|
Belə bir peşə var: Vətənin təhlükəsizliyinin keşikçisi.
İstefada olan Bahadur Hüseynov ömrünün 45 ilini bu şərəfli işə həsr edib.Acılı-şirinli çox günlər yaşamışam. Ömrüm keşməkeşli olub. Amma şikayətlənməmişəm. Həyat yoldaşım Məryəm xanımla ailə quranda o bilirdi ki, mənim peşəm vətəni qorumaqdır. Əsil kişi peşəsidir bu. Bizi nə çətinlik qorxuda bilər, nə isti, nə soyuq, nə də ölüm. Bu yolda ölmək də şərəfdir...
General-mayor Bahadur Məmmədqulu oğlu Hüseynovla söhbətimin belə başlanacağını, doğrusu gözləmirdim. Danışdığı bu qısa, lakin ömür dastanını lakonik ifadə edən bu fikirlər məni tamam çaşdırdı. Araya sakitlik çökdü. Bu sükutu general özü pozdu: - Qoy, mən danışım, nəyi istəyərsən yazarsan, nəyi istəməzsən pozarsan. Mən 1921-ci il dekabrın 15-də Naxçıvanda kəndli ailəsində doğulmuşam. Amma Naxçıvanda az yaşamışıq. Ailəmiz Gəncəyə köçüb. 1934-cü ildə mən Gəncədə yeddi illik məktəbi bitirib Toxuculuq Texnikumuna qəbul oldum. 1938-ci ildə texnikumu bitirib kombinata işə düzəldim. Amma nə işim, nə də təhsilim xoşuma gəlirdi. Aşığını deyim ki, ürəyimcə deyildi. - Bahadur müəllim, bəs onda niyə oxuyurdunuz? Məgər, hədər yerə itirdiyiniz illərə heyfiniz gəlmirdi? -Necə gəlmirdi. Mən oxumağı sevən adamam. Vaxtın, zamanın qədrini bilənəm. Bekarçılığı sevmirəm. Elə ona görə toxuculuğa getmişdim ki, bekar qalmayım. Böyük qardaşım Xarkovda idi. Həmin ərəfədə ondan məktub gəldi. Məni Xarkova çağırırdı. Mən də getdim. 1939-cu ildə Xarkov Elektrotexnika institutunun hazırlıq kursuna girdim. Rus dilini zəif bilirdim. Orada dili öyrəndim. Lakin sonra gördüm ki, bu institut da ürəyimcə deyil. Kursu bitirən kimi könüllü Dzerjinski adına Xarkov Sərhəd Süvari Qoşunları məktəbinə daxil oldum.
Söhbətin bu yerində üzünə mənalı bir təbəssüm qondu. Hiss etdim ki, hansısa xatirəsi gözləri önündən keçdi. Heç bilirsiz, o zaman məktəbin rəisi məktəbə qəbul olmaq haqqında yazdığım raportu oxuyub mənə nə dedi? "Dedi ki, hərbi xidmətdən süd gölü gözləməyin. Ancaq bir şeyə zəmanət verirəm, uzaq yollar, həyəcanlı günlər və yuxusuz gecələr həmişə sizinlə olacaq". Bax, onda fikirləşdim ki, nəhayət mən öz yerimi tapdım. - Demək, müharibə başlananda siz Xarkov Sərhəd Süvari Qoşunları məktəbində təhsil alırdız... - Bəli, müharibə başlananda mən artıq bir il idi ki, oxuyurdum. Ona görə də biz vaxtından əvvəl təhsilimizi başa vuraraq, taqım komandiri kimi cəbhəyə yollandıq. İlk döyüşə Smolensk istiqamətində başladım. Həmin döyüşdə çox itki verdik, amma düşməni irəliləməyə qoymadıq...
General bu yerdə söhbəti bir-birinə dəyişdi: "Mən Respublika Müharibə, Əmək və Hərbi Qüvvələr Veteranları Şurasının sədriyəm. Tez-tez cəbhə bölgələrində, əsgərlər arasında oluram. Özümün cəbhə günlərim yadıma düşür. Axı mən də o vaxt onların yaşıdı idim. Açığını deyim ki, bu gün bizim əsgərlərin hərbi hazırlığı bir general kimi, ümumən məni qane edir. İnanıram ki, nə vaxtsa biz itirilmiş torpaqlarımızı geri qaytaracağıq. Çünki buna bizim potensial gücümüz var. Bir də bilirsiniz, əsgərlərimizdə vətənpərvərlik və inam hissi çox güclüdür. İnanın mənə, bunu sizə 84 yaşlı müharibə görmüş general deyir".
