|
Martın 28-də Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının əməkdaşları öz peşə bayramlarını qeyd etmişlər.
Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları təntənəli yığıncaqdan əvvəl Fəxri xiyabana gəlmiş, Azərbaycan təhlükəsizlik orqanlarında milliləşmə prosesinin banisi, müstəqillik illərində MTN-in ölkəmizin milli və dövlət maraqlarını qoruyan, yüksək peşəkarlığa malik qurum kimi formalaşmasında misilsiz xidmətləri olmuş ümummilli liderimiz Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı üzərinə əklil qoymuşlar.
Onlar görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla anmış, məzarı üzərinə əklil qoymuşlar.
Nazirliyin əməkdaşları daha sonra Şəhidlər xiyabanına gələrək, Vətənimizin müstəqilliyi uğrunda canından keçmiş oğul və qızlarımızın unudulmaz xatirəsini yad etmiş, qəbirləri üstünə güllər düzmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş və burada dəfn edilmiş MTN əməkdaşlarının - Azərbaycanın Milli Qəhrəmanları Eldar Məmmədovun və Nadir Əliyevin, habelə gizir Zərbəli Nəzirovun da xatirəsi yad edilmiş, onların məzarları üzərinə gül düzülmüşdür.
Əməkdaşlar silah yoldaşlarının erməni işğalçıları ilə döyüşlərdə rəşadət göstərərək şəhid olmuş və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Riyad Əhmədovun, Nadir Əliyevin, Əmiraslan Əliyevin, Eldar Məmmədovun, Faiq Cəfərovun, Bəhruz Mansurovun xatirəsinə MTN binasında asılmış lövhənin önünə də gül qoymuş, onların ruhuna ehtiramlarını bildirmişlər.
Milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramına həsr olunmuş təntənəli yığıncaq Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanmışdır. Sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyətinə təbriki oxunmuşdur.
Milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov yığıncaqda çıxış edərək demişdir ki, Azərbaycanın milli təhlükəsizlik orqanlarının formalaşması və inkişafı da ulu öndərimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Onun siyasi hakimiyyətin zirvəsinə doğru aparan mənalı və zəngin əmək fəaliyyəti təhlükəsizlik orqanlarından başlamış və 25 ilə yaxın müddətdə bu mühüm sahəyə həsr olunmuşdur. Ümummilli Liderimiz təhlükəsizlik orqanlarında milliləşmə prosesinin əsasını qoymuş, milli kadr özəyinin yaradılmasına daim böyük əhəmiyyət vermişdir. Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətində də əsaslı dönüş baş vermişdir. Məhz bu dövrdə milli maraqlara qarşı daxili və xarici təhdidlər konkretləşdirilmiş və kəşfiyyat, əks-kəşfiyyat, antiterror fəaliyyətinin istiqamətləri dəqiq müəyyənləşdirilmiş, işin forma və metodlarının təkmilləşdirilməsinə başlanılmışdır.
Təməli ulu öndərimiz tərəfindən qoyulmuş həmin ənənələr bu gün də uğurla davam etdirilir. Nazirlikdə uzun illərdən bəri formalaşmış peşəkar kadr özəyi vardır. Ötən dövr ərzində mühüm təcrübə toplamış, keçmişin müsbət ənənələrini yaşadan bir çox əməkdaşlar bu gün də xalqa, dövlətə sədaqət və ləyaqətlə xidmət edirlər. Digər hüquq-mühafizə orqanları ilə əlaqədə Milli Təhlükəsizlik Nazirliyinin səriştəli fəaliyyəti sayəsində dövlət çevrilişi cəhdlərinin, ölkənin ali rəhbərliyinə qarşı terror, sui-qəsd cinayətlərinin qarşısı alınmışdır. Beynəlxalq terrorizmə qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan ərazisində "Əl-Cihad", "Qafqaz İslam Ordusu", "Hizbut-Təhrir", "Ceyşullah" kimi terrorçu təşkilatların fəaliyyəti zərərsizləşdirilmiş, beynəlxalq terrorçu təşkilatlarla əlaqədə şübhəli bilindiyinə görə 7 humanitar təşkilat bağlanmış, 43 nəfər ölkədən çıxarılmış, onlarla terrorçu tərəfdaş ölkələrin müvafiq qurumlarına təhvil verilmişdir. Ermənistanın xüsusi xidmət orqanlarının təşkil etdiyi terrorçuluq aksiyaları ilə bağlı ağır cinayətlərin üstü açılmış, onların iştirakçıları ifşa olunaraq zərərsizləşdirilmişdir.
Nazir vurğulamışdır ki, əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş mühüm və fəal hüquq mühafizə siyasət xətti hazırda Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə və uğurla davam etdirilir. Dövlət başçısının ötən bir ildə qəbul etdiyi mühüm qərarlar, eləcə də Nazirliyin Əsasnaməsinin və yeni strukturunun təsdiqi, «Milli təhlükəsizlik haqqında», «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında», «Elektron imza və elektron sənəd haqqında», «Dövlət sirri haqqında» qanunlar təhlükəsizlik orqanlarının fəaliyyətinin qanunvericilik və normativ-hüquqi bazasını təşkil etməklə, funksional vəzifələrin daha səmərəli həyata keçirilməsinə geniş imkanlar açır.
