az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
KİTABXANA
Nəşrlər
Müsahibələr
Məqalələr
Məktublar
Millətə xidmət üçün yaranmış insan (09.05.2005 “Xalq qəzeti”)

Stalinin ölümündən sonra Sovetlər birliyində baş verən ictimai-siyasi proseslər ölkədə stalinizm buzunun əriməsinə təkan verdi. Artıq imperiyanın apardığı siyasətdə bir yumşaqlıq hiss olunurdu. Milli özünüdərkin, milli özünəqayıdışın elementləri elm, ədəbiyyat, incəsənət və mədəniyyətdə özünü daha çox büruzə verirdi. Azərbaycan ədəbiyyatında yenidən milli ruhlu əsərlər meydana gəlirdi. Baxmayaraq ki, DTK xofu xalqın içindəydi, bununla belə, ədəbiyyata gəlmiş yeni, milli ruhlu gənclər artıq öz fikirlərini yazmaqdan çəkinmirdilər. Azərbaycan ədəbiyyatında sərbəst vəznin yaradıcılarından olan Rəsul Rzanın “Qızılgül olmayaydı” poeması, nəsrimizin görkəmli nümayəndəsi İsa Hüseynovun “Tütək səsi”, “Yanar ürək” əsərləri, bütün varlığı ilə azadlıq şairi olan Xəlil Rza Ulutürkün vətənpərvər şerləri, “Gülüstan” poeması ilə Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirən Bəxtiyar Vahabzadənin milli ruhda yazdığı şerlər həmin dövrün məhsulu idi. Bir qədər sonra o dövrün ədəbiyyatında yeni imzalar görünməyə başladı. Yusif Səmədoğlu, Anar, Əkrəm Əylisli, Elçin. Onların əsərlərinin əsas leytmotivini xalqın soykökünə qayıdışı, milli adət-ənənələr, tarixi qəhrəmanlarımızın həyatı təşkil edirdi.

Təbii ki, 60-cı illərdə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında gedən bu proseslər DTK-nın nəzarətindən kənarda qala bilməzdi və qalmırdı da. Lakin çox maraqlı idi ki, bunların heç biri məsuliyyətə cəlb olunmamışdır. Bəs necə olurdu ki, bu adamlar sovet cəza sisteminin məngənəsinə düşmürdülər? Burada bir neçə amil rol oynaya bilər ki, bunlardan da ən əsası həmin dövrdə Dövlət Təhlükəsizlik Komitəsindən kiminsə onların imperiya siyasətinin qurbanı olmalarına müxtəlif yollarla imkan verməməsidir. Apardığımız araşdırmalar belə bir nəticəyə gəlməyə əsas verir ki, bu şəxs həmin dövrdə DTK-da rəhbər vəzifələrdə işləyən Heydər Əlirza oğlu Əliyev olmuşdur. Məhz onun xidmətləri sayəsində o dövrdə Azərbaycanın bir çox görkəmli sənət adamları, elm və incəsənət xadimləri DTK-nın qanlı caynaqlarından xilas ola bilmiş və Azərbaycanda milli şüurun oyanışına öz əsərləri ilə rəvac vermişdilər.

Heydər Əliyevin ən böyük xidmətlərindən biri təhlükəsizlik orqanlarında milli kadrların sayının artırılmasına önəm verməsi idi. Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi müddətdə onu narahat edən əsas məsələlərdən biri də təhlükəsizlik orqanlarında azərbaycanlıların başqa millətlərə nisbətən azlıq təşkil etməsi idi. 1953-cü ildə nazirliyin əks-kəşfiyyat şöbəsinə rəis təyin edildikdən sonra o dövrdə çoxlarının hətta haqqında fikirləşməyə belə qorxduqları bir işə – təhlükəsizlik orqanlarında milli kadrların sayını artırmaq və bu orqanları Azərbaycana xəyanət etmiş insanlardan təmizləməyə başladı. Gənc zabitin bu təşəbbüsü təbii ki, nə buradakı, nə də Moskvadakı rəhbərliyi qane etmirdi. Ona görə də bir müddət keçdikdən sonra onu tutduğu vəzifədən uzaqlaşdırdılar. Sonralar Heydər Əliyev o dövrü belə xatırlayır: “Xatirimdədir, 1954-cü ilin əvvəli idi. Mən başladım təmizləmə işləri aparmağa, Ağasəlim Atakişiyev o vaxt hələ müavin idi. Gəldim onun yanına, dedim ki, iki-üç adamı (adlarını demək istəmirəm, onların hamısı rəhmətə gedibdir) həbs etmək lazımdır. O kişi qorxusundan ağır vəziyyətə düşdü (sonra, 1956-cı ildə onun özünü də həbs elədilər), dedi ki, sən nə danışırsan, cavan oğlansan, gəlmisən, belə şeylər edirsən. Belə şeylər etmək olmaz. Dedim ki, necə etmək olmaz, bax, bu, bunun cinayəti, gördüyü işlər, bu sübut, bu filan. Siz sadəcə icazə verməlisiniz, qurtardı getdi. Bir dəfə, iki dəfə, üç dəfə bu addımları atdım və sonra, 1955-ci ildə də bunların – həmin o cəsarətli addımların qurbanı oldum. Amma öz iradəmdən dönmədim, həmin o təmizləmə işlərinə başladım”.

Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsində rəhbər vəzifələrdə işlədiyi dövrlərdə bu orqanın həm kəşfiyyat, həm də əks-kəşfiyyat sahəsində çox bacarıqlı, savadlı azərbaycanlı kadrları yetişmişdi. Bunlara 80-88-ci illərdə Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik etmiş, hazırda MTN-nin Akademiyasına rəhbərlik edən general-leytenant Ziya Yusifzadəni, istefada olan polkovniklər Maqsud Məmmədovu, Adna Adnayevi, Azər Abbasquliyevi, Adil Bağırovu misal göstərə bilərik. Heydər Əliyevin uzaqgörənliyi onda idi ki, o, 60-cı illərdə xalqda yenidən oyanan milli özünüdərkin, milli yaddaşın DTK-da işləyən başqa millətlərin nümayəndələri tərəfindən beşiyindəcə boğulmasına imkan verməmişdi. Təhlükəsizlik orqanlarının milliləşdirilməsində də əsas məqsəd bu idi. Öz millətini sevməyən şəxs heç vaxt, sovet rejiminin təbirincə desək, beynəlmiləlçi ola bilməz. Məhz bu aspektdən yanaşdıqda təhlükəsizlik orqanlarında milli kadrların sayının artırılmasının necə böyük əhəmiyyət kəsb etdiyini anlamaq olar və bu da birmənalı şəkildə Heydər Əliyevin adı ilə bağlıdır.

Sənət adamlarının xilaskarı

Ölkənin ictimai-siyasi həyatında baş verən dəyişikliklər sovet respublikalarında azadfikirliliyin hiss olunacaq dərəcədə artmasına təkan verdi. Təbii ki, bu da Moskvanı çox narahat edirdi. Ona görə də Dövlət Təhlükəsizlik Komitəsində milli ruhda düşünənlərə qarşı mübarizə aparmaq üçün yeni bir xətt işlənib hazırlandı. Onların bəziləri antisovet təbliğatına görə həbs olunurdu, bəziləri də sağlam olduqları halda psixiatriya xəstəxanalarına göndərilirdilər. Mərkəzdə başlanan bu prosesi milli respublikalarda da böyük canfəşanlıqla yerinə yetirirdilər. Artıq bu illərdə DTK Sovet İttifaqının hər yerində dissident “ovuna” çıxmışdı. Sovetlər birliyinə daxil olan respublikaların Dövlət Təhlükəsizlik komitələri, elə bil, öz aralarında kimin çox dissident tutması uğrunda yarış keçirirdilər. Azərbaycan isə bu “yarışda” yaxşı mənada cədvəlin ən axırıncı pilləsini tuturdu və heç yuxarı pillələrə doğru can da atmırdı. Bəhs etdiyimiz dövrdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edən Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində respublikamızda bir nəfər də olsun dissident həbs olunmamışdır. Düzdür, o vaxt Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində milli ruhlu sənət adamları haqqında informasiya toplayan, onların yaradıcılığında milli çalarlar axtaran əməkdaşlar da var idi. Onlar Azərbaycanın görkəmli ziyalıları haqqında bir xəbər eşidən kimi dərhal bir “qovluq” açır və bu adamlar haqqında aldıqları məlumatları toplayıb imkan düşən kimi Moskvaya ötürürdülər. DTK-ya rəhbərlik etdiyi dövrlərdə Heydər Əliyev sənət adamları haqqında əldə edilmiş məlumatların Moskvaya ötürülməsinin və ümumiyyətlə belə materialların toplanmasının qarşısını alırdı. Dediklərimizi faktlarla sübut etmək üçün Bəxtiyar Vahabzadənin “Sərhəd” qəzetinə verdiyi müsahibədən bir hissəni nəzərinizə çatdırırıq. Şairin DTK-da işləyən bir qohumu H.Əliyevin o zaman B.Vahabzadəni necə müdafiə etdiyinin təsadüfən şahidi olduğu barədə belə danışıb: “Şöbə müdirlərindən biri əlində qovluq gəldi sədrin yanına ki, ”Opyat on naçal" və başladı üyüdüb-tökməyə. “Mən sənə dördüncü dəfədir deyirəm, əl çəkin şairdən, qurtarın!” – deyən DTK-nın sədri H.Əliyev qovluğu götürüb kənara atdı".

