|
MİLLİ TƏHLÜKƏSİZLİYİMİZİN ETİBARLI TƏMİNATÇISI
Prezident İlham Əliyevin dövlətin mənafeyinin və təhlükəsizliyinin yüksək səviyyədə qorunması ilə bağlı müəyyənləşdirdiyi strateji vəzifələr Milli Təhlükəsizlik Nazirliyi tərəfindən uğurla icra edilir
...Ölkəmizin keçid dövrünü yaşadığını, Azərbaycanın gənc, müstəqil dövlət olduğunu, hər bir gənc dövlət kimi çoxlu problemlərinin mövcudluğunu, coğrafi-siyasi vəziyyətini, təbii ehtiyatlarını və ərazimizdən keçən neft-qaz kəmərlərini, nəhəng enerji layihələrini nəzərə alsaq, görərik ki, müxtəlif dairələrin diqqəti Azərbaycana yönəlmişdir. Biz yeni zəmanənin çağırışlarına hazır olmalıyıq və bu baxımdan, Milli Təhlükəsizlik Nazirliyinin müstəsna əhəmiyyəti var. Çox şadam ki, bu funksiya uğurla icra edilir və bu gün nazirlik ən yüksək peşəkarlıq səviyyəsi nümayiş etdirir.
İlham ƏLİYEV
Müasir dövrdə qarşısıalınmaz prosesə çevrilən qloballaşma meyilləri bütün mütərəqqi cəhətləri ilə yanaşı, dövlətlərin milli maraq və təhlükəsizliyi baxımından müəyyən potensial təhdidləri də ön plana çıxarır. Belə şəraitdə hər bir dövlətin milli təhlükəsizlik konsepsiyası onun iqtisadi imkanları, elmi-intellektual potensialı, dünya siyasətindəki rolu və yerindən asılı olaraq müxtəlif məqsədlər üzərində qurulur. Hazırda bütün dünya ölkələrinin etiraf etdiyi bir həqiqət isə məhz bundan ibarətdir ki, milli təhlükəsizliyin etibarlı təminatı məsələsi yalnız daxili imkanlar hesabına deyil, beynəlxalq birliyin qarşılıqlı-faydalı əməkdaşlığı sayəsində mümkündür.
Şərqlə Qərbi birləşdirən geostrateji tranzit xətlərinin, qlobal enerji layihələrinin başlıca təminatçısına çevrilən, milli-etnik və dini dözümlülüyün yüksək səviyyəsinə görə fərqli sivilizasiyaları, müxtəlif mədəniyyətləri bir araya gətirən Azərbaycan üçün milli təhlükəsizliyin hərtərəfli təminatı xüsusilə aktualdır. Bu aktuallıq bir tərəfdən ölkəmizin zəngin təbii resurslara malik olması, əlverişli coğrafi mövqedə yerləşməsi, digər tərəfdən isə Ermənistanın təcavüzü ilə üzləşməsi, müharibə şəraitində yaşaması ilə şərtlənir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, müasir dövrdə hər bir dövlətin müstəqilliyinin qorunması və möhkəmləndirilməsi milli təhlükəsizlik sahəsində həyata keçirilən tədbirlərdən bilavasitə asılıdır. 2003-cü ilin oktyabrından dövlət başçısının rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyasət də məhz Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsinə, insan və vətəndaş hüquq-azadlıqlarının, təhlükəsizliyinin təminatı baxımından dini, siyasi ekstremizmə, təcavüzkar separatçılığa, narkotiklərin, radioaktiv maddələrin və silahların qanunsuz dövriyyəsinə, insan alverinə, terrorçuluq kimi qlobal təhlükələrə qarşı effektiv mübarizə tədbirlərinin daha da gücləndirilməsinə yönəlmişdir.
