az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
KİTABXANA
Nəşrlər
Müsahibələr
Məqalələr
Məktublar
HEYDƏR ƏLİYEV AZƏRBAYCANIN MİLLİ TƏHLÜKƏSİZLİYİNİN VƏ İNKİŞAFININ ƏSASINI QOYMUŞ ÜMUMMİLLİ LİDERDİR

MTN Akademiyasının rəisi, general-leytenant Ziya Yusifzadənin müsahibəsi

MTN Akademiyasının rəisi, general-leytenant Ziya Yusifzadə: "Ümummilli liderimizin Azərbaycana rəhbərlik etdiyi illər çağdaş tariximizə siyasi, iqtisadi, mədəni yüksəliş dövrü kimi daxil olaraq xalqın milli mənlik şüurunun oyanışına güclü təkan vermişdir"

Zəngin, şərəfli və mənalı ömrünün 25 ilini dövlət təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş ümummilli liderimiz Heydər Əliyevin xüsusi istedad və peşəkarlıq tələb edən bu spesifik sahədəki fəaliyyəti illər keçsə də, böyük ehtiramla xatırlanır. Azərbaycanın milli təhlükəsizlik konsepsiyasının müəllifi olan böyük öndərimiz həm də özündən sonra gənc nəslin daim bəhrələnə biləcəyi bir məktəb yaratmışdır. Çətin siyasi dönəmlərdə təhlükəsizlik orqanlarında yüksək postlar tutmuş ulu öndərimiz fəaliyyətində daim milli mənafeləri önə çəkmiş, milli-ədəbi irsi, milli təfəkkür və düşüncə sistemini keçmiş rejimin amansız təhdidlərindən qorumaq naminə böyük iradə, qətiyyət nümayiş etdirmişdir.

Ulu öndərimiz müstəqil Azərbaycana rəhbərlik edəndə də ölkəmizin təhlükəsizlik orqanları üçün milli kadrların hazırlanması məsələsinə xüsusi diqqətlə yanaşmış, bu məqsədlə 1998-ci il dekabrın 1-də Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması barədə sərəncam imzalamışdır. 1999-cu ilin iyun ayında isə general-leytenant Ziya Yusifzadə həmin akademiyanın rəisi vəzifəsinə təyin edilmişdir. Akademiyanın rektoru Z.Yusifzadə ilə söhbətimiz də bu barədədir.

- Cənab general, ümummilli liderimiz Heydər Əliyevlə uzun illər birgə işləmiş, mütəmadi ünsiyyətdə olmusunuz. Ulu öndərin Azərbaycan dövlətçiliyinin çağdaş tarixindəki yeri və rolunu necə dəyərləndirirsiniz?

- Dahi şəxsiyyətlərə layiq olduqları qiyməti vermək, onların Vətən, xalq və millət naminə göstərdikləri misilsiz xidmətləri və fədakarlıqları obyektiv dəyərləndirmək böyük məsuliyyət tələb edən məsələdir. Dahilər insan ömrünün zaman adlı sədlərini dəf edərək zamansızlaşır, həmişəyaşar insanlara çevrilirlər. Təkcə ona görə yox ki, ağılları, ürəkləri fəth edə bilmək qabiliyyəti yalnız zamanın fövqündə dayanan, sağlığında milyonların qəlbində ölməzlik məşəli yandıran şəxsiyyətlərə nəsib olur, həm də ona görə ki, istənilən dəyərləndirmə ictimai rəyə adekvat olmaqdan başqa, bu şəxsiyyətlərin dövlətçiliyə, milli ideallara və milli təfəkkürə ayrılmaz tellərlə bağlılığını əyani şəkildə əks etdirməlidir. Heydər Əliyev dövlət və ictimai-siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub yaratmaq amalı ilə yaşamışdır. Hələ ötən əsrin 70-80-cı illərində Heydər Əliyev Azərbaycanın müstəqil dövlət olacağını görürdü və buna lazımi zəmin formalaşdırmaq üçün əzmkarlıq və uzaqgörənliklə fəaliyyət göstərirdi. Azərbaycana birinci rəhbərliyi illərində Heydər Əliyev respublikanı nəhəng tikinti meydançasına çevirərkən, irimiqyaslı tikinti və sənaye obyektlərinin inşasına xüsusi əhəmiyyət verərkən, yeni təhsil ocaqları, o cümlədən C.Naxçıvanski adına hərbi məktəbi yaradarkən, mədəniyyətin, fundamental və tətbiqi elmlərin sıçrayışlı inkişafına nail olarkən məhz bu günki və gələcək tərəqqinin təməlini qoyurdu. Azərbaycanın bütün guşələrində bu müdrik insanın möhtəşəm izlərinin şahidi olursan. Ulu öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrü respublikanın tarixinə siyasi, iqtisadi, mədəni yüksəliş dövrü kimi daxil olaraq, xalqın milli mənlik şüurunun oyanışına güclü təkan vermişdir.

