az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
KİTABXANA
Nəşrlər
Müsahibələr
Məqalələr
Məktublar
Transmilli Mütəşəkkil Cinayətkarliqla Mübarizədə Uğurlu Mərhələ («Azərbaycan» qəzeti, 23.02.2007)

"MİLLİ TƏHLÜKƏSİZLİK ORQANLARI - 88"


TRANSMİLLİ MÜTƏŞƏKKİL CİNAYƏTKARLIQLA
MÜBARİZƏDƏ UĞURLU MƏRHƏLƏ


Milli Təhlükəsizlik Nazirliyi yeni dövrün potensial təhdidlərinə qarşı zəruri preventiv tədbirlər həyata keçirir

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş strateji siyasi kursun bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yeni dövrün tələbləri səviyyəsində uğurla davam etdirilməsi dövlət müstəqilliyimizin daha da möhkəmlənməsinə, sosial-iqtisadi inkişafının sürətlənməsinə ciddi təkan vermişdir. Beynəlxalq nüfuzu və mövqeləri getdikcə güclənən Azərbaycan regionda liderə, Cənubi Qafqazda gerçəkləşən qlobal miqyaslı enerji-kommunikasiya layihələrinin əsas təminatçısına çevrilmişdir. Dövlət başçısı cənab İlham Əliyev çağdaş dövrdə respublikamızın qarşısında duran prioritet vəzifələri dəqiq müəyyənləşdirmiş, hər bir vətəndaşın mənafeyinə hesablanan siyasət həyata keçirərək, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində atdığı məqsədyönlü addımlarla, qəbul etdiyi qərarlar və konkret proqramlarla Azərbaycanın ardıcıl, daha sürətli və hərtərəfli inkişafına nail olmuşdur.

Beynəlxalq və regional əməkdaşlıq mərkəzinə çevrilən Azərbaycan strateji məqsədlərinə doğru inamla irəliləyərək artıq dünya və regional siyasətin formalaşmasına müəyyən mənada təsir etmək imkanlarına malikdir. Ümummilli lider Heydər Əliyevin uğurlu neft strategiyasının məntiqi nəticəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin tam istismara verilməsi, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisinin yekunlaşmaq üzrə olması, eləcə də bir neçə gün öncə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin çəkilişi ilə bağlı yekun razılaşmanın imzalanması Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqelərini daha da gücləndirmiş, onun xarici investisiyalar üçün açıq və cəlbedici dövlət imicinin möhkəmlənməsini təmin etmişdir. Dövlət başçısının qeyd etdiyi kimi, "…Bölgədə Azərbaycanın mövqeyindən çox şey asılıdır. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihə, - nə siyasi, nə iqtisadi, nə nəqliyyat, nə də başqa – həyata keçirilə bilməz".

Azərbaycanın qazandığı nailiyyətlər konkret faktlara və rəqəmlərə əsaslanır. Ümumdaxili məhsulun 35 faizlik artım tempi ilə ölkənin ötən il də dünyanın lider dövlətlərindən biri olması ölkə başçısının müəyyənləşdirdiyi iqtisadi prioritetlərin elmi əsaslara söykəndiyini və respublikanın gerçək potensialı ilə uzlaşdığını göstərir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, üç il əvvəl dövlət büdcəsi cəmi 1,5 milyard ABŞ dolları təşkil edən Azərbaycanın cari il üçün dövlət büdcəsi 6,5 milyard dollar civarında təsdiq olunmuş, təkcə ötən il respublikamıza 7 milyard dollara yaxın xarici sərmayə yatırılmışdır. Dinamik inkişafın nəticəsi kimi, respublikamızın yalnız hərbi büdcəsi təcavüzkar Ermənistanın bütövlükdə dövlət büdcəsinə çatmışdır.

Hər bir sivil və demokratik ölkədə ictimai-siyasi sabitlik amili cəmiyyətin inkişafının fundamental şərti kimi çıxış edir. Bu mənada, ulu öndərimiz Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilən daxili sabitlik müstəqil dövlətimizin ötən əsrin sonlarına doğru qazandığı ən ciddi nailiyyətlərdən biri kimi respublikamızın bugünkü yüksəlişinə də yol açmışdır. Ötən üç ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilən ictimai-siyasi sabitlik, əmin-amanlıq, milli həmrəylik mühiti demokratik inkişafın, qanunçuluğa və hüquq qaydalarına, ədalət meyarlarına ciddi şəkildə riayət olunmasının, sürətli iqtisadi tərəqqinin, ən başlıcası, milli təhlükəsizliyin əsas təminatlarından biri kimi çıxış edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, ölkəmizin ictimai-siyasi sabitlik şəraitində inkişafında, milli təhlükəsizliyinin etibarlı qorunmasında, cinayətkarlığa qarşı mübarizənin daha səmərəli təşkilində, dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən müdafiəsində, vətəndaşların təhlükəsiz yaşamaq kimi fundamental hüququnun təminatında milli təhlükəsizlik orqanlarının müstəsna xidmətləri vardır. Dövlət başçısı tərəfindən müəyyənləşdirilən strateji vəzifələrin məsuliyyətini düzgün dəyərləndirən Milli Təhlükəsizlik Nazirliyi müasir qloballaşma şəraitində dünyaya sıx inteqrasiya xətti seçməklə dinamik inkişaf edən respublikamızın iqtisadi təhlükəsizliyinin tam təmin olunması, habelə transmilli cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkili istiqamətində bütün zəruri tədbirləri həyata keçirir. Bu baxımdan, ötən üç il uğurlu mərhələ kimi səciyyəvidir.

