MTN haqqında

 

Milli Təhlükəsizlik Nazirliyinin beynəlxalq əməkdaşlıq fəaliyyəti xarici ölkələrin xüsusi xidmət, təhlükəsizlik və hüquq-mühafizə orqanları ilə informasiya və təcrübə mübadiləsi, ekspert görüşləri, beynəlxalq tədbirlərdə iştirak, saziş, müqavilə və protokolların imzalanmasının həyata keçirilməsi formatında aparlır.
 
Milli Təhlükəsizlik Nazirliyi beynəlxalq əməkdaşlığın həyata keçirilməsində Azərbaycan Respublikasının milli qanunvericiliyini əsas tutur.     
 
Hazırda Milli Təhlükəsizlik Nazirliyi dünyanın 50-dən çox ölkəsinin hüquq-mühafizə və xüsusi xidmət orqanları ilə iki və çoxtərəfli formatda əməkdaşlıq münasibətlərini həyata keçirir. 
 
Çoxtərəfli əməkdaşlıq mexanizmləri ilk növbədə ayrı-ayrı beynəlxalq təşkilatlar çərçivəsində əlaqələr sistemini nəzərdə tutur. Milli Təhlükəsizlik Nazirliyi Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransı, MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinin Şurası, MDB-yə üzv dövlətlərin kəşfiyyat xidmətləri və təhlükəsizlik orqanları rəhbərlərinin Müşavirəsi, Demokratiya və İqtisadi İnkişaf naminə təşkilat – GUAM, NATO və sair beynəlxalq təşkilatlar çərçivəsində faydalı çoxtərəfli əməkdaşlıq münasibətlərinə malikdir.