|
- Hörmətli Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları!
Hörmətli zabitlər!
Bir neçə gün bundan əvvəl Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş xüsusi əməliyyat nəticəsində böyük cinayətkar dəstə ifşa olundu, dəstənin üzvləri həbs olundular. Bu barədə ictimaiyyətə də məlumat verilmişdir. Artıq bu barədə kifayət qədər məlumat var. Onu qeyd etmək istəyirəm ki, bu, Azərbaycanda son illər ərzində baş vermiş ən böyük cinayətlərdən biri idi. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən aparılmış əməliyyat ən uğurlu, ən böyük əməliyyat idi. Böyük cinayətlər törətmiş, müxtəlif cinayətlərdə əli olmuş bu insanlar uzun illər Azərbaycanda cəzasız yaşayıblar. Azərbaycan ictimaiyyəti bütün bu hadisələrlə bağlı, cinayətlərlə, qətllərlə bağlı çox böyük narahatlıq hissi keçirirdi. Bu, bizim ümumi işimizə böyük zərbə idi.
Azərbaycanda son illər ərzində yaranmış ictimai-siyasi sabitlik, əmin-amanlıq bizim hamımız üçün çox mühümdür və ölkəmizin uğurlu inkişafı üçün başlıca şərtdir.
Bu cür amansız, qəddar cinayətlər əlbəttə, cəmiyyətdə hökm sürən sabitliyə mənfi təsir göstərir. Böyük peşəkarlıqla keçirilmiş əməliyyat bir daha onu göstərdi ki, Azərbaycan dövləti öz vətəndaşlarını qorumağa qadirdir. Azərbaycan dövləti öz gücünü göstərdi və bir daha hamı, o cümlədən cinayətkarlar onu gördülər ki, biz hər bir cinayətə qarşı, hər bir cinayətkar dəstəyə qarşı amansız mübarizə aparacağıq.
Deyə bilərəm ki, bu cinayətlə bağlı aparılmış bütün əməliyyat tədbirləri yüksək səviyyədə keçirilmişdir. Həm araşdırma mərhələsində, həm istintaq mərhələsində, həm də əməliyyatın keçirilməsi zamanı yüksək peşəkarlıq nümayiş etdirilmişdir. Nəticədə həm girov saxlanılan şəxs sağ-salamat azad edildi, eyni zamanda cinayətkar dəstənin üzvləri də həbs olundular. Bundan sonra uzun illər açılmamış qalmış bir neçə cinayətin də üstü açıldı. Deyə bilərəm ki, bu istiqamətdə bütün işlər yüksək peşəkarlıqla görülmüşdür və nəticədə Azərbaycan ictimaiyyəti, Azərbaycan xalqı bir daha gördü ki, cinayətkarlığa qarşı mübarizədə bizim qarşımızda heç nə və heç kim dura bilməz.
Mən buna görə sizə öx şəxsi minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycanın Prezidenti kimi, Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi mən bu əməliyyatda iştirak etmiş bütün şəxslərə öz adımdan və bütün Azərbaycan xalqı adından minnətdarlığımı bildirmək istəyirəm. Mən şübhə etmirəm ki, milli təhlükəsizlik orqanlarının əməkdaşları bundan sonra da vətənə ləyaqətlə xidmət edəcək və xalqımızın, dövlətimizin təhlükəsizliyinin təmin olunması işində fəal iştirak edəcəklər.