Qlobal təhdidlər

Qlobal təhdidlər əsasən beynəlxalq terrorçu təşkilatlardan, transmilli cinayətkar birləşmələrdən, habelə geostrateji maraqları toqquşan, enerjidaşıyıcılara və kommunikasiya xətlərinə nəzarət üstündə rəqabət aparan bəzi dairələrdən gəlir. Regionda Şərqlə Qərbi qovuşduran geostrateji tranzit xətlərinin, beynəlxalq enerji layihələrinin əsas təminatçısına çevrilən Azərbaycan üçün bu təhdidlər ikiqat ağırlığı ilə səciyyəvidir. Şübhəsiz, ölkəmizin neft strategiyasının uğurla həyata keçirilməsi və iqtisadiyyatın davamlı inkişafı regionda sabitliyin pozulmasına çalışan bir sıra dairələri və destruktiv qüvvələri daim narahat edir. Onlar müxtəlif üsul və vasitələrlə Azərbaycan dövlətinin xalqımızın maddi rifah halının yüksəlişinə, ölkəmizin qüdrətlənməsinə xidmət edən səmərəli iqtisadi layihələrinin gerçəkləşməsi istiqamətindəki siyasətini əngəlləməyə, regiondakı və dünyadakı nüfuzuna xələl gətirməyə cəhd göstərirlər. Bu cəhdlər, ilk növbədə, ölkəmizə qarşı hərbi güc nümayişi, onun ərazi bütövlüyünün bərpasına maneəçilik törədilməsi, yeni separatçılıq meyillərinin qızışdırılması, eləcə də terrorçu və transmilli mütəşəkkil qrupların respublikamıza, xüsusilə də strateji obyekt və sahələrə istiqamətləndirilməsində özünü biruzə verir.

İndi ayrı-ayrı ölkələrin ərazisində təşkilatlanmış cinayətkar ünsürlər şəxsi və qrup mənafeləri naminə demokratiya və inteqrasiya proseslərinin yaratdığı imkanlardan sui-istifadə etməklə külli miqdarda gəlir, müxtəlif maddi sərvətlər əldə etməyə çalışırlar. Transmilli kriminal şəbəkələr demokratik proseslərdən, insan hüquq və azadlıqlarından, xüsusilə də sərhədlərin şəffaflığından, eləcə də ölkələrarası iqtisadi əlaqələrdən məharətlə yararlanmağa səy göstərirlər.
Onların bu məqsədlə həyata keçirdikləri bir sıra cinayətkar əməllər isə bütün bəşəriyyət, o cümlədən Azərbaycan Respublikası üçün böyük təhlükə yaradır. Ən gəlirli kriminal sahələri əhatə edən bu cinayətkar fəaliyyət bir tərəfdən minlərlə insanın həyatına ciddi təhdidlər doğurur, digər tərəfdən daha ağır cinayətlərin törədilməsinə, o cümlədən terrorçuluq aksiyalarının maliyyələşdirilməsinə xidmət edir. Eyni zamanda, belə hüquqazidd əməllər dövlətlərarası münasibətlərin pozulması, müxtəlif sahələrdə ölkələr və təşkilatlararası əməkdaşlığın əngəllənməsi kimi mənfi tendensiyalara da gətirib çıxara bilər.