Milli təhlükəsizliyin möhkəm təməli
Azərbaycanın mürəkkəb coğrafi arealda yerləşməsini, dünyanın müxtəlif fövqəlgüc mərkəzlərinin Cənubi Qafqazda toqquşan iqtisadi və hərbi-siyasi maraqlarını böyük müdrikliklə nəzərə alan ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın istəyilə hakimiyyətə qayıdandan sonra hələ sovetlər birliyi dövründən milli təhlükəsizliyin təminatı sahəsində bünövrəsini qoyduğu böyük işləri müasir dövrün tələblərinə uyğun əzmlə davam etdirmişdir. Heydər Əliyevin şərəfli və zəngin ömür yolunun parlaq səhifələrindən birini də məhz onun dövlət təhlükəsizliyi orqanlarındakı fəaliyyəti təşkil edir - dahi rəhbərimiz burada leytenant rütbəsindən general-mayor rütbəsinədək, əməliyyat müvəkkilindən DTK sədri vəzifəsinədək uzun yol keçmişdir. Ən çətin siyasi dönəmlərdə təhlükəsizlik orqanlarında yüksək postlar tutmuş ümummilli liderimiz milli mənafeləri daim önə çəkmiş, milli-ədəbi irsi, milli təfəkkür və düşüncə sistemini keçmiş rejimin amansız təhdidlərindən qorumaq naminə böyük iradə, qətiyyət nümayiş etdirmişdir. Heydər Əliyev istər DTK sədri, istərsə də Azərbaycan KP MK-nın birinci katibi olduğu dövrdə yalnız özündən əvvəl yaşamışların bəraəti ilə kifayətlənməmiş, müasirləri olan görkəmli şəxsiyyətləri də imperiyanın və ermənilərin fitnəsindən qoruya bilmişdir. Ümummilli liderimiz 60-cı illərdə milli düşüncə sahibi olduqlarına görə təqibə məruz qalmış görkəmli Azərbaycan ziyalılarını - Bəxtiyar Vahabzadəni, Xəlil Rza Ulutürkü, Anarı, Əkrəm Əylislini, məşhur tarixçi-alim Ziya Bünyadovu, habelə siyasi mülahizələrinə görə təqib olunan Əbülfəz Elçibəyi məhv olmaq təhlükəsindən xilas etmişdir. 2006-cı il martın 27-də Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına Döyüş Bayrağının təqdim olunması mərasimində çıxış edən Azərbaycan Prezidenti, Ali baş komandan cənab İlham Əliyev bu məsələ ilə bağlı demişdir: "Dövlət təhlükəsizliyi orqanlarının fəaliyyətinin istiqamətlərindən biri də fikir ayrılığı ilə mübarizə aparmaq, azad sözü boğmaq və buna bənzər sair işlərdən ibarət idi. Ancaq Heydər Əliyev Azərbaycanın o vaxtkı Dövlət Təhlükəsizliyi Komitəsinin sədri olanda və ondan sonra Azərbaycanda rəhbər vəzifədə işləyən dövrdə belə hallar yox idi. Ona görə yox ki, Azərbaycanda bu meyillər yox idi. Ona görə ki, Heydər Əliyevin bütün amalı Azərbaycanın elitası olan ziyalıları, yazıçıları, şairləri qorumaq, onlara gözəl şərait yaratmaq və onları əsassız təzyiqlərdən qorumaq idi. Məhz buna görə 1970-1980-ci illərdə Azərbaycanda dissident hərəkatı yox idi. Heydər Əliyev bizim tanınmış ziyalılarımızı, milli ruhda yaşayan insanları həmişə qoruyurdu, müdafiə edirdi və imkan vermirdi ki, onlara təzyiqlər göstərilsin, yaxud da onlar cinayət məsuliyyətinə cəlb olunsunlar".