Ümumiyyətlə, milli təhlükəsizlik orqanlarının Azərbaycanda çox böyük funksiyaları vardır. Ölkəmizin keçid dövrünü yaşadığını, Azərbaycanın gənc müstəqil dövlət olduğunu və hər bir gənc dövlət kimi Azərbaycanın da çoxlu problemləri olduğunu, ölkəmizin coğrafi-siyasi vəziyyətini, təbii ehtiyatlarını və ərazimizdən keçən neft-qaz kəmərlərini, nəhəng enerji layihələrinin Azərbaycanda həyata keçirilməsini nəzərə alsaq, görərik ki, müxtəlif dairələrin diqqəti Azərbaycana yönəlmişdir. Biz buna hazır olmalıyıq. Yeni zəmanənin çağırışlarına hazır olmalıyıq və bu baxımdan, Milli Təhlükəsizlik Nazirliyinin müstəsna əhəmiyyəti və funksiyası var. Mən çox şadam ki, bu funksiya uğurla icra edilir və bu gün nazirlik ən yüksək peşəkarlıq səviyyəsi nümayiş etdirir.
Bir ilə yaxındır ki, nazirlikdə kadr dəyşiklikləri baş vermişdir. Mənim tərəfimdən Eldar Mahmudov yeni nazir təyin edilmişdir və bu müddət ərzində görülən işlər onu göstərdi ki, bu, çox düzgün seçim idi. Baxmayaraq ki, Eldar Mahmudov milli təhlükəsizlik orqanlarında o vaxta qədər işləməmişdi, ancaq mən onu tanıyırdım. Bilirdim ki, peşəkar insandır, vətənə, dövlətə sədaqətli insandır və şübhə etmirdim ki, qısa müddət ərzində nazirlikdə yeni şərait, yeni ab-hava yaradacaq və bizim milli təhlükəsizliyimiz üçün lazımlı tədbirlər görüləcəkdir. Həyat da onu göstərdi.
Onu da demək istəyirəm ki, "Qara kəmər" əməliyyatı ilə bağlı, bu cinayətkar dəstə ilə bağlı məlumatlar keçmişdə də var idi. İndi görülən bu işlər, aparılan istintaq bunu bir daha göstərir. Sizə deyə bilərəm ki, hələ 2001-ci ildə baş prokuror tərəfindən milli təhlükəsizlik naziri Namiq Abbasova bu barədə yazılı surətdə məlumat verilmişdi. Cinayətkar dəstənin başında duran şəxs haqqında məlumat verilmişdi. Başqa işlər haqqında da məlumat verilmişdi ki, onların ətrafında əməliyyat tədbirləri aparılsın və müəyyən şübhələr araşdırılsın. Çox təəssüf edirəm ki, o vaxt buna çox laqeyd yanaşıldı. Demək olar ki, heç bir tədbir görülmədi və nəticədə biz dörd ili itirdik.
Mən çıxışlarımın birində demişdim ki, bu son adam oğurluğu hadisəsi baş verəndən sonra bu araşdırmanı Milli Təhlükəsizlik Nazirliyinə tapşırdım. Baxmayaraq ki, bu, sizin birbaşa funksiyanız deyildir. Amma Azərbaycanın ümumi işində, ölkədə sabitliyin, asayişin qorunması işində, Azərbaycanda milli təhlükəsizliyin qorunması işində korporativ maraqlar ola bilməz. Bütün hüquq-mühafizə orqanları bu işdə bir-birinə kömək etməli, birgə işləməlidir. Əgər o vaxt Milli Təhlükəsizlik Nazirliyində bu məsələyə ciddi yanaşılsa, ola bilsin ki, bir çox cinayətin qarşısı alınardı.
Bir sözlə, mən o vaxt da, Eldar Mahmudovu vəzifəyə təyin edəndə də bilirdim ki, bu, düzgün seçimdir. Mən çox şadam ki, bu gün Azərbaycan xalqı da, Azərbaycan ictimaiyyəti də bunu gördü və bildi. Hesab edirəm ki, gələcəkdə nazirliyin üzərinə düşən bütün vəzifələri uğurla icra edəcək, Azərbaycanın gələcəyi üçün, gələcək inkişafı üçün, Azərbaycan vətəndaşlarının təhlükəsizlik şəraitində yaşaması üçün əlindən gələni edəcəkdir.
