|
“Diplomatiya və Hüquq” jurnalının Azərbaycan-NATO münasibətlərinə həsr olunmuş xüsusi buraxılışı
NATO-Azərbaycan əməkdaşlığında Milli Təhlükəsizlik Nazirliyinin rolu
1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra, Azərbaycan Respublikasının xarici siyasət prioritetlərindən birini Avro-atlantika strukturlarına inteqrasiya təşkil etdi. Bu baxımdan, Avro-atlantika məkanının mühüm təşkilati strukturlarından biri olan NATO ilə münasibətlərin yaradılması və inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edirdi. Azərbaycan 1992-ci ilin mart ayında Mərkəzi və Şərqi Avropa ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə NATO tərəfindən yaradılmış Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil oldu. 1994-cü il may ayının 4-də «Sülh naminə tərəfdaşlıq» proqramı çərçivə sənədinin imzalanması ilə NATO-Azərbaycan əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə qədəm qoydu ki, bununla da ikitərəfli münasibətlərin inkişafı üçün real əsaslar yarandı.
1996-cı ildə Azərbaycan Respublikasının Fərdi Tərəfdaşlıq Proqramına qoşulması ilə ikitərəfli münasibətlər hərbi və hərbi-siyasi sahələrlə yanaşı, ölkə həyatının digər sahələrini, o cümlədən təhlükəsizlik sektorunu da əhatə etməyə başlamışdır. Həmin proqram çərçivəsində Azərbaycan nümayəndələri NATO-mm təxminən 300 tədbirində iştirak edir.
NATO ilə MTN arasında qarşılıqlı əməkdaşlıqda yeni mərhələ NATO-nun Xüsusi Komitəsinin işçi qrupunun terrorçuluqla mübarizəyə həsr olunmuş və Bakı şəhərində 2004-cü ilin 28-29 oktyabrında uğurla keçirilmiş iclası ilə başlanmışdır. Bunun davamı kimi, 2004-cü ilin 16-17 noyabrında NATO-nun Xüsusi Komitəsi tərəfindən «26+1» formatında Brüsseldə keçirilmiş tədbirdə Milli Təhlükəsizlik Naziri, general-leytenant Eldar Mahmudov geniş təqdimatla çıxış etmiş, ölkəmizin terrorizmə qarşı mübarizədə qazandığı təcrübə və bu istiqamətdə gələcək fəaliyyət planları barədə iştirakçılara geniş məlumat verilmişdir.
Hazırda Azərbaycan Respublikası bir sıra fəaliyyət planları əsasında NATO ilə əməkdaşlıq edir. Bu planlara Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı, Terrorçuluqla mübarizə üzrə Fəaliyyət Planı (PAP-T), Planlaşdırma və Analiz Prosesi Proqramı (PARP) və Fərdi Tərəfdaşlıq Proqramı (FTP) daxildir. NATO tərəfindən irəli sürülən həmin sənədlərin əsas məqsədi ölkəmizin təhlükəsizlik və müdafiə strukturlarının Avro-atlantik standartlara inteqrasiyasıdır. Göstərilən proqramlar yerinə yetirildikdən sonra tərəfdaş dövlətə NATO-nun bərabərhüquqlu üzv olmaqda sonuncu mərhələ olan Üzvlük üzrə Fəaliyyət Planı təklif edilir.
Yuxarıda göstərilən planların icrasında əsas hüquqi çərçivəni Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 3 avqust 2005-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş «Azərbaycan Respublikasının NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı» təşkil edir. Planın qəbul olunması ilə NATO-Azərbaycan əməkdaşlığı öz inkişafının həm keyfiyyət, həm də həyata keçirilən tədbirlərin həcmi baxımından daha səmərəli və tamamilə yeni mərhələyə qədəm qoymuşdur.
