|
- Möhtərəm cənab Prezident!
Cənab Ali Baş Komandan!
Bu gün ölkəmizin milli təhlükəsizlik orqanlarının şəxsi heyəti üçün çox əlamətdar və tarixi bir gündür. Adı milli təhlükəsizlik orqanlarının tarixinə fəxri sədr kimi yazılmış, xalqımızın ümummilli lideri Heydər Əliyevin önəmli siyasi irsinin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən əməkdaşlarımıza yüksək dövlət mükafatlarının şəxsən təqdim olunması bizdə böyük sevinc və iftixar hissi doğurur. Heydər Əliyev fenomenini bizim üçün əlamətdar edən və qürur doğuran daha bir amil ulu öndərin Azərbaycanın yüksəlişinə xidmət edən zəngin və mənalı həyat yolunun 25 ilə yaxın müddətinin xüsusi xidmət orqanlarına həsr olunmasıdır. Bu gün bizim başlıca devizimiz sabitlik və inkişaf, Azərbaycanın müstəqilliyinin əbədiləşdirilməsi və ölkəmizin qüdrətlənməsi naminə Heydər Əliyev ideyalarına sədaqət və onların dönmədən həyata keçirilməsidir.
Möhtərəm Prezident!
Bildiyiniz kimi, ölkədə milli təhlükəsizliyin təmin edilməsi, milli maraqların daxili və xarici təsirlərdən qorunması, dövlətimizin hüquq mühafizə siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Sizin tərəfinizdən təsdiq olunmuş əsasnamənin müddəalarına uyğun olaraq Milli Təhlükəsizlik Nazirliyi kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti və dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirir. Nazirliyimizin şəxsi heyəti milli təhlükəsizlik kimi həyati əhəmiyyətli anlayışın mahiyyətini və üzərlərinə düşən vəzifələrin məsuliyyətini başa düşür, daim peşə hazırlığını artırmağa və səfərbər olmağa çalışır. Sizin Azərbaycan Respublikasının Prezidenti kimi andiçmə mərasimində söylədiyiniz proqram xarakterli nitqiniz fəaliyyətimizin başlıca prinsiplərini və istiqamətlərini müəyyən etmişdir. Siz demişdiniz: "Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm, mənim borcumdur ki, hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyiş görsün və onu hiss etsin". Biz, milli təhlükəsizlik orqanlarının əməkdaşları da başa düşürük ki, inkişafın yolu sabitlikdən, əmin-amanlıqdan, hər bir insanın və vətəndaşın hüquq və azadlığının qorunmasından keçir.
Təsadüfi deyil ki, son vaxtlar paytaxtda baş vermiş və geniş əks-səda doğurmuş bir neçə ağır cinayət faktı, ümumiyyətlə, əvvəlki illərdə törədilmiş və bağlı qalmış təhlükəli cinayətlərin, xüsusən də şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan hüquqazidd əməllərin - adam oğurluğu və qəsdən adamöldürmə hadisələrinin açılması işinin vəziyyəti Sizin ciddi narhatlığınıza səbəb olmuşdur.
Cinayətkarlıqla mübarizənin daha məqsədyönlü təşkilinə, həmin cinayət hadisələrinin, o cümlədən vətəndaş Zamirə Hacıyevanın oğurlanması cinayətinin tezliklə açılmasına dair tələbləriniz bu narahatlıqdan irəli gəlmişdir. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə Milli Təhlükəsizlik Nazirliyinə verdiyiniz tapşırıqların yerinə yetirilməsi sahəsində görülən işlər qısa müddətdə öz səmərəsini vermişdir.