Azərbaycanın əlverişli geostrateji mövqeyi, nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, respublikamızda təhdidlərə həssas bütün nəqliyyat infrastrukturlarının (avtomobil, dəmir yolu, hava və dəniz) mövcudluğu, xüsusən də ərazimizin 20 faizinin işğalı nəticəsində yaranmış nəzarətdən kənar ərazilər bu sahədə əməliyyat şəraitini daha da gərginləşdirir. Məhz göstərilən səbəblərdən, bu gün iqtisadi təhlükəsizliyin təmin olunması və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə respublikamızın qarşısında duran başlıca vəzifələrdən biridir. Ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasi kursa uyğun olaraq, Azərbaycanın milli maraqlarının təmin edilməsi, insanın, cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunması, habelə müasir dövrdə meydana çıxmış təhdidlərin qarşısının alınması məqsədilə Milli Təhlükəsizlik Nazirliyi bütün qüvvə və imkanlarını səfərbər edərək məqsədyönlü fəaliyyət həyata keçirir. Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri, general-leytenant cənab Eldar Mahmudov çıxışlarının birində qeyd etdiyi kimi, "…Ölkəmizdə həyata keçirilən milli təhlükəsizlik siyasətinin əsas daşıyıcılarından və aparıcı qüvvəsi olan Milli Təhlükəsizlik Nazirliyinin başlıca vəzifələri milli maraqların etibarlı qorunması, təhlükəsizliyin hərtərəfli təmin edilməsi, ölkə həyatının bütün sahələrində, o cümlədən iqtisadiyyatda dinamik inkişafa nail olunmasına, ümumən sosial-iqtisadi və xarici siyasətin uğurla həyata keçirilməsinə əlverişli şərait yaratmaqdır".

Göstərilən vəzifələrin icrasına nail olmaq məqsədilə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi iqtisadi təhlükəsizliyin təminatı və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində konkret əməliyyat tədbirləri keçirmişdir. Həmin tədbirlərin nəticələrinə əsasən əməliyyat şəraiti təhlil edilərək müvafiq sahələrdə mövcud neqativ tendensiya və təhdidlər müəyyən olunur, proqnozlaşdırılır, eləcə də onların aradan qaldırılması məqsədilə kompleks tədbirlər işlənib hazırlanır və həyata keçirilir.

İqtisadi təhlükəsizlik –
Dövlət quruculuğunun və tərəqqinin vacib şərtlrindən biri kimi

Milli təhlükəsizliyin etibarlı təminatı işində mühüm faktorlardan biri dövlətin iqtisadi imkanları, onun iqtisadi qüdrətidir. Eyni zamanda, dövlətin təhlükəsizliyini etibarlı təmin etmədən davamlı iqtisadi inkişaf və tərəqqiyə nail olmaq, qlobal enerji və kommunikasiya layihələrini gerçəkləşdirmək mümkün deyildir. Dövlət başçısı cənab İlham Əliyev məhz bu reallıqdan çıxış edərək son üç ildə etibarlı təhlükəsizliyə nail olunması və ümumən, ardıcıl iqtisadi inkişaf, hərtərəfli islahatlar üçün təhlükəsizlik şəraitinin yaradılması işini aktual məsələ kimi önə çəkmişdir. Azərbaycanın iqtisadiyyatı hazırda sabit və davamlı inkişaf yolundadır və bu baxımdan iqtisadi təhlükəsizliyimizə yönələn təhdidlər də artmışdır. Lakin bu təhdidlər nazirlik tərəfindən mütəmadi olaraq izlənilmiş, onların mənbələri, mövcud və perspektiv hədəfləri, eləcə də bu təhlükələrin qarşısının alınması üzrə əsas fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir.

İqtisadi təhlükəsizliyinin təmin olunması bir neçə mühüm amil baxımından bütövlükdə Azərbaycanın milli təhlükəsizliyi üçün önəmlidir. Birincisi, hərtərəfli iqtisadi təhlükəsizlik iqtisadiyyatın bütün sahələrinin maneəsiz və uğurlu inkişafı deməkdir. İkincisi, iqtisadi təhlükəsizlik mühiti dövlətlər, nəhəng transmilli korporosiyalar və nüfuzlu iş adamları tərəfindən əməkdaşlığın ən mühüm komponenti kimi qiymətləndirilir. Biz iqtisadiyyatımızın kompleks təhlükəsizliyini təmin etməklə, Azərbaycanın xarici investorlar üçün etibarlı tərəfdaş olduğunu bir daha sübuta yetirmiş oluruq. Üçüncüsü, güclü iqtisadiyyat mütəşəkkil cəmiyyət, güclü ordu və qüdrətli dövlət deməkdir. Bütün bunlar isə eyni zamanda hazırda bizim ümummilli problemimizin – Ermənistan-Azərbaycan, Dağliıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsipləri çərçivəsində ədalətli həlli üçün həyati əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan Dağliq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar söylədiyi "Biz indi hücumda olmalıyıq!" ifadəsinin əsasında da hər bir sahədə üstünlük əldə etmək, güclü iqtisadiyyata nail olmaq, informasiya mübarizəsində düşməni üstələmək, yəni əsl həqiqətin yalan üzərində qələbəsini təmin etmək konsepsiyası dayanır. Dövlət başçısının münaqişənin həlli istiqamətində yeritdiyi siyasətin əsas istiqaməti Ermənistanın mövqeyinin beynəlxalq hüquq normaları baxımından tam əsassızlığını sübuta yetirmək, təcavüzkar ölkəni Cənubi Qafqazdakı dinamik inkişaf prosesindən, qlobal enerji-kommunikasiya layihələrindən təcrid etmək, ən nəhayət, Azərbaycanın iqtisadi-hərbi qüdrətini artırmaqla qarşı tərəfin mövqeyinə təsir göstərməkdən ibarətdir. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan Respublikası öz torpaqlarının işğaldan azad edilməsi üçün lazım gələrsə, son variant kimi hərbi əməliyyatlara da əl atacaqdır. Hazırkı mərhələ üçün əsas məqsəd isə Azərbaycanın iqtisadi sahədə Ermənistanı tam məğlub etməsi, qat-qat üstələməsidir və artıq bu məqsədə nail olduğumuzu əminliklə söyləyə bilərik.

