|
Azərbaycanın milli təhlükəsizlik orqanlarının tarixi 1919-cu ilin mart ayının 28-dən, Şərqdə ilk demokratik dövlətin Hərbi Nazirliyinin Baş Qərargahı nəzdində Kəşfiyyat və Əks-Kəşfiyyat bölməsinin yaradılmasından başlayır. Bu illər ərzində təhlükəsizlik orqanlarımızın keçdiyi tarixi yolun iki ən mühüm mərhələsi bilavasitə ömrünün 25 ilə yaxın bir dövrünü təhlükəsizlik orqanlarına həsr etmiş Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Bu dövrlərdən birincisi Heydər Əliyevin Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində əks-kəşfiyyata rəhbərlik etdiyi, xüsusilə də, komitə rəhbərliyinə irəli çəkildiyi, sədr müavini və sədr olduğu illəri əhatə edir. Bu dövrün ən başlıca nəticəsi isə sözsüz ki, təhlükəsizlik orqanlarının milliləşdirilməsi, kadrların seçilib yetişdirilərək irəli çəkilməsi ilə gələcək müstəqil dövlətin milli təhlükəsizlik strukturu üçün potensial yaradılmasından ibarət idi. Bu uzaqgörənlik Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etdiyi ilk günlərdən etibarən sübuta yetdi. Ölkə həyatının mühüm sahələrindən birində fəaliyyətin yeni siyasi reallıqlar nəzərə alınmaqla qurulmasında vaxtılə Ümummilli Liderimizin yaratdığı təməllər öz müstəsna rolunu oynadı.
Təhlükəsizlik orqanlarının inkişafında Heydər Əliyevin adı ilə bağlı olan və sözün əsl mənasında Azərbaycanın milli maraqlarına xidmət edən ikinci mühüm mərhələ onun ölkənin siyasi rəhbərliyinə növbəti qayıdışı ilə - 1993-cü ildən başlamışdır. Milli təhlükəsizlik orqanlarımızın fəaliyyətində dönüş mərhələsi olan bu dövrün ən mühüm nə¬ti¬cəsi kimi bütövlükdə ölkənin təhlükəsiz¬liyi¬nə etibarlı zəmin yaradılmasını qeyd etmək olar. Ulu Öndərin yaratdığı bu möhkəm zəmin əsasında indi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə döv¬lət quruculuğunun yeni mərhələsində ardıcıl surətdə və uğurla fəal hüquq-mühafizə, o cümlədən milli təh¬lükəsizlik siyasəti aparılır.
Milli Təhlükəsizlik Nazirliyinin də fəaliyyətinin əsasını təşkil edən bu kursun prioritet istiqaməti milli maraqların nəzərə alınması ilə sabitliyin və təhlükəsizliyin hərtərəfli təmin edilməsi, ölkə həyatının bütün sahələrində, xüsusilə iqtisadiyyatda dinamik inkişafa nail olunmasına əlverişli şərait yaratmaqdır. Sabitlik isə hər şeydən əvvəl Azərbaycan Respublikasının dövlət müstəqilliyi və suverenliyinin etibarlı qorunması, ərazi bütövlüyünün bərpası, təhlükələrin, təhdidlərin qarşısının vaxtında alınması, vətəndaşların və cəmiyyətin maraqlarının tam təmini ilə onun demokratik, sivil, dünyəvi dövlət kimi inkişafı deməkdir. Bu siyasətin uğurla aparılması nəticəsində Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyada lider mövqeyinə çıxmış, ən sabit dövlətə və yüksək inkişaf etmiş ölkələr üçün əməkdaşlıq əlaqələri qurmaqda maraqlı tərəfdaşa çevrilmişdir.
Dünyada gedən proseslər, Azərbaycanın coğrafi-strateji mövqeyi və hər baxımdan həssas regionda yerləşməsi, respublikanın hərbi-siyasi vəziyyəti və eyni zaman¬da, ölkəmizin həyat əhəmiyyətli beynəlxalq layihələrin həyata keçirilməsində bilava¬sitə iştirakı ciddi və kompleks təhlükəsizlik tədbirlərinin görülməsini vacib edir. Bu baxımdan ən aktual problemlərdən olan terrorçuluqla və transmilli cinayətkarlığın digər növləri ilə mübarizə milli təhlükəsizlik orqanlarının fəaliyyətinin prioritet vəzifələrindəndir.