Zamanın və xalqın tələbi ilə ölkə rəhbərliyinə ikinci dəfə qayıdışında Heydər Əliyev üzləşdiyi çətinliklərə və maneələrə, dövlət çevrilişləri və həyatına sui-qəsd cəhdlərinə cəsarətlə sinə gərərək, təbiətin ona bəxş etdiyi fədakar işgüzarlıq və mübarizlik, əyilməz iradə və dəmir məntiq, özünəinam və siyasi uzaqgörənliklə xalqımızı vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtardı, müasir tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil oldu. Bütün gücünü xalqına olan inamından və bağlılığından alan, taleyi Azərbaycanın taleyindən ayrılıqda dərk edilməyən ulu öndərimiz Heydər Əliyev bəşəriyyətin ən nüfuzlu və həmişəyaşar dövlət və siyasi xadimlərindən biri olub.

Sevindirici haldır ki, Vətənimizin gələcək quruculuğu və inkişafı etibarlı əllərdədir. Öz səmimiliyi, təvazökarlığı, eyni zamanda əzmkar işgüzarlığı və qətiyyəti ilə mənə Heydər Əliyevin gənclik illərini xatırladan, xalqın sevimlisinə çevrilmiş Prezident İlham Əliyev bu gün böyük inam və bacarıqla ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu ləyaqətlə davam etdirir.

- Ümummilli liderimiz Heydər Əliyevin şərəfli və zəngin ömür yolunun parlaq səhifələrindən birini də onun dövlət təhlükəsizliyi orqanlarındakı fəaliyyəti təşkil edir. O burada leytenant rütbəsindən general-mayor rütbəsinədək, əməliyyat müvəkkilindən DTK-nın sədri vəzifəsinədək uzun bir yol keçmişdir. Ulu öndərimiz həmişə böyük qürurla bildirirdi ki, çox çətin bir dövrdə dövlət təhlükəsizliyi orqanlarında işləməsinə, yüksək postlar tutmasına baxmayaraq, Azərbaycan xalqının milli mənafelərinə zidd heç bir addım atmayıb?

- Bu, doğrudan da həqiqətdir. Heydər Əliyevin dövlət təhlükəsizliyi orqanlarındakı fəaliyyəti son dərəcə məhsuldar və dəyərli olduğu qədər də təmiz, vicdanlı və şərəflidir. Xatırlatmaq istərdim ki, ulu öndərin bu orqanlarda fəaliyyətə başlaması təxminən ötən əsrin 40-cı illərinə təsadüf edir. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş, 1944-cü ildən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. O, 1950-ci ildə Leninqradda Ali çekist məktəbini əla qiymətlərlə başa vurduqdan sonra dövlət təhlükəsizliyi orqanlarının mərkəzi aparatında bölmə rəisi vəzifəsinə təyin edilir, 1953-cü ildə isə əks-kəşfiyyat şöbəsinin rəisi vəzifəsinə irəli çəkilir və bu vəzifədə 10 il səmərəli fəaliyyətindən sonra 1964-cü ildə DTK sədrinin birinci müavini, 1967-ci ildə isə DTK-nın sədri təyin edilir. Xüsusi vurğulamaq istərdim ki, Heydər Əliyev 1930-cu ildən sonra bu yüksək posta layiq görülən ilk azərbaycanlı olmuşdur.

Heydər Əliyev təhlükəsizlik orqanlarında xidmət etdiyi bütün illər ərzində yüksək peşəkarlığı, geniş siyasi dünyagörüşü, cəsarəti, məftun edəcək ünsiyyət tərzi, ekstremal şəraitlərə təmkinlə yanaşması və onları böyük ustalıqla dəf etmək bacarığı, fitri yaddaşı, cazibədar natiqliyi ilə bütün rəhbər və sıravi əməliyyat heyətinin böyük rəğbətini qazanmışdır. Bütün bunlar təhlükəsizlik orqanlarının əməkdaşlarını öz vəzifə və vətəndaşlıq borclarını layiqincə həyata keçirməyə ruhlandırmış, xalqımızın milli mənafelərini ləyaqətlə qorumağa sövq etmişdir. Ulu öndərin bir peşəkar kimi dəyərli və həmkarları tərəfindən böyük rəğbətlə qarşılanan xüsusiyyətlərindən biri də o idi ki, yüksək vəzifələrdə olduğu illər ərzində də əməliyyat tədbirlərinin kombinasiyalarının işlənib hazırlanmasında və həyata keçirilməsində şəxsən iştirak edirdi. Heydər Əliyevin şəxsi iştirakı ilə müxtəlif illərdə böyük müvəffəqiyyətlə həyata keçirilən "Duel", "Alagöz", "Duqlas", "Axito", "Naturalist" və bu qəbildən olan digər əməliyyat işləri bu gün də təhlükəsizlik orqanlarının əməkdaşları üçün əsil peşəkarlıq nümunələri sayılır.

- Bu əməliyyatların keçirilməsində siz də iştirak etmisiniz?

- Ulu öndər Heydər Əliyevin peşəkarlıq potensialı, təhqiqatçılıq və təhlil qabiliyyəti, əməliyyat səriştəsi o dərəcədə cəlbedici idi ki, hər bir peşəkar çekist Heydər Əliyev tərəfindən işlənilmiş əməliyyat tədbirlərində iştirak etməyi arzu edər və bu etimada nail olanda hədsiz qürur hissi keçirərdi. Heydər Əliyevlə görüşmək, söhbət etmək, onun fikirlərini, mülahizələrini, əməliyyat peşəsinə və ümumiyyətlə həyata, millətinə baxışlarını dinləmək əməkdaşlar üçün böyük məktəb idi. Əks-kəşfiyyat xidmətinin rəisi olduğu illərdə də təhlükəsizlik komitəsinin rəhbərliyi mühüm əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı mütləq onunla məsləhətləşərdi. Heydər Əliyevin gənc çekistlərə olan münasibətini atalıq diqqəti və qayğısı adlandırmaq olar. O, gənclərlə tez-tez görüşür, onların qarşısında Azərbaycanın tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri, görkəmli şəxsiyyətləri və s. haqda mühazirələr oxumaqla milli ruhda inkişaf etmələrinə təkan verirdi.

