az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
KİTABXANA
Nəşrlər
Müsahibələr
Məqalələr
Məktublar
Vətənin təhlükəsizlik sipəri

Ümummilli liderimiz Heydər Əliyevin 1997-ci il 23 mart tarixli sərəncamı ilə təsis edilən Təhlükəsizlik Orqanlarının Peşə Bayramı günü bu sahədə çalışanlar üçün tarixi bir gündür. Dünənindən bugününə 86 il yol gələn Azərbaycan təhlükəsizlik orqanlarının yaşadığı tarix heç də yalnız ağ səhifələrdən ibarət olmayıb. 1919-cu il mart ayının 28-də Azərbaycan Demokratik Respublikasının Hərbi Nazirliyinin Baş Qərargahının kvartirmeyster şöbəsinin kəşfiyyat və əks-kəşfiyyat bölməsinin yaradılması ilə əsası qoyulan Azərbaycan təhlükəsizlik orqanlarının fəaliyyətini üç dövrə bölmək olar: Azərbaycan Demokratik Respublikası dövrü; sovet Azərbaycanı dövrü; müstəqil Azərbaycan Respublikası dövrü.

1918-ci il may ayının 28-də elan edilən və cəmi 23 ay ömür sürmüş, lakin özündən sonra zəngin irs qoymuş Azərbaycan Xalq Cümhuriyyəti özünün parlamentini, hökumətini, ordusunu, milli pulunu və digər dövlət atributlarını yaratdı. Bunlardan ən vacibi isə ordu və bu ordunu idarə edən Hərbi Nazirlik idi. Azərbaycan ordusunun əsasını qoyan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Məmməd bəy Sulkeviç kimi generallar ordunun formalaşması, ölkənin müdafiəsinin təşkili üçün çox böyük iş görüblər.

Belə bir vaxtda gənc Azərbaycan Cümhuriyyətinə qarşı hər dəqiqə gözlənilən təxribatların qarşısının alınması, düşmənin casusluq fəaliyyətinin aşkarlanması sahəsində kəşfiyyat və əks-kəşfiyyat işinin təminatı kimi prinsipial məsələ də Hərbi Nazirliyə həvalə edilmişdi. Ordu quruculuğunda olduğu kimi, bu sahədə də peşəkar mütəxəssislər yox dərəcəsində idi. Ancaq Azərbaycan hökuməti və Hərbi Nazirliyin rəhbərləri ölkənin xüsusi xidmət, təhlükəsizlik orqanlarının vacibliyini dərk edir və belə bir qurumun yaradılmasına çalışırdılar. Azərbaycanın geostrateji mövqeyi, ölkənin daxili və xarici vəziyyəti ayrıca kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılmasını zəruri edirdi. Digər tərəfdən, ölkənin xarici müdaxilə təhlükəsi qarşısında qalması hərbi aspektlərə xüsusi diqqət yetirməyi, təhlükəsizlik məsələləri ilə bağlı əsas vəzifələri bu struktura tapşırmağı tələb edirdi. Məhz belə bir vaxtda-1919-cu il mart ayının 28-də hərbi nazir Səməd bəy Mehmandarovun və baş qərargah rəisi Məmməd bəy Sulkeviçin imzaladıqları 157 saylı əmrlə Hərbi Nazirliyin Baş Qərargahının general-kvartirmeyster şöbəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsi təşkil edildi. Bu bölmənin qarşısında Azərbaycanda təxribat, təbliğat və casusluqla məşğul olan daxili və xarici düşmənlərə qarşı mübarizə aparmaq kimi şərəfli bir vəzifə qoyulmuşdu. Hərbi nazir S.Mehmandarov qeyd edirdi ki, ...kəşfiyyat və əks-kəşfiyyatın əsas vəzifəsi düşmən haqqında mümkün olan məlumatları toplamaq, xaricdə hərbi agenturalar yaratmaq, ölkənin daxilində isə casusluğa qarşı mübarizə aparmaqdan ibarətdir.