Beynəlxalq terrorçuluqla mübarizə sahəsində fəaliyyətin daha da təkmilləş¬diril¬mə¬si məqsədilə müxtəlif, qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsinə, mütəxəs¬sislərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, terror niyyətlərinin vaxtında aşkar¬lan¬ması üçün qabaqlayıcı məlumatların əldə olunmasına və terrora həssas sahələrin tam müəyyənləşdirilməsinə, həmin yerlərdə terror-təxribat fəaliyyətini çətinləşdirən və mümkünsüz edən şəraitin yaradılmasına diqqət artırılmışdır. Ölkənin terror təhlükələrindən müdafiəsi istiqamətində keçirilmiş bir sıra uğurlu əməliyyat-axtarış tədbirlərinin davamı olaraq ötən peşə bayramımızdan sonrakı dövr ərzində milli maraqlarımıza ciddi təhdid yaradan, bir neçə ölkə vətəndaşlarının cəmləşdiyi beynəlxalq terrorçulardan ibarət daha bir dini-ekstremist qrup zərərsizləşdirilmişdir.
Qabaqcadan əlbir olan həmin qrupun üzvləri Azərbaycanda, qonşu ölkələrdə və bir sıra xarici dövlətlərin ərazisində ictimai-siyasi sabitliyi pozmaq, kriminogen durumu gərginləşdirmək üçün terrorçuluq aksiyaları, partlayış və yanğınlar törətmək niyyətində idilər. Beynəlxalq terrorçuların planlarının qarşısı vaxtında alınmış, faktla bağlı tamamlanmış istintaq materialları məhkəmə orqanlarına təhvil verilmişdir.
Bu dövr ərzində görülmüş digər səmərəli tədbirlər Azərbaycanın Qərb ölkələri ilə əlaqələrinin sırf dövlətlərarası münasibətlərdən strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə imkan vermişdir. Azərbaycanın beynəlxalq terrorçuluğa qarşı mübarizədəki fəallığı, antiterror koalisiyasındakı iştirakı hər şeydən əvvəl ölkənin milli maraqlarından irəli gəlir.
Digər tərəfdən, artıq dəfələrlə qeyd edildiyi kimi, sivilizasiyaların kəsişmə nöqtəsində yerləşən Azərbaycan Respublikası son vaxtlar Avropa qitəsini bir sıra transmilli təhdidlərdən qoruyan sipər dövlətə çevrilmişdir.
Təbii ki, birgə maraqlarımız həmin ölkələrlə başqa sahələrdə də əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə yaxşı imkanlar yaradır. Belə iki və çoxtərəfli əməkdaşlıq əlaqələri beynəlxalq terrorçuluğun aradan qaldırılmasında gələcəkdə də birgə layihələrin həyata keçirilməsi üçün zəmin olacaqdır. Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı çərçivəsində Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında terrorçuluqla mübarizədə iki və çoxtərəfli əməkdaşlıq qurumu kimi fəaliyyət göstərəcək Beynəlxalq Təlim Mərkəzinin yaradılmasına başlanılması xüsusi qeyd edilməlidir.
Bununla əlaqədar müvafiq layihə və təkliflər paketi işlənib hazırlanmış, NATO ekspertləri ilə lazımi məsləhətləşmələr aparılmışdır. Belə bir mərkəzin yaradılması Azərbaycan Respublikasının beynəlxalq terrorçuluqla mübarizə istiqamətində dünya təcrübəsini mənimsəməsinə yeni imkanlar açmaqla, ölkənin milli təhlükəsizlik orqanları və onun təhsil sisteminin təkmilləşdirilməsi yolun¬da növbəti uğurlu addım olacaqdır. Dünyada terrorçuluğun yeni təzahürləri, xüsusilə kiberterrorçuluğun getdikcə daha ciddi xarakter alması bu təhlükələrin önlənilməsi istiqamətində fəaliyyətimizin təkmilləşdirilməsi zərurətini daha da artırmışdır. Kompüter şəbəkələrinə və onlarda saxlanılan informasiya resurslarına «hücum»lar, «kibernetik» və «şəbəkə» mübarizələri, beynəlxalq informasiya terrorçuluğu və yaxud kiberterrorçuluqla səmərəli mübarizə aparılması yalınz bu istiqamətlərə aid xüsusi bilgilərə yiyələnməsi ilə mümkündür. Məhz bu halda elektron mübarizənin tətbiqi ilə əlaqədar bütün sahələrdə (radioelektron, kriptoqrafiq mübarizələr və kommunikasiya sistemlərinə qarşı) təhdidləri vaxtında qiymətləndirə və qarşısının alınması üçün müvafiq tədbirlər gö¬rə bilərik.