Heydər Əliyevin Azərbaycanın xüsusi xidmət orqanlarına rəhbərliyi illərində DTK-da əvvəlki dövrlərdən köklü surətdə fərqlənən ab-hava yaranmış, əməliyyat fəaliyyətinə və onun səmərəli təşkilinə yeni, yaradıcı baxış formalaşmışdır. Təhlükəsizliyin təminatında Azərbaycanın milli maraqlarının ön plana çəkilməsi, milli kadrların rəhbər vəzifələrə təyinatı, gənc işçilərin xüsusi ali təhsil almaq üçün Moskva, Leninqrad və Kiyev şəhərlərinə göndərilməsi, ümumiyyətlə, orqanlarda milliləşmə prosesinin aparılması məhz ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev dövlət təhlükəsizlik orqanlarında son dərəcə məqsədyönlü və yaradıcı fəaliyyəti ilə həm də zəngin və əvəzsiz bir məktəb yaratmışdır.

- Bir vaxtlar təhlükəsizlik orqanında özgə millətlərin nümayəndələri vicdan əzabı çəkmədən Azərbaycanın aparıcı ziyalılarının, dövlət xadimlərinin müqəddəratını bir neçə dəqiqənin içində həll edirdilər. Ona görə dövlət təhlükəsizliyi orqanlarında çalışan kadrların milli tərkibi məsələsi ümummilli liderimizin xüsusi diqqət yetirdiyi məsələlərdən olmuşdur. Bununla bağlı nə deyə bilərsiniz?

- Azərbaycanın xüsusi xidmət orqanlarında çalışan kadrların milli tərkibi məsələsi Heydər Əliyevi hələ ötən əsrin 50-ci illərində düşündürmüşdür. Ümummilli liderimiz Heydər Əliyev qeyd edirdi ki, 1937-1938-ci illərdə bu millətin ruhunu qırdılar. Milli ruhu bərpa etmək üçün isə milli şüuru inkişaf etdirmək lazım idi. Heydər Əliyev yaxşı bilirdi ki, həmin illərdə azərbaycanlılaşmaya yol bu xalqın əleyhinə işləyənləri təmizləmədən keçir. 50-ci illərdə azərbaycanlılaşma prosesi aparmaq o qədər də asan məsələ deyildi. Heydər Əliyevin dediyi kimi, "bizə, azərbaycanlılara etibar etmirdilər". Mərkəz Azərbaycanın xüsusi xidmət orqanları əməkdaşlarının sayını başqa millətlərin nümayəndələri hesabına artırmağa çalışırdı. Bunun üçün Heydər Əliyev birinci təmizləmə siyasəti yeritdi. DTK orqanlarının rəhbərləri qarşısında məsələ qaldırırdı ki, xalqımızın mütəfəkkir şəxsiyyətlərini repressiyalara məruz qoyanları dövlət təhlükəsizlik orqanlarından uzaqlaşdırmaq lazımdır. İkinci mərhələ kimi o, azərbaycanlı kadrların bu orqanlarda yerləşdirilməsinə şərait yaratdı.

Azərbaycan xüsusi xidmət orqanlarında milliyyətcə azərbaycanlı olan kadrların yerləşdirilməsi prosesi, Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi, sonra Moskvada yüksək vəzifədə çalışanda da onun daim diqqət mərkəzində olmuşdur. Bu məsələ ilə bağlı bir faktı xüsusilə qeyd etmək istərdim. 1980-ci ildə mən DTK-nın sədri təyin edildikdən sonra Azərbaycan KP MK-nin birinci katibi Heydər Əliyev mənə qəti göstəriş verdi ki, 1981-ci ildə 40 nəfər, 1982-ci ildə isə 30 nəfər azərbaycanlı gənclərin DTK-ya işə götürülməsini təmin edim. Eyni zamanda tapşırmışdı ki, hər il yaşı 23-ə qədər olan, ordu sıralarında xidmət etmiş 20 nəfər azərbaycanlı gənci oxumaq üçün Dzerjinski adına SSRİ DTK-nın ali məktəbinə göndərim və onların məktəbi başa vurduqdan sonra Azərbaycana qayıtmasını təmin edim. Göründüyü kimi, dövlət təhlükəsizlik orqanlarında kadrların azərbaycanlılaşdırılması Heydər Əliyevi harada işləməsindən asılı olmayaraq düşündürmüşdür.

