Nəşrlər

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Redaksiya Heyətinin sədri olduğu Azərbaycan Milli Ensiklopediyasının “Azərbaycan” cildi 2007-ci ildə Azərbaycan dilində nəşr edilmişdir. Bu nəşr bütövlükdə Azərbaycan Respublikasına həsr olunmuşdur. Ölkəmizin dünəni və bu günü: qədim tarixi və müasir həyatı, təbii sərvətləri və geosiyasi mövqeyi, elm, təhsil və mədəniyyət sahələrində nailiyyətləri kitabda öz ifadəsini tapmışdır. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə tariximizin başlanan müasir dövrü yeni milli ensiklopediyanın nəşri zərurətini meydana çıxartmışdır. Respublikanın zəngin elmi potensialının yaxından iştirakı ilə hazırlanan xüsusi cild müstəqil dövlətçiliyimizin qazandığı uğurları obyektiv şəkildə əks etdirir. Cildin hazırlanmasında Azərbaycan Respublikasının nazirlikləri, komitələri və digər dövlət qurumlarının təqdim etdiyi materiallardan istifadə edilmişdir.