Kiberterrorçuluq da daxil olmaqla beynəlxalq terrorçuluğa qarşı mübarizədə dünya dövlətlərinin səylərinin birləşdirilməsi Azərbaycan Respublikasının ma¬raq¬larına tam uyğundur. Çünki Azərbaycan terrorla mübarizədə qəti və birmənalı möv¬qe tutduğunu, lakin hələ də bu məsələlərdə ikili standartların mövcudluğunu dəfələrlə açıq bəyan etmişdir.
Bu mənada terrorçuluğun ayrılmaz tərkib hissəsi, onu qidalandıran faktorlardan olan təcavüzkar separatçılıqla mübarizə bizim xüsusi diqqət mərkəzimizdədir. Ermənistanda dövlət səviyyəsində dəstəklənən terrorçuluğun başlıca hədəfləri siyahısında Azərbaycanın ilk yerdə olması bu sahədə fəaliyyətimizi bir an belə səngitməməyi tələb edir. Beynəlxalq terrorçuluğun tərkib hissəsi olan bu siyasətin 1988-ci ildən başlayaraq hansı faciələrlə nəticələndiyi artıq bir sıra dövlətlər və xüsusilə beynəlxalq təşkilatlar tərəfindən bu və ya digər şəkildə etiraf olunsa da, Ermənistan Respublikası və Dağlıq Qarabağ separatçıları tərəfindən törədilən çoxsaylı terror aktları, azərbaycanlıların Ermənistandakı tarixi yurdlarından kütləvi deportasiyaları, ölkənin 20%-nin işğalı nəticəsində 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, Xocalı faciəsi kimi soyqırım və sair faktlara yanaşmada ikili standartların mövcudluğu ciddi narahatçılıq doğurur.
Halbuki Azərbaycan ərazisində həbs edilmiş təxribatçı və terrorçuların böyük əksəriyyətinin məhz Ermənistan ərazisində hazırlıq keçmələri, oradan maliyyə, silah və sursat dəstəyi almalarının prosessual qaydada sübuta yetirilməsi bu dövlətin hansı siyasət yürütdüyünün əyani göstəricisidir. Bütün bunları və Ermənistanın dövlət orqanları ilə yanaşı, erməni diasporası tərəfindən Azərbaycan ərazisində təxribat-pozuculuq aksiyalarının keçirilməsi cəhdləri nəzərə alınaraq ötən il ciddi əks-tədbirlər görülməsinə diqqət daha da artırılmışdır. Belə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, xalqımızın mənafeyinə uyğun həllində bütün imkanlardan istifadə edilməsi, düşmənin kəşfiyyat-pozuculuq, terror-təxribat və təbliğat fəaliyyətinin qarşısının alınması, əks-təbliğatın səmərəli qurulması istiqamətindəki adekvat tədbirlər ölkə Prezidentinin milli maraqların hərtərəfli təminatı sahəsində qarşımıza qoyduğu ən başlıca tələblərdən olmuşdur. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməklə təcavüzkar separat¬çı¬lı¬ğı hərtərəfli dəstəkləməsi, işğal altında saxladığı ərazilərdə qanunsuz fəaliyyətlər həyata keçirməsinin beynəlxalq təşkilatlar tərəfindən tərtib edilən 2005-ci ilə aid vəziyyəti əks etdirən rəsmi sənədlərə salınması bu sahədə görülmüş işlərin sırasındadır.