İqtisadiyyatın təhlükəsizliyinin təmin olunması sahəsində əsas yer isə Azərbaycanın karbohidrogen yataqlarının, enerji ehtiyatlarının etibarlı qorunması və səmərəli istifadəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin yanvarın 22-də keçirilmiş iclasında ölkəmizin 2007-ci ildə enerji təhlükəsizliyi baxımından öz mövqelərini möhkəmləndirməsinin zəruriliyini vurğulaması bunu bir daha sübuta yetirir. Bu da təsadüfi deyil – müasir dövrdə enerji təhlükəsizliyi məsələsi dünya dövlətləri üçün daha prinsipial məsələ kimi önə çıxmışdır. Xaricdən enerji asılılığının minimal həddə endirilməsi məsələsi hazırda ayrı-ayrı dövlətlərin təkcə milli təhlükəsizliyinin deyil, həm də müstəqil siyasət yeritməsinin vacib şərtinə çevrilmişdir. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəməri dünya əhəmiyyətli strateji layihələr olmaqla, nəinki respublikamızın, bütövlükdə Avropanın fasiləsiz enerji ilə təminatına geniş imkanlar açır. Yaxın gələcəkdə Mərkəzi Asiyanın da neft və qaz kəmərləri qoşulduqdan sonra, Azərbaycanın Qərbin enerji təminatı və təhlükəsizliyində vacib rol oynayan dövlətə çevriləcəyi şəksizdir.

Məhz bu səbəbdən də ixrac boru kəmərlərinin təhlükəsizliyinin təmin olunması məqsədi ilə idarələrarası komissiya yaradılmış, zəruri normativ sənədlər və praktiki tədbirlər hazırlanaraq həyata keçirilmişdir. Həmin komissiyanın tərkibində bir sıra aidiyyatı dövlət qurumları, o cümlədən Milli Təhlükəsizlik Nazirliyi səmərəli fəaliyyət göstərir.

Bundan başqa, yanacaq-energetika kompleksində yaradılması nəzərdə tutulan və ya fəaliyyət göstərən infrastrukturların təhlükəsizliyinin təmini, eləcə də mümkün texniki qüsurların, xarici xüsusi xidmət orqanlarının nüfuz etmə cəhdlərinin, terror-təxribat və kəşfiyyat-pozuculuq niyyətlərinə həssas nöqtələrin və risklərin müəyyənləşdirilməsi, sistemləşdirilməsi, əməliyyat şəraitindəki baş verən proseslər, dəyişikliklər, onların proqnozlaşdırılması, qabaqlayıcı tədbirlərin həyata keçirilməsi də MTN tərəfindən aparılan işlərin əsas məğzini təşkil edir. Ölkəmizin yanacaq-energetika sektoruna aid layihələr beynəlxalq xarakter daşıdığından, bu layihələrin əhatə olunduğu qonşu ölkələrin, habelə partnyor dövlətlərin xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq münasibətlərinin qurulması da daim nazirliyin rəhbərliyinin diqqət mərkəzindədir.

Korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndirilir

Son illər ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin səmərəli təşkili məqsədilə beynəlxalq standartlara uyğun hüquqi baza formalaşmışdır. Bizim nazirlik də öz səlahiyyətləri çərçivəsində korrupsiyaya qarşı mübarizə aparır. Bu növ cinayətlərin qarşısının alınması üzrə 2005-ci ildə Milli Təhlükəsizlik Nazirliyində yaradılmış müvafiq struktur tərəfindən indiyədək korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlər nəticəsində 12 fakt üzrə təhqiqat aparılmış, toplanmış materiallar prokurorluq orqanlarına göndərilmiş və 15 nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdur. Həmin tədbirlər nəticəsində təxminən 1 milyon 82 min yeni Azərbaycan manatı məbləğində vurulmuş maddi ziyan dövlət büdcəsinə ödətdirilmişdir.

