az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
KİTABXANA
Nəşrlər
Müsahibələr
Məqalələr
Məktublar
Milli Təhlükəsizlik Naziri general-leytenant Eldar Mahmudovun müsahibəsi (“Ayna” qəzeti, 20.03.2009)

"Meşə qardaşlari" rayon hakimiyyətini ələ keçirməyə hazirlaşirdi"

Milli təhlükəsizlik naziri Eldar Mahmudov yubiley ərəfəsində "Zerkalo"ya müsahibəsində bu və ya digər məsələlərə münasibətini bildirib.

Diqqətinizə milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun eksklüziv müsahibəsini çatdırırıq. Müsahibə "Zerkalo" qəzetinə verilib, biz onun aktuallığını nəzərə alaraq "Ayna" qəzetinin oxucularını da nazirin fikirləri ilə tanış edirik. Onu da qeyd etməyi lazım bilirik ki, martın 28-də Azərbaycanın xüsusi xidmət orqanlarının yaradılmasının 90 ili tamam olur. Elə bu münasibətlə naziri təbrik edib ilk sualı yubileylə bağlı verdik:

- Azərbaycan Xalq Cümhuriyyəti dövründə xüsusi xidmətlərin əsasını qoyanlara xatirə olaraq hansı işlər görülür?

- Siz düz buyurdunuz ki, 1919-cu il martın 28-də müdafiə naziri Mehmandarov və Baş Qərargah rəisi Sulkeviçin birgə əmri ilə respublika tariximizdə ilk dəfə Baş Qərargahın general-kvartirmeystr şöbəsində xüsusi struktur yaradıldı və ona kəşfiyyat və əks-kəşfiyyat funksiyaları tapşırıldı. Azərbaycan təhlükəsizlik orqanlarının yaradılma tarixi kimi məhz bu tarix əsas götürülüb. Bununla belə, hələ 1918-ci ildə əks-kəşfiyyat şöbəsinin mövcud olduğunu dolayı yolla göstərən bəzi məlumatlar var. Təəssüf ki, o dövrün müvafiq sənədləri saxlanmayıb.

Təbii ki, bu xidmətlərin nə vaxtsa yerləşmiş olduğu binanı tapmağa çalışmışıq. Məlum olub ki, həmin bina indiki "Xətai" metrostansiyasının yaxınlığında yerləşirmiş. Amma bolşevik işğalından sonra, sovet dövründə bu bina uçurulub. Onun yerində başqa bina tikilib və indi həmin binada Dövlət Neft Şirkətinin strukturlarından biri yerləşir. Ona görə də hər hansı bir divarüstü xatirə memorialının olmaması həmin binanın özünün yoxluğu ilə bağlıdır.

Ancaq biz başqa yolla getdik. Bizim iştirakımızla "Space" telekanalının yaradıcı kollektivi bədii film çəkdi. Vaqif Mustafayevin rejissoru olduğu bu 5 seriyalı film milli xüsusi xidmət orqanlarının yaranması və inkişafı tarixini əks etdirir. Bu filmdə ADR dövründə, sovet dövründə və Azərbaycan təkrar müstəqillik qazandıqdan sonra xüsusi xidmət orqanlarının fəaliyyətinə bir baxış var.

Yeri gəlmişkən, öz tarixi uzaqgörənliyi nəticəsində Heydər Əliyev 1967-ci ildə Azərbaycan DTK-ya rəhbər təyin edildikdən, daha sonra isə respublika rəhbəri seçildikdən bəri sovet kadr siyasətinin gerçəkliklərinə rəğmən azərbaycanlıların təhlükəsizlik orqanlarına böyük axınını təmin etdi. Məhz o, ziyalıların, bizim hərbi və mülki elitamızı təşkil edən milli kadrların böyük hissəsini təqiblərdən və repressiyalardan qorudu. Məhz buna görə ölkəmiz müstəqillik qazandığı ilk ağır illərdə milli xüsusi xidmətləri yaratmaq üçün kifayət edən kadr potensialına malik idi.

- Müdafiə nazirinin müavini, Hava Hücumundan Müdafiə strukturunun rəhbəri Rail Rzayevin qətli məsələsinə toxunaq. MTN bu cinayət işinin təhqiqatına nə dərəcədə qoşulub? Siz belə yüksəkrütbəli hərbçinin bu şəkildə qətlini necə şərh edərdiniz?

