az ru en
    
Main page
About MNS
History
Legislation
Armenian aggression
War on terrorism
Combating organized crime
Public relations
Museum of MNS
Academy of the MNS named after Heydar Aliyev
Library
Contacts
find
Photo gallery
Useful links
© 2005 Minister of National Security
Azerbaijan Republic
Prodused by MEQA
LIBRARY
Publications
Interviews
Articles
Letters
Interview with Mr. Eldar Mahmudov, minister of national security of the Republic of Azerbaijan (in Russian) (“Azerbaijan” newspaper, 07.12.2004)

Azərbaycan Respublikasının milli maraqlarının qorunması Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin başlıca istiqamətidir

     
Yaşadığımız XXI əsr dünyanın yeni coğrafi-siyasi mənzərəsi, qloballaşma və inteqrasiya proseslərinin sürətlənməsi, eyni zamanda yeni qütbləşmələr və bir çox dövlətləri hədələyən yeni təhlükələrlə səciyyəvidir.

Dini və siyasi ekstremizm, təcavüzkar və silahlı separatizm, narkotiklərin, radioaktiv maddələrin və silahların qanunsuz dövriyyəsi, insan alveri və terrorçuluq kimi qorxulu təzahürlər Azərbaycan üçün də təhlükədir.

Lakin bu gün dönməz ictimai-siyasi sabitlik yaradılmış, hüquqi, demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləyən və beynəlxalq standartlara uyğun qanunvericilik bazasına malik olan Azərbaycan Respublikasında milli maraqların qorunması və yuxarıda göstərilən təhdidlərlə mübarizə üçün lazımi şərait və təsirli əks-tədbir imkanları mövcuddur.

Azərbaycan Respublikasının milli maraqlarının təmin olunması, prioritetlərin səmərəli şəkildə həyata keçirilməsi üçün bütün zəruri şəraitin və imkanların yaradılmasında Milli Təhlükəsizlik Nazirliyinin öz yeri vardır. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, terrorçuluqla mübarizə, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində milli qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanında - Milli Təhlükəsizlik Nazirliyində aparılan islahatlar, bu mühüm dövlət strukturunun fəaliyyətinin təkmilləşdirilməsi üçün qəbul edilən qanunvericilik aktları ilə fəaliyyət prinsiplərinin uzlaşdırılması və s. məsələlər cəmiyyətimiz tərəfindən diqqətlə izlənilir, müzakirə edilir.

AzərTAc-ın müxbiri ictimaiyyətimizi maraqlandıran bu və digər suallara ətraflı cavab almaq üçün Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-mayor Eldar MAHMUDOVA müraciət etmişdir.

- Cənab nazir, söhbətimizə Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin təşkili, onun qanunvericilik bazasının təkmilləşdirilməsi sahəsində son vaxtlar görülmüş tədbirlərdən başlamaq istərdim.

- Mən bu barədə danışmazdan əvvəl bir məsələyə toxunmağı vacib sayıram. Milli Təhlükəsizlik Nazirliyinin xüsusi xidmət orqanlarına xas, onların spesifik fəaliyyətindən irəli gələn müvafiq ənənələri vardır. Bu ənənələrin ən dəyərlilərinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Müstəqil, suveren Azərbaycan Respublikasının mühüm dövlətçilik təsisatlarından olan Milli Təhlükəsizlik Nazirliyinin ölkənin aparıcı qurumlarından birinə çevrilməsi, təhlükəsizlik siyasətinin hüquqi əsaslarının yaradılması da əslində ömrünün 25 ilə yaxın bir dövrünü təhlükəsizlik orqanlarında çalışmış Heydər Əliyevin adı ilə sıx bağlıdır.
Məhz ulu öndərimizin böyük dühası, idarəçilik və təşkilatçılıq bacarığı, gərgin səyləri sayəsində Azərbaycanda hüquqi dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətində də əsaslı dönüş yaranmışdır. Heydər Əliyev siyasi xəttinin, hərtərəfli islahatların həyata keçirilməsi işinin bu gün də uğurla davam etdirilməsi dövlətçilik fəaliyyətimizin əsas prioritetlərindəndir.