1950-ci illərdə həyata keçirilən təmizləmə və milliləşdirmə prosesinin ağırlığını Heydər Əliyev öz taleyində və tərcümeyi-halında da yaşadı. Vaxtı ilə Azərbaycanın milli, mənəvi-əxlaqi dəyər və sərvətləri ilə yanaşı, mütəfəkkir şəxsiyyətlərini də məhv edən qüvvələr Heydər Əliyevin bu cəsarətli addımlarına qarşı çıxaraq 1955-ci ildə onun şöbə rəisi vəzifəsindən azad edilməsinə nail oldular. Lakin bir müddətdən sonra o, yenidən öz vəzifəsinə bərpa olundu. Sovetlər dönəmində milliləşmə çox ağır bir proses idi. Amma Heydər Əliyev axıra qədər bu siyasəti yeritdi. Əgər Heydər Əliyev vaxtında bütün maneələri dəf edərək təhlükəsizlik orqanlarında milli kadrların yerləşdirilməsinə və yetişdirilməsinə nail olmasaydı, xalq müstəqilliyinin və dövlətçiliyinin qorunmasında hədsiz problemlərlə üzləşə bilərdi. Məsələ bundadır ki, 1991-ci ildə dövlət təhlükəsizliyi orqanlarında xidmət edən digər millətlərin nümayəndələri Azərbaycandan köçüb getmişdilər. Məhz ulu öndərimiz Heydər Əliyevin uzaqgörənliyi sayəsində təhlükəsizlik orqanlarının şəxsi heyəti müstəqil dövlətçiliyimizin qorunmasında üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələ bildi.

- Ümummilli liderimiz Heydər Əliyev o dövrdə bir sıra nüfuzlu Azərbaycan ziyalılarını keçmiş rejimin xüsusi xidmət orqanlarının təqiblərindən qorumuşdur. O vaxtkı sərt və amansız imperiya dövründə bu o qədər də asan məsələ deyildi. Həmin dövrü necə xatırlayırsınız?

- Məlum olduğu kimi, XX əsrin ikinci yarısında siyasətdə baş verən mülayimləşmə milli ruhun, milli istiqlal düşüncəsinin yenidən inkişafına səbəb oldu. Lakin, mövcud imperiyanın təqib və təzyiqlərindən milli düşüncəyə malik olan şəxsiyyətləri qorumaq və müdafiə etmək üçün respublikamızın tarixinə, mədəniyyətinə, klassik ədəbi nümunələrinə ürəkdən bağlı olan, onu dərindən sevən bir siyasi rəhbərə böyük ehtiyacı var idi. Belə bir rəhbəri, Heydər Əliyevin şəxsində, tarix xalqımıza 1969-cu ildə bəxş etdi.

Ümummilli liderimiz Azərbaycanın mütəfəkkir ziyalı şəxsiyyətlərini Sovet imperiyasının qadağa və yasaqlarından xilas etdi, eləcə də irslə varis arasındakı əlaqələri yenidən bərpa etməyə çalışdı. Onun müdrik siyasəti sayəsində millətimizin min illər boyu yaşatdığı mənəvi dəyərlərə nihilist baxış tədricən aradan götürülməyə başladı. Klassik ənənə ilə müasir ədəbi irs arasında yaranan ünsiyyət milli ruhun, milli düşüncənin düzgün məcrada inkişafına səbəb oldu.

Ümummilli liderimiz Heydər Əliyevin repressiya qurbanlarına bəraətin verilməsi istiqamətində gördüyü işlər də milliliyin güclənməsi ilə nəticələndi. Çünki bəraət alan yalnız repressiya qurbanının özü deyil, həm də onun ədəbi irsi və milli təfəkkür tərzi idi. Millətin milli düşüncə tərzinin formalaşmasında mühüm rolu olmuş tarixi şəxsiyyətləri qorumadan, onları xalqın yaddaşında yaşatmadan, müasir ziyalıları, ictimai xadimləri də müdafiə və mühafizə etmək mümkün deyil. Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə Nizami Gəncəvidən başlamış İmadəddin Nəsimiyə, Məhəmməd Füzuliyə, Mirzə Fətəliyə, Nəriman Nərimanova, Hüseyn Cavidə, Cəfər Cabbarlıyadək olan korifeylərin adlarını əbədiləşdirməklə, əsərlərinin təkrar nəşrini təşkil etməklə, heykəllərini ucaltmış, muzeylərini yaratmaqla xalqın tarixini, mədəniyyətini, ədəbiyyatını yaşatmaq, bütövlükdə isə milli yaddaşın qorunub gələcək nəsillərə çatdırmaq məqsədini güdmüşdür. Bunun üçün ümummilli liderimiz olmazın təzyiqlərlə üz-üzə dayanmış, qaragüruhçu qüvvələrin ciddi müqavimətlərinə məhəl qoymadan qətiyyət və cəsarət göstərərək qarşısına qoyduğu ali məqsədə nail olmuşdur. Görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanovun 70 illik yubileyini qeyd etmək və onun heykəlini ucaltmaq üçün Heydər Əliyev imperiya ilə mübarizəyə nə az, nə çox - düz iki il vaxt sərf etmişdir.

Başqa bir fakt: milli öndərimiz nitqlərinin birində bildirirdi ki, "1937-ci ildə "millətçilikdə" ittiham edilərək sürgün olunan ölməz dramaturqumuz Hüseyn Cavidin nəşini uzaq Sibirdən Azərbaycana gətirmək asan iş deyildi. Bu, böyük iradə, cəsarət tələb edirdi. Ancaq xalqımıza, millətimizə, mədəniyyətimizə, ədəbiyyatımıza olan sədaqət, sevgi mənə belə bir cəsarət göstərməyə imkan verdi".

