|
Ümummilli liderimiz Heydər Əliyevin təkrar hakimiyyətə qayıdışı, tarixi hadisələrə siyasi qiymət verilməsi istiqamətində atdığı qətiyyətli addımlar tarixi həqiqətlərin üzə çıxarılması və hər şeyin olduğu kimi xalqa çatdırılmasına zəmin yaratdı. Ulu öndərimizin yürütdüyü daxili və xarici siyasət nəticəsində saxtalaşdırılmış tariximizin yenidən araşdırılması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində məqsədyönlü fəaliyyətə başlandı. Təbii ki, bu işdə Milli Təhlükəsizlik Nazirliyinin üzərinə az iş düşmədi.
Tariximizin dünəni, bu gününün mühafizə olunduğu arxivlər açıldıqca çox şeylərə aydınlıq gətirildi, bir əsr yarımdan bəri dünyanı bürümüş erməni terrorunu əks etdirən həqiqətlər dilə gətirildi. Ötən il bir neçə dildə nəşr olunmuş "Erməni terroru" albom kitabı və Erix Fayqlın on iki dildə çap edilmiş "Kəskin dönüş! Erməni mifomaniyası və həqiqət" sənədlər toplusu bu mənada çox əhəmiyyətlidir.
Nədir mifomaniya? Müəllif bu sualın cavabını belə verir: -Mifomaniya-patoloji baxımdan yalançılıqla üzvi surətdə bağlı olan psixi xəstəlikdir. O daha sonra hər bir xəstəliyin müalicəyə ehtiyacı zərurətini nəzərə alaraq, bir əsrdən bəri yayılmış erməni böhtanlarının və 90 il müddətində davam etdirdikləri "türklərin erməni xalqına qarşı törətdikləri soyqırım" adlandırdıqları uydurma əfsanənin tarixi sənədlər və əyani materiallar əsasında qarşısının alınmasının vaxtı gəlib çatdığını bəyan edir.
E.Fayql bu missiyanı yerinə yetirərkən o dövrlərdə, erməni terroru xofundan adamların yalnız nadir hallarda həqiqəti danışmağa cəsarət etdikləri vaxtlarda, erməni fırıldaqlarını ifşa edən Mark Sayksın "DAR UL İSLAM" adlı şah əsərinin, həmçinin "LE PETİT JOURNAL" jurnalının xidmətlərini yüksək qiymətləndirir.
Tarixi şərait və məqamlardan öz xeyrinə istifadə etməkdə ad çıxaran ermənilər, 1914-cü ildə başlamış dünya müharibəsində Osmanlı imperiyasında yaşayan ermənilər türklərə qarşı çıxaraq, Fransa, Rusiya və digər ölkələrdə Türkiyənin əleyhinə çıxış edən erməni könüllülərinin ittifaqlarını yaratdılar.
Jurnalda təsvir olunan şəkillər, ermənilərin rəhbəri olmuş Boqoş Nübarın 1918-ci ildə Parisdə Fransa Xarici İşlər Nazirliyinə ünvanladığı məktub da erməni məkrini açıq göstərir.
ABŞ-ın o dövrdə ən nüfuzlu mətbuat agentliyi hesab olunan "Underwood Under wood"un Amerika və Britaniya mətbuatında yaydığı 1915-ci ilin fevral-mart aylarında başlamış erməni qiyamlarını əks etdirən fotoşəkillər "Qisasa hazırlıq: Qafqazda erməni kontingenti" şüarı altında erməni könüllü birləşmələrinin nümayişi haqqında həqiqətləri əks etdirirdi.
Jurnalda Avstriya şairi Frans Verfelin faktları təhrif etməklə yazdığı və bütün dünyada "mənfur türklərin" obrazının formalaşdırılmasında "misilsiz xidməti olmuş" "Musa Dağının qırx günü" romanı barədə fikir yürüdən E.Fayql yazır: -Verfelin romanı nə qədər əzəmətli görünsə belə, onun həqiqətlə heç bir əlaqəsi yoxdur! "Gerçək və cəlbedici novella?" Bəli, "cəlbedicidir", lakin "gerçək" deyil!".
Həmçinin Sinasi Orel və Sureyye Yucanın o dövr üçün xarakterik olan erməni saxtakarlığını ifşa edən "Tələt Paşanın teleqramları" kitabından götürülmüş məlumatlar da az maraq kəsb etmir.
Aram Andonyanın 2 mart 1916-cı il tarixli heç bir müsəlmanın yazmadığı üslubda yazılmış, "Bismillah" ifadəsi ilə başlayan məktubun tarixini saxtalaşdırarkən Rumi və xristian təqvimləri arasındakı 13 günlük fərqlə bağlı labüd səhvi barədə də söhbət açılır.