Qafqaz regionunda, o cümlədən yenicə müstəqilliyini bəyan etmiş Azərbaycanda böyük dövlətlərin maraqlarının toqquşması cümhuriyyətin möhkəmlənməsinə çətinlik törədirdi. Bir tərəfdən böyük rus imperiyasının bütövlüyünü qoruyub-saxlamağa çalışan Denikinin 1919-cu ilin aprel ayında Zaqafqaziyaya hücumu, Petrovsk (indiki Mahaçqala) və Dərbənd şəhərlərini işğal edərək Azərbaycan sərhədlərinə yaxınlaşması, digər tərəfdən bolşeviklər, onların himayəsi və xeyir-duası ilə Azərbaycan torpaqları hesabına "böyük Ermənistan" yaratmağa çalışan erməni-daşnak qüvvələrinin Bakı və onun ətrafında casusluq və təxribat fəaliyyəti ilə məşğul olaraq gənc Azərbaycan dövlətinin hər bir addımına mane olması başlıca maneələr idi.

Vəziyyətin daha da gərginləşdiyini görən Azərbaycan hökuməti təcili tədbirlər görməyə başladı. 1919-cu il iyun ayının 9-da Azərbaycan hökuməti parlamentin tapşırığı əsasında dövlətin müdafiəsi ilə əhatəli və dərindən məşğul olacaq xüsusi bir qurumun-Dövlət Müdafiə Komitəsinin (DMK) yaradılması barədə qərar qəbul etdi. İyunun 11-də isə DMK Azərbaycanın bütün ərazisində hərbi vəziyyət elan etdi.

Belə bir şəraitdə yuxarıda sadaladığımız qüvvələrlə mübarizə aparmaq və onların müstəqil Azərbaycanın dövlətçiliyi əleyhinə yönəldilmiş planlarını alt-üst etmək üçün milli ordu ilə yanaşı, daha mükəmməl xüsusi xidmət orqanlarının yaradılması zərurəti meydana çıxdı.

Bunu vacib edən digər səbəb isə ölkədə bir neçə istiqamətdən gözlənilən xarici təhdidlərin və ölkənin daxilində günü-gündən güclənən təxribat və casusluq fəaliyyətinin qarşısının alınmasında Hərbi Nazirliyin general-kvartirmeyster şöbəsinin tərkibində fəaliyyət göstərən kəşfiyyat və əks-kəşfiyyat bölməsinin çətinlik çəkməsi və üzərinə qoyulan məsələlərin öhdəsindən lazımınca gələ bilməməsi idi.

O dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri olan general S.Mehmandarov da məktublarının birində bunu etiraf edərək yazırdı: "Bolşevizmlə mübarizə ümumdövlət işi olduğundan tək hərbi idarə onun öhdəsindən gələ bilməz..." Ona görə də Dövlət Müdafiə Komitəsinin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti yeni bir xüsusi xidmət orqanının "Əksinqilabla Mübarizə Təşkilatının" yaradılması barədə qərar qəbul etdi.

Milli Təhlükəsizlik Nazirliyinin sələfi olan "Əksinqilabla Mübarizə Təşkilatı" 1919-cu il iyun ayının 11-də - Azərbaycanın bütün ərazisində fövqəladə vəziyyət elan edilən gün yaradılmış və 1920-ci il martın 6-dək fəaliyyət göstərmişdir. "Əksinqilabla Mübarizə Təşkilatı" Azərbaycanın dövlət müstəqilliyinə, ərazi bütövlüyünə təhlükə törədə biləcək daxili və xarici qüvvələrlə mübarizə aparan bir təşkilat idi. Cəmi 9 ay fəaliyyət göstərən bu təşkilat 119 nəfərlik şəxsi heyətlə birlikdə Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin qorunması istiqamətində bir neçə uğurlu əməliyyatlar həyata keçirə bilmişdir.

İlk üç ayda təşkilata Məmmədbağır Şeyxzamanov rəhbərlik etmişdi. Öz fəaliyyətini Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində millət vəkili kimi davam etdirmək istəyən Məmmədbağır Şeyxzamanov avqustun 20-də ərizəsinə əsasən işdən azad edildi. Ancaq ölkənin təhlükəsizliyi üçün əhəmiyyətli dərəcədə önəm daşıyan bir təşkilatın rəhbərliyini uzun müddət boş saxlamaq olmazdı. Ona görə də DMK Məmmədbağır bəyin qardaşı Nağı bəy Şeyxzamanovu həmin təşkilatın rəisi təyin etdi.