Apardığımız araşdırmalar zamanı rast gəldiyimiz maraqlı faktlardan biri də o idi ki, haqqında söhbət gedən proseslərlə bağlı hətta, Mərkəzi Komitə məsələ qaldıranda belə DTK onun qarşısını alırdı. Bu məsələ barədə Heydər Əliyevin fenomen yaddaşına söykənərək, onun 1997-ci ilin iyun ayının 28-də Azərbaycan Respublikasının Milli Təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsinə həsr olunmuş təntənəli mərasimdəki çıxışından bir hissəni nəzərinizə çatdırırıq: “Yəqin ki, çoxlarının xatirindədir, mən Təhlükəsizlik Komitəsinin sədri olarkən bizim gənc kinematoqrafçılarımız Rüstəm İbrahimbəyov və Eldar Quliyev ”Bir cənub şəhərində" filmini yaratmışdılar. Bu filmi qadağan eləmişdilər – o vaxtkı Mərkəzi Komitə də, başqa orqanlar da, Moskva da qadağan eləmişdi. Onların xatirindədir, mən Təhlükəsizlik Komitəsinin sədri kimi vəzifəni öz üzərimə götürdüm, getdim kinostudiyaya, filmə baxdım, gördüm ki, çox yaxşı bir filmdir. Mərkəzi Komitəyə də, Moskvaya da nəinki xəbər verdim, hətta tələb etdim ki, bu filmin nümayiş etdirilməsinə icazə verilsin. Bu film o vaxtdan həyat vəsiqəsi aldı və çox böyük də hörmət qazandı".

Dissident ziyalılarımıza dövlət mükafatları verdirən Vətən oğlu

Keçən əsrin 60-cı illərində fəaliyyət göstərən ədəbiyyat dərnəklərində, kitabxanalarda keçirilən görüşlərdə hər bir yeni əsərin müzakirəsi təşkil olunurdu. Həmin dövrdə meydana gəlmiş əsərlərdə milli-istiqlal, milli azadlıq məsələlərinin cücərtiləri hiss edilirdi. Düzdür, belə əsərlərin əksəriyyətinin “Sovet xalqlarının birliyinə xələl gətirir” deyə çap olunmasına imkan vermirdilər. Ancaq bütün bunlara baxmayaraq, bu əsərlərin bəziləri müxtəlif yollarla qəzet, jurnal səhifələrinə və nəşriyyatlara yol tapa bilir, xalq içərisində əldən-ələ gəzir və onun milli təfəkkürünün oyanışında mühüm rol oynayırdı. Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması 1959-cu ildə Şəkidə çıxan “Şəki fəhləsi” qəzetində çap olunsa da bütün Azərbaycanı əl-əl dolaşmışdır. Böyük əks-səda doğurmuş bu poema azadlıq təşnəli xalqın çadar-çadar olmuş dil-dodağının əzbəri oldu. İkiyə bölünmüş bir xalqın tarixi faciəsindən bəhs edən poemada şair hər iki imperiyaya qarşı öz etiraz səsini qaldırmışdır:

Başı kəsiləndə bu məğrur elin
Qəlbin ağrısını hiss etdinizmi?
Qoca Füzulinin, igid Babəkin
Etiraz səsini eşitdinizmi?
Cənablar, bir damcı mürəkkəblə siz
Düşünün, nələrə qol çəkmişsiniz?

