MTN-in Heydər Əliyev adına Akademiyası

 

Akademiyaya Azərbaycan Respublikasının vətəndaşı olan, peşə seçiminin bütün tələblərinə cavab verən, respublikanın təhlükəsizlik orqanlarında, Sərhəd Qoşunlarında xidmət edən orta və ya orta-ixtisas təhsilli gizirlər (miçmanlar), müddətli və müddətdən artıq xidmət hərbi qulluqçuları, Heydər Əliyev və Cəmşid Naxçıvanski adına hərbi liseylərin məzunları, həqiqi hərbi xidmət keçmiş hərbi vəzifəlilər, habelə orta məktəb məzunları olan çağırışçılar qəbul oluna bilərlər.

 

Akademiyaya qəbul olunmaq üçün aşağıdakı yaş hədləri müəyyən olunur:

  • xidmət müddətindən asılı olmayaraq müddətli, müddətdən artıq xidmət hərbi qulluqçuları, gizirlər (miçmanlar) və hərbi vəzifəlilər - 23 yaşınadək;
  • Heydər Əliyev və Cəmşid Naxçıvanski adına hərbi liseylərin məzunları, orta məktəb məzunları olan çağırışçılar - 17 yaşından 21 yaşınadək.

 

Akademiyanın “Əməliyyat işçilərinin hazırlanması” və “İnformasiya təh­lükəsizliyi” fakültələrinə daxil olmaq istəyən şəxslər qəbul keçirilən il yanvar ayının 10-dək ərizə ilə yaşayış yeri üzrə MTN-in müvafiq şəhər-rayon orqanlarına (hərbi qulluqçular komanda üzrə raportla) müraciət etməlidirlər. Müraciət edən namizədlər müəyyən olunmuş qaydada tibbi yoxlamadan keçdikdən və fiziki hazırlıq normativlərini ödədikdən sonra peşə seçimi ilə bağlı onlarla Akademiyada Mandat Komissiyası tərəfindən söhbət aparılır.

 

Peşə seçimini müvəffəqiyyətlə keçmiş namizədlər Akademiyada təhsil almaq üçün seçdikləri ixtisaslara uyğun olaraq, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilmiş qaydada test üsulu ilə qəbul imtahanları verirlər:

  • “Əməliyyat işçilərinin hazırlanması” fakültəsinə - III ixtisas qrupu üzrə (ana dili, ədəbiyyat, tarix, xarici dil, riyaziyyat); 
  • “İnformasiya təhlükəsizliyi” fakültəsinə - I ixtisas qrupu üzrə (ana dili, riyaziyyat, fizika, kimya, xarici dil).

 

Akademiyaya qəbul imtahanları namizədin arzusu ilə Azərbaycan və ya rus dilində verilə bilər, Akademiyada tədris isə Azərbaycan dilində aparılır.