Təşkilatın şəxsi heyətinin milli tərkibi də müxtəlif idi. Burada azərbaycanlılarla birlikdə ruslar, ukraynalılar, gürcülər və digər millətlərin nümayəndələri də işləyirdilər. Maraqlı məqamlardan biri də budur ki, Bakıda istənilən sayda erməninin olmasına baxmayaraq, şəxsi heyətin siyahısında onların adlarına rast gəlinmir. Tarixçi Məmməd Cəfərli "ADR-in xüsusi xidmət orqanları" kitabında bu məqama belə aydınlıq gətirir: "Onlar (ermənilər nəzərdə tutulur-müəllif) siyasi baxışlarından asılı olmayaraq, "Əksinqilabla Mübarizə Təşkilatı"nın öyrənilmə obyekti hesab olunurdular". Sonrakı illərin və bu günün reallıqları baxımından erməni təhlükəsinin Azərbaycan üçün ən ciddi təhdidlərdən olması bir daha təsdiqlənir.

Bu günə kimi Milli Təhlükəsizlik Nazirliyinin arxivində saxlanılan "Əksinqilabla Mübarizə Təşkilatı"nın əsasnaməsindən məlum olur ki, bu təşkilatın əməkdaşlarının hüquq normaları çərçivəsində axtarış aparmağa, sual və həbs etməyə icazəsi olub. Eyni zamanda, onlar dövlət əleyhinə gizli və açıq şəkildə təbliğat aparan, dövri mətbuatda hökumət əleyhinə təxribat xarakterli çıxışlar edən hər kəsə qarşı siyasi mənsubiyyətindən, milliyyətindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq mübarizə aparırdılar. Lakin təşkilatın bolşeviklərə qarşı mübarizədə bütün qüvvələrini səfərbər etməsinə baxmayaraq, onların fəaliyyətlərinin get-gedə gücləndiyi açıq-aşkar hiss olunurdu. "Azərbaycan" qəzeti 7 mart 1920-ci il tarixli sayında yazırdı: "Martın 6-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası əks-kəşfiyyatın ləğv edilməsi barədə qərar qəbul etmişdir". Əksinqilabla Mübarizə Təşkilatı buraxıldıqdan sonra Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalına 52 gün qalmış, yəni mart ayının 6-dan sonra əks-kəşfiyyat təminatını Bakı general-qubernatorluğunun tərkibində yaradılmış informasiya şöbəsi təmin etmişdir.

Cəmi 13 nəfərdən ibarət olan bu şöbəyə Ələkbər xan Şahsuvarov rəhbərlik edib. Ələkbər xan Şahsuvarov başda olmaqla şöbənin bütün əməkdaşları ölkəyə xarici müdaxilələrin qarşısını almaq üçün əllərindən gələni əsirgəməmişdilər. Lakin 52 günə heç nəyi dəyişmək mümkün deyildi. Bakı general-qubernatorluğunun informasiya şöbəsi bolşevik Rusiyası Azərbaycanı işğal edənədək fəaliyyət göstərdi.

1920-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra, daha doğrusu, bolşevik işğalının ertəsi günü Azərbaycan Fövqəladə Komissiyası (FK) yaradıldı. Xalq arasında bu təşkilat "Az.ÇK", yəni "Azerbaydjanskaya Çrezvıçaynaya Komissiya" adlanırdı. Dərhal kütləvi həbslərə başlayan Azərbaycan Fövqəladə Komissiyası bu işdə XI Ordunun Xüsusi şöbəsinin köməyindən istifadə edirdi. Bu da o dövrdə Xüsusi şöbənin rəisi olan Pankratovun səlahiyyətlərini getdikcə daha da artırır və o, Fövqəladə Komissiyanın işlərinə müdaxilə, eyni zamanda rəhbərlik edə bilirdi. Az.FK-nın sədri Eyyub Xanbudaqov təyin olunsa da, əsas qərarları onun müavini Pankratov verirdi ki, bu da azərbaycanlılara qarşı olan inamsızlıqdan irəli gəlirdi. Bu inamsızlıq özünü kadr seçimində də büruzə verirdi. Əgər "Əksinqilabla Mübarizə Təşkilatı"nda şəxsi heyətin 80-85 faizi azərbaycanlılardan ibarət idisə, Fövqəladə Komissiyada onlar şəxsi heyətin cəmi 6-7 faizini təşkil edirdilər.