Azərbaycana qarşı Ermənistanın uzun illərdən bəri davam edən informasiya blokadasının yarılmasında nazirliyin son vaxtlar əldə etdiyi nailiyyətlər xüsusi əhəmiyyət daşıyır. Erməni faşizminin ifşasına, Ermənistanın təcavüzkar dövlət kimi tanıdılmasına xidmət edən materiallar, ölkəmizin və dünyanın görkəmli elm adamlarının, tanınmış ziyalıların yazdığı əsərlər əksər xarici dillərə tərcümə olunaraq geniş coğrafiyada yayılmışdır. «Erməni terroru» kitab-albomu 9 dildə tərcümə edilərək çap olunmuş, hazırda onun yayılması üzrə işlər planlaşdırılır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tövsiyəsi ilə Milli Elmlər Akademiyasının Tarix İnstitutu ilə birlikdə zəngin arxiv sənədləri və materialları əsasında, azərbaycan və ingilis dillərində hazırlanmış və Ulu Öndərimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş «Qarabağ: Real tarixi faktlar, sənədlər» adlı ensiklopedik xarakterli illüstrasiyalı nəfis kitab hazır¬lan¬mış və hazırda xaricdə yayılmaqdadır.
Qeyd etmək istəyirəm ki, bu kitab Müstəqil Dövlətlər Birliyi dövlət¬lərinin «Kitab sənəti» adlı II Beynəlxalq Müsabiqəsinin qalibi olmuşdur. Hazırda həmin kitabın rus, alman, ərəb və fransız dillərində də nəşr olunması istiqa¬mə¬tində işlər aparılır.
Eyni zamanda, nazirliyin təşəbbüsü və dəstəyi ilə Milli Elmlər Akademiyasının Tarix İnstitutu tərəfindən «Kürəkçay müqaviləsi - 200» adlı kitab da nəşr etdirilmişdir. Bundan əlavə, Avstriyalı alim, professor Erik Fayqlın «Kəskin dönüş! Erməni mifomaniyası və həqiqət» broşürü 12 dilə, o cümlədən ingilis, fransız, ispan, alman, rus, ərəb, fars, çin, yapon, koreya və digər dillərə tərcümə edilərək dərc olunmuşdur. Onun «Terror mifi, erməni ekstremizmi və tarixi baxımdan onun səbəbləri» adlı daha bir kitabı ingilis, alman və fransız dillərində elə bu günlərdə çapdan çıxmışdır.
Fransalı tarixşünas alim Corc de Malevilin uydurma «erməni genosidi» və «Böyük Ermənistan» ideyalarının ifşasına yönəlmiş, 1988-ci ildə fransız dilində nəşr etdirdiyi «1915-ci il erməni faciəsi» adlı kitabının 500 nüsxəsi Parisdəki «Lanore» nəşriyyatından alınmışdır.
İnformasiya mübarizəsinin daha səmərəli və yüksək səviyyədə yerinə yetirilməsi yalnız Milli Təhlükəsizlik Nazirliyinin deyil, bütün dövlət qrumlarının əlaqəli, vahid bir orqanizm şəklində, məqsədyönlü fəaliyyət göstərməsini tələb edir. Zənnimizcə, Ermənistanın Azərbaycana qarşı məqsədyönlü şəkildə apardığı barışmaz düşmənçilik siyasətinin tarixi köklərinin, bütün aspektlərinin önlənilməsi və proqnozlaşdırılması istiqamətində qarşımızda qoyulan vəzifələrin yerinə yetirilməsi üzrə biz hələ çox işlər görməliyik.
Möhtərəm prezidentimiz İlham Əliyevin tövsiyələri bu istiqamətdə bizim başlıca iş prinsipimiz olmalıdır: «Bəzi xarici kütləvi informasiya vasitələrində Azərbaycana qarşı müxtəlif səpkilərdə kampaniya da məhz erməni lobbisi tərəfindən təşkil olunur və isçtiqamətləndirilir. Niyə görə? Dünyada Azərbaycanın imicinə xələl gətirmək, Azərbaycanı mənfi şəkildə təqdim etmək üçün. Biz bunların hamısını bilirik və bununla mübarizə aparırıq. Amma onuda bilməliyik ki, bu lobbi həm iqtisadi, həm də siyasi cəhətdən böyük təsirə malikdir.
Lakin mən şübhə etmirəm ki, bütün bunlara baxmayaraq, Azərbaycanın haqq işi, Azərbaycanın siyasəti və görülmüş bütün işlər, atılmış addımlar bizim bu məsələyə yanaşmamız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həllinə gətirib çıxaracaqdır. Hesab edirəm ki, bu istiqamətdə görülən bütün işlər və atılan addımlar öz səmərəsini verəcəkdir. Milli təhlükəsizlik orqanlarının da bu istiqamətdə gördüyü və görəcəyi işlər böyük əhəmiy¬yət kəsb edir».Möhtərm Prezidentimizin bu sözlərini xatırlayarkən elə bu günlərdə keçirilmiş Dünya Azərbaycanlılarının II qrultayını və onun əhəmiyyətini də qeyd etməliyik.