Sizin Təhlükəsizlik Şurasında verdiyiniz göstərişdən dərhal sonra bütün qüvvə və vəsaitlər səfərbər olunaraq "Qara kəmər" şərti adlı xüsusi əməliyyat hazırlanmışdır. Ali Baş Komandanın yüksək etimadının və cəmiyyət qarşısında borcun məsuliyyəti əməliyyata cəlb olunmuş hər bir əməkdaşa izah edilmiş və ciddi hazırlıq işləri görülmüşdür. Sizin tapşırığınızdan ötən cəmi 20 gün ərzində, cari il mart ayının 10-da vətəndaş Zamirə Hacıyevanın azad edilməsi üzrə peşəkarlıqla həyata keçirilmiş xüsusi əməliyyat nəticəsində təhlükəli dəstə zərərsizləşdirilmişdir. Onun üzvləri ətrafında aparılan ilkin istintaq və əməliyyat-axtarış tədbirləri ilə daha 9 adam oğurluğunun və 3 qətl hadisəsinin törədilməsi müəyyən edilmişdir.
Cinayətkarlıqla mübarizə sahəsində qətiyyətli mövqeyinizin, əməliyyat şəraitinə nəzarət olunmasına dair çevik surətdə qəbul etdiyiniz qərarların, habelə keçirilmiş əməliyyatın nəticələrinin cəmiyyətimiz tərəfindən böyük rəğbət hissi ilə qarşılanması xalqın öz dövlətinə inamının və bizə olan etimadının real göstəricisidir. Möhtərəm Prezident, bu münasibətlə Sizin: "Mən hesab edirəm ki, Azərbaycanın müasir tarixində bu əməliyyat ən böyük əməliyyatdır, ən böyük uğurumuzdur. Azərbaycan dövləti öz gücünü göstərdi. Bu cinayətkar dəstə zərərsizləşdirildi və məsuliyyətə cəlb olundu" sözləriniz işimizə verilən çox böyük qiymətdir, gələcək fəaliyyətimizin əsas prinsipləridir. Dediyiniz əvəzsiz sözlər və bugünkü təltif mərasimi bizi daha da ruhlandırır, milli təhlükəsizliyimizin etibarlı təmini və milli maraqların qorunması kimi çox mühüm vəzifələrin həyata keçirilməsində daha məsul və dönməz olmağa çağırır.
Möhtərəm Prezident, həmçinin məmnuniyyətlə qeyd etmək istərdim ki, milli təhlükəsizlik orqanlarının qanunvericilik və maddi texniki bazasının möhkəmləndirilməsi, əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi və problemlərinin həlli istiqamətində təşəbbüslərimizə Sizin diqqət və qayğı ilə yanaşmanız, xüsusilə son vaxtlar görülən işlər şəxsi heyətimiz tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanır.
Mən bir daha Sizin andiçmə mərasimində söylədiyiniz dərin məzmunlu nitqə qayıtmaq istəyirəm. Orada belə bir vacib, istiqamətverici məqama toxunmusunuz: "Bizim hamımızın borcudur ki, Azərbaycanda yaranmış sabitliyi qoruyaq, saxlayaq, möhkəmləndirək. Əgər Azərbaycanda sabitliyin pozulmasına kimsə can atarsa, biz buna imkan verməyəcəyik. Azərbaycan xalqının rahat, təhlükəsizlik, sabitlik şəraitində yaşamasını təmin edəcəyik". Sözsüz ki, bu müdrik kəlam dövlətimizin mövqeyinin, xalqımızın istəyinin, cəmiyyətimizin tələbinin ifadəsidir. Hüquq-mühafizə, o cümlədən milli təhlükəsizlik orqanlarının əsas vəzifə borcu və fəaliyyət amalıdır. Cənab Ali Baş Komandan! İcazə verin, milli təhlükəsizlik orqanlarına göstərdiyiniz diqqət və qayğıya görə, əməkdaşlarımızı yüksək dövlət mükafatlarına layiq gördüyünüz üçün bütün şəxsi heyət adından və şəxsən öz adımdan Sizə dərin minnətdarlığımızı bildirim. Eyni zamanda, Sizi əmin edim ki, milli təhlükəsizlik orqanlarının şəxsi heyəti bundan sonra da dövlətçiliyimizin və müstəqilliyimizin, hər bir vətəndaşımızın hüquq və azadlıqlarının keşiyində ayıqsayıq dayanacaq, ölkəmizin Ali rəhbərinin ətrafında sıx birləşərək, öz Ali Baş Komandanının bütün əmrlərini yerinə yetirməyə hər an hazır olacaqdır! Diqqətinizə görə sağ olun!
|