1920-cı il aprelin 29-da yaranmasına baxmayaraq, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyəti "Azərbaycan Fövqəladə Komissiyası haqqında" əsasnaməni 1922-ci il noyabr ayının 19-da təsdiq etdi. Bu dövrü komissiyanın fəaliyyətinin tam azğınlıq, cəzasızlıq, sonrakı illərin təcrübəsinə əsaslanaraq, bəlkə də qanuniləşdirilməmiş özbaşınalıq mərhələsi adlandırmaq olar. Həmin Əsasnamə formal baxımdan Azərbaycan Fövqəladə Komissiyasının qarşısında duran məqsəd və vəzifələri müəyyənləşdirdi. 2 il 6 ay ərzində məqsəd və vəzifəsi rəsmiləşdirilməmiş bu təşkilatın əməkdaşları istədikləri adamı, istədikləri vaxt "xalq düşməni" elan edib, həbs etmək və hətta güllələmək səlahiyyətinə malik idilər. Bu məsələ ilə bağlı Nəriman Nərimanov "Ucqarlarda inqilabımızın tarixinə dair" əsərində belə yazırdı: " Azərbaycanı başdan-başa qarət edirlər, sağa və sola güllələyirlər". Təkcə onu qeyd etmək kifayətdir ki, 1920-1921-ci illərdə 40 mindən çox soydaşımız Fövqəladə Komissiya tərəfindən məhv edilib.

Əsasnamədən görünür ki, təşkilatın qarşısında qoyulan vəzifələrdə ümumən müsbət çalarlar olsa da, son məqamda onların məqsəd və məramları imperiyaya xidmət, Azərbaycan xalqını öz soykökündən ayıraraq onun genefonduna zərbə vurmaq, xalqın milli-mənəvi dəyərlərini məhv etmək, kütləvi qırğın və həbslərlə xalqı vahimə altında saxlamağa xidmət edirdi.

Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 7 avqust 1926-cı il tarixli qərarı ilə Sovet Azərbaycanının ilk xüsusi xidmət orqanı olan Azərbaycan Fövqəladə Komissiyasının adı dəyişdirilərək Azərbaycan Dövlət Siyasi İdarəsi (DSİ) adlandırıldı. 8 ildən sonra, 1934-cü il iyulun 24-də bu idarənin bazasında, Xalq Daxili İşlər Komissarlığı (XDİK) yaradıldı. Xalq arasında "NKVD" kimi tanınan və imperiyanın Azərbaycan xalqına qarşı repressiv aksiyalarını həyata keçirən bu təşkilat xalqın ədəbiyyatına, tarixinə, mədəniyyətinə, fəlsəfəsinə, maddi-mənəvi dəyərlərinə ağır zərbələr vurdu. "Kim bizimlə deyil, bizim düşmənimizdir" prinsipini əsas götürən imperiya bölşevikləşə bilməyən Azərbaycan ziyalılarını gülünc ittihamlarla ittiham edir, güllələyir və ya uzaq Sibir meşələrinə sürgün edirdi. İttiham edənlər qriqoryanlar, mirzoyanlar, qalstyanlar, markaryanlar, avetisyanlar, ittiham olunanlar isə Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Ömər Faiq Nemanzadə, Əhməd Kazımov və başqaları idi. Bu heç də təsadüfi deyildi. Həmin dövrdə "NKVD" əməkdaşlarının əksəriyyəti ermənilərdən ibarət idi. Məhz onların səyi ilə bu orqanlar tərəfindən 400 mindən çox soydaşımız məhv edildi, bir o qədər də sürgün olundu.

Törədilən vəhşilikliklərdə müstəsna xidmətləri olan, xalq arasında adı vahimə ilə çəkilən "Az.ÇK", "QPU", "NKVD"-nin əməkdaşları arasında millətinə sadiq, Sovet Rusiyası tərəfindən aldandıqlarını tez başa düşən, sonrakı fəaliyyətlərini imperiyaya qarşı mübarizəyə həsr edən və buna görə də son nəticədə bolşeviklər tərəfindən güllələnən azərbaycanlılar da var idi. Bir vaxtlar bu orqanlara rəhbərlik etmiş Eyyub Xanbudaqov və Novruz Rizayev belələrindəndir.