Ulu öndərimiz Heydər Əliyev təhlükəsizlik orqanlarında xidmət etdiyi illər ərzində yüksək professionallığı, peşəsinə vurğunluğu, geniş siyasi dünyagörüşü, qibtə ediləcək cəsarəti, qətiyyəti, son dərəcə sadəliyi, məftun edəcək ünsiyyət tərzi, ekstremal şəraitlərə təmkinlə yanaşması və onları böyük ustalıqla dəf etmək bacarığı, fitri yaddaşı, cazibədar natiqliyi ilə bütün rəhbər və sıravi əməliyyat heyətinin böyük rəğbətini qazanmışdı. Ulu öndərin bir peşəkar kimi həmkarlarında rəğbət doğuran xüsusiyyətlərindən biri də onun yüksək vəzifələrdə çalışdığı illərdə əməliyyat tədbirlərinin və çoxgedişli əməliyyat oyunlarının, kombinasiyalarının işlənib hazırlanmasında və həyata keçirilməsində şəxsən iştirak etməsi olmuşdur. Heydər Əliyevin şəxsi iştirakı ilə müxtəlif illərdə böyük müvəffəqiyyətlə həyata keçirilmiş "Duel", "Alagöz", "Duqlas", "Axito", "Naturalist" və bu qəbildən olan digər əməliyyat işləri bu gün də təhlükəsizlik orqanlarının əməkdaşları üçün əsl peşəkarlıq nümunələri kimi qiymətləndirilir.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra - 1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyinin təsis edilməsi ilə bu mühüm dövlət orqanının tarixində yeni dövr başlanmışdır. Yeni dövrün və ictimai-siyasi formasiyanın mahiyyətinə uyğun olaraq təhlükəsizlik orqanlarının qarşısında duran vəzifələrin mahiyyəti dəyişmiş, ölkənin suverenliyi, konstitusiya quruluşu, iqtisadi, müdafiə, elmi-texniki potensialına, digər həyat əhəmiyyətli maraqlarına qarşı daxili və xarici təhdidlərin müəyyənləşdirilməsi və bu istiqamətdə mübarizə sahəsində mühüm tədbirlərin görülməsi zərurəti yaranmışdır. 1991-1993-cü illərdə ictimai həyatın digər vacib sferalarında olduğu kimi, bu sahədə də ciddi problemlər, nöqsanlar mövcud idi. Ölkədə tez-tez hakimiyyət dəyişikliyinin baş verməsi, ictimai-siyasi sabitliyin olmaması Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinə mənfi təsir göstərmişdi. İşgüzar, təcrübəli əməkdaşların tutduqları vəzifələrdən uzaqlaşdırılması, onların yerinə naşı adamların gətirilməsi nəticəsində əməliyyat tədbirlərinin səmərəliliyi aşağı düşmüş, peşəkarlıq azalmışdı. Beləliklə, dövlət maraqlarının müdafiəsində müəyyən çətinliklər yaranmışdı. Xüsusən də 1993-cü ilin birinci yarısında ölkədə çox böhranlı vəziyyət hökm sürür, müxtəlif təxribatçı qüvvələr Azərbaycanda milli-etnik münasibətləri süni şəkildə qızışdırmağa çalışır, ərazi separatizminə rəvac verirdilər. Azərbaycan faktiki olaraq öz müstəqilliyini itirmək və dövlət kimi məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Belə ağır şəraitdə xalqın, zamanın tələbi ilə hakimiyyətə qayıdan ümummilli liderimiz taleyüklü məsələlərin həllini böyük inamla öz üzərinə götürmüş, qətiyyət, cəsarət və uzaqgörənliklə Azərbaycanda ictimai-siyasi sabitliyə nail olmuş, dövlətçiliyi məhv olmaq təhlükəsindən xilas etmişdir.
Ümummilli liderimiz 1993-cü ilin iyununda xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra təhlükəsizlik orqanlarının xalqın və dövlətin maraqlarına xidmət edən çevik, mütəşəkkil orqana çevrilməsi naminə səylə çalışmış, bu məqsədlə bir sıra vacib fərman və sərəncamlar imzalamışdır. Ulu öndərimiz müstəqillik illərində də təhlükəsizlik orqanları üçün peşəkar milli kadrların hazırlanması məsələsinə xüsusi diqqətlə yanaşmış, 1998-ci il dekabrın 1-də Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması barədə sərəncam imzalamışdır. Bununla da Azərbaycanda ilk dəfə olaraq xüsusi xidmət orqanları üçün milli kadrların hazırlanması işinin təməli qoyulmuşdur. Ulu öndərimiz Heydər Əliyevin adını daşıyan akademiya Milli Təhlükəsizlik Nazirliyi orqanları üçün kadrların ixtisaslarının artırılmasını, yüksək ixtisaslı xüsusi ali təhsilli mütəxəssislərin, eləcə də Dövlət Sərhəd Xidməti üçün sərhədçi zabitlərin və sərhəd nəzarətçilərinin hazırlanmasını həyata keçirən qapalı ali hərbi təhsil müəssisəsidir.
Milli təhlükəsizlik orqanlarına daim yüksək qayğı və diqqətlə yanaşmış ümummilli liderimiz Heydər Əliyevin müstəqil Azərbaycanın xüsusi xidmət orqanlarının fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasında və inkişafında misilsiz xidmətləri olmuşdur. Ümummilli liderimizin 23 mart 1997-ci il tarixli "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında" sərəncamı ilə hər il mart ayının 28-i milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir. Bu, MTN-in cəmiyyət həyatındakı roluna verilən yüksək qiymətdir.
