«Şöhrət» muzeyi

 

Azərbaycanın memarı kimi fəaliyyət dövrü

 

1969-cu il iyul ayının 14-də Azərbaycan Kommunist partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmiş Heydər Əliyevin həyat yolu XX əsrin ikinci yarısında Azərbaycanın keçdiyi tərəqqi yolu ilə sıx bağlıdır. Birinci katib seçiləndən bir ay sonra Mərkəzi Komitənin avqust plenumunda Heydər Əliyev qarşıda duran vəzifələri təyin etmişdir. Bu vəzifələr sonradan həyata keçirilən misli görünməmiş qlobal işlərin, gələcək müstəqil Azərbaycanın infrastrukturunun əsasını qoymuşdu. Ekspozisiyanın növbəti bölməsində 1969-1982-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə Respublikanın bütün şəhər və kəndlərində, ictimai həyatın bütün sahələrində gedən böyük quruculuq işlərindən, yeni fabrik və zavodların açılmasından, su kəmərlərinin, elektrik stansiyalarının tikintisindən, neft və qaz sənayesinin, kənd təsərrüfatının inkişafından, azərbaycanlı gənclərin Rusiyanın aparıcı təhsil ocaqlarına göndərilməsindən danışılır, maraqlı fotoşəkilllər nümayiş etdirilir. 1969-1982-ci illərdə 15 mindən çox azərbaycanlı tələbə SSRİ-nin qabaqcıl ali məktəblərində təhsil almağa göndərilmişdir.

 

Vətən uğrunda həyatını qurban vermiş, şəhid olmuş hər bir azərbaycanlıya, Azərbaycan vətəndaşına böyük hörmətlə yanaşan Heydər Əliyev onların xatirəsini əbədiləşdirməyə çalışırdı. Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Böyük Vətən müharibəsi veteranlarına da qayğı göstərilmişdir. Rixard Zorgeyə, Mehdi Hüseynzadəyə və digər Vətən oğullarına ucaldılan abidələr gənc nəslin vətənpərvərlik tərbiyəsində, gənclərdə milli qürur, doğma yurda və torpağa məhəbbət hissinin aşılanmasına xidmət edirdi.

 

1971-ci ildə Bakıda ulu öndərin uzaqgörənliyi sayəsində yaradılmış Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış internat-məktəb, sonralar hərbi litseyə çevrilmiş, 1999-cu ildə isə onun filialı Naxçıvanda açılmışdır. Bu gün biz iftixarla deyə bilərik ki, indiki zabit korpusumuzun başlıca özəyini məhz bu məktəbi bitirən gənclər təşkil edir. Azərbaycanlı generalların maraqlı və şanlı həyat və fəaliyyəti, hərb təcrübəsi və şücaət nümunələri əsasında formalaşan bu şəxslər müxtəlif ali hərbi məktəbləri və akademiyaları bitirərək doğma Vətənə şərəflə xidmət edirlər.  

 

Bu illərdə Azərbaycan mədəniyyəti də sürətlə inkişaf etmiş, şəhərlərdə, qəsəbə və kəndlərdə 1155 kitabxana, 1316 klub, 849 ümumtəhsil məktəbi, 44 muzey, 656 səhiyyə ocağı tikilib istifadəyə verilmişdir. Heydər Əliyevin məqsədyönlü səyləri nəticəsində Səməd Vurğunun, Cəfər Cabbarlının, Üzeyir Hacıbəyovun, Nəriman Nərimanovun, İmadəddin Nəsiminin və başqalarının ucaldılan heykəlləri doğma Bakımızı bəzəmiş, bir çox yazıçı və şairin ev muzeyləri açılmış, neçə-neçə yubileylər keçirilmiş, mədəniyyət, incəsənət xadimlərinə fəxri adlar verilmişdir.

 

Azərbaycanın sənaye və kənd təsərrüfatı sahəsində inqilab etmiş, ölkəmizin bu gününə və sabahına xidmət edən iqtisadi infrastrukturunu, böyük və ixtisaslı kadr ordusunu yaratmış Heydər Əliyev xalqına qoyub getdiyi hər bir belə əsəri ilə soydaşlarının, doğma xalqının qəlbində özünə əbədi heykəl ucaltmış, adı “Qurucu” və “müstəqil Azərbaycanın memarı” kimi tariximizə yazılmışdır.

