|
- Hərbi geyim forması - Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin (bundan sonra - MTN) hərbi qulluqçuları üçün müəyyən edilmiş hərbi geyim əşyaları, fərqləndirmə nişanları və hərbi ləvazimatlar dəstidir.
- Hərbi geyim əşyalarına aiddir:
üst geyimləri - qış paltosu, demisezon palto, isti gödəkçə, gödəkçə, plaş, kombinezon, xalat, kitel, şalvar və s.; baş geyimləri - papaq, furajka, pilotka, beret, şlyapa və s.; ayaqqabılar - tufli, botinka, uzunboğaz çəkmə və s.; digər geyim əşyaları - köynəklər, yun köynəklər, şərflər, əlcəklər və s.
- Hərbi qulluqçuların fərqləndirmə nişanları - hərbi geyim formasında rəmzi şərti təsvir olub, müəyyən anlayışı əks etdirir və dövlət mənsubiyyətini, MTN-ə, ixtisasına, hərbi rütbəyə, hərbi qulluqçuların heyətinə və struktur bölmə vahidinə mənsubiyyəti göstərir.
Bu nişanları (hərbi rütbəyə görə və hərbi qulluqçuların heyətinə görə fərqləndirmə nişanlarından başqa) Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri (bundan sonra - milli təhlükəsizlik naziri) təsis edir, həmçinin fərqləndirmə nişanları haqqında əsasnamələri və onların təsvirlərini təsdiq edir.
Hərbi rütbəyə görə və hərbi qulluqçuların heyətinə görə fərqləndirmə nişanları və onların təsvirləri bu Əsasnamə ilə müəyyən edilir (bu Əsasnamənin 40-44-cü maddələri).
- Fərqləndirmə nişanlarına aiddir: paqonlar, yaxa nişanları, döş və qol nişanları (jetonlar, tikmələr), baş geyimlərdəki nişanlar (kokardalar, emblemlər), paqon və yaxalıqdakı nişanlar (emblemlər, ulduzlar və s.), kantlar və lampaslar. Bundan əlavə, hərbi geyim formasındakı rəng, biçim, geyimin komplektliyi, düymələr və geyimin başqa detalları kimi digər xarici fərqləndirmə əlamətlərindən də həmin məqsədlərlə istifadə edilir.
- Hərbi ləvazimat - şəxsi silahı və əmlakı gəzdirmək üçün nəzərdə tutulmuş əşyalar dəstidir. Ona aiddir: bel kəməri, aşırma kəmər, səhra jileti, əşya torbası, qumquma və bel üçün üzlüklər, səhra çantası, qobur və s.
- Hərbi geyim forması mərasim, gündəlik, səhra geyim formalarına və xüsusi geyimlərə, onlardan hər biri isə öz növbəsində yay və qış geyimlərinə bölünür.
Xüsusi geyim aşağıdakı növlərə bölünür:
xüsusi mərasim, xüsusi xidmət formaları, xüsusi texniki, xüsusi peşə, xüsusi iş, istiləşdirilmiş xüsusi, xüsusi yay, xüsusi hospital, xüsusi mülki paltarlar.
Yay geyim forması tikilərkən nazik parçalardan istifadə edilir.
- Mərasim geyim forması dövlət, hökumət rəhbərlərinin iştirak etdikləri rəsmi tədbirlərdə, xüsusilə təntənəli hallarda, istirahət və bayram günlərində, habelə xidmətdən kənar vaxtda geyinmək üçün nəzərdə tutulmuşdur.
- Səhra geyim forması döyüş şəraitində, sutkalıq naryadlarda (qərargahlarda, idarələrdə və müəssisələrdə növbətçiliklərdən başqa), təlimlərdə, manevrlərdə, döyüş növbələrində və təlim mərkəzlərindəki məşğələlərdə geyinmək üçün nəzərdə tutulmuşdur.
- Gündəlik geyim forması qalan bütün hallarda geyilir.
- MTN hərbi əks-kəşfiyyat orqanlarının hərbi qulluqçuları əməliyyat təminatı həyata keçirdikləri Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin hərbi qulluqçularının hərbi geyim formasını daşımaq hüququna malikdirlər.