Layiqli siyasi davamçı, qətiyyətli lider
Ümummilli liderimizin Azərbaycanın milli təhlükəsizliyinin, maraq və mənafelərinin qorunması istiqamətindəki əzmkar fəaliyyəti hazırda onun layiqli siyasi davamçısı - Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. 2003-cü ilin 15 oktyabrında xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq Azərbaycan Prezidenti seçilmiş cənab İlham Əliyev sürətlə inkişaf edən və müxtəlif sahələrdə inanılmaz uğurlara imza atan müstəqil respublikamızın milli təhlükəsizliyinin qorunmasını vacib məsələ kimi önə çəkmişdir. Dövlət başçısı haqlı olaraq bildirmişdir ki, xalqın firavan, azad və təhlükəsiz yaşaması üçün müasir dövrdə milli təhlükəsizlik orqanlarının üzərinə daha böyük vəzifələr düşür.
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tam istismara verilməsi, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara verilmək üzrə olması, Avropa-Qafqaz-Asiya Transqafqaz nəqliyyat dəhlizinin gerçəkləşdirilməsi istiqamətində atılan addımlar siyasi və iqtisadi təhlükəsizlik məsələlərini Azərbaycan üçün son dərəcə vacib amilə çevirir. Dövlət başçısı Azərbaycana kənar müdaxilə cəhdlərinin qarşısının alınmasını dövlətin müstəqil siyasət aparması baxımından son dərəcə zəruri sayır.
Prezident İlham Əliyev Azərbaycanın milli təhlükəsizliyinin etibarlı təminatı baxımından, ilk növbədə, xarici siyasət sahəsində düzgün, səmərəli və xalqın maraqlarına əsaslanan siyasət həyata keçirməyə çalışır. Cənab İlham Əliyevin bu amilə xüsusi diqqət yetirməsi heç də təsadüfi deyildir: yaxın tarixi keçmişimizdə baş vermiş proseslər göstərir ki, geosiyasi reallıqlarla milli maraqların uzlaşdırılmaması nəticəsində meydana çıxan problemlər, ilk növbədə, milli təhlükəsizliyə potensial təhdid kimi çıxış edir. Yalnız sivil dünyanın qəbul etdiyi meyarlara, beynəlxalq hüquq norma və prinsiplərinə istinad edən dövlətlər öz diplomatik mənafelərini layiqincə müdafiə edə bilir, milli təhlükəsizlik maraqlarının təminatı sahəsində böyük uğurlara imza atırlar.
Prezident İlham Əliyevin xarici siyasətdə ulu öndərimiz tərəfindən müəyyənləşdirilmiş vahid strategiya və dəyişməz prioritetlərə sadiqlik nümayiş etdirməsi dünya dövlətlərinin Azərbaycana inamını, etimadını gücləndirən, onun milli təhlükəsizliyinə beynəlxalq təminatı artıran başlıca amil kimi vurğulanmalıdır. Fövqəlgüc dövlətlərinin bir-biriylə ziddiyyət təşkil edən maraqları fonunda Azərbaycanın müstəqilliyini, milli təhlükəsizliyini daha da möhkəmləndirmək, əks qütblərin hər biri ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsində davam etdirmək son dərəcə çətin məsələdir. Cənab İlham Əliyev bu vəzifənin öhdəsindən uğurla gələrək bütövlükdə dünya siyasətində bütün siyasi qütblərin hesablaşdığı və rəğbət bəslədiyi fenomenal siyasi liderə çevrilmişdir. Respublikamızın istər Rusiya, istər ABŞ, istər Avropa, istərsə də müsəlman dövlətləri ilə münasibətləri bütün sahələrdə dinamik inkişaf edir və hansısa tərəfdən mənfi reaksiya doğurmur. Xarici siyasət, eləcə də qlobal iqtisadi layihələrin reallaşdırılması sahəsində həyata keçirilən bu və digər tədbirlər Azərbaycanın milli təhlükəsizliyinə beynəlxalq təminatı daha da gücləndirmişdir.
