|
Milli təhlükəsizlik orqanlarının yaradılmasının 86 illiyinə həsr olunmuş görüş keçirilmişdir
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi respublikamızın təhlükəsizlik orqanlarının 86 illiyi münasibətilə Bakının Suraxanı qəsəbəsindəki Neftçi Qurban adına mədəniyyət sarayında ictimaiyyətin nümayəndələri ilə görüş keçirmişdir.
Nazirliyin əməkdaşları Polad Novruzov, Vahid Zeynalov, MTN-in veteranları Əsəd Şəmsizadə, Arif Zeynalov, ziyalılar, şəhid, məcburi köçkün ailələrinin üzvləri çıxışlarında şanlı ənənələri olan təhlükəsizlik xidməti orqanlarının yaradılması, inkişaf tarixi barədə danışmış, 1919-cu il martın 28-də Azərbaycan Demokratik Respublikası Hərbi Nazirliyinin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsinin təşkilİ ilə fəaliyyətə başlamış qurumun 86 ildə keçdiyi çətin və şərəfli yola nəzər salmışlar. Qeyd edilmişdir ki, MTN əsil inkişaf dövrünü ümummilli liderimiz Heydər Əliyevin bu quruma və respublikamıza rəhbərliyi illərində yaşamışdır. Dahi rəhbərin xüsusi xidmət orqanlarındakı uzunmüddətli səmərəli fəaliyyəti, zəngin bilik və təcrübəsi nəinki keçmiş SSRİ məkanında, hətta, bir sıra xarici ölkələrdə indi də öyrənilir, yüksək qiymətləndirilir.
Çıxış edənlər ümummilli liderimizin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin də MTN-in fəaliyyətinin gücləndirilməsinə, onun qanunvericilik bazasının genişlənməsinə, maddi-texniki bazasının yüksəldilməsinə, şəxsi heyətinin maddi-məişət şəraitinin yaxşılaşmasına xüsusi diqqət yetirdiyini, həyata keçirilən belə tədbirlərin nazirlik əməkdaşlarının məsuliyyət hissinin, əhval-ruhiyyəsinin xeyli artmasına şərait yaratdığını razılıq hissilə vurğulamışlar.
Son vaxtlar müxtəlif mədəniyyət, humanitar yardım, xeyriyyə cəmiyyətləri adı altında fəaliyyət göstərən, əslində isə dünyanın bir sıra terrorçu təşkilatlarının ölkəmizdəki şəbəkəsi rolunu yerinə yetirməyə cəhd edən xüsusi qrupların aşkar edilərək vaxtında zərərsizləşdirilməsi, 12 terror-təxribat cəhdinin qarşısının alınması, 118 nəfərin cinayət məsuliyyətinə cəlb olunması, böyük maddi-mənəvi, mədəni dəyəri olan sərvətlərimizin ölkədən çıxarılmasına yol verilməməsi MTN-in beynəlxalq antiterror koalisiyasının fəal üzvlərindən biri olmasının əyani göstəricisinə çevrilmişdir.
Uzun müddətdən bəri vətəndaşlarımızın haqlı narahatlığına səbəb olmuş, qətl, qarət, adam oğurluğu ilə məşğul olan cinayətkar dəstə üzvlərinin məhz dövlət rəhbərimizin qəti göstəriş və tapşırığı ilə Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat-axtarış və istintaq qrupu tərəfindən müəyyən olunub tutulması da cəmiyyətdə MTN-in nüfuzunun, peşəkarlığının, Prezidentə, Vətənə, dövlətə sədaqətinin əyani sübutuna çevrilmiş, cəmiyyətdə razılıqla qarşılanmışdır. "Qara kəmər" adı altında aparılmış bu əməliyyat tədbiri xalqın dövlətçiliyimizə, onun qarantı olan Prezidentə, Ali Baş Komandanına inamını daha da gücləndirmiş, MTN-in nüfuzunu möhkəmlətmişdir. MTN-in rəhbərliyində aparılmış son kadr dəyişikliyinin qısa müddətdə öz müsbət təsirini göstərməsi, bu qurumda əsaslı keyfiyyət dəyişikliyinin baş verdiyi cəmiyyətdə əlamətdar fakt kimi qəbul olunmuşdur. Dövlətimizin siyasi rəhbərliyinin xalqın rifahı, firavanlığı, qanunçuluğun qorunub möhkəmlənməsi istiqamətində apardığı məqsədyönlü siyasətinin bəyənildiyi, dəstəkləndiyi bütün çıxışlarda xüsusi vurğulanmışdır.
Natiqlər razılıq hissilə onu da bildirmişlər ki, MTN son vaxtlar öz fəaliyyətində aşkarlığa, xalqla ünsiyyətə xüsusi əhəmiyyət verir, bu isə cəmiyyətdə milli təhlükəsizliyimizin qorunub saxlanmasına cavabdehlik hissinin formalaşmasına müsbət təsir göstərir.
MTN-in kollektivini peşə bayramları münasibətilə təbrik edən ictimaiyyət nümayəndələri müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsində, ərazi bütövlüyümüzün bərqərar olmasında, demokratik hüquqi dövlət quruculuğunda təhlükəsizlik orqanlarının əməkdaşlarına yeni uğurlar arzulamışlar.
Toplantı iştirakçıları adından Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət qəbul edilmişdir.
Tədbir rayon bədii özfəaliyyət kollektivlərinin çıxışları ilə sona çatmışdır.
"Azərbaycan", 27 mart 2005-ci il
|