- Təbii ki, qanunvericiliyin imkan verdiyi səlahiyyətlər və funksiyalar çərçivəsində MTN bu qətlin təhqiqatına bilavasitə cəlb olunub. Baş prokurorluq, DİN və MTN-in birgə operativ istintaq qrupuna bizim nazirliyin ən yaxşı mütəxəssisləri daxildir. Bu qrup çox böyük həcmdə materialları, məlumatları, ifadələri təhlil edib. Bu gün üçün dörd versiyaya baxılır. Məlum səbəblərə görə, hələlik onları aça bilmərəm. Ancaq sizi əmin edə bilərəm ki, istintaq qrupu çox böyük iş görüb və işin sürəti heç də azalmır. Bu cinayətin açılması bizim üçün ən prioritet məsələlərdən biridir.

- Siz xarici amil versiyasına necə baxırsınız? Bəlkə hansısa geosiyasi mərkəzlər Azərbaycanda siyasi sabitliyi və ya hətta müdafiə qabiliyyətini sarsıtmağa çalışırdılar?

- Prezident seçkiləri ərəfəsində "Meşə qardaşları" ekstremist təşkilatının tərkibinə daxil olan dini-terrorçu qruplaşmanın üzvlərini həbs etdik. Bizdə məlumat vardı ki, Azərbaycanda teraktlar, qətllər və rezonans verə biləcək digər cinayətlər törətmək üçün "meşə qardaşları"nın ölkəmizin ərazisinə keçirilməsi planları var. Onların məqsədi seçki ərəfəsində ictimai-siyasi vəziyyəti gərginləşdirmək idi.

Bildiyiniz kimi, "Meşə qardaşları"nın üzvü olan Mollaçiyev və Mehdiyev "Abu-bəkr" məscidində qanlı terror törətdilər. Lakin terrorçular öz hərəkətlərinin sahəsini və siyasi miqyasını genişləndirmək niyyətində idilər. Deməliyəm ki, bu niyyətin gerçəkləşdirilməsi üçün təşkilatın daha 100 üzvünün Rusiya ərazisindən Azərbaycana keçməsi planlaşdırılırdı. Qusar və Quba rayonlarında icra hakimiyyətlərinin, polis idarələrinin, prokurorluğun və MTN-in bölmələrinin inzibati binalarının silahlı yolla ələ keçirilməsi də cinayətkarların planlarına daxil idi. Onlar bu məqsədlə müvafiq texniki vasitələr, təxribat "alət"ləri, silah, sursat hazırlamışdılar.

Bu cinayət planına əsasən, Bakıdakı terror aksiyalarından sonra Quba və Qusarda dövlət idarələrinin eyni zamanda ələ keçirilməsi işi baş tutmalı idi. Bundan sonra onlar müəyyən gizli yerlərə geri çəkilməli, rayon mərkəzlərinə davamlı olaraq hücumlar təşkil etməli idilər. Biz cinayətkarları tapıb zərərsizləşdirdik və bu da təxribatçı layihənin gerçəkləşməsinin qarşısını aldı.

- Rusiyalı politoloq Markelov bəyan edib ki, Qarabağ problemindən başqa Rusiya Azərbaycana təzyiq üçün müəyyən rıçaqlara malik olub və bundan sonra da olacaq. Bunu deyərkən o, Dağıstanın "bölünmüş xalqlar problemi"nə toxunub. Siz dini-terrorçu təşkilatlar tərəfindən həyata keçirilən və milli zəmində separatçılığı qızışdırmağa yönələn planlı ideoloji fəaliyyət sezirsinizmi?

- Əsrlər uzunudur dağlı xalqlarının nümayəndələri Azərbaycanda, azərbaycanlılar isə Dağıstanda dinc yanaşı yaşayırlar. Müəyyən vaxtlarda ortaya çıxan separatçı şüarlar bu etnik icmaların əhval-ruhiyyəsini əks etdirmir və dar qrupların məqsədlərinə xidmət edir. Biz həmişə dinc, çiyin-çiyinə yaşamışıq və ümid edirəm ki, gələcəkdə də belə olacaq.

Amma təəssüf ki, həmişə bəzi xarici və ya daxili qüvvələr tapılır ki, millətlərarası gərginliyə nail olmaq və separatçı əhval-ruhiyyəni qızışdırmaq istəyirər. Bu halda hansısa sosial-iqtisadi problemləri əsas götürürlər. Ancaq kimdən gəlirsə gəlsin, bu səylər əbəsdir və tarixi perspektivdən məhrumdur. Çünki Azərbaycandakı xalqların və etnosların taleyi Allah tərəfindən əbədi olaraq birləşdirilib.

- Bəzi mətbu orqanlar zaman-zaman, müxtəlif miqdarlarda narkotik maddələrin ələ keçirilməsi əməliyyatlarını nəzərdə tutaraq MTN-i izafi "antinarkotik fəallıq"da tənqid edirlər. Sizcə, narko-kriminogen mühit nə dərəcədə xarici xidmət orqanları tərəfindən istifadə olunur?