 

1982-ci ildə Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvü seçilərək, Moskvada yüksək dövlət vəzifəsinə irəli çəkildi. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi illərdə də o, Vətəninə, xalqına tükənməz məhəbbətlə xidmət göstərməkdə davam etdi. Moskvada Heydər Əliyev maşınqayırma və yüngül sənaye, nəqliyyat, rabitə, eləcə də elm və səhiyyə, mədəniyyət və təhsil kimi mühüm sahələrə rəhbərlik edirdi. Şərqi Sibir və Uzaq Şərqin istehsal qüvvələrinin inkişafında mühüm rol oynamış Baykal-Amur magistralı onun fəal iştirakı və rəhbərliyi ilə çəkilmişdir. Bütün bu işlərə görə Heydər Əliyev 1983-cü ildə ikinci dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Heydər Əliyevin müvafiq dövr fəaliyyəti yüksək qiymətləndirilmiş və o, dəfələrlə Sovet İttifaqının ali orden və medalları ilə təltif edilmişdir. Fəaliyyətinin Moskva dövrünü əks etdirən ekspozisiyada verilən fotoşəkillərdə Heydər Əliyevi Kremldəki kabinetində, SSRİ Donanmasının hərbi dənizçiləri arasında, SSRİ Tibb Akademiyasının təntənəli iclasının rəyasət heyətində, BAM-ın qurucuları ilə görüşdə görürük.

 

Siyasi Büronun üzvü və sovetlər ölkəsinin rəhbərlərindən biri kimi, Heydər Əliyev bir çox mühüm sənədlərin işlənib hazırlanmasında da fəal iştirak etmiş, görkəmli dövlət və siyasi xadimlərlə, o cümlədən Anqolanın rəhbəri Duş Santuş, Yaponiya parlamentinin üzvləri, ÇSSR-in prezidenti Qustav Qusak və başqaları ilə çox saylı  səmərəli görüşlər keçirmişdir. Qeyd etmək lazımdır ki, Heydər Əliyev şəxsiyyəti, onun miqyası dağılmaqda olan Sovet İttifaqının hüdudlarına sığmırdı. Onun dahiliyi, siyasətçi istedadı ilə müqayisədə SSRİ-nin bir çox rəhbərlərinin dar və stereotip düşüncələri, konservatizmi daha qabarıq nəzərə çarpırdı. 1987-ci il oktyabrın 25-də Sov.İKP MK Siyasi Bürosundakı yeganə azərbaycanlı, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev ciddi təzyiqlər nəticəsində istefaya çıxaraq siyasi fəaliyyətindən uzaqlaşmağa məcbur oldu.

 

Ekspozisiyanın növbəti bölməsi xalqımızın tarixində qara, unudulmaz, ağrılı-acılı, qanlı-qadalı, Heydər Əliyevin həyatında isə bəlkə də ən çətin, ən sıxıntılı bir dövrə həsr olunub. Heydər Əliyevin istefasından cəmi bir neçə gün sonra baş qaldırmış erməni separatçıları növbəti dəfə Dağlıq Qarabağ kartını ortaya atmışlar. Təbiidir ki, bu çətin günlərdə Heydər Əliyev öz xalqının yanında olmalı idi. Qanlı Yanvar hadisələrindən dərhal sonra Heydər Əliyev övladları ilə birlikdə Moskvadakı Azərbaycanın daimi nümayəndəliyinə gələrək öz kəskin etirazını bildirdi, Sovet rəhbərliyini qanlı faciə törətməkdə ittiham etdi, rus-erməni qoşunlarının Azərbaycandan çıxarılmasını tələb etdi, Azərbaycan xalqına başsağlığı verərək onu həmrəyliyə, birliyə çağırdı. Az sonra isə böyük çətinlikləri dəf edib Vətənə qayıtdı.

 

Heydər Əliyevin şəxsində özlərinə güclü rəqib görən Azərbaycanın “rəhbərləri” onun Bakıda qalmasına razılıq vermədilər və 1990-cı il iyulun 22-də Heydər Əliyev Naxçıvana üz tutmalı və bir müddət burada yaşamalı oldu. Həmin keşməkeşli dövrdə titanik səyləri, şəxsi nüfuzu sayəsində ağır blokada şəraitində yaşayan Naxçıvanın bir çox problemlərini həll etdi, əhalini düşmən təcavüzünə qarşı səfərbər edə bildi.

 

Ekspozisiyada təqdim edilən materiallar, fotoşəkillər, sənədlər böyük quruculuq işlərindən, Naxçıvan Muxtar Respublikasının yeni adının, dövlət bayrağının, gerbinin və himninin qəbul edilməsindən, Türkiyə ilə Naxçıvan arasında “Ümid” körpüsünün və yeni aeroportun ilk növbəsinin açılışından, Heydər Əliyevin sədrliyi ilə Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlardan, rus qoşunlarının bütün silahları təhvil verməklə Naxçıvandan çıxarılmasından, ağır blokada və müharibə şəraitində yaşayan Naxçıvanda mədəniyyətin inkişafından, o cümlədən, Hüseyn Cavidin 110 illik yubileyinin, Naxçıvan Dövlət Universitetinin 25 illik yubileyinin keçirilməsindən xəbər verir.