Milli təhlükəsizliyin daha etibarlı təminatı baxımından ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi məsələsini ötən üç ildə diqqət mərkəzində saxlamış Prezident İlham Əliyev eyni zamanda vətəndaş sülhünü və həmrəyliyini, milli birliyi gücləndirmək xəttinə üstünlük vermişdir. 2003-cü ilin prezident seçkilərindən sonra "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm" deyən cənab İlham Əliyevin bu bəyanatı da məhz ulu öndərimiz Heydər Əliyev ideallarına sadiqlikdən irəli gəlmişdir. Dövlətə qarşı ağır cinayətlərdə ittiham olunub adı qondarma "siyasi məhbus" siyahısından çıxmayan cinayətkarların əfv olunması böyük humanizmin nişanəsi olmaqla yanaşı, cəmiyyətdə iqtidar əleyhinə qeyri-sivil mübarizəni dövlətə, xalqa qarşı xəyanətkar fəaliyyətə çevirən, merkantil məqsədləri naminə milli maraqları tapdayan qüvvələri tutduqları səhv yoldan dönməyə səsləyən ciddi mesajdır. Ölkədə kadr siyasəti və dövlət idarəçiliyi məsələlərində Azərbaycanın bütün vətəndaşlarının iştirakının təmin edilməsi, müxalifətin sağlam, konstruktiv dialoqa dəvət olunması, əldə edilən iqtisadi nailiyyətlərdən hamının öz bacarıq, zəhmət və əqli imkanlarına görə bəhrələnməsi Prezident İlham Əliyevin milli birlik və daxili təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində atdığı addımlardır.
Müasir dövrdə enerji təhlükəsizliyi məsələsi milli təhlükəsizliyin və müstəqilliyin mühüm komponenti kimi çıxış edir. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəmərinin 2006-cı il iyulun 13-də tam işə düşməsi bu mənada layihənin bilavasitə iştirakçısı olan dövlətlərin iqtisadi maraq və mənafelərinin təminatı, habelə aktual məsələ kimi gündəmə gələn enerji təhlükəsizliyi probleminin həlli baxımından geniş imkanlar əldə etməsi deməkdir. Şərqlə Qərbi birləşdirən neft, qaz və nəqliyyat-kommunikasiya layihələrinin mərkəzinə çevrilmiş Azərbaycan bu gün nəinki öz problemlərinin həllinə çalışır, eyni zamanda Avrasiya məkanında subregional inteqrasiyanın və enerji təhlükəsizliyinin mühüm təminatçısı qismində çıxış edir.
Yüksək qiymət
Azərbaycan Prezidenti cənab İlham Əliyev ötən üç ildə ölkənin milli maraq və təhlükəsizliyinin beynəlxalq səviyyədə təminatı üçün Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin səmərəliliyinə xidmət edən bütün zəruri tədbirləri həyata keçirmişdir. Dövlətə rəhbərliyinin ilk aylarında cənab İlham Əliyev xalqın təhlükəsizliyində vacib rol oynayan bu nazirliyin rəhbərliyində obyektiv zərurətdən irəli gələn kadr dəyişikliyi həyata keçirmişdir. Dövlətçiliyə və xalqa sadiqliyi ilə tanınan cənab Eldar Mahmudovun milli təhlükəsizlik naziri təyin olunması Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin daha çevik və işlək mexanizmlər üzərində qurulmasına, səmərəliliyin artmasına, əvvəllər mövcud olmuş bəzi nöqsanların aradan qaldırılmasına imkan yaratmışdır.
Danılmaz həqiqətdir ki, bu gün respublikamızın ictimai-siyasi sabitlik şəraitində inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin daha səmərəli təşkilində, müxtəlif terror və təxribat qruplarının, xarici həmlələrin dəf olunmasında, ən başlıcası, vətəndaşların təhlükəsiz yaşamaq kimi fundamental hüququnun təminatında Milli Təhlükəsizlik Nazirliyinin müstəsna xidmətləri vardır. Bu gün nazirliyin qarşısında duran başlıca vəzifə Azərbaycan Respublikasının suverenliyinə, Konstitusiya quruluşuna, iqtisadi, müdafiə və elmi-texniki potensialına, digər həyati əhəmiyyətli maraqlarına qarşı xarici dövlətlərin xüsusi xidmətlərinin, təşkilatlarının, cinayətkar qrupların, habelə ayrı-ayrı şəxslərin kəşfiyyat və digər təxribat-pozuculuq fəaliyyətinin qarşısını almaqdan ibarətdir. Nazirliyin qarşısında, həmçinin, dövlət sirri təşkil edən məlumatların qorunması, korrupsiyaya, iqtisadi cinayətkarlığa, terrorizmə, qaçaqmalçılığa, narkotik vasitələrin, psixotrop və radioaktiv maddələrin, odlu silah və döyüş sursatının beynəlxalq qanunsuz dövriyyəsinə, mütəşəkkil transmilli cinayətkarlığın daha təhlükəli növlərinə qarşı əzmkar mübarizənin təşkili kimi məsul vəzifələr dayanır.