Planda konkret olaraq icra olunacaq fəaliyyət sahələri və onun icrasına məsul olan dövlət qurumları müəyyənləşdirilmişdir. Ümumiyyətlə FTƏP mexanizmi 2002-ci ildə NATO-nun Praqa Zirvə görüşündə təsis edilib və onun əsas məqsədi tərəfdaş dövlətlərdə müdafiə və təhlükəsizlik sektorunun islahatına NATO-nun strukturlaşmış yardımmı təmin etməkdir. FTƏP NATO-nun tərəfdaşlarla daha fərdi və geniş münasibətlər qurması üçün nəzərdə tutulmuş bir təşəbbüsdür. İki illik dövrü əhatə edən Planda tərəfdaş dövlət hərbi, təhlükəsizlik və siyasi sahələrdə həyata keçirməyə çalışdığı islahatlar, bu prosesin gedişində NATO ilə keçiriləcək məsləhətləşmələrin konkret mövzuları və eləcə də Alyansın yardımının konkret istiqamətləri öz əksini tapmalıdır.
Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının yerinə yetirilməsində ölkənin digər dövlət orqanları ilə yanaşı, Milli Təhlükəsizlik Nazirliyi də yaxından iştirak edir. Belə ki, MTN nümayəndələri Planda nəzərdə tutulmuş əsas tədbirlərdən olan və ölkənin strateji inkişaf xəttinin müəyyənləşdirilməsində mühüm əhəmiyyət daşıyan Milli Təhlükəsizlik Konsepsiyasının yaradılması məqsədilə müxtəlif dövlət qurumlarının təmsil olunduğu Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Siyasəti üzrə İşçi Qrupda və ekspert qrupunda yaxından iştirak etmiş, sənədin hazırlanması zamanı bir sıra təkliflər vermişlər. Əməkdaşlarımız Corc Marşall adına Avropa Təhlükəsizlik Məsələləri Mərkəzində, ABŞ-ın Milli Müdafiə Universitetinin Bakıda təşkil etdiyi kurslarda və xarici ölkələrin ekspertləri ilə Milli Təhlükəsizlik Konsepsiyasının layihəsinin müzakirəsi sahəsində keçirilən görüşlərdə iştirak etmişlər.
FTƏP çərçivəsində müvafiq qanunvericilik bazası ilə hərbi, hərbi-siyasi və təhlükəsizlik sektorunda islahatların başlanmasından əvvəl, Nazirlik tərəfindən milli təhlükəsizlik, kəşfiyyat və əks kəşfiyyat fəaliyyətləri üzrə müvafiq qanun layihələri hazırlanmış və lazımi proseduralardan keçdikdən sonra 29 iyun 2004-cü ildə qəbul olunmuşdur. Həmin qanunların tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 3 avqust 2004-cü il tarixli Sərəncamlarına uyğun olaraq milli qanunvericiliyin təkmilləşdirilməsi, eləcə də FTƏP planı nəzərə alınmaqla hüquqi-normativ bazanın genişləndirilməsi istiqamətində iş davam etdirilir.
MTN-in Heydər Əliyev adına Akademiyasında terrorçuluqla mübarizə sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq qurumu kimi fəaliyyət göstərəcək Beynəlxalq Antiterror Təlim Mərkəzin (BATM) yaradılması FTƏP çərçivəsində nazirliyimizin əsas məqsədlərindən biridir. Belə bir Mərkəzin yaradılması Azərbaycan Respublikasının beynəlxalq terrorçuluqla mübarizə istiqamətində dünya təcrübəsinin dərindən mənimsəməsinə, terrorçuluqla mübarizə sahəsində regional və beynəlxalq səviyyədə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə yeni imkanlar açacaqdır. Əsasən təhsil, təlim və elmi tədqiqatlar üzrə ixtisaslaşacağı nəzərdə tutulan Mərkəzdə, il ərzində Azərbaycan və digər dövlətlərin aidiyyəti qurumlarından nümayəndələrin iştirakı ilə terrorçuluqla mübarizə üzrə seminar, kurs