- Narkomanların və narkotik alverçilərinin mühiti agentura şəbəkəsi yaratmaq üçün uyğun gələn sosial mühitlərdən biridir. Dünya ölkələrinin bir çoxunun kəşfiyyatı casus əməliyyatları üçün bu mühitdən səmərəli şəkildə istifadə edir. Ancaq əvvəlcə istərdim ki, MTN tərəfindən antinarkotik əməliyyatların aparılmasını məqsədəuyğun saymayanlara cavab verim.

Əvvəla, narkotik dövriyyəsinə qarşı mübarizə bizə qanunla verilmiş funksiya və səlahiyyətlər arasında ən mühüm ünsürlərdən biridir. Bu funksiyanın yerinə yetirilməsi çərçivəsində biz təkcə narkotik deyil, həm də silah-sursat, psixotrop, zəhərli maddələr, kütləvi qığın silahları komponentləri və milli təhlükəsizliyimizə təhlükə törədən digər material və məhsulların qaçaqmal yolu ilə Azərbaycana daxil olmasına qarşı mübarizə aparırıq. MTN-də transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə aparan struktur var. Məhz bu struktur Azərbaycana qanunsuz şəkildə narkotik keçirilməsini aşkar edir və qarşısını alır.

İkincisi, bizim bu məsələyə diqqətimizin digər mühüm səbəbi odur ki, narkotrafikdən əldə olunan kapital milli təhlükəsizliyə təhlükə törədən digər beynəlxalq cinayət şəbəkələrinin istifadəsinə verilir. Narkotiklərin ölkəmizə gətirilməsinin təşkili və ya narkotrafik marşrutunun mühafizəsinə terrorçu təşkilatların cəlb olunması halları az deyil. Bu halda terrorçu təşkilat həmin gəliri öz fəaliyyətinin maliyyələşdirilməsinə yönəldir. Məsələn, PKK. Bununla bərabər daxili narkotrafik də var və ona qarşı digər hüquq-mühafizə orqanları mübarizə aparırlar. Biz də bu orqanlarla qarşılıqlı əlaqədə çalışırıq.

Üçüncüsü, sualınıza qayıdaraq qeyd etməliyəm ki, transmilli kriminal trafik həyata keçirən narkotik ticarətçiləri yol boyunca yerləşən bütün dövlətlərin xüsusi xidmətlərinin diqqətində olur. Belə narkotrafikin sifarişçiləri və icraçıları gec-tez xüsusi xidmətlər tərəfindən yaxalanır və cürbəcür casus layihələrinə cəlb olunur. Narkotik ticarətçilərinin belə təkliflərdən imtina etmək üçün seçimi yoxdur, çünki əks halda onlar bir neçə dövlətin hüquq-mühafizə orqanları tərəfindən ifşa olunmaq riski qarşısında qalırlar.

Nəhayət, hamıya məlum olan bir həqiqəti təkrar edərək demək istəyirəm ki, narkotrafik milli təhlükəsizliyin təməlinə müxtəlif səciyyəli təhlükələr təşkil edir. Kənardan qidalanan narkomaniya cəmiyyətin təhlükəsizliyinin kökünü qazıyır, çünki millətin və genefondun sağlamlığına zərbə vurur.

- Beynəlxalq iqtisadi böhran ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunması baxımından MTN qarşısında yeni vəzifələr qoyurmu?

- Xoşbətlikdən dünya iqtisadiyyatı böhran olsa da, dövlətlərin təhlükəsizliyinə dağıdıcı şəkildə təsir edə bilən kollapsda deyil. Prezident İlham Əliyevin rəhbərliyi altında son illərdə hazırlanan və həyata keçirilən uzaqgörən makroiqtisadi siyasət nəticəsində Azərbaycan beynəlxalq böhrana ən az məruz qalan azsaylı ölkələr sırasındadır. Onun iqtisadiyyatımıza təsiri minimaldır.

Bununla belə, dövlət institutları xarici iqtisadi təhlükələri və müvafiq daxili məsələləri dərindən təhlil edir və beynəlxalq iqtisadi resessiya şəraitində dövlətin həyata keçirəcəyi strateji və taktiki modelləri hazırlayır. Təbii ki, bu böhrandan doğan və bizim qarşımıza qoyulan vəzifələr də var. Bizim işimiz əsasən onunla bağlıdır ki, qonşu dövlətlərdə iqtisadi böhranın tüğyan etməsi ilə paralel olaraq adi və iqtisadi cinayətlər artır, kriminogen gərginlik güclənir, hüquq pozuntularının yeni forma və növləri yaranır. Bu durum xüsusi diqqət tələb edir, konkret iqtisadi prosesləri diqqət mərkəzində saxlamağa və adi operativ fəaliyyətə yaradıcı yanaşmağa çağırır.