Nazirlik, eyni zamanda müxtəlif mal və əşyaların qanunsuz dövriyyəsinə, xüsusilə də strateji xammalın, ikili təyinatlı maddələrin, maddi və mədəni sərvətlərin, insan orqanizmi üçün zərərli məhsulların qaçaqmalçılığına qarşı da səmərəli mübarizə aparır.

Narkotiklərin qanunsuz dövriyyəsi və transmilli mütəşəkkil cinayətkarlığın digər növləri ilə mübarizə günün tələbidir

Narkotiklərin qanunsuz dövriyyəsi hazırda bütün bəşəriyyətin gələcəyini təhdid edən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən biridir. Ən mənfəətli kriminal sahələrdən olan narkobiznesdən əldə olunan gəlirlərin digər transmilli cinayətlərin, eləcə də terrorçuluğun maliyyələşdirilməsinə və törədilməsinə yönəldilməsi onun təhlükəlilik dərəcəsini daha da artırır.

Ölkəmiz üçün bu təhdid əsasən, işğal altında olan ərazilərimizdən və tranzit daşımaların mövcudluğundan irəli gəlir. Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərdə – milli və beynəlxalq yurisdiksiyadan kənar "boz zonalar"da narkotiklərin becərilməsi, emalı və daşınması, habelə bunun qarşısının alınması məqsədilə beynəlxalq ictimaiyyətin səylərini artırmasının zəruriliyi barədə Azərbaycan Respublikası tərəfindən dəfələrlə bəyanatlar səsləndirilmişdir.

Qeyd edilməlidir ki, ümumən transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində son dövrlər ciddi irəliləyişə nail olunmuşdur. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə gücləndirilmiş, transmilli, mütəşəkkil cinayətkar dəstələrin İran-Azərbaycan, Dağlıq Qarabağ-İran-Azərbaycan, İran-Azərbaycan-Rusiya-Yaponiya, İran-Azərbaycan-Gürcüstan-Avropa marşrutları ilə narkotiklərin daşınması hallarının aşkarlanması üzrə məqsədyönlü iş davam etdirilmiş, cinayətkarlardan külli miqdarda narkotik vasitələr götürülmüşdür.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən son 3 il ərzində ölkə ərazisindən tranzit daşınması planlaşdırılan 400 kiloqrama yaxın müxtəlif növ narkotiklər (heroin, həşiş, tiryək və s.) aşkar edilərək qanunsuz dövriyyədən çıxarılmışdır. Əgər 2004-cü ildə nazirlik tərəfindən cəmi 28 kiloqram narkotik vasitə götürülmüşdürsə, 2005-ci ildə bu rəqəm 120 kiloqram olmuş, 2006-cı ildə isə 240 kiloqramı ötmüşdür.

Transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə istiqamətində qeyri-leqal miqrasiya ilə əlaqəli cinayətlərin aşkarlanması və qarşısının alınması da mühüm yer tutur. Bu növ cinayətlərin qurbanlarının terrorçuların təsiri altına düşmələri və alətə çevrilmələri istisna deyil. Digər tərəfdən, asılılıq baxımından qeyri-leqal miqrantlardan insan alveri, qanunsuz silah-sursat ticarəti və narkobiznesdə istifadə olunması faktları da mövcuddur. Qeyri-leqal miqrasiya faktlarına dair milli təhlükəsizlik orqanları tərəfindən toplanılaraq prokurorluq və daxili işlər orqanlarına göndərilmiş materiallar əsasında son üç ildə 18 cinayət işi başlanılmışdır.

Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanları miqrasiya proseslərinin ölkənin milli təhlükəsizliyinə doğura biləcəyi təhdidlərin operativ öyrənilməsi və qiymətləndirilməsi, bu yönümdə işin səmərəli təşkili istiqamətində müxtəlif dövlət orqanları ilə fəaliyyətlərin düzgün əlaqələndirilməsi üzrə mütəmadi olaraq konkret və zəruri tədbirləri həyata keçirirlər.

Transmilli mütəşəkkil cinayətkarlığın xalqımızın genofondu və ictimai-mənəvi dəyərlərimiz üçün real təhlükə doğuran digər növü, şübhəsiz, insan ticarəti ilə əlaqəli əməllərdir. İnsan alveri xalqımızın milli mentaliteti, çoxəsrlik adət-ənənələri ilə əsla bir araya sığmayan təzahürdür. Göstərilən dövrdə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən aşkar olunmuş insan alveri faktları ilə bağlı 5 cinayət işi başlanılmışdır.

Başqa bir problem transmilli mütəşəkkil cinayətkar qrupların müasir informasiya-kommunikasiya texnologiyalarından geniş miqyasda istifadəsi ilə əlaqədardır. Beynəlxalq terrorçu təşkilatar elmi-texniki nailiyyətlərdən yararlanmağa, kompüter, rabitə, informasiya-kommunikasiya texnologiyaları və s. sahələrdə mütəxəssisləri öz siralarına cəlb etməyə çalışırlar. Bu terrorçu təşkilatlar tərəfindən daim yeni üzvlərin rekrut edilməsi, törədilmiş terror aktlarına bəraət qazandırılması, potensial terrorçulara təlimlərin keçirilməsi, üzvlər arasında müntəzəm əlaqələrin saxlanılması və s. məqsədlərlə İnternetdən istifadə etməsi məlumdur.