Bilirsiniz ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin Milli Təhlükəsizlik Nazirliyinə xüsusi münasibəti var idi. Onun ömrünün böyük hissəsi bu nazirlikdə keçmişdir. Ən kiçik vəzifədən general vəzifəsinə yüksəlmişdi. Sonrakı fəaliyyətində - artıq Azərbaycana birinci katib vəzifəsinə seçiləndən sonra, Prezident vəzifəsinə seçiləndən sonra da o, daim bu orqana öz diqqətini əsirgəməyibdir. Bu orqanın əhəmiyyətini çox gözəl dərk edirdi və onun işini çox gözəl bilirdi.
Bu diqqət bu gün də göstərilir. Mən öz tərəfimdən çalışıram və çalışacağam ki, bütün lazımi şərait yaradılsın, nazirliyin uğurlu fəaliyyəti üçün bütün məsələlər öz həllini tapsın. Bundan sonra da bunu edəcəyəm. Onu da demək istəyirəm ki, Milli Təhlükəsizlik Nazirliyi, bu orqan mənim üçün də çox əziz və doğmadır. Şübhə etmirəm ki, biz hamımız birlikdə Azərbaycanın gələcək inkişafı üçün böyük işlər görəcəyik.
Nazirliyin maddi-texniki bazası möhkəmlənməlidir. Artıq bu istiqamətdə müəyyən işlər görülübdür, daha da böyük işlər görüləcəkdir. Nazirlik ən müasir texnika ilə təchiz olunmalıdır ki, Azərbaycana ola biləcək istənilən təhlükənin qarşısı tezliklə alına bilsin.
Yenə də demək istəyirəm ki, ölkəmiz indi öz müstəqil tarixinin çox vacib illərini yaşayır. Ölkədə gedən proseslər, Azərbaycanın uğurlu inkişafı, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin uğurla tikilməsi, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikilməsi, - əlbəttə, biz hamımız bunu bilirik, - Azərbaycan üçün çox gözəl şərait yaradacaqdır. Xalqımız, dövlətimiz daha da inkişaf edəcəkdir. Yeni imkanlar yaranacaqdır. Bizim maddi vəziyyətimiz yaxşılaşacaqdır. O da sirr deyil ki, Azərbaycana düşmənçilik mövqeyində dayanan dairələr də az deyildir. İlk növbədə, bu, erməni lobbisidir. Ermənistanın dünyadakı havadarlarıdır ki, Azərbaycana qarşı çox çirkin kampaniya aparırlar.
Onu da demək istəyirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə dair və ümumiyyətlə, Ermənistan-Azərbaycan məsələsinə dair Milli Təhlükəsizlik Nazirliyi tərəfindən demək olar, son vaxta qədər gözə görünən işlər aparılmamışdır. Mən Eldar Mahmudovu vəzifəyə təyin edəndə ona bu barədə də tapşırıqalar verdim. O, araşdırma apardı və gördü ki, nazirlikdə bu istiqamət, ümumiyyətlə, çox zəif səviyyədə idi. Sirr deyil ki, Azərbaycan üçün, bizim gələcəyimiz üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həlli prioritet məsələdir. Biz bunu sülh yolu ilə etmək istəyirik. Amma bütün başqa imkanlardan - siyasi, diplomatik və s. imkanlardan istifadə edib bu məsələni ədalətli həll etmək istəyirik. Hesab edirəm ki, bu gün bu istiqamətdə də çox vacib addımlar atılır.
Ancaq yenə də o fikrə qayıdıram ki, bizə qarşı dünyada mütəşəkkil bir qurum mübarizə aparır. Keçmiş sovet respublikaları arasında bəlkə də yeganə ölkəyik ki, bizə qarşı məqsədyönlü mübarizə aparılır və bu mübarizə çoxşaxəlidir.