Hazırda möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə çalışdığımız dövlət quruculuğunun yeniləşmə və müasirləşmə mərhələsində bütün dövlət strukturlarında, o cümlədən Milli Təhlükəsizlik Nazirliyində fəaliyyətin milli maraqlar nəzərə alınmaqla, beynəlxalq standartlara uyğun formalaşdırılması üçün önəmli tədbirlər həyata keçirilir. Cənab prezidentin son dövrlər qəbul etdiyi mühüm qərarlar, eləcə də nazirliyin Əsasnaməsinin və yeni strukturunun təsdiqi, "Milli təhlükəsizlik haqqında", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Dövlət sirri haqqında" qanunlar fəaliyyətimizin qanunvericilik və normativ-hüquqi bazasını təşkil edir, funksional vəzifələrimizin daha səmərəli həyata keçirilməsinə təminat verir.
Bir sözlə, onilliklərlə toplanmış təcrübə, fəaliyyətin yeni üsul və formalara uyğun təkmilləşdirilməsi, müasir texniki təchizat və yaradılmış zəruri hüquqi baza işimizi mükəmməl və səmərəli qurmağa imkan verir.
- Eldar müəllim, yeni təyin olunmuş nazir kimi Milli Təhlükəsizlik Nazirliyində hansı istiqamətlərdə dəyişikliklərin həyata keçirilməsini vacib sayırsınız və hazırda bu sahədə görülən işlər barədə nələri xüsusi qeyd etmək istərdiniz?

- Öncə demək istərdim ki, MTN-də peşəkar kadr özəyi və önəmli təcrübə vardır. Keçmişin müsbət ənənələrini yaşadan əməkdaşlar bu gün də xalqa, dövlətə sədaqət və ləyaqətlə xidmət edirlər.

Eyni zamanda nazirlikdə mühüm əhəmiyyət kəsb edən struktur dəyişiklikləri aparılmışdır. Nazirliyin struktur bölmələrinin fəaliyyətinin uzlaşdırılması və əlaqələndirilməsi məqsədi ilə Milli Təhlükəsizlik Nazirinin Xidməti, ölkənin terror təhdidlərindən müdafiəsinin daha səmərəli həyata keçirilməsi üçün Antiterror Mərkəzi yaradılmışdır. Bəzi struktur bölmələrin bazasında təşkil olunan baş idarələrin səlahiyyətləri genişləndirilmişdir. Yeni fəaliyyətə başlayan bölmələr arasında siz jurnalistlərin də səbirsizliklə gözlədiyiniz İctimai Əlaqələr Mərkəzi, habelə informasiya-kommunikasiya texnologiyalarının təkmilləşdirilməsi ilə məşğul olacaq qurum da vardır. Bu dəyişikliklər fonunda yeni kadr təyinatları da olmuşdur. Biz qısa zamanda şəxsi heyəti qarşıda duran vəzifələrin icrasına tam səfərbər edə bilmişik. Yaradılmış işgüzar və səmimi əhval-ruhiyyə işimizi məqsədyönlü qurmağa imkan verir.

Hazırda nazirliyə müraciət edən gənclərin sayının artması aparılmış islahatların cəmiyyət tərəfindən müsbət qarşılandığını göstərir. Sevindirici haldır ki, bu gənclərin əksəriyyəti bir neçə xarici dil bilir, yüksək dünyagörüşünə malikdir, Azərbaycanda və dünyanın bir çox yerlərində yaxşı təhsil alıblar və müasir texnika ilə işləməyi bacarırlar.

Biz kadrların seçilməsi və yerləşdirilməsi ilə əlaqədar ardıcıl iş aparılmasına böyük məsuliyyət hissi ilə yanaşırıq. Təhlükəsizlik orqanlarına həqiqi hərbi xidmətə yüksək intellektual səviyyəli, müvafiq psixoloji və fiziki hazırlıqlı, sözsüz ki, vətənpərvər gənclərin qəbul olunmasına diqqət artırılmışdır. Yeni struktur dəyişiklikləri nəzərə alınmaqla yüksək ixtisaslı kadrların hazırlanmasında MTN Akademiyasının imkanlarından geniş istifadə olunması da günün reallığıdır. Bunun üçün professor-müəllim heyətinə seçilən şəxslərə tələblər artırılmışdır, təhsil müəssisəsinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində zəruri tədbirlər görülür.