Beləliklə, kibercinayətkarlığın, xüsusilə də kiberterrorçuluğun getdikcə daha ciddi xarakter alması bu təhlükələrin qabaqlanması istiqamətində də nazirliyin fəaliyyətinin təkmilləşdirilməsi zərurətini artırmışdır. Bu sahədə qanunsuz əməllərə qarşı mübarizə müvafiq texniki avadanlıqların mövcudluğunu, habelə yüksək texnologiyalara dair xüsusi bilgi və bacarıqlara yiyələnməyi tələb edir. Son illər ərzində məhz göstərilən sahələrə diqqət artırılmış, eləcə də ölkəmizin kibertəhdidlərə qarşı mübarizə imkanlarının artırılması istiqamətində adekvat tədbirlər görülmüşdür.

Respublikamızın milli təhlükəsizliyinin etibarlı təmin olunmasında dövlət sirlərinin qorunması məsələsi mühüm yer tutur. Azərbaycan Respublikasının 2004-cü il 7 sentyabr tarixli "Dövlət sirri haqqında" Qanunundan irəli gələn vəzifələrin həlli və dövlət sirrinin mühafizəsi işinin gücləndirilməsi məqsədilə 2005-ci ilin avqustunda nazirlikdə müvafiq struktur yaradılmışdır. Hazırkı dövrə qədər Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli fərmanı ilə təsdiq edilmiş "Məlumatların dövlət sirrinə aid edilməsi Qaydaları"nın, "Milli təhlükəsizliyin və maraqların, habelə dövlət sirrinin qorunması sahəsində əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 27 oktyabr 2006-cı il tarixli sərəncamının, habelə digər müvafiq normativ hüquqi aktların tələblərinin icrası ilə bağlı ciddi tədbirlər görülmüşdür.

Bir məqama diqqəti çəkmək istərdim ki, ölkəmizin milli təhlükəsizliyinin qorunması baxımından, dövlət sirlərinin mühafizəsi yalnız təhlükəsizlik xidmətinin, ümumiyyətlə dövlət orqanlarının vəzifəsi deyil, həm də vətəndaşlarımızın milli sayıqlıq borcudur. Dövlət sirlərinin qorunması onların etibar olunduğu hər bir şəxsin birbaşa vəzifəsidir.

Hazırda beynəlxalq təhlükəsizliyi təhdid edən transmilli cinayətkarlıq növləri arasında qanunsuz silah-sursat ticarəti xüsusi yer tutur. Belə cinayət əməllərindən əldə olunan qanunsuz gəlirlərin milyardlarla dolları aşması danılmaz faktdır. Digər tərəfdən, dünyanın bir sıra regionlarında çirkin ideyalarını reallaşdırmağa çalışan separatçı-ekstremist rejimlər, beynəlxalq terrorçu təşkilatlar məhz qanunsuz silah ticarəti sahəsində "ixtisaslaşmış" transmilli mütəşəkkil cinayətkar qrupların "xidmətlərindən" yararlanırlar. Nəticədə isə ayrı-ayrı ölkələrin özünümüdafiə məqsədi ilə istehsal etdikləri müasir silah və texnologiyalar cinayətkar birliklərin əlinə keçir. Xüsusən də ekstremist-terrorçu dairələrin kütləvi qırğın silahları əldə etməsi nəticəsində hansı neqativ proseslərin baş verəcəyini təsəvvür etmək o qədər də çətin deyil.

Milli Təhükəsizlik Nazirliyi qanunsuz silah ticarətinə qarşı mübarizədə məhz göstərilən amilləri nəzərə alır. Respublikamızda kütləvi qırğın silahları ümumiyyətlə yoxdur və Azərbaycan Respublikası "Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında" və "Baktereoloji və toksin silahların ehtiyatlarının işlənilməsi, istehsalı və saxlanılmasının qadağan edilməsi və onların məhv edilməsi haqqında" beynəlxalq konvensiyalara qoşulmuş, üzərinə götürdüyü öhdəliklərə əməl edir.

BMT-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasını tamamlayan "Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatlarının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı Protokol"undan irəli gələn öhdəliklərin icrası da daim diqqət mərkəzindədir və nazirlik öz səlahiyyətləri çərçivəsində müvafiq tədbirləri həyata keçirir.