Heydər Əliyev, istər DTK sədri, istərsə də Azərbaycan KP MK-nın birinci katibi olduğu dövrdə yalnız özündən əvvəl yaşamışların bəraəti ilə kifayətlənməmiş, müasirləri olan görkəmli şəxsiyyətləri də imperiyanın və ermənilərin fitnəsindən qoruya bilmişdir. Ümummilli liderimiz 60-cı illərdə milli düşüncə sahibi olduqlarına görə təqibə məruz qalmış görkəmli Azərbaycan yazıçı və şairləri - Bəxtiyar Vahabzadəni, Xəlil Rza Ulutürkü, Anarı, Əkrəm Əylislini, məşhur tarixçi-alim Ziya Bünyadovu, habelə siyasi mülahizələrinə görə təqib olunan Əbülfəz Elçibəyi məhv olmaq təhlükəsindən xilas etmişdir. Xatirimdədir, 60-cı illərin ortalarında mərhum akademikimiz Ziya Bünyadov və onun ətrafına yığışmış bir neçə gənc alim yığıncaq keçirərək Azərbaycanın Rusiyaya könüllü birləşməsi fikrinin həqiqətə uyğun olmadığını bildirmişdilər. Onlar Rusiyanın Azərbaycanı zəbt etdiyini açıq vurğulayır, bu hadisənin 150 illik yubileyinin qeyd edilməsinin əleyhinə çıxırdılar. Buna görə onların, xüsusən də Ziya Bünyadovun başına nə işlər gətirmək istəyirdilər, bunu biz bilirik. O vaxt Heydər Əliyev bunların hamısının qarşısını aldı. Sonradan Ziya Bünyadov barəsində formalaşdırılmış saxta rəyi dəyişmək, ona vurulmuş millətçi damğasını götürmək üçün görün, hansı metoddan istifadə etdi. O, 80-ci illərin əvvəllərində Ziya Bünyadovun "Atabəylər dövləti" əsərini dövlət mükafatına layiq gördü.

Bu hadisə mənim yaxşı xatirimdədir. 80-ci illərin əvvəlləri idi. Heydər Əliyev mənə zəng edib soruşdu ki, "Ziya Bünyadovun yeni çapdan çıxmış "Atabəylər dövləti" kitabını oxumusanmı?" Cavabımda bildirdim ki, "Bəli, oxumuşam". O, səhəri gün tanınmış tarixçiləri və məni öz yanına dəvət edərək kitabın müzakirəsini keçirdi və həmin kitabı dövlət mükafatına təqdim etdi. Təsəvvür edirsinizmi, millətçilikdə ittiham olunan Ziya Bünyadov dövlət mükafatı aldı. Bundan sonra ermənilər Ziya Bünyadovla yanaşı, Heydər Əliyevin özünü də millətçilikdə ittiham etməyə başladılar.
Tanınmış şair Bəxtiyar Vahabzadə isə "Gülüstan" poemasının dərcindən sonra ciddi təqiblərlə qarşılaşmışdı. Onun həbs olunması məsələsini qoymuşdular. Bunun da qarşısının alınması yalnız ulu öndərimizin müdaxiləsi nəticəsində mümkün oldu. Ümumiyyətlə, Azərbaycanın tarixində və taleyində mühüm rol oynamış şəxsiyyətlərin müdafiəsi Heydər Əliyev siyasətində milli şüurun oyanmasına xidmət edirdi.

Heydər Əliyevin milli şüurun oyanması istiqamətində gördüyü işlərin zirvəsində Azərbaycan dilinin saflaşması, onun daha da inkişaf etdirilməsi və Azərbaycan Konstitusiyasında öz təsbitini tapması durur. Ümummilli liderimiz ötən əsrin 70-ci illərində nəşr olunan 3 cildlik "Müasir Azərbaycan dili" dərsliklərinə dövlət mükafatı verdi ki, bu da xalqın milli şüurunun formalaşmasında mühüm rol oynadı.

- 1993-cü ildə ümummilli liderimizin xalqın istəyi ilə hakimiyyətə yenidən qayıdışı təhlükəsizlik orqanlarının fəaliyyətində tamamilə yeni mərhələnin əsasını qoydu. Bu orqanın fəaliyyətinin təkmilləşdirilməsində, habelə cəmiyyətdəki mövqelərinin möhkəmləndirilməsində Heydər Əliyevin xidmətlərini necə qiymətləndirirsiniz?

- Ulu öndərimiz Heydər Əliyevin bu istiqamətdəki fəaliyyəti hələ 50-60-cı illərə təsadüf edir. 30-40-cı illərdə həyata keçirilmiş repressiyalar nəticəsində təhlükəsizlik orqanlarının xalq arasında nüfuzu tamamilə aşağı düşmüş, onlara inam və etimad azalmışdı. Heydər Əliyev təhlükəsizlik orqanlarında rəhbərliyə gələndən sonra bu orqanların fəaliyyətinin xalqın milli maraqlarına uyğun qurulması, ictimaiyyət arasındakı nüfuzunun bərpası məqsədilə çox səylər göstərmiş, demək olar ki, məqsədinə nail olmuşdur. O zaman Heydər Əliyev və onun göstərişi ilə bütün rəhbər heyət planlı şəkildə xalq arasında, müxtəlif elm, təhsil və mədəniyyət müəssisələrində olur, Stalin dövründə həyata keçirilmiş repressiyaları kəskin surətdə tənqid edir, onların mərkəzdən planlaşdırılaraq həyata keçirildiyini bildirirdi. Bütün bunlar xalqda dövlət təhlükəsizliyi orqanlarına olan inamı tədricən bərpa etmək məqsədi daşıyırdı.