Bilirik ki, erməni lobbisi dünyada çox güclü mövqelərə sahibdir. Onların çox böyük maliyyə imkanları var. Məhz bu maddi imkanlardan istifadə edərək müxtəlif siyasətçiləri də istiqamətləndirirlər. Biz bunların hamısını bilirik. Bəzi xarici kütləvi informasiya vasitələrində Azərbaycana qarşı kampaniya da məhz erməni lobbisi tərəfindən təşkil olunur və istiqamətləndirilir. Nəyə görə? Dünyada Azərbaycanın imicinə xələl gətirmək, Azərbaycanı mənfi şəkildə təqdim etmək üçün. Biz bunların hamısını bilirik və bununla mübarizə aparırıq. Amma onu da bilməliyik ki, bu lobbi həm iqtisadi, həm də siyasi cəhətdən böyük təsirə malikdir. Lakin mən şübhə etmirəm ki, bütün bunlara baxmayaraq, Azərbaycanın haqq işi, Azərbaycanın siyasəti və görülmüş bütün işlər, atılmış addımlar bizim bu məsələyə yanaşmamız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həllinə gətirib çıxaracaqdır. Mən hesab edirəm ki, bu istiqamətdə görülən bütün işlər və atılan addımlar öz səmərəsini verəcəkdir. Milli təhlükəsizlik orqanlarının da bu istiqamətdə gördüyü və görəcəyi işlər böyük əhəmiyyət kəsb edir. Əziz zabitlər!
Bir daha demək istəyirəm ki, sizin fəaliyyətinizdən çox şey asılıdır. Azərbaycanın gözəl gələcəyi var. Azərbaycan inamla addımlayır, öz siyasətini müstəqil şəkildə aparır. Azərbaycan xalqı naminə, Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi naminə ümumi işimizə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları da böyük töhfə verirlər. Nazirlikdə çalışan insanlar peşəkar, vətənə sadiq, dövlətçiliyimizə sadiq insanlardır. Mən çox şadam ki, nazirlikdə görülən işlər nəticəsində böyük uğurlar qazanıldı, ölkəmiz üçün çox vacib məsələlər öz həllini tapdı. Quldur dəstəsi, cinayətkar dəstə, uzun illər cəmiyyətimizi qorxuda saxlayan bu dəstə zərərsizləşdirildi. Bu, sizin əməyinizdir, sizin qələbənizdir, bizim hamımızın qələbəsidir.
Mən bu gün nazirliyin əməkdaşlarını mükafatlandırmaq üçün bir neçə sərəncam imzalamışam. Onları sizin diqqətinizə çatdırmaq istəyirəm: Milli təhlükəsizlik naziri Eldar Mahmudova general-leytenant hərbi rütbəsi verilməsi haqqında sərəncam imzaladım.
Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi Hilal Əsədova general-mayor hərbi rütbəsi verilibdir və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalanıbdır. Sərəncamda deyilir: "Son dövrlərdə böyük ictimai əks-səda doğurmuş, cəmiyyətdə ciddi narahatlığa səbəb olmuş, əmin-amanlığın və ictimai asayişin pozulmasına yönəlmiş qəsdən adamöldürmə, adam oğurluğu və digər xüsusilə ağır cinayətlərin açılmasında, həmin cinayətləri törətmiş şəxslərin ifşa edilməsində və xüsusi əməliyyat nəticəsində mütəşəkkil cinayətkar dəstəni zərərsizləşdirərək tutulmasında, girov götürülmüş şəxsin azad olunmasında yüksək peşəkarlıq, cəsarət və igidlik göstərdiklərinə görə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşı təltif edilsin".
Demək istəyirəm ki, quldur dəstəsi tərəfindən törədilmiş ağır cinayətlər üzə çıxdı. Açılan bir cinayət keçmişdə törədilmiş cinayətlərin açılmasına gətirib çıxardı və uzun illər açılmamış qalan qətl hadisələrinin də üstü açıldı. O da çox mühümdür ki, öldürülən insanların qanı yerdə qalmadı.
Mən indi istəyirəm təltif mərasiminə başlayaq.
|