50-ci illərin ortalarından etibarən respublika təhlükəsizlik orqanlarında milliləşmə və tarixi ədalətin bərpa edilməsi istiqamətində xeyli işlər görüldü. Bu proses ümummilli liderimiz, görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Onun ən böyük xidmətlərindən biri təhlükəsizlik orqanlarının milliləşdirilməsi məsələsinə önəm verməsi idi. Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi müddətdə onu narahat edən əsas məsələlərdən biri də təhlükəsizlik orqanlarında azərbaycanlıların başqa millətlərə nisbətən azlıq təşkil etməsi idi. 1953-cü ildə nazirliyin əks-kəşfiyyat şöbəsinə rəis təyin edildikdən sonra Heydər Əliyev-o dövrdə çoxlarının hətta haqqında fikirləşməyə belə qorxduqları bir işə-təhlükəsizlik orqanlarında milli kadrların sayını artırmağa və bu orqanları Azərbaycana xəyanət etmiş insanlardan təmizləməyə başladı. Gənc zabitin bu təşəbbüsü təbii ki, nə burdakı, nə də Moskvadakı rəhbərliyi qane edirdi. Ona görə də bir müddət keçdikdən sonra onu tutduğu vəzifədən uzaqlaşdırdılar. Sonralar Heydər Əliyev o dövrü belə xatırlayırdı: "1954-cü ilin əvvəli idi. Mən başladım təmizləmə işləri aparmağa, Ağasəlim Atakişiyev o vaxt hələ müavin idi. Gəldim onun yanına, dedim ki, iki-üç adamı (adlarını demək istəmirəm, onların hamısı rəhmətə gedibdir) həbs etmək lazımdır. O kişi qorxusundan ağır vəziyyətə düşdü (sonra 1956-cı ildə onun özünü də həbs elədilər), dedi ki, sən nə danışırsan, cavan oğlansan, gəlmisən, belə şeylər edirsən, belə şeylər etmək olmaz. Dedim ki, necə etmək olmaz, bax, bu bunun cinayəti, gördüyü işlər, bu sübut, bu filan. Siz sadəcə icazə verməlisiniz, qurtardı getdi. Bir dəfə, iki dəfə, üç dəfə bu addımları atdım və sonra 1955-ci ildə də bunların-həmin o cəsarətli addımların qurbanı oldum. Amma öz iradəmdən dönmədim, həmin o təmizləmə işlərinə başladım".

Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsində rəhbər vəzifələrdə işlədiyi dövrlərdə bu orqanın həm kəşfiyyat, həm də əks-kəşfiyyat sahəsində çox bacarıqlı, savadlı azərbaycanlı kadrlar yetişmişdi. Bunlardan 80-88-ci illərdə Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik etmiş, hazırda MTN-in Akademiyasına rəhbərlik edən general-leytenant Ziya Yusifzadəni, istefada olan polkovniklər Maqsud Məmmədovu, Adna Adnayevi, Azər Abbasquliyevi, Adil Bağırovu misal gətirə bilərik. Heydər Əliyevin uzaqgörənliyi onda idi ki, o, 60-cı illərdə xalqda yenidən oyanan milli özünüdərkin, milli yaddaşın DTK-da işləyən başqa millətlərin nümayəndələri tərəfindən beşiyindəcə boğulmasına imkan vermədi.

1997-ci il iyunun 28-də Azərbaycan Respublikası Milli Təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsinə həsr olunmuş mərasimdə ümummilli liderimiz Heydər Əliyev bu orqanda öz soykökünə bağlı, vətəninə, millətinə sədaqətli milli kadrların sayının artırılmasının vacibliyini və bu işə həmişə önəm verməsini xüsusilə qeyd etmişdi: "Kadr yetişdirmək böyük vaxt, böyük zəhmət tələb edir. Mən burada Dövlət Təhlükəsizlik Komitəsində işlədiyim zaman da, Azərbaycanın rəhbəri olduğum zaman da çalışmışam ki, milli kadrlar yetişdirək. Bir tək burada deyil, mən bunu hər yerdə edirdim. Amma burada xüsusilə". Məhz onun rəhbərliyi ilə təhlükəsizlik orqanlarında azərbaycanlıların xüsusi çəkisi artaraq, 40-50-ci illərdəki 25 faizdən 70-80-ci illərdə 70 faizə çatmışdı.

