2011

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində dövlətin qanunla qorunan hüquq və mənafelərinə ziyan vurulmasının qarşısı alınmış, qaçaqmalçılıq yolu ilə gizli şəkildə 384 karata yaxın brilyant daşları Azərbaycana gətirmiş şəxslər cinayət başında yaxalanmışlar.

 
Belə ki, Azərbaycan Respublikasının vətəndaşı Mehdiyev Azər Ağa oğlu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində aldığı külli miqdarda brilyant daşları qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etmədən keçirərək Azərbaycan Respublikasına gətirmişdir.
 
Azər Mehdiyev Heydər Əliyev Hava Limanında gömrük sərhədini keçdikdən sonra avtomobil dayanacağında yaxalanmış və baxış zamanı ona məxsus əşyaların içərisində külli miqdarda dəyəri olan 190,12 karat brilyant daşlar aşkar edilərək götürülmüşdür. 
 
Milli Təhlükəsizlik Nazirliyinin bu istiqamətdə həyata keçirdiyi daha bir əməliyyat tədbiri nəticəsində külli miqdarda dəyəri olan brilyant daşları və qızıl-zinət əşyalarını qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirmiş Azərbaycan Respublikasının vətəndaşı Abdullayev Hafiz Əli Qara oğlu saxlanılmışdır. 
 
Müəyyən edilmişdir ki, Hafiz Abdullayev Qazax rayonundakı «Sınıq Körpü» gömrük postundan keçərək Gürcüstan Respublikasının Tiflis şəhərindən təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə, oradan isə “İstanbul-Dehli” aviareysi ilə Hindistana getmişdir. Hafiz Abdullayev Dehli şəhərində əldə etdiyi qızıl-brilyant məmulatlarını gizlədərək eyni marşrutla geri qayıtmış və «Sınıq Körpü» gömrük postundan qacaq yolla keçirib Azərbaycan Respublikasına gətirmişdir. Lakin Hafiz Abdullayev gömrük postunu keçdikdən sonra Qazax rayonu ərazisində yaxalanmış və baxış zamanı gizli gətirdiyi külli miqdarda dəyəri olan 193,87 karat brilyant daşlar və 3 ədəd “585” əyarlı qızıl üzüklər aşkar edilərək götürülmüşdür.
 
Hər iki faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci (gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud bəyan etməməklə malların və digər əşyaların külli miqdarda keçirilməsi) maddəsi ilə cinayət işi başlanılmış, Azər Mehdiyev və Hafiz Abdullayev təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
 
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.