- Eldar müəllim, yeri gəlmişkən, MTN-də baş verən dəyişikliklər bəzi hallarda birmənalı qarşılanmır, xüsusən müxalifət mətbuatında vaxtaşırı müxtəlif fikirlər səslənir.  Sizin buna münasibətinizi bilmək maraqlı olardı.

- Sualınız aydındır. Əvvəla, mənimlə birgə gəlmiş bir neçə əməkdaş nazirlikdə kadr dəyişikliyinə ciddi təsir edə bilməz. Bu şəxslərin əməliyyat və təşkilati iş sahəsində təcrübə və biliklərə malik olmalarını, özlərini əvvəlki fəaliyyətləri dövründə peşəkar və səriştəli əməkdaşlar kimi təsdiq etmələrini nəzərə alaraq, onların yeni təyinat yerində işlərin qurulmasına yalnız müsbət təsirləri olacağına əminəm. Onlar həmçinin mənim iş üslubumu bilirlər və bu amil də fəaliyyətin yeni tələblər səviyyəsində təşkili baxımından əhəmiyyətlidir. Artıq bu, işdə özünü əyani surətdə göstərir.

Qaldı ki, aşkarlanmış ayrı-ayrı cinayət faktlarına, həyata keçirilən tədbirlərə, biz görülən işlər barədə ölkə ictimaiyyətinə vaxtaşırı məlumat veririk. İctimai Əlaqələr Mərkəzi vasitəsilə yayılan məlumatlar nazirliyin rəsmi mövqeyini əks etdirir. Həmin məlumatlar cəmiyyətin böyük əksəriyyəti tərəfindən müsbət qarşılanmışdır. Özünü bu ölkənin vətəndaşı sayan hər bir şəxs üçün cinayətkarlıqla mübarizə məsələsinə ikili yanaşma ola bilməz. Tutduğu siyasi mövqedən asılı olmayaraq, cinayətkarlığın yayılması heç bir normal insanın maraqlarına uyğun deyildir.

- İndiki vaxtda transmilli mütəşəkkil cinayətkarlıqla, milli təhlükəsizliyimizi təhdid edən mənfi təzahürlərlə mübarizənin təşkilini necə görürsünüz?

- Bu istiqamətdə biz ilk növbədə dünyanı təhdid edən, Azərbaycan Respublikası üçün də aktual olan terrorçuluqla mübarizəyə xüsusi önəm veririk və onu da deməliyəm ki, artıq fəaliyyətimizi daha konkret vəzifələrin həllinə yönəltmək üçün mühüm işlərə başlamışıq.

Son vaxtlar bütün bəşəriyyəti sarsıdan terror aktları göstərir ki, hazırda dünyanın kiçikli-böyüklü, sivil, yaxud geridə qalmış, fərqi yoxdur, heç bir dövləti özünü bu dəhşətli bəladan tam müdafiə olunmuş hesab edə bilməz. Azərbaycan terrordan, separatçılıqdan, ekstremizm təzahürlərindən əziyyət çəkən ölkələrdən biridir. Ötən əsrin sonlarından başlayaraq ölkəmiz təcavüzə məruz qalıb, torpaqlarımızın 20 faizi işğal edilib, on minlərlə vətəndaşımız şəhid olub, əsir və itkin düşübdür. Bundan əlavə, cəbhə zonasından yüz kilometrlərlə uzaqda iki minə yaxın dinc sakinimiz erməni terrorçu təşkilatlarının qurbanına çevrilmişdir. Bütün bu dəhşətlərin kökündə erməni separatizmi və təcavüzü durur. Biz bir müstəqil dövlət olaraq terrorçuluqla, təcavüzkar separatizmlə mübarizənin ən fəal forması və metodlarından istifadə etmək imkanlarının səfərbər olunması istiqamətində səylərimizi birləşdirməliyik.

Ötən illər ərzində Ermənistanın ölkəmizdə təxribat-pozuculuq aksiyaları həyata keçirmək və separatçılığı qızışdırmaq cəhdləri, Azərbaycanda müəyyən qrupları silah, döyüş sursatı, partlayıcı maddələrlə təmin etmək kimi cinayətkar əməlləri təkzibolunmaz faktlarla sübuta yetirilmişdir. Bütün bunlar bizdən daim ayıq-sayıq olmağı, ciddi tədbirlərin görülməsini tələb edir və bu mənada fəaliyyətimizi daha da gücləndiririk.