Nazirliyimizin bu istiqamətdə digər funksiyası isə xarici iqtisadiyyatla bağlı olan, beynəlxalq iqtisadi böhranın təsirindən şərtlənən təhlükə barədə ali siyasi rəhbərliyi vaxtında və düzgün informasiya ilə təmin etməkdir.

- Biz jurnalistləri maraqlandıran bir məsələ ilə bağlı da sual vermək istəyirəm. Həmkarımız Elmar Hüseynovun qatillərinin tapılması işi nə yerdədir?

- Azərbaycan jurnalistlərinin narahatlığını anlayıram. İctimaiyyəti əmin etmək istəyirəm ki, bu qətlin açılması yönündə fəaliyyətimizi bir gün belə dayandırmamışıq. Deməliyəm ki, tərəfimizdən çox böyük operativ, təhqiqat və digər təşkilati işlər aparılıb və aparılmaqdadır.

İctimaiyyətə məlumat verdiyimiz kimi, Gürcüstan vətəndaşları Tahir Xubanov və Teymuraz Əliyevin cinayət əməlləri tam sübut olunub. Bunun nəticəsində onlar cinayət təqibinə məruz qalıblar və İnterpol xətti ilə beynəlxalq axtarışa veriliblər. Özü də axtarış rejiminin ən yüksək şkalası, "qırmızı xətt" ilə. Bu isə xüsusi, ciddi və gücləndirilmiş axtarış rejimi deməkdir. Bu iki şəxsdən hansısa biri İnterpolun diqqətinə düşsə, onlar dərhal saxlanılmalı və Azərbaycan ədliyyəsinə təhvil verilməlidir.

Gürcüstan hüquq-mühafizə orqanları ilə işbirliyi çərçivəsində əməkdaşlarımızı bir neçə dəfə bu ölkəyə göndərmişik. Ancaq cinayətkarları saxlamaq hələ də mümkün olmayıb. Əminəm ki, gec-tez bu cinayətkarları tapacağıq və gürcü tərəfi ədalətin təntənəsi naminə bizə lazımi hüquqi yardımı göstərəcək.

MÜSAHİBƏLƏR
Milli Təhlükəsizlik Naziri general-leytenant Eldar Mahmudovun müsahibəsi (“Ayna” qəzeti, 20.03.2009)
Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun müsahibəsi (türk, ingilis və rus dillərində) (“World of Azerbaijan” jurnalı, iyun 2008)
Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini general-mayor Əli Şəfiyevin «Trend» İnformasiya Agentliyinə müsahibəsi (27.06.2008)
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusifzadənin müsahibəsi (“Xalq qəzeti”, 12.12.2007)
Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun müsahibəsi (“Azərbaycan” qəzeti, 28.03.2007)
Milli Təhlükəsizlik Naziri Xidmətinin rəhbəri general-mayor Fərhad Vahabovun “Ayna” qəzetinə müsahibəsi (30.09.06)
Milli Təhlükəsizlik Naziri general-leytenant Eldar Mahmudovun müsahibəsi (rus dilində) («Независимая газета» (Россия), 06.06.2005)
MTN Akademiyasının rəisi, general-leytenant Ziya Yusifzadənin «Azərbaycan» qəzetinə müsahibəsi (12.05.2005)
Milli Təhlükəsizlik Naziri general-leytenant Eldar Mahmudovun müsahibəsi (rus dilində) («Интерфакс», 28.03.2005)
Milli Təhlükəsizlik Naziri general-leytenant Eldar Mahmudovun müsahibəsi (rus dilində) (газета «Зеркало», 26.03.2005)
Respublika Müharibə, Əmək və Hərbi Qüvvələr Veteranları Şurasının sədri istefada olan general-mayor Bahadur Hüseynovun “Xalq Qəzeti”nə müsahibəsi (17.02.2005)
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Naziri general-mayor Eldar Mahmudovun müsahibəsi (07.12.2004)
MTN-in idarə rəisi Məmməd Cəfərlinin “Azernews” qəzetinə müsahibəsi (ingilis dilində) (25.03.2004)
Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun («Caspian Energy» (Россия), № 6 (34), 2005)
“Cəza qaçılmazdır” – Milli Təhlükəsizlik Naziri Elmar Hüseynovun qətli məsələsinə toxunarkən