və təlimlərin təşkili planlaşdırılır. Bununla yanaşı, Mərkəzdə terrorizmlə mübarizə məsələlərinə həsr olunmuş elmi axtarışların, bu istiqamətdə nəzəri kursların da təşkili nəzərdə tutulur. FTƏP-də əks olunmuş bu layihənin icrası ilə əlaqədar BATM-ın layihə sənədləri hazırlanmış, qurumun müvafiq maddi-texniki baza, zəruri avadanlıq və müasir elmi-texniki vəsaitlərlə təchiz olunması, işçi heyəti ilə komplektləşdirilməsi, Mərkəzin fəaliyyəti üçün zəruri hüquqi-normativ sənədlərin, təlimatların, tədris proqramlarının işlənməsi və digər zəruri məsələlərin həlli ilə əlaqədar NATO tərəfi ilə müvafiq əməkdaşlıq davam etdirilir. MTN-in yaxından iştirak etdiyi digər bir fəaliyyət planı isə PAP-T-dir. 2002-ci ildə Praqa Sammitində qəbul edilmiş bu proqramın əsas məqsədi NATO və tərəfdaş dövlətlər arasında beynəlxalq terrorçuluğa qarşı mübarizəni əlaqələndirmək və səyləri birləşdirməkdən ibarətdir. PAP-T terrorçuluqla mübarizədə çərçivə funksiyasını öz üzərinə götürməklə yanaşı, tərəfdaşların bu mübarizədə rolunu, vasitələri və terror aktlarının nəticələrinin aradan qaldırılması üzrə fəaliyyəti müəyyən edir. Azərbaycan Respublikası «PAP-T» planı qəbul edildikdən sonra sənədin müddəalarına uyğun olaraq, beynəlxalq terrorçuluqla mübarizə sahəsində bir sıra mühüm tədbirlər həyata keçirmişdir. Beynəlxalq ictimaiyyətin terrorçuluğa qarşı mübarizəsini tam dəstəkləyən Azərbaycan Respublikası bu mücadilədə öz hava məkanı və hava limanlarım açıq elan etmiş, bu sahədə xarici dövlətlərlə daha tutarlı hüquqi yardımın göstərilməsi məqsədi ilə bir sıra beynəlxalq konvensiyalara qoşularaq milli qanunvericiliyini təkmilləşdirmiş, əməli tədbirlərin həyata keçirilməsi istiqamətində önəmli nəticələr qazanmışdır. Belə ki, tərəfdaş ölkələrin sorğuları və təqdimatları əsasında onlarla şəxs ekstradisiya olunmuş, cinayətkarlar həbs edilmiş və ya müvafiq xüsusi xidmət orqanlarına təhvil verilmişdir. Digər tərəfdən, Azərbaycan xüsusi xidmətlərinin məlumatları əsasında tərəfdaş dövlətlər tərəfindən müxtəlif ölkələrin vətəndaşları olan şəxslər həbs edilmiş, onlarla şəxs beynəlxalq terror təşkilatları ilə əlaqələrinə görə Azərbaycan Respublikası sərhədlərindən xaric edilmişdir. Təkcə 2004-2006-cı illər ərzində 2 terror şəbəkəsi («Əl-Qaidə Qafqaz» - 6 nəfər, «Camaat-Əl-Muvahiddin» - 7 nəfər) və onların üzvləri zərərsizləşdirilmişdir. Fadil Eldressi Əli və Hacı Çankayevin başçılıq etdiyi digər terror qruplarının 26 üzvü həbs edilmişdir.
«PAP-T»-yə uyğun olaraq MTN həmçinin terrorçuluqla mübarizə sahəsində xarici tərəfdaşlarla əməkdaşlığın daim genişləndirilməsinə böyük önəm verir. GUAM təşkilatı çərçivəsində, MDB-dən olan tərəfdaşlarla, o cümlədən Azərbaycan, Türkiyə və Gürcüstan hökumətləri arasında terrorçuluqla mübarizəyə dair bağlanmış sazişlər bu istiqamətdə görülən işlərə bariz nümunədir. Milli Təhlükəsizlik Nazirliyi xarici tərəfdaşlarla 40-dan çox saziş imzalamışdır. Keçən dövr ərzində görülən işlər nəticəsində qeyd olunan sənədlərin formal xarakter daşımaması, əksinə real işləyən hüquqi baza səviyyəsinə qaldırılmasına nail olunmuşdur.
