|
Azərbaycan Respublikasının iqtisadi potensialının qorunması və inkişafı, iqtisadi qüdrətinini artırılması məqsədilə əlverişli şəraitin təmini baxımından mövcud risk və təhdidlərin neytrallaşdırılması milli təhlükəsizliyimizin mühüm faktorlardandır. Müvafiq prinsipdən çıxış edərək Milli Təhlükəsizlik Nazirliyi tərəfindən iqtisadi təhlükəsizliyimizə yönələn risk və təhdidlər mütəmadi olaraq izlənilir, onların mənbələri, mövcud və perspektiv hədəfləri, eləcə də bu təhlükələrin qarşısının alınması üzrə əsas fəaliyyət istiqamətləri müəyyənləşdirilir.
İqtisadi təhlükəsizliyin təmin olunması bir neçə mühüm amil baxımından bütövlükdə Azərbaycanın milli təhlükəsizliyi üçün önəmlidir. Birincisi, hərtərəfli iqtisadi təhlükəsizlik iqtisadiyyatın bütün sahələrinin maneəsiz və uğurlu inkişafı deməkdir. İkincisi, iqtisadi təhlükəsizlik mühiti dövlətlər, nəhəng transmilli korporosiyalar və nüfuzlu iş adamları tərəfindən əməkdaşlığın ən mühüm komponenti kimi qiymətləndirilir. Üçüncüsü, güclü iqtisadiyyat mütəşəkkil cəmiyyət, güclü ordu və qüdrətli dövlət deməkdir.
2007-ci ildə Azərbaycan Beynəlxalq Bankına məxsus bank hesablarından saxta plastik kartlar vasitəsilə pulların çıxarılması faktı ilə bağlı transmilli mütəşəkkil dəstə aşkar edilmişdir. Bu cinayət nəticəsində müxtəlif dövlətlərin ərazisindən Azərbaycan vətəndaşlarına məxsus 53 000 ABŞ dolları məbləğində pul vəsaitləri oğurlanmışdır. Dəstənin 8 üzvü, o cümlədən 2 xarici ölkə vətəndaşı məhkəmənin qərarı ilə müxtəlif müddətlərə azadlıqdan məhrum olunmuşlar.
Ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin səmərəli təşkili məqsədilə beynəlxalq standartlara uyğun formalaşdırılmış hüquqi baza çərçivəsində Milli Təhlüksəzilik Nazirliyi səlahiyyətlərinə müvafiq olaraq korrupsiyaya qarşı da mübarizə aparır. Bu növ cinayətlərin qarşısının alınması üzrə 2005-ci ildə Milli Təhlükəsizlik Nazirliyində yaradılmış müvafiq struktur tərəfindən hazırkı dövrədək korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlər nəticəsində 12 fakt üzrə təhqiqat aparılmış, toplanmış materiallar prokurorluq orqanlarına göndərilmiş və 15 nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdur. Həmin tədbirlər nəticəsində təxminən 1 milyon 82 min yeni Azərbaycan manatı məbləğində vurulmuş maddi ziyan dövlət büdcəsinə ödətdirilmişdir.
2007-ci il və 2008-ci ilin ilk 6 ayı ərzində korrupsiya ilə bağlı hüquqpozmaların qarşısının alınması istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 9 cinayət faktı (2007-6, 2008-3) aşkarlanmış, 17 nəfər saxlanılmışdır.
|