Diasporanın daha da gücləndirilməsi, Azərbaycan və türk icmalarının birgə fəaliyyət göstərmələrinin müəyyənləşdirilməsi, harada yaşamalarından aslı olmayaraq, hər bir azərbaycanlının öz tarixi Vətəni Azərbaycanın qayğılarını bir an belə unutmamasının vacibliyi prinsipinin irəli sürülməsi həmin qurultayın işinin nəticələrinin başlıca göstəricisidir. Əminik ki, qurultaydakı çıxışında dövlət başçımızın aşağıdakı fikirləri Azərbaycan və hər bir azərbaycanlı, eləcə də, Azərbaycanı özünə doğma sayan digər millətlərin nümayən¬də¬¬¬lərindən ibarət həmvətənlərimiz üçün fəaliyyət proqramı xarakteri daşıyacaqdır: «Biz öz tədbirlərimizi görməliyik. Biz möhkəmlənməliyik. Biz hər istiqamətdə çox sürətlə, düşünülmüş proqram və konsepsiya əsasında irəliləyirik.. Bu istiqamətdə Azərbaycan diasporunun çox böyük rolu var.
Mən istəyirəm ki, həm Azərbaycanın dünyaya təbliğ edilməsində, Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılmasında, azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakında bu rol daha güclü olsun... bu bizim mövqeyimizi möhkəmləndirər».Yeri gəlmişkən, yuxarıda qeyd etdiklərimin davamı olaraq bizi narahat edən bir neçə məqama da toxunmaq istəyirəm.
Azərbaycanın demək olar ki, son 200 ilə yaxın müddətdə ardıcıl surətdə «Böyük Ermənistan» adlanan ideologiyanın nəticəsində çoxsaylı təcavüzlərə məruz qalması, müxtəlif fəsadlarla üzləşməsi bizi dərindən düşündürməlidir. Öz xalqını da ambisiyalarının qurbanına çevirən, onları da faciələrə sürükləyən erməni siyasətçilərinin ölçüyəgəlməz və tükənməz iddialarına birdəfəlik son qoymaq üçün biz məqsədyönlü fəaliyyətin əsasını təşkil edəcək, vəziyyətin maraqlarımıza uyğun istiqamətdə dəyişməsinə imkan verəcək konsepsiya müəyyənləşdirməliyik.
Hər bir gəncin, ümumiyyətlə, hər bir soydaşımızın məsələnin mahiyyəti, tarixi kökləri haqqında tam məlumatlı olması üzərində düşünməliyik. Çünki bunları anlamadan mübarizə üsulları və sülh yollarının aranması da çətindir. İstər ailədə, istərsə təhsil sistemində və eləcə də, hərbi hissələrimizdə vətənpərvərliyin tərbiyəsi üçün daha real və daha əməli tədbirlər görməliyik.
Hər bir şəxsin xidməti, iş, təhsil xasiyyətnaməsində onun vətənpərvərliyinin xüsusi qeyd edilməsi və buna görə məsuliy¬yət daşınması gərəkdir. Gələcək nəsillərə vətənpərvərliyin aşılanması yalnız dövlət siyasəti ilə məhdudlaşmamalı, ictimayyətin milli mövqeyinə, vətəndaşlıq borcuna və başlıca vəzifəsinə çevrilməlidir.
Hesab edirəm ki, Azərbaycanın dövlətçilik tarixinin, mədəni irsimizin, xalqımızın ta qədimlərdən bəri məlum olan qəhrəman oğullarının, Ümummilli Liderimizin həyat və fəaliyyətinin dərindən öyrənilməsi, eyni zamanda, təhsil və müdafiə sistemində hüquqi maarifləndirmənin, xüsusən də, inzibati xətalar qanunvericiliyinin tədrisi həm gənclərimizin dünyagörüşünün düzgün formalaşmasına, davranış tərzinin keyfiyyətcə daha da yaxşılaşmasına, həm də özlərinin və digərlərinin hüquq və vəzifələrini tanıyıb hörmət etmələrinə şərait yaradar.