Nazirliyimizin təşkilatçılığı ilə 2006-cı ilin iyulunda Avro-Atlantika Tərəfdaşlıq Şurası formatında terrorçuluqla mübarizədə əməkdaşlıq məsələlərinin müzakirəsinə həsr olunmuş «PAP-T-nin əməliyyatlaşdırılması: Terrorçuluğa qarşı mübarizə sahəsində NATO əməliyyatlarına tərəfdaşların töhfələri və iştirakları» mövzusunda seminar keçirilmiş, tədbirdə 30-dan çox ölkənin nümayəndəsi təmsil olunmuşdur.
Nazirliyimizin cəlb olunduğu digər bir proqram isə PARP-dır. PARP mexanizmi Tərəfdaş dövlətlərin silahlı qüvvələrinin və digər güc strukturlarının NATO silahlı qüvvələri ilə birgə fəaliyyətə hazırlamaq məqsədi ilə yaradılmışdır. Məhz bu mexanizmin köməyi ilə Tərəfdaş dövlətlər qısa müddətdə Balkanlarda və Əfqanıstanda NATO rəhbərliyi altında keçirilən sülhyaratma əməliyyatlarında iştirak etməyə hazır silahlı qüvvələr yarada bilmişlər. Azərbaycan Respublikası 1995-ci ildən PARP-a qoşulmuşdur. Bu prosesin iştirakçısı olan hər bir ölkə ilə onun qəbul etdiyi plan göstəricilərinin vaxtaşırı müzakirəsi keçirilir. Bundan sonra isə əldə olunmuş nailiyyətlərin dərin təhlili əsasında birgə tədbirlər həyata keçirilir. PARP planına uyğun olaraq MTN-in terrorçuluqla mübarizə, informasiya təhlükəsizliyi sahələrində gördüyü işlər ölkəmizə səfər edən NATO qiymətləndirmə missiyası tərəfindən yüksək dəyərləndirilmişdir.
MTN-in iştirak etdiyi digər proqram FTP-dir. Proqrama əsasən tərəfdaş dövlətlərə NATO-nun təlim mərkəzlərində keçirilən müxtəlif kurs, seminar və təlimlərdə təmsil olunmaq təklif edilir. Bu tədbirlərdə iştirak Silahlı Qüvvələrdə xidmət edən zabitlərin peşəkarlığının artırılmasında, onların hərbi işdə müasir bilik və vərdişlərə yiyələnməsində əhəmiyyətli rol oynayır. Təkcə ötən il FTP çərçivəsində NATO-nun təlim mərkəzlərində keçirilmiş 20-ə yaxın müxtəlif kurs və seminarda nazirliyin əməkdaşları təmsil olunmuşdur. Hazırda getdikcə yüksələn NATO-MTN əməkdaşlığı fonunda bu istiqamətdə keçirilən tədbirlərdə MTN əməkdaşlarının daha fəal iştirakı nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin keçən ilin noyabr ayında NATO-nun mənzil-qərargahına son səfəri zamanı Azərbaycan-NATO münasibətlərinin inkişaf səviyyəsi, eləcədə müxtəlif proqramlar çərçivəsində əməkdaşlığın mövcud durumu yüksək qiymətləndirilmişdir. İkitərəfli münasibətlərin yuxarıda sadalanan müsbət təcrübəsi, MTN və NATO arasında qarşılıqlı maraq doğuran məqsədlərə nail olmağa istiqamətlənmiş əməkdaşlığın uğurla inkişaf etdiyini sübut edir. Bu əməkdaşlıq həmçinin beynəlxalq təhlükəsizlik üçün təhdid doğuran digər problemlərə qarşı mübarizə aparılmasını da nəzərdə tutur ki, bu da həm regional, həm də qlobal təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir.
Məmməd Cəfərli,
Milli Təhlükəsizlik Nazirliyinin İdarə rəisi, polkovnik
|