 

1993-cü ilin iyun ayında Azərbaycanda böhran son həddə çatmışdı. Dövlət real parçalanma, məhvolma təhlükəsi qarşısında qalmışdı. Bu ağır məqamda müstəqil Azərbaycan öz xilasını görkəmli siyasətçi Heydər Əliyevdə görürdü. 9 iyun 1993-cü ildə Naxçıvandan Bakıya gələn Heydər Əliyev iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri, oktyabrın 3-də isə xalqın yekdil istəyi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Oktyabrın 10-da “Respublika” sarayında keçirilən andiçmə mərasimində dövlət başçısı bəyan etmişdir: “Biz Azərbaycanda demokratik müstəqil respublika quraraq, sivilizasiyalı cəmiyyət uğrunda mübarizə aparıb, ümumdünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik”.

 

Ekspozisiyanın növbəti bölməsində 1993-2003-cü illərdə 2 dəfə Prezident seçilmiş Heydər Əliyevin fəaliyyətinin ayrı-ayrı vacib, taleyüklü məqamları açıqlanmışdır. Bu bölmələrdə onun xalqla sıx bağlılığı, qaçqın və məcburi köçkünlərə qayğısı, ölkənin ərazi bütövlüyünün bərpası, ordu quruculuğu sahəsində gördüyü işlər, müdrik rəhbərliyi ilə xalqımızın əldə etdiyi önəmli nailiyyətlər, o cümlədən “Əsrin müqaviləsi”nin və digər uğurlu neft kontraktlarının bağlanması, hüquqi dövlət yaradılması istiqamətindəki ardıcıl səyləri - yeni Konstitusiyanın qəbulu, Müdafiə haqqında, Torpaq haqqında, Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında və bir çox digər qanunların və fərmanların hazırlanması və imzalanması, mədəniyyətin, incəsənətin inkişafına, cəmiyyətin gələcəyi olan uşaqların, qoca və ahılların, şəhid ailələrinin hüquqlarının müdafiəsinə yönəldilən sərəncamları, neçə-neçə xarici ölkələrlə yaradılmış əlaqələri, bağlanmış əlverişli sazişləri əks etdirən fotoşəkillər, sənədlər, materiallar verilmişdir.

 

Gənclər, İdman və Turizm Nazirliyinin, Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, gənclər gününün təsis edilməsi, ölkə həyatında ilk dəfə olaraq gənclər forumlarının keçirilməsi, Azərbaycanın bütün bölgələrində yeniyetmə və gənclərin fiziki və mənəvi cəhətdən sağlam böyümələrinə xüsusi diqqət yetirilməsi Heydər Əliyevin ailə-məişət məsələlərinə, gənclərin təlim-tərbiyəsinə, ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğının bariz ifadəsi olmuşdur.

 

Heydər Əliyev xüsusi xidmət orqanlarının 80 illik yubileyindəki çıxışında MTN əməkdaşlarına böyük ümid bəslədiyini bildirərək, gələcəkdə müstəqil Azərbaycanın təhlükəsizlik təminatının onlara həvalə olunduğunu vurğulamış, bu çətin və şərəfli vəzifənin yerinə yetirilməsi üçün vacib olan peşə hazırlığı, yüksək mədəniyyət və biliklərə malik olmağı, öz intellektual, potensialı üzərində daim işləməyi, dünya görüşünü genişləndirməyi, ölkədə və dünyada gedən ictimai-siyasi prosesləri izləməyi, əməliyyat şəraitini dərindən öyrənib təhlil etməyi, fiziki və mənəvi cəhətdən sağlam olmağı, yüksək tələbkarlıq və prinsipiallıq göstərməyi, qətiyyətli və cəsarətli, Vətənə sədaqətli olmağı şəxsi heyətə tövsiyə etmişdir.

 

Neftdən gələn gəlirlərin iqtisadiyyatın digər sahələrinin dirçəldilməsində və tərəqqisində, əhalinin, o cümlədən qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllində mühüm rol oynayacağını düşünən Ümummilli Lider bu mühüm strateji sektorun inkişafına xüsusi diqqət yetirirdi. Respublikaya xarici sərmayə qoyuluşu, neft müqavilələrinin imzalanması və onların reallaşması kimi problemlərin həlli üçün isə başlıca təminat ölkədə ictimai-siyasi sabitliyə və qanunçuluğa nail olunması idi. Heydər Əliyev qeyri-adi bacarığı, tükənməz enerjisi və yorulmaz fəaliyyəti sayəsində bu vəzifələrin öhdəsindən gələ bildi. Cinayətkarlıqla və təxribat-pozuculuq fəaliyyəti ilə mübarizə işində dönüş yaradılması məqsədilə ardıcıl olaraq bir sıra qərarlar qəbul edildi. Həmçinin, Heydər Əliyevin sərəncamları ilə 1997-ci ildə milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı gününün təsis edilməsi, 1998-ci ildə isə bu gün onun adını daşıyan Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması, şəxsi heyətin sosial müdafiəsinin gücləndirməsi üzrə görülən işlər önəmli hadisələrdən olmuşdur. Onun Azərbaycanın xüsusi xidmət orqanlarının 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki çıxışı və tövsiyələri MTN-in şəxsi heyətinin fəaliyyəti üçün proqrama çevrildi.

