|
Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının Bakıda keçirilən X iclasında beynəlxalq təhlükəsizliyə və sabitliyə yönəlmiş təhdidlərə qarşı mübarizənin yolları barədə müzakirələr aparılmışdır (“Azərbaycan” qəzeti, 20 noyabr 2007-ci il)
Oktyabrın 16-17-də Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının X iclası keçirilmişdir. İclasın işində Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın xüsusi xidmət orqanlarının nümayəndə heyətləri iştirak etmişlər.
Beynəlxalq təhlükəsizliyə və sabitliyə qarşı yönəlmiş ümumi təhdidlərin, ilk növbədə terrorçuluğun və dini-etnik ekstremizmin yayılmasının qarşısının alınması istiqamətində digər xüsusi xidmət orqanları ilə əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi məqsədi ilə tədbirdə müşahidəçi qismində Rusiya, Ukrayna və Gürcüstanın müvafiq strukturlarının yüksək vəzifəli nümayəndələri də təmsil olunmuşlar.
İclasda iştirak edən qonaqlar, milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov və nazirliyin bir qrup əməkdaşı Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
"Hyatt Regency-Naxçıvan" mehmanxanasında öz işinə başlayan iclası giriş sözü ilə Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov açmışdır. Sonra Azərbaycan Prezidenti İcra Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov təbrik sözü söyləmişdir.
Daha sonra çıxış edən nazir Eldar Mahmudov terrorçu qurumların çeviklik və səfərbərlik baxımından yenidən təşkilatlanma və koordinasiya, taktiki hərəkət sahəsində baş verən dəyişikliklər ilə əlaqədar məsələlər barədə məlumat vermişdir. O, həmçinin konfrans iştirakçısı olan dövlətlər, eləcə də bir çox ölkələr üçün ciddi təhlükə olan, terrorçuluq və digər hüquqazidd əməllərə əlverişli və münbit şərait yaradan təcavüzkar separatçılıq, dini ekstremizm, nəzarətsiz ərazilər kimi reallıqlara birmənalı və bir mövqedən yanaşmanın zəruri olduğunu bildirmişdir. Eldar Mahmudov türkdilli dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları arasında son dövrlər dinamik surətdə inkişaf edən əməkdaşlığı yüksək qiymətləndirmiş, ölkələrimizin milli təhlükəsizliyinin səmərəli təmin olunması üçün təcrübə və məlumat mübadiləsinin daha da genişləndirilməsinin vacibliyini vurğulamışdır. Nazir konfransın X iclasının əməkdaşlıq sahələrində birgə fəaliyyətə öz müsbət təsirini göstərəcəyinə, yeni reallıqlar nəzərə alınmaqla işgüzar münasibətlərin səmərəliliyinin yüksələcəyinə ümidvar olduğunu söyləmişdir.
İclasda çıxış edən Türkiyə Milli İstihbarat Təşkilatının rəhbəri Emre Taner radikallaşma proseslərinə qarşı görülən tədbirlər, terrorçuluq və hər cür ekstremist təzahürlərlə mübarizənin səmərəliliyinin artırılması sahəsində xüsusi xidmət orqanlarının əməkdaşlıq perspektivləri barədə danışmışdır. Tədbirdə digər iştirakçıların da çıxışları və multimedia təqdimatları maraqla qarşılanmış, transmilli mütəşəkkil cinayətkarlıqla, onun narkotiklərin qanunsuz dövriyyəsi kimi təhlükəli növləri ilə mübarizədə əməkdaşlığın fəallaşdırılması və təkmilləşdirilməsi yolları, həmçinin müxtəlif təhdid və cinayətlər barədə əməliyyat məlumatı mübadiləsinə dair və maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılmışdır.
Sonda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının X iclasının nəticələri üzrə yekun sənəd imzalanmış, konfransın növbəti iclasının gələn il Qazaxıstanda keçirilməsi qərara alınmışdır.
Nazirlər Kabinetində görüş (“Azərbaycan” qəzeti, 19 noyabr 2007-ci il)
Azərbaycanın Baş naziri Artur Rasizadə Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının Bakıda keçirilən 10-cu iclasının iştirakçıları ilə görüşmüşdür.
Milli təhlükəsizlik naziri Eldar Mahmudov iclas zamanı əsasən terrorizm, narkotrafik, qanunsuz miqrasiya ilə mübarizəyə dair aparılmış səmərəli müzakirələr barədə hökumət başçısına məlumat vermişdir. İclas çərçivəsində bir sıra ikitərəfli və çoxtərəfli görüşlər, o cümlədən tədbirdə qonaq qismində iştirak edən Rusiya, Ukrayna və Gürcüstan nümayəndə heyətlərinin başçıları ilə görüşlər keçirilmişdir.
Baş nazir xüsusi xidmət orqanları əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirərək, zəmanəmizin hədələri ilə mübarizəyə yönəldilmiş mövcud əlaqələrin genişləndirilməsini arzulamışdır. Baş nazir Artur Rasizadə görüş iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan rəhbərliyinin bu problemin sülh yolu ilə həllinə yönəldilmiş səyləri, Ermənistanın bu məsələdə pozucu mövqeyi barədə məlumat vermişdir.
|