|
Bölmə X. İctimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlər
İyirmi beşinci fəsil. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər
Maddə 206. Qaçaqmalçılıq
206.1. Qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların külli miqdarda keçirilməsi -
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
206.2. Narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi -
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
206.3. Bu Məcəllənin 206.1 və ya 206.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
206.3.1. təkrar törədildikdə;
206.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
206.3.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə;
206.3.4. gömrük nəzarətini həyata keçirən şəxsə zor tətbiq etməklə törədildikdə -
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
206.4. Bu Məcəllənin 206.1 - 206.3-cü maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə -
əmlakı müsadirə olunmaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə «külli miqdar» dedikdə, keçirilən qaçaqmalçılıq əşyalarının dəyərinin şərti maliyyə vahidi məbləğinin dörd min mislindən yuxarı olan məbləğ başa düşülür.
Maddə 214. Terrorçuluq
214.1. Terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə -
əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
214.2. Eyni əməllər:
214.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;
214.2.2. təkrar törədildikdə;
214.2.3. odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə;
214.2.4. ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda -
əmlakı müsadirə olunmaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Terrorçuluq əməlinin hazırlanmasında iştirak etmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla bu cür əməlin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.
Maddə 214-1. Terrorçuluğu maliyyələşdirmə
Pul vəsaitlərinin və ya digər əmlakın tamamilə və yaxud qismən, bilavasitə və ya dolayısı ilə terrorçuluğun törədilməsinə qəsdən yönəldilməsi və ya pul vəsaitlərinin və ya digər əmlakın qəsdən həmin məqsədlə toplanılması -
əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 216. Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə
İnsanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və ya sair ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın və başqa hərəkətlər barəsində bilə-bilə yalan məlumat vermə -
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 219. Hava və ya su nəqliyyatı gəmisini, yaxud dəmir yolu qatarını qaçırma
219.1. Hava və ya su nəqliyyatı gəmisini, yaxud dəmir yolu qatarını qaçırma, habelə belə gəmiləri və ya qatarı qaçırmaq məqsədilə ələ keçirmə -
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
219.2. Eyni əməllər:
219.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
219.2.2. həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə;
219.2.3. silah və ya silah qismində istifadə edilən əşya tətbiq etməklə törədildikdə;
219.2.4. təkrar törədildikdə -
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
219.3. Bu Məcəllənin 219.1 və ya 219.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda -
səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İyirmi doqquzuncu fəsil. Hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər
Maddə 270. Beynəlxalq uçuş qaydalarını pozma
Müəyyən edilmiş icazədə göstərilən marşrutlara, enmə yerlərinə, hava qapılarına, uçuş yüksəkliyinə riayət etməmə və ya beynəlxalq uçuş qaydalarını başqa cür pozma -
şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən iki min mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Otuzuncu fəsil. Kompüter informasiyası sahəsində cinayətlər
Maddə 271. Kompüter informasiyasına qanunsuz olaraq daxil olma
271.1. Qanunla qorunan kompüter informasiyasına, yəni maşın daşıyıcılarında, elektron-hesablayıcı maşınlarda (EHM), elektron-hesablayıcı maşınlar sistemində və ya onların şəbəkələrində olan informasiyalara qanunsuz olaraq daxil olma, bu hərəkətlər informasiyanın məhv edilməsi, təcrid olunması, modifikasiya olunması, onun surətinin çıxarılması, yaxud EHM-in işinin, sisteminin və ya onların şəbəkəsinin fəaliyyətinin pozulmasına səbəb olduqda -
şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
271.2. Eyni əməllər:
271.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
271.2.2. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə yaxud elektron-hesablayıcı maşınlara, elektron-hesablayıcı maşınlar sisteminə və ya onların şəbəkələrinə daxil olmaq hüququ olan şəxs tərəfindən törədildikdə;
271.2.3. külli miqdarda ziyan vurmaqla törədildikdə -
şərti maliyyə vahidi məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 272. Elektron-hesablayıcı maşınlar üçün ziyan verici proqramlar yaratma, onlardan istifadə etmə və ya onları yayma
272.1. İnformasiyanın icazəsiz məhvinə, təcrid olunmasına, modifikasiya edilməsinə və ya surətinin çıxarılmasına, EHM, EHM sisteminin və ya onların şəbəkələrinin işinin pozulmasına səbəb ola biləcəyini bilə-bilə EHM proqramlarını yaratma və ya mövcud proqramlara dəyişikliklər etmə, habelə belə proqramlardan və ya belə proqramlarla yüklənmiş maşın daşıyıcılarından istifadə etmə və ya onları yayma -
şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək miqdarda cərimə edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
272.2. Eyni əməllər ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda -
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1)
Maddə 273. Elektron hesablayıcı maşınların (EHM), EHM sisteminin və ya onların şəbəkələrinin istismarı qaydalarını pozma
273.1. EHM-lə, EHM sistemi ilə və ya onların şəbəkələri ilə işləməyə icazəsi olan şəxs tərəfindən EHM-ın, EHM sisteminin və ya onların şəbəkələrinin istismarı qaydalarının pozulması nəticəsində EHM-dəki qanunla qorunan məlumatların məhvi, təcrid olunması və ya modifikasiya edilməsi əhəmiyyətli zərər vurulmasına səbəb olduqda -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.