Məlumdur ki, həmin dövrdə vətəndaşların şikayət məktubları, adətən, partiya-sovet orqanlarına, Mərkəzi Komitəyə, Sov. İKP MK Siyasi bürosunun üzvlərinə, hətta Lenin Movzoleyinə göndərilirdi. Bir çox hallarda isə vətəndaşları narahat edən problemlər öz həllini tapmırdı. Ancaq Heydər Əliyev DTK-da müavin və sədr işlədiyi müddətdə vətəndaşlar ərizə və şikayətlərini dövlət təhlükəsizliyi orqanlarına ünvanlamağı daha etibarlı sayırdılar. Heydər Əliyev şöbə rəislərinə həftədə bir dəfə şikayətçiləri qəbul edib, onları narahat edən məsələlərin həllində yardımçı olmaq tapşırığı vermişdi. Problemi həll edilmiş vətəndaşlar isə dövlət təhlükəsizliyi orqanlarına və şəxsən Heydər Əliyevə minnətdarlıq məktubları ilə müraciət edirdilər. Bu da təbii ki, əhali arasında təhlükəsizlik orqanlarının nüfuzunun ildən-ilə artmasına yardım edirdi.

Ümummilli liderimiz xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra da bu istiqamətdə gərgin əmək sərf etmiş, təhlükəsizlik orqanlarının xalqın və dövlətin maraqlarına xidmət edən çevik, mütəşəkkil orqana çevrilməsi naminə səylə çalışmış, bu məqsədlə bir sıra vacib fərman və qərarlar imzalamışdır. 1991-1993-cü illərdə ictimai həyatın digər vacib sferalarında olduğu kimi, bu sahədə də ciddi problemlər, nöqsanlar var idi. Ölkədə tez-tez hakimiyyət dəyişikliklərinin baş verməsi, ictimai-siyasi sabitliyin olmaması Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinə də mənfi təsir göstərirdi. İşgüzar, təcrübəli əməkdaşların tutduqları vəzifələrdən uzaqlaşdırılması, onların yerinə naşı adamların gətirilməsi nəticəsində əməliyyat tədbirlərinin səmərəliliyi aşağı düşmüş, peşəkarlıq azalmışdı. Nəticədə dövlət maraqlarının müdafiəsində müəyyən çətinliklər yaranmışdı. Xüsusən də 1993-cü ilin birinci yarısında ölkədə çox böhranlı vəziyyət hökm sürür, müxtəlif təxribatçı qüvvələr Azərbaycanda milli etnik münasibətləri süni şəkildə qızışdırmağa çalışır, separatizmə rəvac verirdilər. Azərbaycan faktiki olaraq öz müstəqilliyini itirmək və dövlət kimi məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Belə ağır şəraitdə xalqın, zamanın tələbi ilə hakimiyyətə qayıdan ümummilli liderimiz taleyüklü məsələlərin həllini böyük inamla öz üzərinə götürdü, qətiyyət, cəsarət və uzaqgörənliklə Azərbaycanda ictimai - siyasi sabitliyə nail oldu, dövlətçiliyi məhv olmaq təhlükəsindən xilas etdi.

Ömrünün 25 ilini təhlükəsizlik orqanlarında işləmiş, xalqına şərəflə, əzmkarlıqla xidmət etmiş ulu öndərimiz Heydər Əliyevin müstəqil Azərbaycanın xüsusi xidmət orqanlarının fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasında və inkişafında böyük xidmətləri olmuşdur. Ümummilli liderimizin 23 mart 1997-ci il tarixli "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında" sərəncamı ilə 28 mart hər il milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir. Bu, MTN-in cəmiyyətimizin həyatındakı roluna verilən ən ali, mötəbər qiymətdir.

- Ulu öndər Heydər Əliyevin fərmanı ilə yaradılmış MTN Akademiyasının fəaliyyəti necə qurulub?

- Milli Təhlükəsizlik Nazirliyinin Akademiyası Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə 1 dekabr 1998-ci ildə yaradılmış və bununla Azərbaycanda ilk dəfə olaraq xüsusi xidmət orqanları üçün milli kadrların hazırlanması işinin təməli qoyulmuşdur.
Akademiya - Milli Təhlükəsizlik Nazirliyi (MTN) orqanları üçün kadrların ixtisaslarının artırılmasını, yüksək ixtisaslı xüsusi ali təhsilli mütəxəssislərin, eləcə də Dövlət Sərhəd Xidməti (DSX) üçün sərhədçi zabitlərin və sərhəd nəzarətçilərinin hazırlanmasını həyata keçirən qapalı ali hərbi təhsil müəssisəsidir.