Qeyd etdiyim bu və digər mühüm faktorlar vətəndaş birliyinə, dövlət və vətəndaş münasibətlərinin vəhdət təşkil etməsinə və nəticə etibarı ilə milli maraqlara xidmət edən daxili və xarici siyasətin rəvan həyata keçirilməsinə daha əlverişli zəmin yaratmış olar.
Yeni reallıqlar və maraqlar zəminində cərəyan edən proseslərin nəticəsi kimi ölkəmizə qarşı daxili və xarici təhdidlərin konkretləşməsi, milli mənafelərin təminatı məqsədilə kompleks və ardıcıl tədbirlərin daha səmərəli və çevik həyata keçirilməsini şərtləndirir. Terrorçuluq, təcavüzkar separatçılıq kimi dəhşətli təhlükələrlə yanaşı, dini və siyasi ekstremizm, eləcə də narkotiklərin, radioktiv maddələrin və silahların qanunsuz dövriyyəsi, insan alveri və s. transmilli mütəşəkkil cinayətlərə qarşı mübarizə bütün dünya dövlətləri, o cümlədən, Azərbaycan üçün də son dərəcə aktualdır.
Son dövrlər mütəşəkkil cinayətkarlıqla mübarizə nazirliyin mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilmiş, bir sıra ölkələrin xüsusi xidmət və təhlükəsizlik orqanları ilə bu sahədə iki və çoxtərəfli əməkdaşlıq əlaqələri genişlənmişdir. Bizim həm milli təhlükəsizlik, həm də qlobal beynəlxalq təhlükəsizlik sisteminin komponenti kimi qəbul etdiyimiz transmilli mü¬təşək¬kil cinayətkarlıqla mübarizə sahəsində ötən il ciddi irəliləyişlərə nail olunmuşdur.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunmayan ərazilərimizin narkotik vasitələrin kultivasiyası və beynəlxalq narkotranzitin əsas marşrutlarından birinə çevrildiyini dəfələrlə bəyan etmişik. Artıq ABŞ Dövlət Departamentinin müvafiq sahəyə dair illik hesabatında bu faktların bəziləri əksini tapmış, Ermənistanın işğal altında saxladığı ərazilərdən narkotik vasitələrin satışı və narkotranzit məqsədilə istifadəsi qeyd edilmişdir.
Bununla yanaşı, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə gücləndirilmiş, transmilli, mütəşəkkil cinayətkar dəstələrin İran-Azərbaycan, Dağlıq Qarabağ-İran-Azərbaycan, İran-Azərbaycan-Rusiya marşrutları ilə narkotiklərin daşınması hallarının aşkarlanması üzrə məqsədyönlü iş davam etdirilmiş, külli miqdarda narkotik vasitələr götürülmüşdür. Qeyri-qanuni miqrasiya kanallarından istifadə cəhdlərinin də qarşısı alınmış, Bakı-Tblisi-Ceyhan neft və Cənubi Qafqaz qaz kəmərlərinin, TRASEKA layihəsinin reallaşmasının Azərbaycanı, həm də insan ticarəti ilə məşğul olan transmilli cinayətkar birliklərin maraq nöqtələrinə çevirdiyi, belə hallara qarşı mübarizədə beynəlxalq təşkilatlar və region dövlətləri ilə əməkdaşlığın gücləndirilməsinin vacibliyi daim diqqət mərkəzində saxlanılmışdır.
Miqrasiya proseslərinin ölkənin təhlükəsizliyinə doğura biləcəyi təhdidlərin operativ öyrənilməsi və qiymətlən¬dirilməsi, bu yönümdə işin səmərəli təşkili istiqamətində müxtəlif dövlət orqanları tərəfindən həyata keçirilən fəaliyyətlərin düzgün əlaqələndirilməsi və vahid nəzarət imkanlarının reallaşdırılması üzrə konkret və zəruri tədbirlər görülür. Şübhəsiz ki, bu məqsədlə Avropa ölkələrinin müsbət təcrübəsi və Beynəlxalq Miqrasiya Təşkilatının töv¬siyələri də nəzərə alınacaqdır.
Dinamik inkişaf yolunda olan Azərbaycanda dövlətin iqtisadi əsaslarının və beynəlxalq imicinin sarsıdılmasına yönələn cinayətkarlıqla mübarizə, bu sahədə təhlükəsizliyin etibarlı təmin olunması da ümdə vəzifələrimizdəndir.