Sözsüz ki, xüsusi xidmət orqanı olaraq, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin təşkili və həyata keçirilməsi qarşımızda duran prioritet vəzifələrdəndir.

Bu yöndə fəaliyyət ölkənin qanunvericiliyi və nazirliyin xüsusi normativ-hüquqi aktları ilə tənzimlənir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti çox mühüm sahədir, Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin uğurla həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasına, habelə milli maraqların təmini işinə mane olan, bu maraqlara təhlükə törədən proses və amillərdən qorunmasına xidmət edir.

Fəaliyyətimizin daha bir mühüm istiqaməti transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədir. Bu məsələyə biz həm milli təhlükəsizlik, həm də qlobal beynəlxalq təhlükəsizlik sisteminin komponenti kimi baxırıq. Narkotiklərin qaçaqmalçılığı, qeyri-leqal miqrasiya, insan alveri, çirkli pulların yuyulması, qeyri-bank pul ödəniş sistemləri, kibercinayətlər və s. bu kimi transmilli mütəşəkkil cinayətkarlıq təzahürləri ilə mübarizə nazirliyin əsas fəaliyyət yönümlərindən birini təşkil edir.

Onu da deməyi vacib sayıram ki, milli maraqlar məfhumu sosial-iqtisadi və ictimai-siyasi həyatımızın bütün sahələrini əhatə edir. Həmin maraqlara qarşı yönələn cinayətkar qəsdlər bütövlükdə milli təhlükəsizliyimizə qarşı ciddi təhdid kimi qiymətləndirilir və adekvat tədbirlər görülməsini tələb edir.

Mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində, o cümlədən elmi-mədəni sərvətlərimizin qorunması üzrə görülən işlər, tələbə qəbulunda yol verilmiş qanun pozuntuları ilə bağlı aparılmış araşdırmalar, rüşvətxorluq və korrupsiya hallarının aradan qaldırılması istiqamətindəki addımlar, xüsusilə terrorçuluqla mübarizədə əldə olunan uğurlar milli maraqların əməli müdafiəsinə və Milli Təhlükəsizlik Nazirliyinin xalq arasındakı nüfuzunun artmasına xidmət edir.

- Bu baxımdan, yəqin ki, Azərbaycanın iştirakı ilə həyata keçirilən regional iqtisadi layihələrin, ən başlıcası, Bakı-Tbilisi-Ceyhan və TRASEKA layihələrinin təhlükəsizliyinin təminatına xüsusi diqqət yetirilir?

- Milli Təhlükəsizlik Nazirliyi ölkənin iqtisadi təhlükəsizliyinin təminatı üçün ardıcıl, səmərəli fəaliyyət göstərir. Terrorçu təşkilatlar və rəqib dövlətlər tərəfindən təhdidlərin, əsasən, iqtisadi sahəyə yönəldilməsi ehtimalını nəzərə alaraq bu istiqamətdə fəaliyyətimizi daha da genişləndirməyə və gücləndirməyə çalışırıq.
Artıq hamımıza məlumdur ki, Ermənistanın dövlət orqanları və erməni diasporu Azərbaycanın dünyaya və Avropaya inteqrasiyasına hər vasitə ilə mane olmağa, o cümlədən strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan neft kəmərinin və digər beynəlxalq layihələrin gerçəkləşməsi və həyata keçirilməsi əleyhinə yönəlmiş pozuculuq fəaliyyəti aparmağa çalışırlar. Həmin strateji layihələrin, həmçinin ölkənin digər həyat əhəmiyyətli iqtisadi obyektlərinin təhlükəsizliyinin hərtərəfli təmin olunması gündəlik fəaliyyətimizin ən başlıca istiqamətlərindən biridir. Yeri gəlmişkən, bu mühüm tədbirlər təkbaşına deyil, müvafiq dövlət orqanları ilə birgə həyata keçirilir və onların icrası ölkə rəhbərinin daim diqqət mərkəzindədir. Milli maraqlarımız əleyhinə yönəlmiş terror və digər təhdidlər bu istiqamətdə fəaliyyətimizin hər gün, hər saat yüksəldilməsini tələb edir. Ölkənin hər bir vətəndaşı yaxşı başa düşməlidir ki, iqtisadiyyatın inkişafı Azərbaycanın, başqa sözlə desək, hər birimizin gələcəyi üçün ən vacib amildir.