Akademiyanın tərkibinə üç fakültə - Əməliyyat işçilərinin hazırlanması, Sərhəd qoşunları üçün zabitlərin hazırlanması, Kadrların yenidən hazırlanması və təkmilləşdirilməsi fakültələri daxildir. Bu fakültələrdə 14 kafedra, o cümlədən 3 xüsusi təyinatlı kafedra, sərhəd qoşunları taktikası, mühəndis-texniki fənlər, ümumqoşun fənləri, cinayət hüququ, cinayət prosesi və kriminalistika, Konstitusiya hüququ, mülki hüquq, informasiya texnologiyaları və informasiya təhlükəsizliyi, inzibati idarəetmə, xarici dillər, ictimai-siyasi fənlər, fiziki hazırlıq kafedraları fəaliyyət göstərir. Akademiyada tədrisi milli təhlükəsizlik orqanlarında və DSX-də uzun illər xidmət etmiş və böyük təcrübəyə malik yüksək rütbəli zabitlər, elmlər namizədləri və doktorlar, dosent və professorlar həyata keçirirlər. Bu da kursant və dinləyicilərin gələcək xidməti fəaliyyətləri üçün zəruri fundamental nəzəri biliklər almasını və xüsusi hazırlığını təmin edir. Eyni zamanda Akademiyada xüsusi fənlər üzrə mühazirələr oxumaq və praktiki dərslər aparmaq üçün MTN-in rəhbər işçiləri və yüksək ixtisaslı mütəxəssisləri də tədris prosesinə cəlb olunurlar.

Akademiyanın elmi-tədris fəaliyyətinə nəzəri və praktiki rəhbərliyi Elmi Şura həyata keçirir. Akademiyada bütün ixtisaslar üzrə geniş tədris-metodiki və elmi-tədqiqat işləri aparılır. Elmi potensialın artırılması, elmi-tədqiqat işlərinin təşkili və istiqamətləndirilməsi üçün akademiyada yaxın gələcəkdə aspirantura və doktoranturanın da təşkili nəzərdə tutulur. MTN Akademiyası respublikanın əlaqədar nazirlikləri, ali təhsil müəssisələri, habelə bir sıra xarici ölkələrlə və beynəlxalq təşkilatlarla işgüzar əlaqələr yaradıb faydalı əməkdaşlıq edir.

Akademiyada tədris prosesinin yüksək səviyyədə təmin edilməsi üçün müasir kompüterlər, audio-video texnika, proyektorlar və stendlərlə təchiz edilmiş xüsusi təyinatlı siniflər və kabinetlər, kompüter zalları, zəngin fonda malik xüsusi və ümumi kitabxanalar, mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün gözəl tərtibata, audio-video qurğulara malik klub, zəruri avadanlıq, trenajorlarla quraşdırılmış idman zalları, meydançaları və s. kursantların və dinləyicilərin ixtiyarına verilmişdir. Elmi-pedaqoji kollektiv tərəfindən hazırlanmış tədris vəsaitləri, metodiki təlimatlar, monoqrafiyalar, elmi araşdırmalar və s. akademiyanın müasir poliqrafiya avadanlığı ilə təchiz edilmiş nəşriyyat bazasında, iri həcmli xüsusi dərsliklər isə MTN-in nəşriyyat bazasında dərc edilir. Akademiyada müasir tibb avadanlıqları ilə təchiz edilmiş tibb xidməti də fəaliyyət göstərir.
Akademiyaya qəbul olunmuş kursantlar dövlət təminatına götürülür, hərbi geyimlərlə, gündə üç dəfə yeməklə və yüksək səviyyədə məişət şəraiti yaradılmış yataqxana ilə təmin edilirlər. Akademiyada təhsil alan hər bir kursanta təqaüd verilir, təhsildə yüksək müvəffəqiyyət qazanan, elmi yaradıcılıq fəaliyyəti ilə məşğul olan, müəssisənin ictimai həyatında fəal iştirak edən əlaçı kursantlar üçün milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov tərəfindən ulu öndərimiz Heydər Əliyev adına hər biri 450 min manat məbləğində 10 xüsusi təqaüd təsis edilmişdir. Təhsil müddətində kursantlar MTN orqanlarında və DSX-nin sərhəd dəstələrində təcrübə keçirlər. Akademiyanı bitirən kursantlara diplom və leytenant ilkin zabit rütbəsi verilir, ixtisaslarından asılı olaraq onlar respublikanın təhlükəsizlik orqanlarına və ya DSX-yə təyinat alırlar.

- Akademiyanın beynəlxalq əlaqələri sahəsində nə kimi tədbirlər həyata keçirilir?

