siyasətinin əsas hədəfi kimi Dağlıq Qarabağı seçmələrindən sənədlər əsasında bəhs olunur. Bu fəsildə, həmçinin, Dağlıq Qarabağın müxtəlif yerlərində qəddarlıqla qətlə yetirilən və yaralanan insanların adları qeyd edilib, azərbaycanlı əhaliyə qarşı törədilən cinayətlər təfsilatı ilə şərh olunub.
“Azərbaycanın həmsərhəd rayonlarında erməni işğalçılarının törətdikləri cinayətlər” adlanan II fəsildə 1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı yürütdüyü açıq düşmənçilik siyasətinin fəsadlarından, yaratdığı problemlərdən danışılır, torpaqlarımızda aparılmış kütləvi dağıntılardan bəhs olunur. Bu fəsildə arxiv materialları əsasında Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Qazax rayonlarında baş verən bütün qanlı hadisələr xronoloji ardıcıllıqla verilib.
“Erməni separatçıları tərəfindən törədilmiş terror aktlarının xronoloji ardıcıllığı” başlıqlı III fəsildə erməni terrorçuları tərəfindən törədilən terror aktları ardıcıllıqla şərh edilir. Bunlar sərnişin avtobuslarında, Bakı metropolitenində, mülki və dövlət obyektlərinə qarşı törədilən terror aktlarıdır. Kitabla, burada əks olunmuş faktlarla tanışlıq onu deməyə əsas verir ki, bu, indiyədək Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələrlə bağlı yazılan kitablardan öz strukturuna və faktların zənginliyinə, daha dolğun materialların əks olunması baxımından fərqlənir.
Kitabın ön sözünün müəllifi, tarix elmləri doktoru, professor Yaqub Mahmudovun sözləri ilə desək, “Bu baxımdan “Erməni cinayətləri” (sənədlər əsasında) kitabı təkcə bizim üçün - Azərbaycan və Anadolu türkləri üçün deyil, dünyanın taleyindən narahat olan bütün insanlardan ötrü də, hətta özünü “karlığa”, “korluğa”, “bilməməzliyə” vuranlar, ikili standart oyunu oynayanlar üçün də “fəlakət” siqnalıdır”.
Şəhla Tahirqızı, BDU-nun əməkdaşı
«Yeni Azərbaycan» Qəzeti, 02 dekabr 2004
|