|
Azərbaycan xüsusi xidmət orqanlarının yaradılmasının 86-cı ildönümü münasibətilə vaxtilə MTN-də işləmiş Milli Qəhrəman, polkovnik-leytenant Riad Əhmədovun adını daşıyan 203 nömrəli orta məktəbdə tədbir keçirilmişdir.
Məktəbin müəllim və şagird kollektivinin, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları və veteranlarının, rayon yerli hakimiyyət və hüquq mühafizə orqanları əməkdaşlarının, təhsil işçilərinin, ictimaiyyətin nümayəndələrinin, həmçinin Riad Əhmədovun ailə üzvlərinin iştirak etdiyi tədbirdə Azərbaycanın xüsusi xidmət orqanlarının keçdiyi şanlı tarixi yoldan, peşəkar kəşfiyyatçı, sədaqətli dost Milli Qəhrəmanın şücaətindən danışılmışdır.
Sonra Milli Qəhrəmanın döyüş yolundan bəhs edən səhnəciklər göstərilmişdir. Riad Əhmədov haqqında çəkilmiş sənədli filmin nümayişi məktəblilərdə dərin təəssürat oyatmışdır. Onlar bu filmdə Milli Qəhrəmanın döyüş səhnələrinin şahidi olmuş, düşmənin yağdırdığı güllə yağışı altında Riad Əhmədovun Azərbaycanın dövlət bayrağını yüksəkliyə sancmasını qürurla seyr etmişlər.
Filmin nümayişindən sonra çıxışlar olmuşdur. Məktəbin direktoru Dürdanə Məmmədovanın, MTN-in veteranları Bəxtiyar Süleymanlının, Əli Orucovun, rayon təhsil şöbəsinin nümayəndəsi Elmira İsmayılovanın, Riadın bacısı bəstəkar Mehriban Əhmədovanın xatirələri tədbirin iştirakçılarında qürur hissləri ilə bərabər kövrək duyğular yaratmışdır.
Mehriban Əhmədova çıxışının sonunda qardaşı Riad Əhmədovun adını uca tutan, onu hər zaman yad edənlərə və milli təhlükəsizlik naziri Eldar Mahmudova ailəsi adından minnətdarlığını bildirmişdir.
MTN-in Səbail rayon şöbəsinin rəisi Ceyhun Rzayev 203 nömrəli məktəbdə təhsil alan şagirdlərin Riada oxşamalarını, onun kimi vətənpərvər olmalarını, böyüyüb torpaqlarımızı erməni işğalçılarından azad etmələrini arzulamışdır. Sonra o, milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun adından bir ədəd müasir tipli kompüter dəstini və Riad Əhmədovun döyüş yolunu əks etdirən fotostendi məktəbin kollektivinə hədiyyə etmişdir.
"Azərbaycan", 27 mart 2005-ci il
|