- Akademiyanın beynəlxalq əlaqələri bir neçə istiqamətdə inkişaf edir. Əvvəla, qeyd edim ki, akademiya yaradılan ilk dövrlərdə tədris, elmi-metodiki işlərlə tanış olmaq, təcrübə mübadiləsi aparmaq məqsədilə Rusiya, Ukrayna, Qazaxıstan və Gürcüstan xüsusi xidmət orqanlarının analoji akademiyaları ilə qarşılıqlı əlaqələr qurulmuşdur. İkinci istiqamət ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə 2000-ci ilin noyabrında Beynəlxalq Miqrasiya Təşkilatı ilə razılaşmaya əsasən akademiyanın nəzdində yaradılmış müasir tələblərə cavab verən miqrasiya məsələləri üzrə təlim mərkəzinin fəaliyyəti ilə bağlıdır. Təyinatı və təchizatı baxımından regionda birinci, MDB məkanında ikinci mərkəz olan təlim mərkəzi çox qısa zamanda respublikamızın dövlət və hökumət orqanlarının, habelə beynəlxalq təşkilatların və xarici ölkələrin səfirliklərinin diqqətini və marağını özünə cəlb etmiş və qarşılıqlı razılıq əsasında təlim mərkəzində keçən dövr ərzində beynəlxalq təşkilatların və xarici dövlətlərin nümayəndələrinin iştirakı ilə müxtəlif çaplı və yönəmli təlimlər, seminarlar və kurslar keçirilmişdir. Təlim mərkəzində Beynəlxalq Miqrasiya Təşkilatının mütəxəssislərinin və hollandiyalı ekspertlərin iştirakı ilə birgə təlimlər, kanadalı mütəxəssislər tərəfindən "Gediş-gəliş" avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istifadəçilərinin hazırlanması kursları, ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi və Mərkəzi kəşfiyyat idarəsinin mütəxəssislərinin iştirakı ilə "Pasportlarda və digər sənədlərdə saxtakarlıqların aşkar edilməsi" və "Sərhəd pozucularının sorğu-sual edilməsi" mövzularında seminarlar keçirilmişdir.

Beynəlxalq əlaqələr sahəsində digər istiqamət xarici dövlətlərin və onların xüsusi xidmətlərinin iştirakı ilə keçirilən təlimləri və seminarları əhatə edir. Akademiyada ABŞ Dövlət Departamentinin və Federal Təhlükəsizlik Bürosunun əməkdaşlarının iştirakı ilə "Terrorizmlə mübarizə və partlayıcı maddələrin zərərsizləşdirilməsi" mövzusunda seminar, "Böhran vəziyyətlərində cavabdeh qrupun fəaliyyəti", "Girovların və ya oğurlanmış şəxslərin azad olunması zamanı danışıqların aparılması, onların xilas edilməsi və terrorçuların zərərsizləşdirilməsi", "Terror hadisəsi baş vermiş yerlərdə istintaqın aparılması" mövzularında isə təlim-məşq nümayişləri keçirilmişdir.

Bu tədbirlərlə yanaşı, Akademiyada beynəlxalq əməkdaşlıq çərçivəsində müxtəlif görüşlər də keçirilmişdir. NATO Sülh Naminə Tərəfdaşlıq Proqramının və Beynəlxalq Miqrasiya Təşkilatının ekspertləri, ABŞ-ın, Böyük Britaniyanın və digər ölkələrin səfirliklərinin nümayəndələri, Gürcüstan, Qazaxıstan, Tacikistan, Litva, Polşa, Slovakiya və Çexiya sərhəd xidmətlərinin rəhbərləri və digər yüksək çinli qonaqlar akademiyanın təlim mərkəzinə gəlmiş, onun fəaliyyəti ilə tanış olmuş, akademiya rəhbərliyi ilə görüşmüş və gələcəkdə birgə işgüzar əməkdaşlıq əlaqələrinin yaradılmasını təklif etmişlər. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Milli təhlükəsizlik naziri general-leytenant cənab Eldar Mahmudovun bilavasitə təşəbbüsü, rəhbərliyi və daimi nəzarəti altında akademiyanın ikinci buraxılış kompleksi, ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinin bütün mərhələlərini əks etdirən "Şöhrət muzeyi", inzibati və əməliyyat fakültəsinin korpusları və bir sıra təsərrüfat obyektləri sürətlə inşa edilir və yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Bütün bunlar ümummilli liderimiz Heydər Əliyevin akademiya qarşısında qoyduğu dövlət əhəmiyyətli vəzifələrin tam şəkildə həyata keçirilməsinə geniş imkanlar yaradacaqdır.

«Azərbaycan» qəzeti, 12.05.2005 

Samir ELMANOĞLU

MÜSAHİBƏLƏR
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusifzadənin müsahibəsi
Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun müsahibəsi (
Milli Təhlükəsizlik Naziri Xidmətinin rəhbəri general-mayor Fərhad Vahabovun “Ayna” qəzetinə müsahibəsi (30.09.06)
Milli Təhlükəsizlik Naziri general-leytenant Eldar Mahmudovun müsahibəsi (rus dilində) («Независимая газета» (Россия), 06.06.2005)
MTN Akademiyasının rəisi, general-leytenant Ziya Yusifzadənin «Azərbaycan» qəzetinə müsahibəsi (12.05.2005)
Milli Təhlükəsizlik Naziri general-leytenant Eldar Mahmudovun müsahibəsi (rus dilində) («Интерфакс», 28.03.2005)
Milli Təhlükəsizlik Naziri general-leytenant Eldar Mahmudovun müsahibəsi (rus dilində) (газета «Зеркало», 26.03.2005)
Respublika Müharibə, Əmək və Hərbi Qüvvələr Veteranları Şurasının sədri istefada olan general-mayor Bahadur Hüseynovun “Xalq Qəzeti”nə müsahibəsi (17.02.2005)
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Naziri general-mayor Eldar Mahmudovun müsahibəsi (07.12.2004)
MTN-in idarə rəisi Məmməd Cəfərlinin “Azernews” qəzetinə müsahibəsi (ingilis dilində) (25.03.2004)
Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun («Caspian Energy» (Россия), № 6 (34), 2005)
“Cəza qaçılmazdır” – Milli Təhlükəsizlik Naziri Elmar Hüseynovun qətli məsələsinə toxunarkən