|
- Hörmətli zabitlər!
Sizi bir daha təbrik edirəm. Eyni zamanda, qarşıdan gələn Novruz bayramı və peşə gününüz münasibətilə sizi ürəkdən təbrik edirəm. Mən şübhə etmirəm ki, bundan sonra da siz və milli təhlükəsizlik orqanlarının bütün əməkdaşları doğma vətənimizə sədaqətlə xidmət edəcəksiniz. Azərbaycanın milli təhlükəsizliyini daha da möhkəmləndirəcəksiniz, Azərbaycana yönəlmiş təhlükələrin qarşısını alacaqsınız və ölkəmizin gələcək inkişafı üçün əlinizdən gələni edəcəksiniz. Ölkəmizi daha da inkişaf etdirmək, Azərbaycan xalqının həyat səviyyəsini yaxşılaşdırmaq, ölkədə gedən demokratikləşmə proseslərini sürətləndirmək bizim hamımızın vəzifəsidir.
Bir sözlə, bizim məqsədimiz Azərbaycanı müasir, qüdrətli dövlətə çevirməkdir. Görülən bütün işlər, atılan bütün addımlar məhz o istiqamətə yönəlibdir. Son müddət ərzində görülən işlər deməyə əsas verir ki, qarşıya qoyduğumuz bütün məqsədlərə çatırıq, öz fəaliyyətimizi nəzərdə tutulmuş proqram çərçivəsində həyata keçiririk. İstər xarici siyasətdə, istərsə də daxildə gedən proseslərin inkişafı bunu göstərir. Görürük ki, ölkəmiz günü-gündən güclənir, regionda Azərbaycanın mövqeləri daha da möhkəmlənir.
Azərbaycan öz xarici siyasətini uğurla aparır. Bizim siyasətimiz yalnız və yalnız Azərbaycan xalqının milli maraqlarının qorunmasına xidmət edir. Biz istəyirik ki, bütün qonşularımızla mehriban münasibətləri möhkəmləndirək. Avratlantik strukturlarına Azərbaycanı daha da sürətlə inteqrasiya edək. Mən hesab edirəm ki, bütün istiqamətlərdə uğurlar var. Ən önəmlisi ondadır ki, Azərbaycan düşünülmüş, məqsədyönlü siyasət aparır. Bizim siyasətimiz vahid konsepsiya çərçivəsində aparılır və bu da uğurun qazanılmasına şərait yaradır.
Azərbaycanın Avropa İttifaqı ilə inteqrasiya prosesi çox geniş vüsət alıbdır. Azərbaycan Avropa İttifaqının yeni qonşuluq siyasətinə daxil edilibdir və bu, ölkəmizin qarşısında yeni imkanlar, yeni üfüqlər açır. Biz istəyirik ki, Azərbaycan müasir, demokratik, qüdrətli dövlətə çevrilsin. Bunu etmək üçün bütün imkanlar var, o cümlədən xalqın dəstəyi də var. Bu da hər bir islahatın, hər bir siyasətin aparılması üçün başlıca şərtdir.
Daxildə gedən proseslər də müsbət istiqamətdə inkişaf edir. Bizim iqtisadi nailiyyətlərimiz də onu göstərir. Regional inkişaf proqramı həyata keçirilir və bu proqram çərçivəsində artıq on minlərlə, yüz minlərlə, hardasa 200 minə qədər yeni iş yeri açılıbdır. Yəni bu, onu göstərir ki, görülən hər bir tədbir, atılan hər bir addım düz istiqamətdə atılır.
Ölkədə ictimai-siyasi sabitliyin qorunması, möhkəmlənməsi də məhz bu məqsədi daşıyır ki, ölkə dinc şəraitdə inkişaf etsin. Biz bilirik ki, yalnız və yalnız əmin-amanlıq, sülh şəraitində ölkələr inkişaf edə bilər. Orada ki, xaos var, anarxiya, hərc-mərclik, inamsızlıq var, o ölkələr heç vaxt uğur qazana bilməz.
