|
Maddə 22. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinə nəzarət 22.1. Xüsusi xidmət orqanları tərəfindən öz vəzifələrinin lazımi səviyyədə yerinə yetirilməsi, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin təşkili və keçirilməsi zamanı qanunçuluğa əməl olunması məqsədilə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinə idarədaxili və idarədənkənar nəzarət həyata keçirilir. 22.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinə idarədaxili nəzarəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş səlahiyyətlər çərçivəsində bu fəaliyyətin subyektləri, idarədənkənar nəzarəti isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 22.3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına öz fəaliyyətləri barədə mütəmadi hesabat verirlər. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin rəhbərləri məlumatların etibarlılığına, obyektivliyinə və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına vaxtında çatdırılmasına görə şəxsi məsuliyyət daşıyırlar. 22.4. Əks-kəşfiyyat fəaliyyətində əməliyyat-axtarış tədbirlərinin tətbiqinə nəzarətin həyata keçirilməsi “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 22.5. Əks-kəşfiyyat fəaliyyəti subyektlərində aparılan təhqiqata və ibtidai istintaqa prosessual rəhbərliyi Azərbaycan Respublikasının Baş prokuroru və onun müvəkkil etdiyi prokurorlar həyata keçirirlər. 22.6. Əks-kəşfiyyat fəaliyyəti subyektləri tərəfindən istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin və əməliyyat-axtarış tədbirlərinin tətbiq edilməsinə məhkəmə nəzarətinin həyata keçirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilir. 22.7. Əks-kəşfiyyat fəaliyyətinin təşkili, taktikası, üsulları və vasitələri, o cümlədən bu subyektlərə kömək edən və ya etmiş şəxslər barədə məlumatlar bu fəaliyyətin subyektləri rəhbərlərinin və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının nəzarəti istisna olmaqla, digər nəzarətin predmetinə daxil deyildir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli Qanununun tətbiq edilməsi barədə 03 avqust 2004-cü il tarixli Fərman imzalamışdır.
|