Azərbaycanın strateji nəqliyyat dəhlizlərinin, dünya dövlətlərinin maraqlarının kəsişdiyi məkanda yerləşməsi ölkənin təhlükəsizlik strategiyasına təsir edən mühüm amillərdəndir. Beynəlxalq aləmə getdikcə daha çox inteqrasiya edən ölkə, eyni zamanda daxildə maddi və mənəvi dəyərlərinin təhlükəsizliyi qayğısına qalmağı bacarmalıdır. Bu şərəfli və məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəlmək bizim həm də vətəndaşlıq borcumuzdur.

- Cənab nazir, ümumən "qapalı" təşkilat sayılan Milli Təhlükəsizlik Nazirliyinin beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyəti necə təşkil edilir?

- Müasir dövrdə beynəlxalq terrorçu, dini və siyasi ekstremist təşkilatların fəaliyyətinin mütəşəkkil xarakter alması, hətta antaqonist ideoloji qütblərdə dayanan belə strukturların bəzən sıx əlaqələr qurması ayrı-ayrı dövlətlərin xüsusi xidmət orqanlarının da fəaliyyətinin əməli şəkildə əlaqələndirilməsini tələb edir. Fikrimizcə, beynəlxalq əməkdaşlıq imkanları düzgün dəyərləndirilməli və bu əlaqələrdən milli mənafelərin təminatına şərait yaradılması üçün maksimum istifadə olunmalıdır. Bu baxımdan, Milli Təhlükəsizlik Nazirliyi xarici ölkələrin, tərəfdaş dövlətlərin müvafiq qurumları ilə real və səmərəli əməkdaşlığın genişləndirilməsinə çalışır. Əməkdaşlıq yalnız texniki yardımlara, təlimlərə, təcrübənin mənimsənilməsinə deyil, qarşıda duran strateji vəzifələrin, o cümlədən təhlükəsizlik məsələlərinin həlli üzrə ölkənin müvafiq siyasəti üçün əlverişli şərait yaradılması, beynəlxalq hüquqi aktların və informasiya mübadiləsinin imkanları hesabına mövqelərimizin möhkəmləndirilməsinə xidmət etməlidir.

Məmnuniyyət hissi ilə qeyd edirəm ki, Azərbaycanın bu əməkdaşlığa verdiyi önəm ölkəmizin beynəlxalq nüfuzuna müsbət təsir göstərir. Dayanıqlı sabitliyin bərqərar olduğu respublikamız antiterror koalisiyasına qoşularaq, dünyanın bir sıra qlobal problemlərinin həllinə öz töhfəsini vermiş, güc strukturlarımız xarici ölkələrin və mötəbər qurumların bərabər hüquqlu tərəfdaşına çevrilmişdir.

Son vaxtlar bir sıra xarici ölkələrdə, nüfuzlu beynəlxalq təşkilatlarda bizim də iştirakımızla regionun, eləcə də dünyanın təhlükəsizlik problemlərinə dair intensiv görüşlərin, müxtəlif formatlarda iclas və seminarların keçirilməsi, müvafiq təsisatlarla əməkdaşlığımızın yeni, daha fəal mərhələyə qədəm qoyması hərtərəfli fəaliyyətimiz üçün əlverişli şərait yaratmışdır.

Belə ki, son aylar bir neçə xarici dövlətlərə səfərlər zamanı bu ölkələrin xüsusi xidmət orqanlarının nümayəndələri ilə görüşlərdə transmilli cinayətkarlıq, xüsusilə də beynəlxalq terrorçuluqla, terrorizmin maliyyələşdirilməsi, narkotiklərin qanunsuz dövriyyəsi və mütəşəkkil cinayətkarlığın digər təzahürləri ilə mübarizə sahəsində əməkdaşlığın təkmilləşdirilməsi və inkişaf etdirilməsi məsələləri geniş müzakirə olunmuş, konkret istiqamətlər müəyyən edilmişdir.

Söhbətimizdə bir məsələyə də toxunmağı vacib sayıram. İştirak etdiyimiz bütün tədbirlərdə bizi daha çox narahat edən problemlərin beynəlxalq səviyyədə qabardılmasına çalışmışıq. O cümlədən Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizin nəzarətsizlik üzündən regiondakı kriminogen qruplar üçün əlverişli məkan olduğuna diqqət yönəldilmiş, burada narkotik vasitələrin və silah-sursatın qeyri-qanuni dövriyyəsinə rəvac verən qüvvələrin fəaliyyətinə qarşı səyləri birləşdirməyin vacibliyi vurğulanmışdır.