 

Dinə, imana qayıdış, xalqın ürəyindən xəbər verən Bibiheybət məscid kompleksinin inşası, Heydər Əliyevin təbirincə desək, “...keçmişdən başlayıb gələcəyə gedən” Böyük İpək yolunun bərpası, Dünya azərbaycanlılarının həmrəylik gününün təsis olunması və yüzlərlə digər vacib işlər Heydər Əliyev siyasətinin təntənəsi olaraq, onun bir rəhbər kimi ölməzliyini, əbədiliyini, əməllərinin həmişəyaşarlığını sübut edir və göstərir ki, Heydər Əliyev aşağıdakı sözləri deməkdə necə də haqlı idi: “Nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”.

 

XX əsrin sonunda yaranmış tarixi imkandan faydalanan Azərbaycan xalqı, Ümummilli Lider Heydər Əliyevin təbirincə ifadə etsək - yüzilliyin ən mühüm tarixi nailiyyəti, dövlət müstəqilliyini bərpa etdi. Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan Respublikasının xarici siyasət strategiyasının əsas şərtlərindən biri dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli qaydada işgüzar tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, digər tərəfdən isə dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının doğma Vətəninin - müstəqil Azərbaycan Respublikasının maraqlarının təmin edilməsində iştirakına nail olmaq, vahid azərbaycançılıq ideyasını reallaşdırmaqdan ibarət idi. Bu məqsədlə, 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi təsis olunması, ölkəmizin paytaxtı Bakı şəhərində Dünya Azərbaycanlılarının Qurultayının təşkili və dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizlə fəaliyyətin koordinasiyası baxımından xüsusi komitənin yaradılması, xaricdəki soydaşlarımızın dövlətimiz və milli maraqlarımız ətrafında səfərbər edilməsinə xidmət göstərən müdrik siyasi kursun bariz ifadəsidir.

 

XXI əsri gənclərin əsri adlandıran, dövlət quruculuğu işlərində gənclərə böyük önəm verən Ümummilli Lider Heydər Əliyevin müxtəlif səviyyəli çıxışlarında gənc nəslin təlim-tərbiyəsi, onların cəmiyyətdəki rolu və yeri barədə söylədiyi fikirlər faktiki olaraq fəaliyyət proqramıdır. Bununla bağlı ulu öndərin hər bir kəlamı dövlətimiz qarşısında duran taleyüklü vəzifələrin həyata keçirilməsi üzrə cəmiyyətin ən dinamik və aparıcı hissəsi olan gənclərin üzərinə böyük öhdəliklər qoyur və eyni zamanda, onların düzgün yola istiqamətləndirilməsində, problemlərin həllində cavabdeh olan dövlət orqanlarından və ictimai təşkilatlardan ciddi məsuliyyət və konkret iş tələb edir.

 

İşlədiyi bütün sahələrdə İlham Əliyevin liderlik xüsusiyyətləri dərhal qabarıq nəzərə çarpırdı. Hələ Milli Olimpiya Komitəsinin prezidenti olarkən respublika gəncləri onu lider kimi qəbul edirdilər. İlham Əliyevin prezident seçkilərində qalib gəlməsi xalqın Ümummilli Lider Heydər Əliyevin siyasi irsinə, yaratdığı dövlətçilik ənənələrinə, eləcə də lider kimi özünün şəxsi keyfiyyətlərinə olan böyük inam və etimadının təzahürü oldu.

 

Muzeydə “Heydər Əliyev dünyanın gözü ilə” adlanan son bölmədə Heydər Əliyevə dünyanın bir çox aparıcı dövlətlərinin başçıları, görkəmli dövlət və siyasi xadimləri, dünyaşöhrətli mədəniyyət, incəsənət, elm adamları, onun dostlarının verdikləri yüksək qiymət, ürək sözləri, fikir və kəlamları yer almışdır. Ayrı-ayrı insanlar tərəfindən deyilmiş bu fikirləri birləşdirən bir məqam var: Heydər Əliyevə olan sonsuz məhəbbət, dərin ehtiram, hədsiz heyranlıq!