Dünyanın ən məşhur demoqraflarından biri ABŞ-ın Luisvill Universitetinin professoru Castin Mak Karti "Müsəlmanlar və milli azlıqlar-Osmanlı Anadolusunun əhalisi və imperiyanın süqutu" adlı təkzibolunmaz nəşrini dərc etmiş, öz tədqiqatlarının nəticələrini cədvəllər şəklində tərtib etmişdir. Burada Osmanlı imperiyasında 1912-ci ildə erməni əhalisinin vəziyyəti əks etdirilir. "Osmanlı imperiyasında "milli" və yaxud hətta "irqi" ayrı-seçkilik aparılmırdı",-deyən E.Fayql daha sonra qeyd edir ki, "Osmanlı imperiyasının xristian əhalisi, əsasən yunan və ermənilərdən ibarət idi və Mak Karti bu xəritəni hazırlayarkən Tukay Ataovun "Ermənilər sonrakı Ottoman dövründə" əsərindən götürülmüş rəqəmlərlə qrafik surətdə əks olunmuşdur".
"Altı vilayət" adı ilə qeyd olunan Anadolu xəritəsi birmənalı təsdiq edir ki, "protestant" erməni dövlətinin yaradılması əlçatmaz xülya olmuşdur, baxmayaraq ki, bütün müsəlman əhalisinin köçürülməsi əvvəlcədən planlaşdırılmışdı. Bizim günlərdə ölkənin qərbində azərbaycanlıların öz torpaqlarından qovulması zamanı bu siyasət dramatik miqyasda həyata keçirilmişdir.
Castin Mak Karti bəzi məqamları üzə çıxarmağa çalışarkən göstərir ki, "Ermənistan" və "erməni" sözlərinin anlayışında böyük yanlışlıq vardır: Ermənistan-məsələn, Amerika kimi coğrafi anlayışdır: braziliyalılar, mayya və eskimoslar ABŞ vətəndaşları kimi amerikalılardır. Bu eynilə türklər, kürdlər, gürcülər və digər kiçik etnik qruplar, o cümlədən "hayklar" yaşayan Ermənistana da aiddir (ermənilər özlərini "hayk", Anadolunun şərqində yerləşən respublikanı "Hayastan" adlandırırlar).
Müəllif daha sonra yazır: "Altı vilayətin əhalisi barədə manipulyasiyanın klassik nümunəsi: Birinci Dünya müharibəsindən sonra Parisdə Antanta dövlətləri qarşısında hesabat verən erməni parlamentariləri "erməni patriarxının statistikasını" təqdim etmişdilər. Bu statistikaya görə, 1018000 nəfər hayk, həmçinin 165000 digər xristianlar, yalnız 666000 türklərə, qalanları isə çərkəzlər, lazlar, kürd nomadları, oturaq kürd xalqları və s. kimi göstərilən, ümumi sayı 1432000 nəfər olan müsəlmanlara qarşı qoyulur ki, bu da "sənədi" başdan-başa iftiraya çevirir. Belə ki, Osmanlı imperiyasında əhalinin yuxarıda qeyd olunduğu kimi, heç vaxt milli mənsubiyyətinə görə siyahıya alınması aparılmamış, yalnız dini mənsubiyyəti qeyd edilmişdir.
Osmanlı statistikasına görə, ümumi əhalinin 784917 nəfərini (19 faiz) ermənilər, 176845 nəfərini (4 faiz) digər xristianlar, 3173918 nəfərini (77 faiz) müsəlmanlar təşkil edirdi.
Jurnalda verilmiş digər bir cədvəldə isə dünyada erməni mühacirlərinin sayı: məsələn, SSRİ ərazisində 400000, Yunanıstanda 45000, Fransada 30000, Bolqarıstanda 20000, Suriyada 100000, Şimali Amerikada 35380, Livanda 50000, İraqda 25000, Misirdə 40000, İranda 50000 olduğu göstərilir.
Ermənilərin işğal etdiyi Azərbaycan ərazilərindən bəhs edərkən müəllif göstərir ki, Dağlıq Qarabağ regionu üzrə 4388 kvadratkilometr sahə işğal olunmuşdur ki, orada da əhalinin ümumi sayı 189085 təşkil edirdi. Erməni təcavüzü nəticəsində 20000 nəfər həlak olmuş, 50000 nəfər yaralanmış, 4866 nəfər itkin düşmüşdür. Ümumi zərər 60 milyard ABŞ dolları təşkil edir.