- Cənab nazir, Siz həm də Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının sədrisiniz. Bu istiqamətdə işləri necə qiymətləndirərdiniz?

- Əvvəla, qeyd edim ki, bu iş dövlət başçısının daim diqqət mərkəzindədir. Ermənistanın hərbi təcavüzü nəticəsində əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızın taleyinin müəyyənləşdirilməsi, onların Vətənə qaytarılmasının təmin edilməsi üçün müvafiq beynəlxalq təşkilatlarla aparılan iş bir an belə ara vermədən davam etdirilir. Mən Dövlət Komissiyasının hər bir üzvünün bu məsələyə ürəkdən və məsuliyyətlə yanaşdığını qeyd etmək istərdim. 1988-2004-cü illərdə Azərbaycan Respublikasının 1360 vətəndaşı erməni əsirliyindən azad olunmuşdur. Bundan əlavə, 783 soydaşımızın (onların 18-i uşaq, 46-sı qadın, 69-u qocalardır) əsir və girovluqda olması faktı sənəd və şahid ifadələri ilə sübuta yetirilmişdir. Ermənilər bunu dansalar da, biz onların tapılması, öz ailəsinə, doğma ocağına qayıtması üçün səylərimizi əsirgəmirik. Öz həmvətənlərimizin taleyinə başqa cür münasibət ola da bilməz.

Yeri gəlmişkən, erməni təcavüzü nəticəsində yurd-yuvasından didərgin düşmüş soydaşlarımıza diqqət və qayğı göstərilməsi ilə bağlı möhtərəm prezidentimizin tövsiyə və tələblərinin yerinə yetirilməsi istiqamətində də nazirliyimizdə ardıcıl iş aparılır. Kollektivimiz Yevlax rayonundakı "Aran" çadır şəhərciyində məskunlaşmış məcburi köçkünlərə hamilik edir. Biz bu insanların dərdlərinə ürək yanğısı ilə yanaşır və onların problemlərinin həllində yardımçı olmağa çalışırıq.

Bir məsələni də vətəndaşlarımızın nəzərinə çatdırmaq istərdim. Bəzi hallarda adamlar cəbhə bölgəsində, hərbi münaqişə zamanı, yaxud hərbi qulluq yerindən itkin düşmüşlərlə əlaqədar deyil, tamamilə başqa şəraitdə itkin düşmüş şəxslərlə bağlı bizə müraciətlər edirlər. Əlbəttə, bir vətəndaş kimi bütün insanlarımızın taleyi bizi narahat edir, ancaq ölkənin ayrı-ayrı ərazilərində müxtəlif səbəblərdən itkin düşmüşlərin məsələsi ilə məşğul olmaq MTN-in səlahiyyətinə aid deyildir. Bu cür hallarla bağlı araşdırma və axtarış tədbirləri Daxili İşlər Nazirliyinin müvafiq strukturları tərəfindən həyata keçirilir və vətəndaşlar ölkənin polis orqanlarına müraciət etməklə lazımi kömək ala bilərlər.

- Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə MTN əməkdaşlarının əmək haqları artırılmışdır. Sosial problemlərin həlli istiqamətində hansısa əlavə tədbirlər görülürmü?

- Son aylar digər müsbət dəyişikliklərlə yanaşı, əməkdaşların sosial müdafiəsi gücləndirilmiş, ölkə prezidentinin Sərəncamı ilə MTN əməkdaşlarının əmək haqları artırılmışdır. Mən böyük məmnuniyyət və minnətdarlıq hissi ilə qeyd edirəm ki, əməkdaşlarımızın sosial problemlərinin həlli ilə əlaqədar təşəbbüslərimizə cənab prezident tərəfindən daim diqqət və qayğı ilə yanaşılır.

Biz düşünürük ki, ölkənin təhlükəsizliyinə cavabdeh dövlət qurumunun əməkdaşları yaxşı işləməklə yanaşı, normal da istirahət etməli, onların məişət problemlərinin həlli istiqamətində tədbirlər ardıcıl və planlı xarakter daşımalıdır. Bu məqsədlə gələn ildən etibarən nazirlikdə inşaat işlərinin genişləndirilməsi, yaşayış binalarının, Bakıda və ölkənin digər rayonlarında yeni istirahət və müalicə-bərpa ocaqlarının tikilməsi nəzərdə tutulur. Əməkdaşlara yüksək tibbi xidmətin təşkili üçün də kompleks tədbirlər görüləcəkdir.