İqtisadi cinayətkarlıqla, korrupsiya ilə mübarizədə fəal iştiak, ölkənin həyat əhəmiyyətli obyektlərinin mühafizəsi, böyük şirkət və kompaniyaların terror-təxribat ak¬siya¬ların¬dan etibarlı müdafiəsi və s. məsələlərə xüsusi diqqət yetirilmişdir. Ölkəyə sərmayə qoyan xarici şirkətlərin və vətəndaşların normal fəaliyyəti və təhlükəsizliyi, xarici inves¬tisiya qoyuluşunun stimullaşdırılmasına şərait yaradılması, nəticə etibarı ilə xalqımızın maddi rifahının yüksəldilməsi deməkdir. Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə müvafiq surətdə ölkədə maliyyə kəşfiyyatı sahəsində görülən işlərin əlaqələndirlməsi məsələsi də xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə beynəlxalq təşkilatların tövsiyələrinin nəzərə alınması və ölkə qanunvericiliyinin daimi tək¬mil¬ləşdirlməsi vacibdir.
Ötən il fəaliyyətimizin digər prioritet istiqaməti ümumən cinayətkarlıqla mübarizə ilə bağlı olmuşdur. Nazirliyin xalq arasındakı nüfuzunun artmasına təkan verən bu fəaliyyət nəticəsində bir sıra sahələrdə qanunazidd əməllərin qarşısı qətiyyətlə alınmışdır. Xüsusilə ötən bir ilə ərzində «Qara Kəmər» əməliyyatından sonra davam etdirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində adam oğurluğu, qətillər və s. ağır cinayətlər törədilməsi ilə məşğul olan dəstənin digər üzvlərinin də aşkarlanıb zərərsizləşdirilməsi, törədilmiş dəhşətli cinayət əməllərinin istintaqla sübuta yetirilməsi ölkə əhalisinin nazirliyə inam və etibarını artırmışdır.
Qarşılıqlı etimad əsasında ictimayyətlə əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qaldırılması, təhlükəsizliyin təmin olunması kimi ağır işdə sadə vətəndaşların könüllü iştiraklarının stimullaşdırılması ümumi işə böyük tövhə verir. MTN-in rəsmi saytının istismara verilməsindən sonra nazirliyin fəaliyyəti barədə daha geniş məlumat alınması və onunla birbaşa ünsiyyət imkanı qazanılması bu əlaqələrin həcmini və keyfiyyətini xeyli yüksəltmişdir.
Təbii ki, cəmiyyətdə formalaşan rəğbət hissinin başlıca səbəbi Azərbaycan Respublikasında sabitliyin və qanunçuluğun möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin əsas fəaliyyət prinsinipinə çevrilməsi üzrə Milli Təhlükəsizlik Nazirliyi və digər hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlərin müstəsna əhəmiyyəti ilə bağlıdır.
Ötən ilin oktyabr ayının sonlarında keçirilən ardıcıl tədbirlər ölkə başçısının-«son illər ərzində yaranmış ictimai-siyasi sabitlik, əmin-amanlıq bizim hamımız üçün çox mühüm və ölkəmizin uğurlu inkişafı üçün başlıca şərt»dir tezisinin fəaliyyətimizdə rəhbər tutulmasına bariz ifadəsidir.
Ayrı-ayrı təxribat qruplarının yaradılması, onların silahlandırılması, iğtişaşların törədilməsi yolu ilə vəziyyətin dövlət qurumlarının fəaliyyətinin nəzarətindən çıxarılmasına və son nəticədə hakimiyyətin zorla ələ keçirilməsinə yönəlmiş dövlət çevrilişinin qarşısının alınması ölkədə təhlükəsizliyin hərtərəfli təminatının daha bir aydın nümunəsi olmuşdur. İş üslub və metodlarının daim təkmilləşdirilməsi, qabaqlayıcı məlumatlar əsasında cinayətlərin hazırlıq, yaxud baş vermə ərəfəsində qarşısının alınmasına nail olunması bizim başlıca məqsədimizdir.
Demək olar ki, məhz bu istiqamətdə ötən bir il ərzində ardıcıl və məqsədyönlü işlər aparılmış, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsi, peşəkar kadrların hazırlanması ilə bağlı bütün mümkün imkanlardan istifadə edilmişdir. Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında görülən son işlər, tədrisin keyfiyyətinin yüksəldilməsi üçün maddi-texniki təchizat və bina problemlərinin həlli məhz bu məqsədə xidmət edir.