Son vaxtlar nazirlikdə bütün istiqamətlər üzrə işlər daha da canlanmışdır, terror-təxribat fəaliyyətlərinin qarşısının alınması, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya, insan alveri, mütəşəkkil cinayətkarlığın digər təzahürləri ilə mübarizədə uğurlu nəticələr əldə edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycanın dövlət orqanlarında və strateji obyektlərində silsilə terror aksiyaları törətməyi planlaşdıran, "kamikadze" qadınlar hazırlayan ekstremist əhval-ruhiyyəli vəhhabilər qrupu aşkar olunaraq zərərsizləşdirilmişdir. Bu yaxınlarda beynəlxalq terrorçu təşkilatlarla əlaqəsi olan, xarici vətəndaşlardan ibarət daha bir təhlükəli cinayətkar qrup ifşa olunaraq zərərsizləşdirilmişdir. Cinayətkar qrupdan külli miqdarda hərbi ləvazimat və xüsusi rabitə vasitələri, xeyli sayda silah və döyüş sursatı, uzaq məsafədən idarə olunan elektron partlayıcı qurğuların sxemləri və sair aşkar edilərək götürülmüşdür.
Natiq mütəşəkkil, transmilli cinayətkarlıqla mübarizə istiqamətində də görülmüş işlərdən danışmış və bildirmişdir ki, narkotik vasitələrin İran-Azərbaycan, Dağlıq Qarabağ – İran - Azərbaycan, İran - Azərbaycan - Rusiya marşrutları ilə daşınması kanalları aşkarlanmış, bir qrup şəxs məsuliyyətə cəlb edilmişdir. Qeyri-leqal miqrasiya ilə mübarizə sahəsində görülmüş tədbirlər nəticəsində xaricə getmək niyyətində olan yerli vətəndaşlardan külli miqdarda pul alaraq, onları saxta sənədlərlə təmin edən şəxs həbs edilmişdir. Bakı və Dubay şəhərlərində qadın ticarəti ilə məşğul olan dəstə müəyyən edilmiş və üzvləri cinayət məsuliyyətinə cəlb olunmuşdur.
E. Mahmudov mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində görülmüş digər tədbirləri qeyd etmiş, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin təşkili və həyata keçirilməsinin əhəmiyyətini xüsusi vurğulamışdır. Nazir cəmiyyətdə geniş əks-səda doğurmuş, dövlət başçısı tərəfindən yüksək qiymətləndirilmiş "Qara kəmər" əməliyyatına da toxunmuş, onun həyata keçirilməsində fərqlənmiş əməkdaşların təltifi zamanı Prezident İlham Əliyevin dediyi "Milli təhlükəsizlik orqanlarında çalışan insanlar peşəkar, vətənə sadiq, dövlətçiliyimizə sadiq insanlardır" sözlərini MTN əməkdaşlarına böyük inamın bariz nümunəsi kimi qiymətləndirmişdir.
Keçirilmiş uğurlu əməliyyat tədbiri və peşə bayramı ilə bağlı dövlət başçısının Sərəncamı ilə yüksək dövlət mükafatlarına layiq görülmüş, eyni zamanda nazirin əmri ilə mükafatlandırılmış şəxsi heyət üzvləri haqqında məlumat verilmişdir.
MTN Akademiyasının rəisi, general-leytenant Ziya Yusifzadə, veteranların və gənclərin nümayəndələri təbrik sözü söyləmişlər.
Könüllü hərbi Vətənpərvərlik, texniki İdman Cəmiyyətinin sədri general-mayor Sərdar İsrafilov nazirliyin şəxsi heyətinə xoş arzularını bildirmiş, nazir Eldar Mahmudova MDB Könüllü Hərbi Vətənpərvərlik Şurasının medalını, digər əməkdaşlara diplomlar və müxtəlif mükafatlar təqdim etmişdir.
Yığıncaq iştirakçıları Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə şəxsi heyət adından müraciət qəbul etmişlər.
Müraciətdə xüsusi vurğulanır ki: «Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə başlanan və qətiyyətlə həyata keçirilən, Sizin müdrik rəhbərliyinizlə uğurla davam etdirilən dövlətçilik və müstəqillik siyasəti, hərtərəfli islahatlar xətti respublikamızda demokratik dövlət quruculuğu işlərinin ardıcıl olaraq möhkəmləndirilməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlığa və onun hər cür təzahürlərinə qarşı mübarizənin mütəşəkkil və səmərəli surətdə aparılmasına böyük imkanlar yaratmışdır».
Müraciətdə deyilir ki, şəxsi heyət Vətən qarşısında borcuna əməl etmək barədə anda həmişə sadiq qalacaq, respublika Prezidentinin, Ali Baş Komandanın yüksək etimadını doğruldacaq, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı adını daim uca tutacaqdır.
"Azərbaycan", 29 mart 2005-ci il
|