az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
MTN HAQQINDA
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Naziri
Nazirliyin qarşısında duran vəzifələr
Milli qəhrəmanlar
Tibbi xidmət
MİLLİ QƏHRƏMANLAR

Cəfərov Faiq Əliqulu oğlu 1974-cü ilin may ayının 1-də Cəlilabad rayonunun Şiləvəngə kəndində anadan olub. 1991-ci ildə Bakı Maşınqayırma Texnikomuna daxil olan F.Cəfərov 1992-ci ilin sentyabr ayında Sərhəd Qoşunları Baş İdarəsinin Naxçıvan Sərhəd Dəstəsində hərbi xidmətə başayıb. Sərhəd Qoşunlarında xidməti dövründə F.Cəfərov xüsusən Azərbaycanın cənub hüdudlarının mühafizəsində fərqlənmişdir. 1995-ci ilin mart ayında dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı xüsusi qəhrəmanlıq nümunəsi göstərən F.Cəfərov həmin döyüşlərdə ağır yaralanmışdır. Azərbaycan Respublikasının Prezidentinin 27 dekabr 1995-ci il tarixli 427 saylı Fərmanı ilə gizir Cəfərov Faiq Əliqulu oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. F.Cəfərov 1999-cu il avqust ayının 19-da avtomobil qəzası nəticəsində həlak olmuşdur.

Əhmədov Riad Fikrət oğlu 1956-cı il dekabr ayının 20-də Bakıda anadan olub. R.Əhmədov 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1976-1979-cu illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizası Institutunda laborant işləyib. 1979-1980-ci illərdə həmin nazirliyin Qanun Layihələrinin Hazırlanması və Qanunvericiliyin Sistemləşdirilməsi idarəsində məsləhətçi, 1980-1981-ci illərdə isə Ədliyyə Nazirliyinin kadrlar şöbəsində baş məsləhətçi vəzifələrində çalışıb. 1981-ci ildə təhlükəsizlik orqanlarında fəaliyyətə başlayan Riad Əhmədov, 1981-1982-ci illərdə DTK-nın Minskdəki Ali Məktəbində təhsil alıb. 1984-cü ildə isə DTK-nın Y.V.Andropov adına institutu nəzdindəki kurslarda dinləyici olub. Təhlükəsizlik orqanlarında qüsursuz fəaliyyəti və xidmətdə əldə etdiyi önəmli nəticələrə görə dəfələrlə təşəkkürə, həmçinin 1988-ci ildə SSRİ Silahlı Qüvvələrinin 70-ci ildönümünə həsr olunmuş xatirə medalına layiq görülmüşdür. 1992-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə irəli çəkilmişdir. Riad Əhmədovun başçılıq etdiyi xüsusi kəşfiyyat dəstəsi Yuxarı Qarabağın müxtəlif yaşayış məntəqələrində çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, bir sıra kəndləri düşmən tapdağından azad etmiş, düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir. Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə şəxsi şücaəti və igidliyi ilə seçilən R.Əhmədov 1992-ci il yanvar ayının 25-də «Daşaltı əməliyyatı»nın gedişində itkin düşmüşdür. Azərbaycan Respublikası Prezidentinin 07 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Əhmədov Riad Fikrət oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Əliyev Nadir Alış oğlu 1962-ci iyul ayının 30-da Ağdam rayonunun Əliağalı kəndində anadan olub. 1977-1981-ci illərdə Bakı Politexnik Texnikumunu bitirib. N.Əliyev 1986-1991-ci illərdə DTK-nın F.E. Dzerjinski adına Ali Məktəbini, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1991-ci ildən Mili Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmətdə olan N.Əliyev 1991-ci ilin sentyabr ayından dekabr ayınadək olan müddətdə Azərbaycan DTK (1991-ci ilin noyabr ayından MTN-nin) Mardakert (Ağdərə) Rayon Bölməsində, 1992-ci ildən etibarən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Qarabağ üzrə İdarəsinin Ağdərə Rayon Bölməsində baş əməliyyat müvəkkili, 1993-cü ilin yanvar ayından MTN Ağdam Rayon Şöbəsinə baş əməliyyat müvəkkili vəzifəsinə təyin olunmuşdur. Ağdərə uğrunda döyüşlərin qızğın dövründə N.Əliyev könüllü olaraq cəbhə bölgəsinə ezam olunması barədə raportla müraciət etmiş, MTN-nin xüsusi təyinatlı hərbi dəstəsinin tərkibində Ağdərə rayonunun Sırxavənd kəndində gedən döyüşlərdə şəxsi rəşadət göstərmiş, Ağdam rayonunun Qiyaslı kəndi uğrunda gedən döyüşlərdə düşmənə əsir düşməmək üçün sonadək müqavimət göstərmiş və qəhrəmancasına həlak olmuşdur. Əliyev Nadir Alış oğlu Azərbaycan Respublikası Prezidentinin 09 oktyabr 1994-cü il tarixli 218 saylı Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Əliyev Əmiraslan Rza oğlu 30 avqust 1960-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. Ə.Əliyev Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-ədəbiyyat fakültəsini bitirib. 1992-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında hərbi xidmətə çağırılıb. 1994-cü ilin oktyabr ayında dövlət çevrilişi cəhdinin qarşısının alınmasında xüsusi fədakarlıq nümayiş etdirən baş leytenant Ə.Əliyev 1995-ci ildə  Azərbaycan Respublikasında növbəti dövlət çevrilişi cəhdin qarşısının alınmasında qəhrəmancasına həlak olub. Əliyev Əmiraslan Rza oğlu Azərbaycan Respublikası Prezidentinin 04 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Dövlət Sərhəd Xidmətinin Naxçıvan Sərhəd Dəstəsinin 12-ci zastavası Ə.Əliyevin adını daşıyır.

Məmmədov Eldar Harun oğlu 1968-ci il yanvarın 10-da Bakı şəhərində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi məktəbi bitirdikdən sonra 1985-1989-cu illərdə Riqa Ali Hərbi Siyasi Məktəbində təhsil alıb. 1989-1991-ci illərdə zabit kimi Rusiyanın Orenburq vilayətində hərbi xidmətdə olmuşdur. E.Məmmədov Azərbaycana qayıtdıqdan sonra əvvəl raket qoşunlarında, sonra isə Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları Baş İdarəsində hərbçi kimi fəaliyyətini davam etdirmişdir. Ağdərə bölgəsində gedən döyüşlərdə xüsusi fədakarlıq nümayiş etdirən E.Məmmədov 1993-cü il fevral ayının 24-də qəhrəmancasına həlak olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 1994-cü il tarixli 247 saylı Fərmanı ilə Məmmədov Eldar Harun oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin 2-ci zastavası E.Məmmədovun adını daşıyır.

 Mənsurov Bəhruz Qəhrəman oğlu 1975-ci il mart ayının 13-də Yardımlı rayonunun Teləvar kəndində anadan olmuşdur. 1993-cü ildə Bakı Ali Hərbi Komandirlər Məktəbinin sərhəd fakültəsinə daxil olmuşdur. B.Məmmədov 1995-ci il mart ayında dövlət çevrilişi cəhdinin qarşısının alınmasında döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 04 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Mənsurov Bəhruz Qəhrəman oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin 16-cı zastavası B.Mənsurovun adını daşıyır.