Bütün bunlar bir daha təsdiqləyir ki, 88 il öncə - 1919-cu il mart ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin Baş Qərargahı tərkibində yaradılmış ilk xüsusi xidmət orqanının - Kəşfiyyat və Əks-Kəşfiyyat bölməsinin varisi olan, Heydər Əliyev kimi fenomenal, dahi və tarixi bir şəxsiyyətin peşəkarlıq irsinə söykənən Milli Təhlükəsizlik Nazirliyi bu gün ölkənin milli maraqlarının qorunması və hərtərəfli təmin olunması istiqamətində ən zəruri tədbirləri həyata keçirir. Xüsusi vurğulamaq lazımdır ki, son üç il ərzində Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, işin səmərəliliyinin artırılması məqsədilə zəruri struktur islahatları həyata keçirilmiş, nazirliyin maddi-texniki bazasının möhkəmləndirilməsinə, təcrübəli kadr potensialının formalaşdırılmasına, əməkdaşların sosial-məişət problemlərinin həllinə xüsusi diqqət yetirilmişdir. Nazirliyin fəaliyyətinin təkmilləşdirilməsi və yuxarıda sadalanan tədbirlərin həyata keçirilməsi üçün lazımi şəraitin yaradılması, şübhəsiz, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü şəkildə həyata keçirdiyi və uğurla davam etdirdiyi fəal hüquq mühafizə siyasətinin bəhrəsidir.

Bu gün ölkəmizin milli maraqlarının təmin olunması işi daha böyük məsuliyyət tələb edir. Çünki regionda böyük layihələr həyata keçirilir və Azərbaycanın bu işdə lokomotiv funksiyası daşıdığını desək, yanılmarıq. Bu layihələrə olan təhdidlərin qarşısının vaxtında alınması ümdə vəzifələrdəndir. Ölkə rəhbərinin dediyi kimi, "bizim yalnız bir problemimiz vardır. O da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir". Bu baxımdan, hamının, o cümlədən bizim də səylərimiz bu problemin milli mənafeyimiz və beynəlxalq hüquq baxımından həllinə yönəlməlidir.

Bir çox sahələrdə bu maraqların qorunması məsuliyyəti birbaşa Milli Təhlükəsizlik Nazirliyinin üzərinə düşür. Digər hallarda isə nazirlik əməkdaşları milli maraqlarımızın təmin olunmasında aidiyyatı dövlət strukturlarının nümayəndələri ilə çiyin-çiyinə çalışırlar.

Azərbaycan xalqının və dövlətinin milli təhlükəsizliyinin layiqincə təmin olunması üçün nazirliyimizin, o cümlədən bizim baş idarənin bütün qüvvə və vasitələri səfərbər edilmişdir. Milli maraqlarımızın transmilli mütəşəkkil cinayətkarlığın doğurduğu təhlükələrdən və təhdidlərdən qorunması istiqamətində tədbirlər bundan sonra da yüksək əzm və qətiyyətlə davam etdiriləcəkdir.

Ramiz Tağıyev,
Milli Təhlükəsizlik Nazirliyi
Transmilli Mütəşəkkil Cinayətkarlığa
Qarşı Mübarizə Baş İdarəsinin rəisi,
polkovnik