Gənc bir şairin nəhəng imperiyanı ittiham etməsi Dövlət Təhlükəsizlik Komitəsinin nəzərindən kənarda qala bilməzdi. Bu poema nöqtəsindən vergülünə qədər dissident ədəbiyyatına aid idi. Lakin buna baxmayaraq, poemanın müəllifi o dövrdə “dəbdə” olan kimi nə psixiatriya xəstəxanalarına göndərildi, nə də həbs olundu. Şair çox sonralar “Sərhəd” qəzetinə verdiyi müsahibədə o dövrü belə xatırlayır: “Çoxdan bilirdim ki, məni bir qüvvə müdafiə eyləyir. Sonralar o qüvvənin kim olduğunu öyrəndim”. Bu, Heydər Əlirza oğlu Əliyev idi. İlk dəfə Dövlət Təhlükəsizlik Komitəsinə çağırılanda onu o vaxt DTK-nın sədr müavini işləyən Heydər Əliyev qəbul etmişdi. Azərbaycanın iki böyük şəxsiyyəti arasında gedən çox səmimi söhbət zamanı Heydər Əliyev onun yaradıcılığından söz salaraq demişdir: “Moskva səni millətçi kimi tanıyır. Mənimsə sənə böyük rəğbətim var. Sənə kömək etmək istəyirəm. Yaxşı fikirləş. Get Lenin haqqında bir əsər yaz!”.

Heydər Əliyev tək Bəxtiyar Vahabzadəni deyil, o cümlədən Azərbaycanın bir çox görkəmli şəxsiyyətlərini bu yolla imperiyanın caynağından xilas etmişdi. Gələcəkdə Bəxtiyar Vahabzadəni hansı təhlükənin gözlədiyini qabaqcadan duyan Heydər Əliyev ona Lenin haqqında bir əsər yazmağı təklif etmişdi. Və doğrudan da bir qədər sonra Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi işləyəndə Bəxtiyar Vahabzadənin Lenin haqqında yazdığı əsərlə “Muğam” poemasına respublika Dövlət mükafatı verdi. Beləliklə, Azərbaycanda milli şüurun və milli yaddaşın oyanışında əvəzedilməz xidmətləri olan bir şəxs də imperiyanın qana susamış caynaqlarından qurtuldu. Əgər Heydər Əliyev bu addımı atmasaydı, onda 80-ci illərin sonlarında Azərbaycanda başlayan milli-azadlıq hərəkatında öz mübariz şerləri və cəsarətli çıxışları ilə xalqının rəğbətini qazanan Bəxtiyar Vahabzadənin sonrakı taleyi Allah bilir necə olacaqdı.

Tək Bəxtiyar Vahabzadə deyil, o dövrün görkəmli elm və mədəniyyət xadimlərindən, şairlərindən, yazıçılarından akademik Ziya Bünyadov, Xəlil Rza Ulutürk, Əkrəm Əylisli və bir çox başqalarının da xilaskarı məhz Heydər Əliyev olmuşdur.
Təpədən-dırnağa qədər bütün varlığı ilə azadlıq şairi olan Xəlil Rza Ulutürkün yaradıcılığına nəzər salsaq görərik ki, bu böyük türk oğlu hələ 60-cı illərdə yazdığı şerlərində xalqını ayağa qalxmağa, yurduna uzanan əlləri kəsməyə, qollarına vurulmuş zəncirləri qırmağa çağırırdı:

Doğransam da qiymə-qiymə,
Tikə-tikə, rizə-rizə,
Mübarizə! Mübarizə! Mübarizə!
Mübarizə!
və elə həmin illərdə yazdığı:
Yox, bunu görməyin
Arpa çayından,
Kim deyir Saranı sellər apardı:
Şahənşah bağından, Qış sarayından
Yurduma uzanan əllər apardı.
və yaxud da:
Azadlığı istəmirəm,
zərrə-zərrə, qıram-qıram,
Qolumdakı zəncirləri
Qıram gərək! Qıram, Qıram!

