2011

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir.

 

Mərasim açıq elan edildikdən sonra ölkəmizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.

 

Akademiya rəisinin müavini, general-mayor İsgəndər Allahverdiyev 1990-cı ilin yanvarında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü naminə mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı sovet imperiyasının qoşun birləşmələrinin törətdiyi qanlı cinayətlərdən danışmışdır. Bildirmişdir ki, 1918-20-ci illərdə olduğu kimi 1980-ci illərin sonlarında eyni ssenari üzrə anti-Azərbaycan fəaliyyəti yenidən şiddətləndi, xalqımıza qarşı məkrli planlar və qəsdlər hazırlandı. Mənfur erməni millətçiləri Moskvadakı imperiyapərəst və digər qüvvələrlə birləşərək Azərbaycanı parçalamaq, nəyin bahasına olursa-olsun xalqımızın müstəqillik arzularını beşiyindəcə boğmaq niyyətində idilər. Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilməyə başlandı, 1987-89-cu illərdə yüz minlərlə həmvətənimiz doğma torpaqlarından qovuldu, işgəncələrə məruz qaldı və vəhşicəsinə qətlə yetirildi. Ermənilərlə əlbir olan keçmiş SSRİ rəhbərliyinin ədalətsiz, qərəzli mövqeyindən, məkrli əməllərindən, hadisələrin təhlükəli istiqamətdə inkişafından narahatlıq keçirən Azərbaycan xalqı ayağa qalxdı.

 

Bu qanlı faciənin xalqımızın milli azadlıq ruhuna təcavüz kimi qiymətləndirən general-mayor İ.Allahverdiyev qeyd etmişdir ki, qan yaddaşımıza əbədi həkk olunmuş 20 Yanvar qırğını, eyni zamanda, tariximizin qəhrəmanlıq səhifəsidir. Həmin yanvar gecəsi Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, dövlətimizin müstəqilliyi və azadlığı uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi.

 

Qanlı qırğından dərhal sonra qəlbi həmişə Azərbaycanla döyünən ümummilli lider Heydər Əliyevin respublikamızın Moskvadakı daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransının əhəmiyyətindən danışan general-mayor İ.Allahverdiyev, ulu öndərin bu faciəni törədənlərin, o cümlədən hadisələrin əsas təşkilatçısı kimi SSRİ-nin o vaxtkı rəhbərliyinin və digərlərinin adlarını açıq şəkildə çəkərək, onların cəzalandırılması tələbi ilə çıxış etməsini xüsusi olaraq vurğulamışdır. Həmin vaxt Heydər Əliyev özünəməxsus cəsarət və qətiyyətlə bildirmişdir: «Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İtifaqının siyasi rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir».

 

General-mayor İ.Allahverdiyev bildirmişdir ki, məhz ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışından sonra onun təşəbbüsü ilə ilk dəfə olaraq bu hadisəyə siyasi-huquqi qiymət verilmiş, şəhidlərin adlarının əbədiləşdirilməsi, onların ailə üzvlərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində böyük işlər görülmüşdür. Bu gün Şəhidlər Xiyabanında «Əbədi məşəl» abidə kompleksi də məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa olunmuşdur.

 

General-mayor İ.Allahverdiyev qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini həmişə uca tutaraq, onların və bütün şəhid ailələrinini öz diqqət və qaygısı ilə əhatə edərək, bu və digər sahələrdə əsası ulu öndər tərəfindən qoyulmuş bütün işləri layiqincə və inamla davam etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğal altında qalmış torpaqlarımızın düşməndən azad edilməsi, dədə-baba yurdlarından didərgin düşmüş soydaşlarımızın doğma el-obalarına qayıtmaları istiqamətində yorulmaq bilmədən fəaliyyət göstərir. Hər bir azərbaycanlı Ali Baş Komandanın apardığı uğurlu siyasətin önündə getməli, Vətən torpaqlarının işğaldan azad olunması naminə qüvvə və bacarığını əsirgəməməlidir.

 

Tədbirdə çıxış edən Akademiyanın dinləyicisi Rüfət Abbasov, kursantlar İsmət Məmmədov və Elçin Abbasov 20 Yanvar faciəsi ilə bağlı öz fikirlərini bölüşmüş, Azərbaycanın müstəqilliyi, dövlətimizin daha da qüdrətli olması naminə bilik və bacarıqlarını əsirgəməyəcəklərini, Ali Baş Komandanın hər bir əmrini dərhal və qüsursuz yerinə yetirməyə hazır olduqlarını bildirmişlər.

 

Mərasimin sonunda 20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş etdirilmişdir.