Milli təhlükəsizlik orqanlarının fəaliyyətinin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktları, habelə hökumət tərəfindən imzalanmış beynəlxalq müqavilə və sazişlər təşkil edir. Bu fəaliyyət insan və vətəndaş hüquq-azadlıqlarına riayət olunması, humanizm, cəmiyyət və dövlət qarşısında cavabdehlik, bitərəflik prinsipləri əsasında həyata keçirilir. Cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı amansız mövqe tutan milli təhlükəsizlik orqanları qanunla üzərlərinə düşən vəzifələri yerinə yetirməklə, iqtisadi inkişafın mühüm şərti olan sabitliyin və milli təhlükəsizliyin tam təminatına çalışırlar. MTN-in hər bir əməkdaşı Azərbaycan dövlətçiliyinin hüquqi baxımdan möhkəmlənməsində, milli təhlükəsizliyinin qorunmasında, ictimai münasibətlərin sivil əsasda qurulmasında daim fəal və fədakar mövqe tutmuşdur. Nazirliyin ötən üç ildə həyata keçirdiyi və ictimai rezonans doğuran bəzi əməliyyat tədbirləri deyilənləri bir daha təsdiqləyir.
2004-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi test imtahanlarından sonra aparılan texniki təhlillər nəticəsində abituriyentlərdən bir hissəsinin hazır standart cavablardan istifadə etdikləri müəyyənləşdirilmiş və nəticələr ləğv olunmuşdur. İmtahanlar zamanı yol verilmiş qanun pozuntuları ilə bağlı çoxsaylı şikayətlər və müraciətlər dövlət başçısı cənab İlham Əliyevin narahatlığına səbəb olmuş, məsələnin araşdırılması Milli Təhlükəsizlik Nazirliyinə tapşırılmışdır. Müvafiq araşdırmalar və yoxlamalar aparıldıqdan sonra qəbul imtahanlarının gedişində qanunsuzluqlara yol verilməsi barədə məlumatlar təsdiqlənmişdir. Aşkar olunmuş faktlar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır. İlkin əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyənləşdirilmişdir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əməkdaşı Taleh Məmmədov komissiya binasının mühafizəsinə cəlb olunmuş 2 polis nəfəri ilə cinayət əlaqəsinə girərək suallar çap olunmuş vərəqləri imtahandan əvvəl bunkerdən xəlvət çıxarıb satmaq barədə razılığa gəlmişlər. MTN-in uğurlu əməliyyat tədbirləri nəticəsində cinayətin bütün iştirakçıları operativ şəkildə müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmuşlar.
DİN rəhbərliyində vəzifə tutmuş Hacı Məmmədovun rəhbərlik etdiyi cinayətkar dəstənin 2005-ci ilin mart ayında zərərsizləşdirilməsi MTN-in cəmiyyətdə xalqın təhlükəsizliyində mühüm rol oynayan şəffaf, çevik və işlək hərbi struktur olduğunu bir daha təsdiqləmiş, onun cəmiyyətdəki əlahiddə nüfuzunu gücləndirmişdir. "Qara kəmər" şərti adı altında şəxsən general Eldar Mahmudovun rəhbərliyi altında peşəkarlıqla həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində uzun illər dəhşətli cinayətlərə yol vermiş mütəşəkkil bandanın zərərsizləşdirilməsi MTN-in yeni rəhbərliyinin yüksək vətənpərvərlik əzmini ortaya qoymuşdur. Bu hadisə bir daha təsdiqləmişdir ki, Azərbaycanda hər bir vətəndaşın hüquq və azadlıqlarının etibarlı təminatı, onların təhlükəsiz şəraitdə yaşamaq hüququnun müdafiəsi dövlətin ali məqsədidir - vəzifəsindən, siyasi mənsubiyyətindən, sosial statusundan asılı olmayaraq, cinayət əməlinə yol verən hər bir şəxs məsuliyyətə cəlb edilir və layiqli cəzasını alır.