Bir neçə gün əvvəl həmin tədris ocağında Ümummilli Liderimizin abidəsinin və təhlükəsizlik orqanları ilə sıx bağlı olan həyat və fəaliyyətini əks etdirən «Şöhrət» muzeyinin açılışı, bu təntənəli tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tövsiyələr göstərilən istiqamətdəki fəaliyyətimizin təkmilləşdirilməsi üçün yeni proqram olmuşdur.
Xarici dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və daha səmərəli qurulması baxımından da ötən bir il Milli Təhlükəsizlik Nazirliyi üçün uğurlu olmuşdur. Terrorçuluğa və transmilli cinayətkarlığın digər formalarına qarşı mübarizə, eləcə də, informasiya mübadiləsi sahəsində yeni əməkdaşlıq sazişləri imzalanmış, prioritet fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir.
Eyni zamanda, bir sıra xarici ölkələrə səfərlər zamanı və beynəlxalq təşkilatların rəhbərliyi ilə keçirilən görüşlərdə transmilli mütəşəkkil cinayətkarlıq, xüsusən də beynəlxalq terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri ətraflı müzakirə edilmiş, müəyyən razılaşmalara nail olunmuşdur.
Xarici ölkələrin, tərəfdaş dövlətlərin müvafiq qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarından səmərəli istifadə olunması işinin milli mənafelərin təminatına şərait yaradılmasındakı rolu şəksizdir. Belə ki, məhz bu əlaqələrdən effektiv istifadə xüsusilə son vaxtlar siyasi əhəmiyyətli və təhlükəsizlik məsələlərində ölkəyə müvafiq dəstək əldə olunması, beynəlxalq hüquqi aktların qəbulu və informasiya mübarizəsində mövqelərimizin möhkəmləndirilməsi işində mühüm rol oynamışdır.
Qarşımızda duran bütün mühüm vəzifələrin layiqincə yerinə yetirilməsi, nazirliyin işinin dövrün tələbləri səviyyəsində qurulması məqsədilə ötən dövr ərzində ölkə rəhbərliyinin bizim üçün yaratdığı geniş imkanları xüsusi qeyd etmək istərdim. Əməkdaşlarımızın iş, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin daha da gücləndirilməsi, əmək haqlarının artırılması, maddi-texniki vəsaitlər və müasir avadanlıqla təmi¬nat və s. istiqamətlərdə görülmüş zəruri tədbirləri bizə göstərilən etimadın əsl təzahürü, gələcəkdə fəaliyyətimizin daha səmərəli həyata keçirilməsinin stimulu və avansı hesab edirik. Əminəm ki, Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti qarşısında duran şərəfli vəzifələrin öhdəsindən layiqincə gələcək, möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin dövlət quruculuğu¬nun yeni mərhələsində beynəlxalq aləmdə Azərbaycanın daha təhlükə¬siz və demokratik ölkə imicinin möhkəmləndirilməsi istiqamətində inamla həyata keçirdiyi ardıcıl siyasi kursun reallaşmasına və yeni uğurlar qazanmasına çalışan dövlət orqanlarının ön cərgəsində olacaqdır. 87-ci ildönümünü qeyd etdiyimiz milli təhlükəsizlik orqanlarının əməkdaşları fəaliyyətlərini məhz bu istiqamətdə quracaq, vəzifə borclarının yerinə yetirilməsində insan və vətəndaş hüquq və azadlıqlarına dönmə¬dən riayət olunması, humanizm, dövlət və cəmiyyət qarşısında cavabdehlik, vətən¬pər¬vərlik prinsiplərini rəhbər tutmaqla, Azərbaycanın milli təhlükəsizliyinin təmin olun¬ma¬sı sahəsində bütün qüvvə və bacarıqlarını əsirgəməyəcəklər.
Fürsətdən istifadə edərək, Azərbaycanın milli təhlükəsizlik orqanlarının bütün şəx¬si heyətini və əziz veteranlarımızı əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, onlara və ailə üzvlərinə cansağlığı, ölkəmizin tərəqqisi və təhlükəsizliyinin təminatı istiqamətində fəaliyyətlərində yeni uğurlar arzulayıram.
|