|
Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin təmin olunmasında karbohidrogen yataqlarının, enerji ehtiyatlarının etibarlı qorunması və səmərəli istifadəsi, müvafiq infrastrukrutun təhlükəsizliyinin təmini müstəsna əhəmiyyət kəsb edir.
Ölkəmizdə ixrac boru kəmərlərinin təhlükəsizliyinin təmin olunması məqsədi ilə idarələrarası komissiya yaradılmış, zəruri normativ sənədlər və praktiki tədbirlər hazırlanaraq həyata keçirilmişdir. Həmin komissiyanın tərkibinə bir sıra aidiyyatı dövlət qurumları, o cümlədən Milli Təhlükəsizlik Nazirliyi daxildir. Yanacaq-energetika kompleksində yaradılması nəzərdə tutulan və ya fəaliyyət göstərən infrastrukturların təhlükəsizliyinin təmini, eləcə də mümkün texniki qüsurların, xarici xüsusi xidmət orqanlarının nüfuz etmə cəhdlərinin, terror-təxribat və kəşfiyyat-pozuculuq niyyətlərinə həssas nöqtələrin və risklərin müəyyənləşdirilməsi, sistemləşdirilməsi, əməliyyat şəraitində baş verən proseslər, dəyişikliklər, onların proqnozlaşdırılması, qabaqlayıcı tədbirlərin həyata keçirilməsi MTN tərəfindən aparılan işlərin əsas məğzini təşkil edir.
Ölkəmizin yanacaq-energetika sektoruna aid layihələr beynəlxalq xarakter daşıdığından, bu layihələrin əhatə olunduğu qonşu ölkələrin, habelə partnyor dövlətlərin xüsusi xidmət orqanları ilə müvafiq xüsusda sıx əməkdaşlıq münasibətlərinin qurulması da fəaliyyət prioritetlərimizdəndir.
|