"Qara kəmər" əməliyyatını xüsusi peşəkarlıqla həyata keçirərək mütəşəkkil cinayətkar dəstənin tam ifşasına və zərərsizləşdirilməsinə nail olmuş Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinə ali hərbi rütbələrin verilməsi, o cümlədən zabit heyətinin orden və medallarla təltif edilməsi Azərbaycan Prezidentinin ölkədə cinayətkarlıqla mübarizə tədbirlərinə necə böyük önəm verdiyini, o cümlədən milli təhlükəsizlik orqanlarının bu istiqamətdəki fədakar əməyini yüksək dəyərləndirdiyini bir daha təsdiqləyir. 17 mart 2005-ci il tarixdə nazirliyin yüksək rütbəli zabit heyətini qəbul edən Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkənin milli təhlükəsizlik maraqlarının təminatı, cinayətkarlığa qarşı mübarizə tədbirlərinin daha da genişləndirilməsi baxımından təhlükəsizlik orqanlarının fəaliyyətinin müstəsna əhəmiyyətini bir daha önə çəkmişdir. "Onu qeyd etmək istəyirəm ki, bu, Azərbaycanda son illər ərzində baş vermiş ən böyük cinayətlərdən biri idi. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən aparılmış əməliyyat ən uğurlu, ən böyük əməliyyat idi", - deyə dövlət başçısı həmin tədbirdə nazirliyin fəaliyyətinə yüksək qiymət vermişdir.
Azərbaycan Prezidenti, Ali baş komandan cənab İlham Əliyevin Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına Döyüş Bayrağının təqdim olunması mərasimindəki dərin məzmunlu çıxışı bir daha təsdiqləmişdir ki, xalqın və dövlətin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması ölkədə həyata keçirilən mövcud siyasi kursun prioritet istiqamətini təşkil edir. Dövlət başçısı bu sahəyə xüsusi diqqət ayrılmasını milli inkişafın vacib şərti kimi qəbul edir.
Həmin təntənəli tədbirdə cənab İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinə yüksək önəm verdiyini bir daha diqqətə çatdırmışdır: "EMilli təhlükəsizlik orqanlarının son müddət ərzindəki fəaliyyəti də çox uğurludur. Bildiyiniz kimi, Azərbaycanda müxtəlif cinayətkar dəstələr zərərsizləşdirildi. Məhz Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının fəaliyyəti nəticəsində cinayətkar dəstələr zərərsizləşdirildi, adam oğruları, canilər, qatillər, terrorçular tutuldu, cəmiyyətimizi narahat edən məsələlər öz həllini tapdı. Azərbaycan üçün təhlükə mənbəyi olan məsələlər həll olundu. Ona görə mən milli təhlükəsizlik orqanlarının fəaliyyətini çox yüksək qiymətləndirirəm".
2005-ci ilin 6 noyabr parlament seçkiləri ərəfəsində aqressiv müxalifətlə cinayət əlaqəsinə girən və dövlət çevrilişi planında iştirak edən bir neçə yüksək vəzifəli dövlət məmurunun ifşa edilməsi də Milli Təhlükəsizlik Nazirliyinin ötən üç ildəki uğurlu fəaliyyətinin yaddaqalan məqamlarındandır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin xalqın yüksək etimad və inamını qazanması ona seçkilərə cəmi 15 gün qalmış hakimiyyət komandasında təmizləmə həyata keçirmək, xəyanətkar məmurlarla üzülüşmək, eləcə də radikal müxalifətin qeyri-qanuni hərəkətlərini zərərsizləşdirmək imkanı vermişdir. Azərbaycan Prezidenti 2005-ci il oktyabrın 25-də icra strukturlarının rəhbərləri ilə keçirdiyi müşavirədə bununla bağlı prinsipial mövqeyini bir daha ortaya qoymuş, siyasətlə məşğul olmaq istəyən məmurlara öz yerini göstərmişdir.