Araşdırmalar apararkən bizə qəribə gələn o oldu ki, həmin dövrdə Mərkəzdə “antisovet təşviqat və təbliğatına” görə dünya şöhrətli riyaziyyatçı Yuri Orlov həbs olunur, görkəmli bioloq alim Jores Medvedyev psixiatriya xəstəxanasına göndərilir, akademik Andrey Saxarov məhkəməsiz sürgün olunur. Ancaq Azərbaycanda isə gənc bir şair xalqını imperiyaya qarşı açıq-aydın mübarizəyə səsləyən şerlər yazır, onu nə həbs edirlər, nə də sürgünə göndərirlər. Təbii ki, belə bir “dissident” Dövlət Təhlükəsizlik Komitəsinin nəzarətindən yayına bilməzdi. Hələ o vaxt Xəlil Rzanın millət üçün nə qədər əhəmiyyətli olduğunu duyan Heydər Əliyev onu bütün təzyiqlərdən qoruya bildi. Lakin bu, heç də asan başa gəlmirdi. Çünki, o vaxt “sapı özümüzdən olan baltalar” milli ruhlu gənclərin əsərlərinin çap olunmasına hər vəchlə mane olmağa çalışırdılar. Sonralar – 1997-ci il oktyabr ayının 30-da Azərbaycan yazıçılarının X qurultayındakı nitqində ümummilli liderimiz bu məsələlərə toxunaraq demişdir: “Amma keçən şeyləri indi açmaq olar. Gəlib nə qədər şikayət edirdilər, elə sizin özünüzün içərinizdən. Biri gəlirdi, deyirdi ki, bu pantürkistdir, biri deyirdi, bu paniranistdir, biri deyirdi nə bilim, bu, Türkiyənin casusudur, biri deyirdi bu, İranın casusudur, biri deyirdi bu, sovet hökumətinin əleyhinədir, biri deyirdi bunun babası da sovet hökumətinin əleyhinə olub, özü də sovet hökumətinin əleyhinə gedir. Nə qədər gəlirdilər, deyirdilər və çalışırdılar ki, bu əsərlərin qarşısını alsınlar. İki nöqteyi-nəzərdən əsərlərin qarşısını almaq istəyirdilər: birincisi, guya millətçilik və vətənpərvərlik hissi ilə dolu olan əsərlərin, ikincisi də o vaxtlar bizim həyatımızda olan mənfi halları tənqid edən əsərlərin...”

Ədəbiyyatımızda, elmimizdə yuva salmış “sapı özümüzdən olan baltalar” Moskvanın xoşuna gəlməkdən ötrü hətta tariximizi də saxtalaşdırmaqdan çəkinmirdilər. 60-cı illərin ortalarında belə bir qərar qəbul edilmişdi ki, guya Azərbaycan Rusiyanın tərkibinə könüllü surətdə daxil olub. Bu qərara ilk etiraz edənlərdən biri mərhum akademikimiz Ziya Bünyadov olmuşdu. O, bir neçə dəfə çıxış edərək açıq surətdə bildirmişdi ki, Azərbaycan Rusiyanın tərkibinə könüllü surətdə daxil olmayıb. Bu iki böyük imperiyanın – İran və Rusiyanın öz aralarında gəldikləri razılığa əsasən həyata keçirilib. Bu çıxışlardan sonra Ziya Bünyadova qarşı təqiblər başlandı. Hətta bədxah qonşularımız da Ziya Bünyadova “millətçi”, “şovinist” damğaları vuraraq onu gözdən salırdılar. Heydər Əliyev isə “millətçi”, “şovinist” adlandırılan Ziya Bünyadovun “Azərbaycan Atabəylər dövləti” kitabına Dövlət mükafatı verdirdi. Mərhum Əbülfəz Əliyev özünün “Deyirdim ki, bu quruluş dağılacaq” kitabında yazırdı ki, “bu mükafatdan sonra ermənilər təzədən yazırdılar ki, Heydər Əliyev millətçidir – o, millətçi Ziya Bünyadova Dövlət mükafatı verdirib”.