Öz millətini sevməyən heç vaxt-sovet rejiminin təbirincə desək, beynəlmiləlçi ola bilməz. Məhz bu aspektdən yanaşdıqda təhlükəsizlik orqanlarının milliləşdirilməsinin necə böyük əhəmiyyət kəsb etdiyini başa düşmək olar və bu da birmənalı şəkildə Heydər Əliyevin adı ilə bağlıdır.

71 illik bir zaman kəsiyində fəaliyyət göstərən Sovet Azərbaycanının təhlükəsizlik orqanları müxtəlif dövrlərdə müxtəlif adlar altında birbaşa Moskvadan idarə olunmasına baxmayaraq, bu təşkilatların fəaliyyət göstərdikləri dövrlər də Azərbaycan Təhlükəsizlik orqanları tarixinin tərkib hissəsidir. Əsasən qara hərflərlə yazılmış bu səhifələr də istəməsək belə bizim tariximizdir. Tarixi isə danmaq olmaz. Müstəqil Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyevin təbirincə desək, "Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi də qiymətləndirmək lazımdır. Tarixi təhrif etmək də olmaz, tariximizdəki qara ləkələri, qara səhifələri unutmaq da olmaz".

Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra, noyabr ayının 5-dən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi təsis edildi. Bu nazirlik Dövlət Təhlükəsizlik Komitəsindən forma və məzmunu baxımından köklü sürətdə fərqlənirdi. Nazirliyin qarşısında duran vəzifələr müstəqil Azərbaycan Respublikasının suverenliyinə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına, digər həyati əhəmiyyətli maraqlarına qarşı daxili və xarici təhdidlərin, eləcə də xarici dövlətlərin xüsusi xidmətlərinin və təşkilatlarının, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin kəşfiyyat və digər təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınmasından ibarətdir.

Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin ən yeni dövrünün başlanğıcı xalqımızın böyük oğlu, fenomenal qabiliyyətli dövlət xadimi Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı, nazirliyin işinin yenidən qurulması və nizamlanmasına göstərdiyi tələbkarlıq, eyni zamanda gündəlik qayğı və diqqəti ilə qoyulmuşdur. Azərbaycan Respublikasının mühüm dövlətçilik təsisatlarından olan Milli Təhlükəsizlik Nazirliyinin ölkənin aparıcı qurumlarından birinə çevrilməsi, təhlükəsizlik siyasətinin hüquqi əsaslarının yaradılması da əmək fəaliyyətinin böyük bir hissəsini təhlükəsizlik orqanlarında çalışmış Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu böyük insanın səyləri sayəsində Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətində də əsaslı dönüş yaranmışdır. Ömrünün 25 ilini bu orqanlara həsr etmiş Heydər Əliyev xüsusi xidmət orqanı əməkdaşının aşağıdakı keyfiyyətlərə malik olmasının vacibliyini həmişə xüsusilə qeyd edirdi: "Ədəbiyyatı, mənəviyyatı, mədəniyyəti, musiqini, tarixi yaxşı bilməyən adam peşəkar təhlükəsizlik işçisi ola bilməz. Bilirsiniz, təhlükəsizlik işçisi adi sısk işçisi deyil,-"sısk" rus sözüdür, mən bunu işlədirəm,-bu işçi yüksək mədəniyyətli, keyfiyyətli işçi olmalıdır. Elə bir işçi ki,-şairlə də, bəstəkarla da, yazıçı ilə də, alimlə də, adi vətəndaşla da danışa bilsin. Yəni belə səviyyədə olmalıdır. Əgər belə olmasa, o, ağı qaradan, pisi yaxşıdan, cinayəti səhvdən, səhvi cinayətdən ayıra bilməz".

Böyük öndərin tövsiyələrini əldə rəhbər tutan Milli Təhlükəsizlik Nazirliyi indi də kadr seçimində məhz bu tövsiyələrə əsaslanır və vətəninə, millətinə, torpağına, öz soykökünə bağlı, yüksək intellektual potensiala malik gənclərə üstünlük verir.