Hazırda nazirliyin nəqliyyat parkının tamamilə təkmilləşdirilməsi və yeniləşdirilməsi üçün lazımi işlər görülür. Əməkdaşların iş şəraitinin yaxşılaşdırılması, müasir texniki vasitələrlə təminat, digər zəruri tədbirlərin görülməsi də diqqət mərkəzindədir. Artıq bu yöndə bir sıra tədbirlər həyata keçirilmişdir.

Hesab edirəm ki, bu yöndə ən vacib və ədalətli iş həm də veteranlarımızla, keçmişin peşəkar kadrları ilə əlaqələrə xüsusi əhəmiyyət verilməsi, onlara daim diqqət göstərilməsi olmalıdır. Veteranlarımızın zəngin təcrübəsindən məqsədyönlü və səmərəli istifadə edilməsi, gənclərin vətənpərvərlik, müsbət ənənələrə sədaqət ruhunda tərbiyə olunması istiqamətində müvafiq iş aparılmalı, onlarla müntəzəm görüşlər keçirilməlidir. Həmçinin, veteranlarımızın problemlərinə qayğı ilə yanaşılmalı, onların sırasında gümrah, işləmək həvəsi olanların məşğuliyyəti üçün də tədbirlər müəyyən edilməlidir.

Bir sözlə, görüləcək işlər çoxdur və qarşıda duran vəzifələri dövlət başçısının diqqət və qayğısı, habelə cəmiyyətin köməyi ilə bundan sonra da yüksək peşəkarlıqla və səmərəli surətdə həyata keçirməyə çalışacağıq.

Oxucularla ünsiyyət üçün yaratdığınız fürsətdən istifadə edərək, ictimaiyyətimizi əmin etmək istərdim ki, bundan sonra da xalqımızın, möhtərəm prezidentimizin təhlükəsizlik orqanlarına olan etimadını doğruldacaq, bütün qüvvə və imkanlarımızı milli maraqlarımızın və təhlükəsizliyimizin layiqincə təmin olunmasına yönəldəcəyik!

- Eldar müəllim, bir neçə gündən sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü tamam olur. Hər bir azərbaycanlı, hər bir vətənpərvər insan üçün ağır olan bu itki yəqin ki, onun həyat yolunu başladığı xidmətin əməkdaşlarının da qəlbində dərin kədər hissələri doğurur?!...

- Ulu öndərimizlə cismani ayrılığın ötən bir ilində onun mənalı, zəngin həyatına və səmərəli fəaliyyətinə təkcə ölkə daxilində deyil, eləcə də nüfuzlu dünya liderləri, tanınmış siyasətçilər, ünlü şəxsiyyətlər tərəfindən verilən yüksək qiymət, xalqımızın böyük oğlunun əziz xatirəsinə göstərilən hörmət və ehtiram bir daha təsdiqləyir ki, bütövlükdə Azərbaycan dövlətçiliyi tarixinin ən şanlı, ən şərəfli səhifələrini Heydər Əliyevin özü - bənzərsiz ömür yolu və xalqımız qarşısında misilsiz xidmətləri ilə yazmışdır. Bu ömür yolu hər birimiz, eləcə də gələcək nəsillər üçün örnək, həyat məktəbidir.

Azərbaycanın milli maraqlarının təhlükəsizliyi naminə öz vəzifə borclarını fədakarcasına yerinə yetirən nazirliyimizin bugünkü nəsli fəxr edir, qürur hissi keçirir ki, bəşəriyyətin böyük şəxsiyyətlərindən, görkəmli simalarından biri olan ümummilli liderimiz ilk əmək fəaliyyətinə məhz bu orqanın sıralarından başlamış, leytenant rütbəsində adi əməkdaşdan general rütbəsində bu təşkilatın rəhbəri vəzifəsinədək yüksəlib, sonra nəinki respublikanın, hətta dünyanın super dövlətlərindən olan keçmiş SSRİ-nin rəhbərliyinə irəli çəkilmişdir.