Sovet rejiminin ən qüdrətli dövründə belə, xalqına, millətinə bağlılığı Heydər Əliyevi milli ruhlu gənclərin xilas olunması naminə atdığı addımlardan çəkindirmirdi. Bu addımlar Heydər Əliyev imicinə təhlükə yaratsa da o, öz millətinin oğlu kimi, bu yoldan dönmürdü. Düzdür, o, bunları açıqdan-açığa etmirdi. Buna onun tutduğu vəzifəsi də imkan vermirdi. Ancaq istər DTK-da, istərsə də Azərbaycana rəhbərlik etdiyi dövrlərdə o, neçə-neçə milli ruhlu, vətənpərvər gəncləri sovet həbsxanalarına gedən yoldan qurtarmışdır. Dediklərimizi təsdiq etmək üçün Əbülfəz Əliyevin “Deyirdim ki, bu quruluş dağılacaq” kitabındakı fikirlərinə istinad edirik: “... Ən pisi bu idi ki, istəyirdilər kollektiv tutsunlar, yəni mənimlə bərabər müəllim yoldaşlarımdan, yaxın dostlarımdan, tələbələrimdən də bir neçəsini tutsunlar, bunu böyütsünlər. Onların bu cür yanaşmasından duyulurdu ki, təqribən 10-15 nəfər tutulmalıdır... Sonra bunun qarşısı alındı, görünür, buna “yuxarı”da “böyüklər”in də təsiri olub ki, cavanlar tutulmasın”.
O vaxtlar Azərbaycan KP MK-nın birinci katibi işləyən Heydər Əliyev millətini sevən bir insan kimi bu gənclərin həbs olunmasına imkan vermədi.
Azərbaycan yazıçılarının X qurultayında respublika Prezidenti Heydər Əliyev dissidentlik məsələsinə toxunaraq demişdir: “Mən bu gün deməliyəm ki, Azərbaycanda dissident olmayıbdır. Amma sizin çoxunuz dissident olmusunuz. Sizin dissident olmağınızı müsbət mənada deyirəm. Yaxşı ki, dissident olmusunuz. Əgər dissident olmasaydınız, Azərbaycan xalqında bu milli ruhu, əhval-ruhiyyəni qaldıra bilməzdiniz. Əgər Bəxtiyar Vahabzadə dissident olmasaydı, Azərbaycan xalqının, gənclərin şüuruna təsir edə bilməzdi. Əgər Xəlil Rza dissident olmasaydı, onun əsərlərinin təsiri güclü olmazdı. Bu gün bunları müsbət qiymətləndiririk. Əgər o vaxtı onlar təqib olunmayıbsa, başqa yerlərdə olduğu kimi, onları dissident adlandırmayıblarsa, onları nədənsə məhrum etməyiblərsə, demək, bu da bizim nailiyyətimizdir, bu da bizim o vaxtlar, çətin dövrdə apardığımız düzgün siyasətin nəticəsidir”.

Ömrünün 25 ilini təhlükəsizlik orqanlarına həsr etmiş Heydər Əliyevin bütün bu xidmətlərini qiymətləndirə bilməyən bəzi bədxahların tarixə nihilistcəsinə yanaşaraq heç bir məsuliyyət hiss etmədən söylədikləri “O, DTK generalı olub, həmişə imperiyaya qulluq edib” sözlərinə cavab olaraq demək istəyirik ki, əgər biz keçmişimizə nəzər salsaq görərik ki, çiyinlərində hər hansı bir imperiyanın yüksək çinli paqonlarını gəzdirməsindən asılı olmayaraq, fikirləri və əməlləri ilə öz xalqına xidmət etmiş neçə-neçə görkəmli şəxsiyyətlər olub. Milli mən, milli təfəkkür, milli gen və milli yaddaş olanda rütbə və titul yox, imperiya yox, millət özü həmin şəxsiyyəti düşündürür. M.F.Axundov, A.Bakıxanov, S.Mehmandarov, Ə.Şıxlinski və bir çoxları çar Rusiyasının paqonlu “əsgərləri” olsalar da, məram və amalları millətə xidmət olmuşdur. Heydər Əliyev isə millətə xidmətdə öz sələflərindən də irəli getmiş, millətinin görkəmli şəxsiyyətlərini imperiyanın caynaqlarından xilas etmişdi. O özü Dövlət Təhlükəsizlik Komitəsindəki fəaliyyətini belə qiymətləndirdi: “DTK-da şərəf və namusla işləmişəm. İşlədiyim müddətdə öz millətimə bir dəfə də olsun xəyanət etməmişəm. Bu mənada vicdanım rahatdır”.

Əynində gəzdirdiyi sovet dövlətinin general mundiri bu böyük insanın qəlbində gəzdirdiyi Vətən, millət sevgisini üstələyə bilməmişdir. Onun üçün vəzifə millətə xidmətdən önəmli olmamışdır. “Vəzifə insana heç bir şey vermir, sadəcə səlahiyyət verir”, – demişdir ümummilli liderimiz. Bəli bu səlahiyyət xalqa xidmətə yönələndə daha şərəfli olur.