Hazırda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin milli maraqlar nəzərə alınmaqla, beynəlxalq standartlara uyğun formalaşdırılması üçün mühüm tədbirlər həyata keçirilir. Nazirlik xarici ölkələrin, tərəfdaş dövlətlərin müvafiq qurumları ilə milli maraqların təmin olunmasına, eyni təhdidlərə qarşı ümumi mövqeyə əsaslanan real və səmərəli əməkdaşlığı genişləndirir. Əməkdaşlıq yalnız texniki yardımlara, təlimlərə, təcrübənin mənimsənilməsinə deyil, qarşıda duran strateji vəzifələrin, o cümlədən təhlükəsizlik məsələlərinin həlli üzrə ölkənin müvafiq siyasəti üçün əlverişli şərait yaradılması, beynəlxalq hüquqi aktların və informasiya mübadiləsinin imkanları hesabına mövqelərimizin möhkəmləndirilməsinə xidmət edir.

MTN-də aparılan düşünülmüş kadr siyasətinin nəticəsidir ki, terrorçuluqla, onun beynəlxalq formaları ilə, transmilli cinayətkarlıqla önəmli mübarizə aparılır, ölkə ictimaiyyəti və tərəfdaş dövlətlər tərəfindən təqdir olunan ciddi nailiyyətlər qazanılır. Son vaxtlar cəmiyyətdə geniş rezonans doğurmuş, ictimai təhlükəsizliyə və əmin-amanlığa nəzərəçarpacaq təsir göstərmiş cinayətlərin açılması üzrə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən nazirliyin qarşısında qoyulan mühüm tapşırıq milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun rəhbərliyi ilə uğurla yerinə yetirildi. Respublika əhalisini haqlı olaraq narahat edən və uzun illər bağlı qalan bir çox cinayətlər MTN əməkdaşları tərəfindən yüksək peşəkarlıqla həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində açıldı.

Bu gün kollektivdə yaranmış sağlam əhval-ruhiyyə, yaxşı meyillər gələcək nailiyyətlər üçün gözəl zəmin yaradır. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları öz fəaliyyətlərini bundan sonra da gücləndirəcək və Azərbaycan xalqının, dövlətinin qarşısında duran böyük, taleyüklü vəzifələrin həyata keçirilməsində fəal iştirak edəcəkdir.

Əlimusa Əliyev,
Milli Təhlükəsizlik Nazirliyi Kadrlar İdarəsinin rəisi, polkovnik