Azərbaycanın təcrübəsi onu göstərir ki, biz düz yoldayıq. Bu yolun, siyasətin əsasını 1993-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyev qoymuşdur. O, xalqın tələbi ilə Azərbaycana rəhbərliyə qayıtdıqdan sonra ölkəni çətin vəziyyətdən xilas etdi, Azərbaycanı parçalanmadan xilas etdi. Həmin dövrdə ölkədə gedən proseslər bizim hamımızın xatirindədir. Ümumiyyətlə, ölkənin gələcəyi şübhə altında idi.
Yalnız və yalnız Heydər Əliyevin nüfuzu, siyasi biliyi, təcrübəsi, müdrikliyi, xalqa sədaqəti, cəsarəti imkan verdi ki, ölkə o çətin, ağır vəziyyətdən çıxsın və bu gün Azərbaycan bölgədə qabaqcıl mövqedədir.
Heydər Əliyevin təməlini qoyduğu və on il ərzində apardığı siyasət bu gün bizə imkan verir ki, siyasətimizi müstəqil şəkildə aparaq. Bəzi başqa qonşu ölkələr kimi biz kimdənsə asılı deyilik. Biz siyasətimizi yalnız və yalnız Azərbaycanın milli maraqlarının qorunması istiqamətində aparırıq. Bu maraqlar isə bizi istəyən, bizimlə əməkdaşlıq edən ölkələrin də marağına uyğundur. Amma ilk yerdə duran bizim öz maraqlarımızdır. Maraqlarımızın qorunması da hər bir vətəndaş üçün başlıca vəzifə olmalıdır.
Bütövlükdə, Azərbaycanın milli maraqlarının qorunmasında Milli Təhlükəsizlik Nazirliyinin çox mühüm və əhəmiyyətli funksiyası vardır. Bu, sizin üzərinizə böyük məsuliyyət qoyur, vəzifələr qoyur. Azərbaycanın uğurlu inkişafı üçün, məqsədlərinizə nail olmaq üçün Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyəti çox önəmlidir.
Bir daha demək istəyirəm ki, bu fəaliyyətdən çox razıyam. Mən çox sevinirəm ki, Milli Təhlükəsizlik Nazirliyi qarşıda duran bütün vəzifələri ləyaqətlə icra edir və "Qara kəmər" şərti adı ilə keçirilmiş son əməliyyat bunu göstərdi. Göstərdi ki, bizimlə zarafat etmək olmaz. Göstərdi ki, dövlətlə dövlətçilik etmək olmaz. Bütün qüvvələr onu görməlidir. Cinayətkar dəstələr, Azərbaycanın gələcəyini istəməyən, Azərbaycana zərbə vurmaq istəyən həm xarici, həm daxili qüvvələr bunu görməlidir ki, burada bu niyyətlər baş tutmayacaqdır.
Ona görə yenə də deyirəm, bu əməliyyatın bütün mərhələlərinin uğurla aparılması böyük ictimai-siyasi məna daşıyır. Söhbət təkcə bu dəstənin ifşa olunmasından getmir. Halbuki, bu da çox önəmli məsələdir, Azərbaycanda on il ərzində cəmiyyətimizi hədə-qorxuda saxlayan o quldur dəstəsi indi ifşa olunubdur. Söhbət daha geniş mənada gedir. Biz göstərdik ki, öz maraqlarımızı, öz vətəndaşlarımızın təhlükəsizliyini qorumağa qadirik. Bunu qısa müddət ərzində edirik. Ona görə hesab edirəm ki, bu hadisə və əməliyyat Azərbaycanda cəmiyyətin ictimai şüuruna da çox güclü təsir etdi və bunun gələcəkdə çox böyük əhəmiyyəti olacaqdır.
Sizi bir daha ürəkdən təbrik edirəm. Sizə uğurlar, cansağlığı arzulayıram. Arzu edirəm ki, siz həmişə Azərbaycanın bayrağını belə yüksək tutasınız. Sağ olun.
Eldar Mahmudov: Möhtərəm cənab Prezident, cənab Ali Baş Komandan, Sizə şəxsi heyət adından dərin minnətdarlığımı bildirmək istəyirəm. Əmin olasınız ki, Sizin bütün tapşırıqlar eyni şəkildə, bundan daha da yüksək peşəkar səviyyədə yerinə yetiriləcəkdir.
|