|
Maddə 1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti anlayışı və onun təyinatı 1.1. Kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətidir. 1.2. Kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının təmin edilməsinə və milli təhlükəsizlik siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasına yönəlmişdir. 1.3. Əks-kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətdir. 1.4. Əks-kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının həyata keçirilməsinə mane olan və ya bu maraqlara təhlükə yaradan şərait, proses və amillərdən qorunmasına yönəlmişdir.
Maddə 2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin hüquqi əsasları Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası, “Milli təhlükəsizlik haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları, bu Qanun və digər normativ hüquqi aktlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr təşkil edir.
Maddə 3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin əsas prinsipləri 3.0. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır: 3.0.1. qanunçuluq; 3.0.2. insan və vətəndaş hüquqları və azadlıqlarına riayət edilməsi; 3.0.3. humanistlik; 3.0.4. konspirasiya, aşkar və qeyri-aşkar üsul və vasitələrin uzlaşdırılması; 3.0.5. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının bilavasitə tabeliyində və nəzarətində olması.
Maddə 4. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətində insan və vətəndaş hüquq və azadlıqlarının təminatları 4.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti həyata keçirilərkən şəxsiyyətin şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol verilməməlidir. Hər bir şəxs kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri ilə əməkdaşlığa yalnız öz razılığı ilə cəlb edilə bilər. 4.2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallar istisna olmaqla kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti zamanı şəxsi toxunulmazlıq hüququnun məhdudlaşdırılmasına yol verilmir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti prosesində hər kəsin şəxsi və ailə həyatı barədə əldə edilmiş sirlərin onun razılığı olmadan açıqlanmasına yol verilmir. 4.3. Əks-kəşfiyyat fəaliyyətində əməliyyat-axtarış tədbirləri tətbiq edilərkən mənzil toxunulmazlığı, telefon danışıqları, poçt, teleqraf və digər göndərişlər vasitəsi ilə ötürülən məlumatların sirrini saxlamaq hüquqlarının məhdudlaşdırılması, həmçinin texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, insanların güdülməsi ilə əlaqədar tədbirlərin keçirilməsinə «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanunu, habelə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. 4.4. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları öz xidməti vəzifələrini yerinə yetirərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulmasına yol verdikdə, müvafiq subyektlər bu hüquq və azadlıqların bərpa olunması, dəymiş zərərin ödənilməsi və təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görməlidirlər. 4.5. Hakimiyyətdən sui-istifadə etmiş və ya qulluq səlahiyyətlərini aşmış kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyət daşıyırlar.
Maddə 5. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında ictimaiyyətin məlumat almaq hüququ 5.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında məlumatlar ictimaiyyətə, bir qayda olaraq, bu fəaliyyətin subyektlərinin yaratdığı müvafiq qurumlar vasitəsi ilə çatdırılır. 5.2. Bu Qanunla və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə nəzərdə tutulmuş hallarda kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri fəaliyyətlərinin ayrı-ayrı istiqamətləri ilə bağlı konkret məlumatı vətəndaşlara birbaşa çatdıra bilərlər. 5.3. Dövlət, peşə, kommersiya və istintaq sirri təşkil edən məlumatların açıqlanmasına yol verilmir. Dövlət sirri təşkil edən məlumatların yayılmasına məhdudiyyətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada götürülə bilər.
|