- MTN-də xidmətkeçmə xüsusiyyətlərindən asılı olaraq hərbi qulluqçulara hərbi geyim formalarının əvəzinə pul kompensasiyası verilə bilər. Pul kompensasiyasının verilmə qaydaları Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla milli təhlükəsizlik naziri tərəfindən müəyyən edilir.
- Xüsusi xidmət geyim formasını növbə çəkən, komendant xidməti, qaravul xidməti, naryadda daxili xidmət çəkmək üçün təyin edilən və digər xidməti fəaliyyətdə olan hərbi qulluqçular geyinirlər.
- Xüsusi peşə paltarını xidməti fəaliyyətləri yerinə yetirdikləri ixtisaslara xas olan vəzifələrlə əlaqədar hərbi qulluqçular (xüsusi bölmələrinin hərbi qulluqçuları, cərrahlar və başqaları) geyinirlər.
- Xüsusi texniki paltarları, xidmətləri silahların və hərbi texnikanın istismarı, onlara qulluq edilməsi və təmiri ilə əlaqədar hərbi qulluqçular (zirehli texnika və onların bazası əsasında yaradılmış maşınların, bilavasitə silahların və hərbi texnikanın təmiri ilə məşğul olan təmir bölmələrinin və hərbi hissələrin hərbi qulluqçuları və başqaları) geyinirlər.
- Xüsusi iş paltarını hərbi qulluqçular təsərrüfat, inşaat işlərini yerinə yetirdikdə, müalicə müəssisələrində, yeməkxanalarda işlədikdə, texnika və silahlara qulluq etdikdə geyinirlər.
- İstiləşdirilmiş xüsusi paltarı (yarımkürklər, gödəkçələr, şalvarlar, xəz əlcəklər, sviterlər, keçə çəkmələr və s.) hərbi qulluqçular qış vaxtı, havanın temperaturu aşağı olan şəraitdə keçirilən məşğələlərdə, təlimlərdə və işlərdə, xüsusilə soyuq iqlimli, havanın temperaturu daha aşağı olan və güclü küləklər əsən rayonlarda isə hər gün geyinirlər.
- Xüsusi yay paltarını (qısaqol gödəkçələr və s.) hərbi qulluqçular yay vaxtı, havanın temperaturu yuxarı olan şəraitdə keçirilən məşğələlərdə, təlimlərdə, işlərdə xüsusilə isti iqlimli, havanın temperaturu daha yuxarı olan rayonlarda isə hər gün geyinirlər.
- Xüsusi hospital paltarını müalicə müəssisələrində müalicə edilən hərbi qulluqçular geyinirlər.
- Xüsusi mülki paltarları ofisiant təyin edilmiş hərbi qulluqçular və qulluqçular xidmət vaxtı, eləcə də xidməti zərurətlə bağlı digər hallarda geyinirlər.
- Keçirilən tədbirlərdə (sıra baxışlarında, sıra düzümlərində, müşavirələrdə və s.) iştirak etmək üçün geyim forması tapşırıqların xarakteri və yerinə yetirilməsi şəraiti nəzərə alınmaqla həmin tədbirləri keçirən rəislər (komandirlər) tərəfindən müəyyən edilir.
- Hərbi geyim formasını daşımaq hüququna MTN-də həqiqi hərbi xidmət keçən bütün hərbi qulluqçular, o cümlədən kursantlar, toplanışlara çağırılmış hərbi vəzifəlilər, habelə ehtiyata, yaxud istefaya buraxılarkən hərbi geyim forması daşımaq hüququ olan şəxslər malikdir.
Hərbi geyim formasını daşımaq hüququ olmayan vətəndaşların hərbi qulluqçuların fərqləndirmə nişanları olan geyim formasını geyməsi qadağandır.
- MTN hərbi qulluqçuları hərbi geyim formasını milli təhlükəsizlik naziri tərəfindən təsdiq edilmiş qaydalara uyğun olaraq daşıyırlar.
- Hərbi qulluqçular hərbi geyim forması ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi normalar üzrə təmin edilirlər. Hərbi geyim forması ilə təmin edilmə qaydası milli təhlükəsizlik naziri tərəfindən müəyyən edilir.
- Xüsusi geyim və hərbi ləvazimatın tərkibi, təsviri, təminat və daşımaq qaydaları milli təhlükəsizlik naziri tərəfindən müəyyən edilir.
|