az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
TARİX
Azərbaycan təhlükəsizlik orqanlarının tarixi
Azərbaycan xüsusi xidmət orqanlarının rəhbərləri
Arxiv sənədləri
Əliyev Heydər Əlirza oğlu: 1967 iyun - 1969 iyul

Heydər Əliyev 1923-cü il may ayının 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində ana­dan olmuşdur. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. 1945-ci ildə leytenant H.Əliyev Bakıda xüsusi ixtisasartırma kurslarını əla qiymətlərlə başa vurub, Naxçıvana qayıdaraq təhlükəsizlik orqanlarında fəaliyyətini davam etdirmişdir. 1948-ci ildə baş leytenant H.Əliyev DTN-in o vaxtkı sədri S.Yemelyanovun əmri ilə Sovet Ordusu və Donanmasının 30 illik yubileyi münasibətilə yubiley medalı ilə təltif edilmişdir. 1949-50-ci illərdə Heydər Əliyev Leninqradda DTK-nın Ali Məktəbində təhsilini əla qiymətlərlə bitirib, Bakı şəhərinə qayıtmışdır. 1956-cı ildə kapitan H.Əliyev Azərbaycan SSR DTK-da şöbə rəisinin müavini vəzifəsinə təyin edilmişdir. Məhz bu dövrdə onun bilavasitə rəhbərliyi və iştirakı ilə «Duel», «Alagöz», «Naturalist» və digər əməliyyat tədbirləri uğurla həyata keçirilmişdir. 1957-ci ildə Heydər Əliyev Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Təhlükəsizlik orqanlarında qüsursuz fəaliyyətinə görə Heydər Əliyev həm Respublika, həm də İttifaq səviyyəsində DTK rəhbərliyi tərəfindən dəfələrlə təltif olun­muşdur. 1964-cü ildə DTK sədrinin müavini vəzifəsinə təyin olunan Heydər Əliyev 1966-cı ildə Moskvada F.E.Dzerjinski adına DTK-nın Ali Məktəbində oxumuş və rəhbər heyət üçün nəzərdə tutulan bu kursları da təhsilin əla qiymətlərlə başa vurmuşdur. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 21 iyun 1967-ci il tarixli qərarı ilə Heydər Əliyev Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilmiş və
14 iyul 1969-cu il tarixinə qədər bu vəzifədə çalışmışdır. Azərbaycan təhlükəsizlik orqanlarının milliləşməsi və əsl peşəkarlar nəslinin yetişməsində əvəzsiz xidmətlər göstərmiş Heydər Əliyev bu orqanlarda leytenantdan general-mayor rütbəsinə qədər şərəfli bir yol keçmişdir.

SSRİ DTK-nın sədri Yuri Andropovun əmri ilə Heydər Əliyev orqanlarda çoxillik qüsursuz fəaliyyətinə görə təşəkkürnamə və qiymətli hədiyyə ilə təltif edilmişdir.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri təyin olunmuşdur. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Nazirlər Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet  İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir. Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdikləri qanlı faciəyə və Dağlıq Qarabağda yaranmış münaqişəli vəziyyətə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir. 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilmiş, iyunun 24-dən isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdır. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Heydər Əliyev 1998-ci il oktyabrın 11-də yenidən, növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yol öz başlanğıcını əslində, 1969-cu ildən - məhz onun hakimiyyətə gəlişindən götürmüşdür. Heydər Əliyev o dövrdəki mövcud ideologiyanın qəlibləri çərçivəsində və bu ideologiyaya gizli formada olsa belə, müxalif qalaraq, Azərbaycanda milli ruhun məhv edilməsinə nəinki yol verməmiş, əksinə onu yüksəltmək yolunda bütün imkanlardan istifadə etməyi bacarmışdır. O illərdə milli ideyanın çatışmazlığı səbəbindən həm iqtisadi, həm də mədəni tənəzzülə aparan mənfi hallar Heydər Əliyevin hakimiyyətə gəlişi ilə aradan qaldırılmışdır. Onun yorulmaz fəaliyyətinin nəticəsində 1970-1985-ci illər - baş verən dəyişikliklərin miqyasına, ictimai və iqtisadi sahədə islahatların səciyyəsinə və xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsinə görə Azərbaycanın quruculuq salnaməsində, sözün həqiqi mənasında ən parlaq səhifələri təşkil etmişdir.

Heydər Əliyevin Azərbaycanın öz dövlət müstəqilliyini bərpasından sonra ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsl dönüş yaranmış, elmi əsaslara,  beynəlxalq norma və prinsiplərə uyğun dövlət quruculuğu prosesi başlanılmışdır. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizamlı silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin mayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edilmişdir.

Ölkə daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə Azərbaycana münasibətdə  artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında «Əsrin müqaviləsi» adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.

Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaratmışdır. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir.

Görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyev 2003-cü il dekabr ayının 12-də, ömrünün 81-ci ilində vəfat etmişdir.

AZƏRBAYCAN XÜSUSİ XİDMƏT ORQANLARININ RƏHBƏRLƏRİ
1. Şeyxzamanlı Məmmədbağır Saleh oğlu: 1919 (iyun-avqust)
2. Şeyxzamanlı Nağı Saleh oğlu: 1919 avqust - 1920 mart
3. Pankratov Semyon Andreyeviç: 1920 (may-iyun)
4. Əliyev Baba Əliyoldaş oğlu: 1920 (iyun-oktyabr)
5. Xanbudaqov Eyyub Şirin oğlu: 1920 oktyabr - 1921 fevral
6. Bağırov Mir Cəfər Abbas oğlu: 1921 fevral -1927 may
7. Rizayev Novruz Kərim oğlu: 1927 may - 1929 oktyabr
8. Bağırov Mir Cəfər Abbas oğlu: 1929 dekabr - 1930 avqust
9. Frinovski Mixail Petroviç: 1930 avqust - 1933 aprel
10. Aqrba Aleksey Serqeyeviç: 1933 mart - 1934 mart
11. Sumbatov (Topuridze) Yuvelian Davıdoviç: 1934 mart - 1938 yanvar
12. Rayev-Kaminski Mixail (Yakov) Qriqoryeviç: 1938 (yanvar - noyabr)
13. Yemelyanov Stepan Federoviç: 1939 fevral - 1953 avqust
14. Quskov Anatoli Mixayloviç: 1953 avqust - 1956 aprel
15. Kopilov Fyodor İvanoviç: 1956 sentyabr -1959 avqust
16. Kardaşov Aleksandr Vasilyeviç: 1959 avqust -1963 oktyabr
17. Sviqun Semyon Kuzmiç: 1963 oktyabr - 1967 iyun
18. Əliyev Heydər Əlirza oğlu: 1967 iyun - 1969 iyul
19. Krasilnikov Vitaliy Sergeyeviç: 1969 oktyabr -1980 iyun
20. Yusif-zadə Ziya Məmmədiyyə oğlu: 1980 iyun -1988 avqust
21. Qorelovski İvan İvanoviç: 1988 avqust -1989 avqust
22. Hüseynov Vaqif Əliövsət: 1989 avqust -1991 sentyabr
23. Hüseynov İlhüseyn Pirhüseyn oğlu: 1991 sentyabr -1992 may
24. Təhməzov Fəxrəddin Ayət oğlu: 1992 may -1993 iyun
25. İmranov Nəriman Şamo oğlu: 1993 iyun -1994 oktyabr
26. Abbasov Namiq Rəşid oğlu: 1994 oktyabr -2004 iyul
27. Mahmudov Eldar Əhməd oğlu: 2004 iyul