Müəllif işğal olunmuş ərazilərdə ermənilərin əməllərindən danışarkən yazır: "Azərbaycanın şair və bəstəkarlarının cəbhədə əks-hücumlar zamanı rast gəlinən eybəcər hala salınmış abidələri dəhşətli mənzərə yaradır. Heykəllərin sifətləri elə dağıdılmışdır ki, sanki əsgərlər qəsb etdikləri vilayətlərin əsl simasına xas olan hər şeyi silmək istəmişdilər".
Xocalının yerlə-yeksan edilməsi Hitler və ya Stalin erasının aksiyaları ilə müqayisə oluna biləcək bir hadisə kimi təqdim olunaraq dünyada ümumi nifrətə layiq olay kimi dəyərləndirilir.
Vyanadakı dövlət arxivindən götürülmüş sənəddə isə ermənilərin bolşeviklərə arxalanaraq Azərbaycanda törətdikləri vəhşiliklərin miqyası göstərilir: "Qatarların nizami qoşunlarında 400-500 adam olduğu halda, artıq yanvar ayında ermənilərin bütöv bir polku var idi, bolşeviklərin sərəncamında isə 1,5 polk dayanırdı. Türk zabitlərinin təkmilləşdirilmiş təşkili və idarəçiliyi onların məğlubiyyətinə səbəb oldu. Bundan əlavə, şayiələr yayıldı ki, tatarlar hərbi dəstələrin yaradılması üçün ianə toplamaq istəmirlər. Qırğın martın 31-də başlandı və yalnız aprelin 3-də başa çatdı. Təqribən 12000 nəfər öldürüldü".
Daha bir maraqlı məqam: "Adının nə dilçilik, nə də tarixi nöqteyi-nəzərdən Ermənistanla heç bir əlaqəsi olmayan Ağrı dağını (Ararat) bəziləri Nuh gəmisinin lövbər saldığı yer sayır. Bu iddianın həqiqətə uyğunluğu və ya cəfəngiyat olması haqda təfsilata varmağın burada nə vaxtı, nə də yeri deyildir. Lakin ermənilər özlərini Nuh peyğəmbərin vərəsələri elan etdiyi səbəbindən, məsələ aqressiv və siyasi şəkil alır. Axı bu məkana dair əfsanə təsdiqlənəcəyi təqdirdə, həmin imtiyaz təkcə hayklara deyil, hamıya aid olmalıdır".
Müəllif daha sonra yazır: "Ağrı dağı birmənalı olaraq Türkiyə ərazisində yerləşir. Əgər polyaklar öz gerblərində Brandenburq darvazalarını təsvir etsəydilər, almanlar buna necə reaksiya göstərərdilər? Yaxud Eyfel qülləsi Bundestaqın iclas salonunu bəzəsəydi-fransızlar və ya Tauer körpüsü Fransanın üçrəngli bayrağını bəzəsəydi-ingilislər bunu necə qəbul edərdilər? Ağlasığmazdır, elə deyilmi?" E.Fayql "Vicdana ünvanlanmış suala cavab axtararkən yazır ki, bəzi siyasətçilər anlayışları olmadığı halda, 1915-ci il hadisələrindən həvəslə danışır, lakin 1946-cı ildə müharibədən sonra yüz minlərlə sudet almanlarının öldürülməsindən və üç milyonunun didərgin salınmasından danışmırlar... "1915-ci il" haqqında yalan danışmaqla Ankaranı günahlandırmaq istəyən xristian "xalq nümayəndələri" ermənilərin Azərbaycana qarşı bu günə qədər davam edən təcavüzü haqqında bir kəlmə belə söyləmirlər! On minlərlə tələfat və 1 milyon qaçqın! Bu gün. İndi! Və nəhayət, ermənilərin yalançı təbliğatına və təcavüzünə qarşı təşkil edilmiş azərbaycanlı və türklərin müqavimətlərinin doğurduğu nəticəyə münasibət bildirən E.Fayqlın gəldiyi qənaət. Müəllif bununla bağlı tək bircə faktı göstərməklə kifayətlənir: O, ABŞ-da erməni mafiyasının prezidentə təzyiq göstərmək və ona "soyqırım" sözünü qəbul etdirmək ümidlərinin boşa çıxdığını qeyd edərək J prezidentinin 24 aprel 2005-ci il tarixli bəyanatından nümunə gətirir: "Biz bundan sonra da Qarabağ münaqişəsinin sülh və etibarlı həlli yolunu axtarmağı öhdəmizə götürürük... Mən sülh, tolerantlıq və barışıq naminə çalışan bütün insanları yüksək qiymətləndirirəm..."
Bu isə kəskin dönüşdür, ermənilərin əsrlərdən bəri apardığı antitürk, antiazərbaycan təbliğatının əksi...
Nərgiz RÜSTƏMLİ, "Respublika". 23.06.2006
|