273.2. Eyni əməllər ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda -
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bölmə XI. Dövlət hakimiyyəti əleyhinə olan cinayətlər
Otuz birinci fəsil. Dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlər
Maddə 274. Dövlətə xəyanət
Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə -
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə, habelə bu Məcəllənin 276-cı maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsi üçün xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş şəxs aldığı cinayət tapşırığının icrası üzrə heç bir fəaliyyət göstərməmişsə və dövlət hakimiyyət orqanlarına könüllü surətdə və vaxtında məlumat vermişsə və ya Azərbaycan Respublikasının mənafelərinə ziyan vurulmasının qarşısının alınmasına sair formada kömək etmişsə, əgər onun hərəkətlərində başqa cinayətin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad olunur.
Maddə 275. Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən və Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər silahlı birləşmələrdən Azərbaycan xalqına və konstitusiyalı dövlət orqanlarına qarşı istifadə etmə
275.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən və Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər silahlı birləşmələrdən Azərbaycan xalqına və konstitusiyalı dövlət orqanlarına qarşı istifadə etmə -
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
275.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda -
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 276. Casusluq
Dövlət sirri olan məlumatları xarici dövlətə, xarici təşkilata və ya onların nümayəndələrinə vermə, yaxud vermək məqsədilə oğurlama, toplama və ya saxlama, habelə xarici ölkələrin xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün sair məlumatları vermə, vermək məqsədilə oğurlama və ya toplama, əgər casusluq əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən törədilərsə -
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 277. Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə (terror aktı)
Dövlət xadiminin və ya ictimai xadimin, habelə xarici dövlət nümayəndəsinin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədi ilə onun həyatına sui-qəsd etmə (terror aktı) -
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 278. Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama
Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər -
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə nəzərdə tutulmuş cinayətləri törətmiş, lakin dövlət hakimiyyət orqanlarına könüllü surətdə və vaxtında məlumat vermiş və ya Azərbaycan Respublikasının mənafelərinə ziyan vurulmasının qarşısının alınmasına sair formada kömək etmiş şəxs, əgər törətdiyi cinayət ilə əhəmiyyətli zərər vurmamışsa və onun hərəkətlərində başqa cinayətin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad olunur.
Maddə 279. Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma
279.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə -
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
279.2. Bu Məcəllənin 279.1-ci maddəsində nəzərdə tutulan birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə -
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
279.3. Bu Məcəllənin 279.2-ci maddəsində nəzərdə tutulan əməllər adamların həlak olmasına və ya digər ağır nəticələrə səbəb olduqda -
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 280. Silahlı qiyam
Azərbaycan Respublikasının konstitusiya quruluşunu zorla dəyişdirmək və ya Azərbaycan Respublikasının ərazi bütövlüyünü parçalamaq məqsədilə silahlı qiyam təşkil etmə və ya qiyamda fəal iştirak etmə-
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 281. Dövlət əleyhinə yönələn açıq çağırışlar
281.1. Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma -
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
281.2. Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə -
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
281.3. Bu Məcəllənin 281.1 və 281.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə-
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 282. Təxribat
282.1. Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə müəssisələrin, qurğuların, yolların, əlaqə və rabitə vasitələrinin, əhalinin həyat təminatı obyektlərinin dağıdılmasına, yaxud zədələnməsinə yönəldilən partlayışlar, yanğınlar və sair hərəkətlər törətmə, həmçinin eyni məqsədlə kütləvi surətdə zəhərləmə və ya insanlar və heyvanlar arasında yoluxucu xəstəliklər yayma -
səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
282.2. Eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə -
on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 283. Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması
283.1. Milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə -
şərti maliyyə vahidi məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
283.2. Eyni əməllər:
283.2.1. zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə;
283.2.2. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
283.2.3. mütəşəkkil dəstə tərəfindən törədildikdə -
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (1, 15)
Maddə 284. Dövlət sirrini yayma
284.1. Şəxs tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan dövlət sirrini təşkil edən məlumatların yayılması, dövlətə xəyanət əlamətləri olmadıqda -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
284.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda -
beş ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 285. Məzmununda dövlət sirri olan sənədləri itirmə
Məzmununda dövlət sirri olan sənədlərin, habelə barəsindəki məlumatlar dövlət sirri olan əşyaların, etibar olunan şəxs tərəfindən göstərilən sənədlərlə və ya əşyalarla Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş davranış qaydalarının pozulması nəticəsində onların ehtiyatsızlıqdan itirilməsi ağır nəticələrə səbəb olduqda -
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
|