2011
Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun dəvəti ilə Gürcüstan Respublikasının Kəşfiyyat Xidmətinin rəhbəri Qela Bejuaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti 2011-ci il dekabr ayının 15-də ölkəmizə rəsmi səfərə gəlmişdir.
Əvvəlcə qonaqlar və general-leytenant Eldar Mahmudov başda olmaqla Milli Təhlükəsizlik Nazirliyinin rəhbər heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri düzülmüşdür.
Nümayəndə heyəti Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsini də yad etmiş, «Əbədi məşəl» abidəsinin önünə əklil qoymuşdur.
Bundan sonra nazir Eldar Mahmudov Gürcüstan Respublikası Kəşfiyyat Xidmətinin rəhbərini qəbul etmişdir. Nazir Eldar Mahmudov cənab Qela Bejuaşvilini Azərbaycanda yenidən görməkdən məmnun olduğunu və bu səfərin hər iki ölkənin müvafiq strukturları arasında əməkdaşlığın daha da inkişaf etməsinə öz töhfəsini verəcəyini bildirmişdir. Milli təhlükəsizlik naziri mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər, ümumən təhlükəsizlik problemləri ilə əlaqədar ölkəmizin həyata keçirdiyi adekvat tədbirlər, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu fəsadlar barədə danışmışdır.
Görüşdə tərəflər arasında regionda baş verən proseslər, habelə terrorçuluq, ekstremizm, qanunsuz miqrasiya, eləcə də regional və beynəlxalq əhəmiyyətlı enerji layihələrin təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirilən tədbirlərlə bağlı fikir mübadiləsi aparılmış, bu istiqamətdə hər iki ölkənin xüsusi xidmət orqanlarının sıx əməkdaşlığının və qarşılıqlı əlaqədə fəaliyyətinin inkişaf perspektivləri müzakirə olunmuşdur.
Səmimi və mehriban qarşılandığına, ətraflı məlumata görə təşəkkürünü bildirən Gürcüstan Respublikasının Kəşfiyyat Xidmətinin rəhbəri Qela Bejuaşvili regional təhlükəsizliyin təmin olunması sahəsində Azərbaycanın xüsusi xidmət orqanları ilə bundan sonra da əməkdaşlığa önəm veriləcəyini diqqətə çatdırmışdır.
Qarşılıqlı anlaşma və işgüzar şəraitdə keçən görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə edilmişdir.
.jpg)