MƏQALƏLƏR
Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının X iclası keçirilmişdir (“Azərbaycan” qəzeti, 19-20 noyabr 2007-ci il)
Azərbaycan alimləri: “Voyçex Pastuşkanın ermənilərin Ağdamda apardığı arxeoloji qazıntıları “siyasi qazıntılar” adlandırması erməni saxtakarlarının iç üzünü açan sərrast elmi qiymətdir” (“APA”, 11.07.2007)
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Sərhəd Qoşunları fakültəsinin növbəti buraxılışı olmuşdur (“AzərTAc”, 07.07.2007)
Qara Bağdan açıqca («Wyborczej» qəzeti (Polşa) 17.04.1998 – 18.04.1998) (Azərbaycan, rus və polyak dillərində)
NATO-Azərbaycan əməkdaşlığında Milli Təhlükəsizlik Nazirliyinin rolu (“Diplomatiya və Hüquq” jurnalı, №1 (007) aprel 2007)
Azərbaycanın müstəqilliyinin qorunmasında milli təhlükəsizlik orqanlarının xidməti xüsusi qeyd edilmişdir (“Azərbaycan” qəzeti, 28.05.2007)
“ABŞ Konqresinin 106-cı qətnaməsinə dair. Uydurma “erməni genosidinin” tanınmasına dair bir neçə kəlmə” (rus dilində) («Эхо» qəzeti, 21.04.2007)
“Böyük yalan: erməni genosidinə dair mif” (газета
Dövlət İdarəçilik Akademiyasında milli təhlükəsizlik orqanlarının yaradılmasının 88 illiyi ilə əlaqədar tədbir keçirilmişdir ("Azər Tac",19.03.2007)
Azərbaycan təhlükəsizlik orqanlarının 88 illiyi Yasamal rayonunda da qeyd edilmişdir ("Azər Tac",19.03.2007)
MTN milli maraqların və dövlətçiliyin sədaqətli müdafiəçisidir ("Azər Tac",19.03.2007)
Xocali Faciəsi Dünyada Törədilmiş Ən Ağir Cinayət və Soyqırımıdır (“Azər Tac”,24.02.2007)
Transmilli Mütəşəkkil Cinayətkarliqla Mübarizədə Uğurlu Mərhələ («Azərbaycan» qəzeti, 23.02.2007)
Milli Təhlükəsizliyimizin Etibarli Təminatçisi ("Azərbaycan",12.01.2007)
Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini azad etməlidir («The Patriot» qəzeti - İslamabad, 27.11.2006)
Eldar Mahmudov, Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri, general-leytenant: «Prezident İlham Əliyevin siyasi kursu milli təhlükəsizliyimizi təmin edir»
Eldar Mahmudov, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Naziri, general-leytenant:
Almaniya Federal Kəşfiyyat Xidmətinin nümayəndə heyətinin Azərbaycana səfəri (13.08.2005)
Etibarlı milli təhlükəsizliyə aparan yol (“Respublika” qəzeti 15.06.2005)
Almaniya Bundestaqı nümayəndə heyətinin Azərbaycana səfəri (24.05.05 “AzərTac”)
Millətə xidmət üçün yaranmış insan (09.05.2005 “Xalq qəzeti”)
Вклад Азербайджана в Великую Победу (Москва 2005)
Quba soyqırımı, yaxud ruhların kəsilməyən fəryadı (23.04.2005 “Azərbaycan”)
Bakida “Cənubi Qafqazda köçkün düşmüş əhali” mövzusunda Beynəlxalq seminar keçirilmişdir
1918-1920-ci illərdə türk-müsəlman soyqırımları (“Azərbaycan” 01-02. 04.2005)
Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının əməkdaşları peşə bayramlarını qeyd etmişlər («Azərbaycan», 29.03.05)
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyətinə (28.03.2005)
Milli təhlükəsizlik orqanlarının yaradılmasının 86 illiyinə həsr olunmuş görüş keçirilmişdir («Azərbaycan», 27.03.05)
Milli Qəhrəmanın xatirəsinə ehtiram («Azərbaycan», 27.03.05)
Məktəbdə yubiley tədbiri («Azərbaycan», 27.03.05)
Vətənin təhlükəsizlik sipəri (Əlimusa Əliyev, «Respublika», 26.03.05)
Azərbaycan Təhlükəsizlik Orqanlarinin 86 Illiyi Münasibətilə Görüş Keçirilmişdir («Respublika», 26.03.05)
Milli təhlükəsizliyin hərtərəfli təminatına nail olmalıyıq («Azərbaycan», 26.03.05)
Prezident İlham Əliyevin MTN-in bir qrup əməkdaşına mükafatları təqdim etmə mərasimi («Azərbaycan», 17.03.05)
Şərəfli ömür yolu (Xatirə Tağıyeva, «Respublika» 25.01.05)
Sonradan qəhrəman olmurlar, anadan qəhrəman doğulurlar (Xatirə Tağıyeva, Esmira Şükürova, «Respublika», 19.12.04)
«Erməni cinayətləri» - yeni kitab erməni daşnaqlarının azərbaycanlılara qarşı soyqırımından bəhs edir (Şəhla Tahirqızı, «Yeni Azərbaycan», 02.12.04)
O əsil qəhrəman idi (Xatirə Tağıyeva, «Azərbaycan», 09.04.04)
Mən ölmək istəmirəm (Pakizə Bəşirova, «Sərhəd». 1-15.09.99)
Ölümünə inanmırıq (Pakizə Bəşirova «Sərhəd», 28.03.99)
Şəhid Nadir (Cəlal Qasımov, Adil Babayev, «Sərhəd», 29.06.93)
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına Döyüş Bayrağının təqdim edilməsinə həsr olunmuş təntənəli mərasim
Milli Təhlükəsizlik orqanlarinin əməkdaşlari peşə bayramlarini qeyd etmişlər (Azərtac)
Şəkidə təhlükəsizlik orqanlarinin yaradilmasinin ildönümü geniş qeyd olundu
Sumqayıtda respublika təhlükəsizlik orqanlarının 87-ci ildönümü qeyd olunmuşdur (AzərTAC)
Vətənin təhlükəsizliyini qorumaqdan şərəfli vəzifə ola bilməz
Erməni "xalq nağılları" ( «Каспи» qəzeti, 07.10.2006)
ГЕНОЦИД = КАКА или сила слов
Армянский сепаратизм на Южном Кавказе (журнал «Дирчелиш XXI аср», 104-105/2006)