Mütəşəkkil cinayətkarlıqla mübarizə
İqtisadi cinayətkarlıq və qaçaqmalçılığa qarşı mübarizə
Azərbaycan Respublikasının iqtisadi potensialının qorunması və inkişafı, iqtisadi qüdrətinin artırılması məqsədilə əlverişli şəraitin təmini baxımından mövcud risk və təhdidlərin neytrallaşdırılması milli təhlükəsizliyimizin mühüm faktorlardandır. Müvafiq prinsipdən çıxış edərək Milli Təhlükəsizlik Nazirliyi tərəfindən iqtisadi təhlükəsizliyimizə yönələn risk və təhdidlər mütəmadi olaraq izlənilir, onların mənbələri, mövcud və perspektiv hədəfləri, eləcə də bu təhlükələrin qarşısının alınması üzrə əsas fəaliyyət istiqamətləri müəyyənləşdirilir.
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən 2007-ci ildə iqtisadi cinayətkarlığa qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan Beynəlxalq Bankına məxsus bank hesablarından saxta plastik kartlar vasitəsilə pulların çıxarılması faktı ilə bağlı transmilli mütəşəkkil dəstə aşkar edilmişdir. Bu cinayət nəticəsində müxtəlif dövlətlərin ərazisindən Azərbaycan vətəndaşlarına məxsus 53000 ABŞ dolları məbləğində pul vəsaitləri oğurlanmışdır. Dəstənin 8 üzvü, o cümlədən 2 xarici ölkə vətəndaşı məhkəmənin qərarı ilə müxtəlif müddətlərə azadlıqdan məhrum olunmuşlar. Nazirlik, eyni zamanda müxtəlif mal və əşyaların qanunsuz dövriyyəsinə, xüsusilə də strateji xammalın, ikili təyinatlı maddələrin, maddi və mədəni sərvətlərin, insan orqanizmi üçün zərərli məhsulların qaçaqmalçılığına qarşı da səmərəli mübarizə aparır.2007-ci il ərzində qaçaqmalçılığa qaşı keçirilmiş əməliyyat tədbirləri nəticəsində bir neçə mütəşəkkil cinayətkar dəstənin fəaliyyətinin qarşısı alınmış, 6 fakt üzrə cinayət işi qaldırılmış, bir neçə şəxs saxlanılmış, müxtəlif növ mallar (qara balıq kürüsü, hərbi ləvazimat, dəyəri 8379 ABŞ dolları təşkil edən strateji əhəmiyyətli metallar, 38600 manat dəyərində olan tarixi, elmi, bədii və muzey əhəmiyyəti kəsb edən müxtəlif əşyalar, külli miqdarda psixotrop maddə, dərman preparatları və tibbi ləvazimatlar, qurudulmuş spirt) müsadirə edilmişdir. Eyni zamanda, korrupsiya ilə bağlı hüquqpozmaların qarşısının alınması istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 6 cinayət faktı aşkarlanmışdır.
2008-ci il ərzində maliyyə fırıldaqçılığı hallarına qarşı mübarizə tədbirləri çərçivəsində saxta “American Express” yol çeklərinin dəyişdirilməsi, saxta sənədlər təqdim etməklə kommersiya banklarından və digər kredit təşkilatlarından kreditlərin alınması hallarının qarşısı alınmış, bununla əlaqədar dövlət orqanları məlumatlandırılmış və aidiyyəti materiallar müvafiq qurumlara göndərilmişdir. Müvafiq il ərzində qaçaqmalçılığa qaşı keçirilmiş əməliyyat tədbirləri nəticəsində 15 ton nərə cinsli balığın qaçaqmalçılıq yolu ilə ölkəmizə keçirilməsi faktı ilə əlaqədar toplanmış materiallar müvafiq dövlət orqanına göndərilmiş və bununla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsi ilə cinayət işi açılmışdır. Eyni zamanda korrupsiya ilə bağlı hüquqpozmaların qarşısının alınması istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 7 cinayət faktı aşkarlanmış, 11 nəfər saxlanılmışdır.
2009-cu il ərzində iqtisadi cinayətkarlıq və qaçaqmalçılığa qarşı mübarizə istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində 5 cinayət işi başlanmış 14 şəxs cinayət məsuliyyətinə cəlb edilmişdir. Eyni zamanda korrupsiya hallarına qarşı mübarizə istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində 1 cinayət işi başlanmış, 1 şəxs cinayət məsuliyyətinə cəlb edilmişdir.
2010-cu il ərzində iqtisadi cinayətkarlıq və qaçaqmalçılığa qarşı mübarizə istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində 19 cinayət işi başlanmış 32 şəxs cinayət məsuliyyətinə cəlb edilmişdir. Eyni zamanda korrupsiya hallarına qarşı mübarizə istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində 3 cinayət işi başlanmış 4 şəxs cinayət məsuliyyətinə cəlb edilmişdir.
2011-ci il ərzində iqtisadi cinayətkarlıq və qaçaqmalçılığa qarşı mübarizə istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində 12 cinayət işi başlanmış 16 şəxs cinayət məsuliyyətinə cəlb edilmişdir. Eyni zamanda, digər qanunsuz əməllərə qarşı mübarizə istiqamətində həyata keçirilmiş əməliyyat axtarış tədbirələri nəticəsində 13 cinayət işi başlanmış, 44 şəxs cinayət məsuliyyətinə cəlb edilmişdir.