MƏQALƏLƏR
Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının X iclası keçirilmişdir (“Azərbaycan” qəzeti, 19-20 noyabr 2007-ci il)
Azərbaycan alimləri: “Voyçex Pastuşkanın ermənilərin Ağdamda apardığı arxeoloji qazıntıları “siyasi qazıntılar” adlandırması erməni saxtakarlarının iç üzünü açan sərrast elmi qiymətdir” (“APA”, 11.07.2007)
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Sərhəd Qoşunları fakültəsinin növbəti buraxılışı olmuşdur (“AzərTAc”, 07.07.2007)
Qara Bağdan açıqca («Wyborczej» qəzeti (Polşa) 17.04.1998 – 18.04.1998) (Azərbaycan, rus və polyak dillərində)
NATO-Azərbaycan əməkdaşlığında Milli Təhlükəsizlik Nazirliyinin rolu (“Diplomatiya və Hüquq” jurnalı, №1 (007) aprel 2007)
Azərbaycanın müstəqilliyinin qorunmasında milli təhlükəsizlik orqanlarının xidməti xüsusi qeyd edilmişdir (“Azərbaycan” qəzeti, 28.05.2007)
“ABŞ Konqresinin 106-cı qətnaməsinə dair. Uydurma “erməni genosidinin” tanınmasına dair bir neçə kəlmə” (rus dilində) («Эхо» qəzeti, 21.04.2007)
“Böyük yalan: erməni genosidinə dair mif” (газета
Dövlət İdarəçilik Akademiyasında milli təhlükəsizlik orqanlarının yaradılmasının 88 illiyi ilə əlaqədar tədbir keçirilmişdir ("Azər Tac",19.03.2007)
Azərbaycan təhlükəsizlik orqanlarının 88 illiyi Yasamal rayonunda da qeyd edilmişdir ("Azər Tac",19.03.2007)
MTN milli maraqların və dövlətçiliyin sədaqətli müdafiəçisidir ("Azər Tac",19.03.2007)
Xocali Faciəsi Dünyada Törədilmiş Ən Ağir Cinayət və Soyqırımıdır (“Azər Tac”,24.02.2007)
Transmilli Mütəşəkkil Cinayətkarliqla Mübarizədə Uğurlu Mərhələ («Azərbaycan» qəzeti, 23.02.2007)
Milli Təhlükəsizliyimizin Etibarli Təminatçisi ("Azərbaycan",12.01.2007)
Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini azad etməlidir («The Patriot» qəzeti - İslamabad, 27.11.2006)
Eldar Mahmudov, Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri, general-leytenant: «Prezident İlham Əliyevin siyasi kursu milli təhlükəsizliyimizi təmin edir»
Eldar Mahmudov, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Naziri, general-leytenant:
Almaniya Federal Kəşfiyyat Xidmətinin nümayəndə heyətinin Azərbaycana səfəri (13.08.2005)
Etibarlı milli təhlükəsizliyə aparan yol (“Respublika” qəzeti 15.06.2005)
Almaniya Bundestaqı nümayəndə heyətinin Azərbaycana səfəri (24.05.05 “AzərTac”)
Millətə xidmət üçün yaranmış insan (09.05.2005 “Xalq qəzeti”)
Вклад Азербайджана в Великую Победу (Москва 2005)
Quba soyqırımı, yaxud ruhların kəsilməyən fəryadı (23.04.2005 “Azərbaycan”)
Bakida “Cənubi Qafqazda köçkün düşmüş əhali” mövzusunda Beynəlxalq seminar keçirilmişdir
1918-1920-ci illərdə türk-müsəlman soyqırımları (“Azərbaycan” 01-02. 04.2005)
Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının əməkdaşları peşə bayramlarını qeyd etmişlər («Azərbaycan», 29.03.05)
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyətinə (28.03.2005)
Milli təhlükəsizlik orqanlarının yaradılmasının 86 illiyinə həsr olunmuş görüş keçirilmişdir («Azərbaycan», 27.03.05)
Milli Qəhrəmanın xatirəsinə ehtiram («Azərbaycan», 27.03.05)
Məktəbdə yubiley tədbiri («Azərbaycan», 27.03.05)
Vətənin təhlükəsizlik sipəri (Əlimusa Əliyev, «Respublika», 26.03.05)
Azərbaycan Təhlükəsizlik Orqanlarinin 86 Illiyi Münasibətilə Görüş Keçirilmişdir («Respublika», 26.03.05)
Milli təhlükəsizliyin hərtərəfli təminatına nail olmalıyıq («Azərbaycan», 26.03.05)
Prezident İlham Əliyevin MTN-in bir qrup əməkdaşına mükafatları təqdim etmə mərasimi («Azərbaycan», 17.03.05)
Şərəfli ömür yolu (Xatirə Tağıyeva, «Respublika» 25.01.05)
Sonradan qəhrəman olmurlar, anadan qəhrəman doğulurlar (Xatirə Tağıyeva, Esmira Şükürova, «Respublika», 19.12.04)
«Erməni cinayətləri» - yeni kitab erməni daşnaqlarının azərbaycanlılara qarşı soyqırımından bəhs edir (Şəhla Tahirqızı, «Yeni Azərbaycan», 02.12.04)
O əsil qəhrəman idi (Xatirə Tağıyeva, «Azərbaycan», 09.04.04)
Mən ölmək istəmirəm (Pakizə Bəşirova, «Sərhəd». 1-15.09.99)
Ölümünə inanmırıq (Pakizə Bəşirova «Sərhəd», 28.03.99)
Şəhid Nadir (Cəlal Qasımov, Adil Babayev, «Sərhəd», 29.06.93)
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına Döyüş Bayrağının təqdim edilməsinə həsr olunmuş təntənəli mərasim
Milli Təhlükəsizlik orqanlarinin əməkdaşlari peşə bayramlarini qeyd etmişlər (Azərtac)
Şəkidə təhlükəsizlik orqanlarinin yaradilmasinin ildönümü geniş qeyd olundu
Sumqayıtda respublika təhlükəsizlik orqanlarının 87-ci ildönümü qeyd olunmuşdur (AzərTAC)
Vətənin təhlükəsizliyini qorumaqdan şərəfli vəzifə ola bilməz
Erməni "xalq nağılları" ( «Каспи» qəzeti, 07.10.2006)
ГЕНОЦИД = КАКА или сила слов
Армянский сепаратизм на Южном Кавказе (журнал «Дирчелиш XXI аср», 104-105/2006)