Ötən əsrin ortalarından başlayaraq Azərbaycanın tərəqqisi və təkamülü ilə bağlı elə bir sahə yoxdur ki, orada Heydər Əliyevin səmərəli fəaliyyəti öz əksini tapmasın, xalqımızın tarixi və taleyi ilə bağlı elə bir qlobal problem olmayıb ki, onun çözülməsində Heydər Əliyev dühası, Heydər Əliyev fenomeni həlledici rol oynamasın. Bu mənada ədalətlə desək Azərbaycanın təhlükəsizlik orqanlarında milli maraqlara sədaqətlə xidmətin ən dəyərli ənənələri də bu mühüm xüsusi xidmət orqanını böyük səylər hesabına milliləşdirməyə nail olmuş ulu öndərimiz tərəfindən qoyulmuşdur.

Xalqımızın ən böyük sərvəti ümummilli liderimizin Azərbaycan üçün ərmağan qoyub getdiyi, dönməzliyi, əbədiliyi təmin edilmiş dövlət müstəqilliyimizdir. Təhlükəsizliyin təminatçısı olmaq, xalqa, vətənə, dövlətə sədaqətlə xidmət etmək - Heydər Əliyev ənənələrini yaşatmaq və davam etdirmək deməkdir. Bu, vətəndaşlıq missiyasının şərəflə yerinə yetirilməsi hər birimizin, bütövlükdə hamımızın müqəddəs borcudur.

Ulu öndərimizin müstəqilliyimiz dönməzdir, əbədidir, daimidir kəlamı həm də onun əqidəsi, həyat idealı və gələcək nəsillərə tövsiyəsi idi. Dünyada ən şirin nemət olan müstəqilliyin qorunması sahəsində hamımız bu deviz ətrafında birləşməliyik.

Biz də deyirik ki, ümummilli liderimizin gələcəyə nur saçan çöhrəsi sönməzdir, unudulmazdır və əbədidir!
Allah ona qəni-qəni rəhmət eləsin!

- Müsahibəyə görə təşəkkür edirik.

 

Musahibə 07 dekabr 2004-cü il tarixdə «Azərbaycan» qəzetində dərc edilmişdir

INTERVIEWS
“Trend News” interview with Deputy Minister of National Security of the Republic of Azerbaijan major-general Ali Shafiyev (27.06.2008)
Interview with Mr. Ziya Yusifzade, head of the Academy of Ministry of National Security named after Heydar Aliyev (in the Azerbaijan language) (“Xalg gazeti” newspaper, 12.12.2007)
Interview with Mr. Eldar Mahmudov, minister of national security of the Republic of Azerbaijan (in the Azerbaijan language) (“Azerbaijan” newspaper, 28.03.2007)
Interview with Mr. Farhad Vahabov, head of the apparatus of minister of national security of the Republic of Azerbaijan (in Russian) (“Zerkalo” newspaper, 30.09.2006)
Interview with Mr. Eldar Mahmudov, minister of national security of the Republic of Azerbaijan (in Russian) (“Nezavisimaya gazeta” newspaper, 06.06.2005)
Interview with Mr. Ziya Yusifzade, head of the Academy of Ministry of National Security (in the Azerbaijan language) (“Azerbaijan” newspaper, 12.05.2005)
Interview with Mr. Eldar Mahmudov, minister of national security of the Republic of Azerbaijan (in Russian) (“Interfax” news agency, 28.03.2005)
Interview with Mr. Eldar Mahmudov, minister of national security of the Republic of Azerbaijan (in Russian) (“Zerkalo” newspaper, 26.03.2005)
Interview with Mr. Bahadur Huseynov, retired major-general chairman of Council of Veterans of War, Labour and Armed Forces (in the Azerbaijan language) (“Xalg gazeti” newspaper, 17.02.2005)
Interview with Mr. Eldar Mahmudov, minister of national security of the Republic of Azerbaijan (in Russian) (“Azerbaijan” newspaper, 07.12.2004)
Interview with Mr. Mammad Jafarli, head of department of the Minisytry of National Security (“Azernews”, 25.03.2004)
Interview with Mr. Eldar Mahmudov, minister of national security of the Republic of Azerbaijan (in Russian) («Caspian Energy», № 6 (34), 2005)
“Punishment is unavoidable” – Minister of national security about assassination of Elmar Huseynov