Bu gün terrorizm bütövlükdə dinc yaşamağın başlıca təhlükəsinə çevrilməklə insan hüquqları sisteminə, sivilizasiyaya ən ciddi və qlobal təhdiddir. Mütəşəkkil cinayətkar fəaliyyət, xüsusilə onun təzahür formalarından olan və milli sərhədləri adlayan terrorizm bütün ölkələrin maraqlarına toxunan qlobal təhlükəyə çevrilərək dünya ictimaiyyətini ciddi narahat edir. Son illərdə MTN-in bu sahədə həyata keçirdiyi uğurlu əməliyyat tədbirləri nəticəsində Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə ardıcıl və barışmaz mövqe tutan dövlətə çevrilmişdir. Beynəlxalq terrorçuluqla mübarizə sahəsində fəaliyyətin daha da gücləndirilməsi məqsədilə qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsinə, mütəxəssislərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, terror niyyətlərinin vaxtında aşkarlanması üçün qabaqlayıcı məlumatların əldə olunmasına, terrora həssas sahələrin tam müəyyənləşdirilməsinə, həmin yerlərdə terror-təxribat fəaliyyətini çətinləşdirən və mümkünsüz edən şəraitin yaradılmasına diqqət artırılmışdır.
MTN-in uğurlu fəaliyyəti nəticəsində ötən üç ildə bir neçə terror qrupu ifşa edilərək zərərsizləşdirilmiş, beynəlxalq miqyaslı terrorçular ifşa edilmiş, tamamlanmış istintaq materialları məhkəmə orqanlarına təhvil verilmişdir. Azərbaycanın beynəlxalq terrorçuluğa qarşı mübarizədəki fəallığı, antiterror koalisiyasındakı iştirakı hər şeydən əvvəl ölkənin milli maraqlarından irəli gəlir. Bu gün respublikamız nəinki öz təhlükəsizliyini təmin edir, hətta Avropa qitəsinin ümumi təhlükəsizlik sisteminə öz töhfəsini verir. Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı ilə əlaqədar nazirlik kompüter şəbəkələrinə və onlarda saxlanılan informasiya resurslarına "hücum"lar təşkil edən, beynəlxalq informasiya terrorçuluğu və yaxud kiberterrorçuluqla məşğul olan qruplara qarşı mübarizəni də gücləndirmişdir.
Ötən dövrdə nazirlik tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə də gücləndirilmiş, transmilli, mütəşəkkil cinayətkar dəstələrin İran-Azərbaycan, Dağlıq Qarabağ-İran-Azərbaycan, İran-Azərbaycan-Rusiya marşrutları ilə narkotiklərin daşınması hallarının aşkarlanması üzrə məqsədyönlü iş davam etdirilmiş, külli miqdarda narkotik vasitələr götürülmüşdür.
MTN-in fəaliyyətində qazanılan bu uğurlar bir tərəfdən işin düzgün və səmərəli qurulması, digər tərəfdən isə bu quruma dövlət qayğısının - maddi-texniki bazanın, maliyyə təminatının yaxşılaşdırılması nəticəsində mümkün olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev MTN-in cəmiyyətdəki nüfuzunun və rolunun yüksəldilməsi üçün bu quruma diqqətini əsirgəmir. Ötən üç ildə nazirliyin daha səmərəli fəaliyyətinə xidmət edən qanunvericilik bazası yaradılmış, "Milli təhlükəsizlik haqqında", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Dövlət sirri haqqında", "Elektron sənəd və imza haqqında" və s. qanunlar qəbul edilmiş, ölkə Prezidenti tərəfindən nazirliyin yeni əsasnaməsi və təşkilati strukturu təsdiq edilmişdir. Həmçinin müvafiq fərmanla kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsi, vəzifə və hüquqları müəyyən olunmuşdur.
Dövlət başçısı İlham Əliyevin "Azərbaycan Respublikasında milli təhlükəsizlik orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı (2007-2011-ci illər)"nın təsdiq edilməsi haqqında sərəncamında milli təhlükəsizlik orqanları əməkdaşlarının sosial təminatının gücləndirilməsi, onların yaşayış və iş şəraitinin yaxşılaşdırılması, MTN-in maddi-texniki bazasının möhkəmləndirilməsi və daim müasirləşdirilməsi kimi vacib məsələlər əksini tapmışdır.
Fəaliyyətinin 88-ci ildönümü ərəfəsində olan Milli Təhlükəsizlik Nazirliyi Azərbaycan xalqının və dövlətinin təhlükəsizliyi, hər bir vətəndaşın istiqrarlı ölkədə yaşaması üçün əlindən gələni əsirgəmir. Xalqımız cənab İlham Əliyevin təhlükəsizlik konsepsiyasını ürəkdən dəstəkləyir və onu milli müstəqilliyimizin, dövlətçiliyimizin etibarlı təminatı hesab edir.
Samir MUSTAFAYEV
|