...246 saylı atıcı diviziyanın 908-ci atıcı alayının taqım komandiri leytenant Bahadur Hüseynov alman faşistlərinə qarşı amansız döyüşlərdə bir ildə üç dəfə yaralanır.Axırıncı dəfə müalicə olunduqdan sonra cəbhəyə, döyüş dostlarının yanına getmək istəyən Bahadur komandanlığa müraciət edir. Lakin onu cəbhəyə yox, Gürcüstana-sərhəd qoşunlarına xidmətə göndərirlər. 1942-ci ildən 1948-ci ilə qədər müxtəlif vəzifələrdə qulluq edən gənc Bahadur burada bir çox sərhəd əməliyyatlarının iştirakçısı olur. Sərhəd pozucularının axtarışında və tutulmasında, eləcə də bir neçə cinayətkar qrupun zərərsizləşdirilməsində və ləğvində zabit Bahadur Hüseynov xüsusi cəsurluq göstərir.
Vətən sərhəddən başlayır, - deyə Bahadur müəllim söhbətinə davam edir. 1948-ci ildən 1962-ci ilə qədər Azərbaycan ərazisindəki sərhəd bölgələrində xidmət etmişəm. Xidmətdən ayrılmadan 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə qəbul oldum. 1967-ci ildə təhsilimi bitirəndə artıq Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Komitəsində işləyirdim.
Xüsusi xidmət orqanlarında Bahadur Hüseynov maraqlı həyat yolu keçir. Əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi. 1969-cu ildə isə Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə təyin edilir. 1976-cı ildən 1986-cı ilə qədər Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini işləyir. Təhlükəsizlik orqanlarında xidmət etdiyi dövrdə 10 medala, 2 döş nişanına, fəxri fərmanlara, müxtəlif qiymətli hədiyyələrə layiq görülən general-mayor Bahadur Hüseynov 1986-cı ildə istefaya çıxır.
- Məndən tez-tez soruşurlar: siz özünüzü xoşbəxt sayırsınızmı? - General Bahadur Hüseynov sözünə davam edir. Cavab verirəm ki, bəli! Xalqıma 45 il sədaqətlə qulluq etmişəm. Gözəl ailəm var, iki qızım və bir oğlum. Qızımın biri həkim, o biri musiqişünasdır. Oğlum mənim yolumu davam etdirir. Nəvələrim var. Yaxşı dostlarımın əhatəsindəyəm. Ən başlıcası isə, müstəqil və suveren Azərbaycanın vətəndaşıyam. Bir adam üçün bundan böyük xoşbəxtlik olarmı? Bilirsiniz, belə bir peşə var: Vətənin təhlükəsizliyinin keşikçisi. Bu, çox çətin, amma şərəfli peşədir. Bu peşənin sahiblərində mərdlik, cəsurluq, yüksək intellekt, bir də ən əsası vətənpərvərlik olmalıdır. Mən gənc həmkarlarımdan, xüsusilə də nazirimizdən çox razıyam. Əbəs yerə "nazirimiz" sözünü işlətmirəm. Biz veteranlar istefada olmağımıza baxmayaraq, özümüzü daim milli təhlükəsizlik orqanları əməkdaşlarının sıralarında hiss edirik. Onların uğurunu öz uğurumuz bilirik. Eyni zamanda, biz Milli Təhlükəsizlik Nazirliyində aparılan islahatları, struktur dəyişikliklərini də daim izləyirik. Doğrudan da, yeni təyin olunmuş milli təhlükəsizlik nazirimiz Eldar Mahmudov öz gəlişi ilə nazirliyə yeni ab-hava gətirib. Nazirliyin bugünkü işində bir canlanma var. İndi biz veteranlara da diqqət və qayğı xeyli artıb. Qəzetlərdə, televiziyada nazirliyimizin fəaliyyət ilə bağlı ürəkaçan sözlər eşidirəm. Bu, məni çox fərəhləndirir. Arxayınam ki, bizim layiqli davamçılarımız var. Ümummilli liderimiz Heydər Əliyev o vaxtlar daim bizə bunu tövsiyə edərdi: "Çalışın sabah üçün milli kadrlarımız, layiqli davamçılarımız olsun, onları biz yetişdirməliyik". İndi bu gün biz veteranlar davamçılarımızın müstəqil Azərbaycanın təhlükəsizliyinin təmin olunması sahəsində fəaliyyətindən çox razıyıq. Həqiqətən də bu gün Azərbaycanın milli təhlükəsizliyi etibarlı əllərdədir.
Nizami Allahverdiyev
|