Seymur ŞEYDAYEV,
Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı

MƏQALƏLƏR
Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının X iclası keçirilmişdir (“Azərbaycan” qəzeti, 19-20 noyabr 2007-ci il)
Azərbaycan alimləri: “Voyçex Pastuşkanın ermənilərin Ağdamda apardığı arxeoloji qazıntıları “siyasi qazıntılar” adlandırması erməni saxtakarlarının iç üzünü açan sərrast elmi qiymətdir” (“APA”, 11.07.2007)
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Sərhəd Qoşunları fakültəsinin növbəti buraxılışı olmuşdur (“AzərTAc”, 07.07.2007)
Qara Bağdan açıqca («Wyborczej» qəzeti (Polşa) 17.04.1998 – 18.04.1998) (Azərbaycan, rus və polyak dillərində)
NATO-Azərbaycan əməkdaşlığında Milli Təhlükəsizlik Nazirliyinin rolu (“Diplomatiya və Hüquq” jurnalı, №1 (007) aprel 2007)
Azərbaycanın müstəqilliyinin qorunmasında milli təhlükəsizlik orqanlarının xidməti xüsusi qeyd edilmişdir (“Azərbaycan” qəzeti, 28.05.2007)
“ABŞ Konqresinin 106-cı qətnaməsinə dair. Uydurma “erməni genosidinin” tanınmasına dair bir neçə kəlmə” (rus dilində) («Эхо» qəzeti, 21.04.2007)
“Böyük yalan: erməni genosidinə dair mif” (газета
Dövlət İdarəçilik Akademiyasında milli təhlükəsizlik orqanlarının yaradılmasının 88 illiyi ilə əlaqədar tədbir keçirilmişdir ("Azər Tac",19.03.2007)
Azərbaycan təhlükəsizlik orqanlarının 88 illiyi Yasamal rayonunda da qeyd edilmişdir ("Azər Tac",19.03.2007)
MTN milli maraqların və dövlətçiliyin sədaqətli müdafiəçisidir ("Azər Tac",19.03.2007)
Xocali Faciəsi Dünyada Törədilmiş Ən Ağir Cinayət və Soyqırımıdır (“Azər Tac”,24.02.2007)
Transmilli Mütəşəkkil Cinayətkarliqla Mübarizədə Uğurlu Mərhələ («Azərbaycan» qəzeti, 23.02.2007)
Milli Təhlükəsizliyimizin Etibarli Təminatçisi ("Azərbaycan",12.01.2007)
Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini azad etməlidir («The Patriot» qəzeti - İslamabad, 27.11.2006)
Eldar Mahmudov, Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri, general-leytenant: «Prezident İlham Əliyevin siyasi kursu milli təhlükəsizliyimizi təmin edir»
Eldar Mahmudov, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Naziri, general-leytenant:
Almaniya Federal Kəşfiyyat Xidmətinin nümayəndə heyətinin Azərbaycana səfəri (13.08.2005)
Etibarlı milli təhlükəsizliyə aparan yol (“Respublika” qəzeti 15.06.2005)
Almaniya Bundestaqı nümayəndə heyətinin Azərbaycana səfəri (24.05.05 “AzərTac”)
Millətə xidmət üçün yaranmış insan (09.05.2005 “Xalq qəzeti”)
Вклад Азербайджана в Великую Победу (Москва 2005)
Quba soyqırımı, yaxud ruhların kəsilməyən fəryadı (23.04.2005 “Azərbaycan”)
Bakida “Cənubi Qafqazda köçkün düşmüş əhali” mövzusunda Beynəlxalq seminar keçirilmişdir
1918-1920-ci illərdə türk-müsəlman soyqırımları (“Azərbaycan” 01-02. 04.2005)
Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının əməkdaşları peşə bayramlarını qeyd etmişlər («Azərbaycan», 29.03.05)
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyətinə (28.03.2005)
Milli təhlükəsizlik orqanlarının yaradılmasının 86 illiyinə həsr olunmuş görüş keçirilmişdir («Azərbaycan», 27.03.05)
Milli Qəhrəmanın xatirəsinə ehtiram («Azərbaycan», 27.03.05)
Məktəbdə yubiley tədbiri («Azərbaycan», 27.03.05)
Vətənin təhlükəsizlik sipəri (Əlimusa Əliyev, «Respublika», 26.03.05)
Azərbaycan Təhlükəsizlik Orqanlarinin 86 Illiyi Münasibətilə Görüş Keçirilmişdir («Respublika», 26.03.05)
Milli təhlükəsizliyin hərtərəfli təminatına nail olmalıyıq («Azərbaycan», 26.03.05)
Prezident İlham Əliyevin MTN-in bir qrup əməkdaşına mükafatları təqdim etmə mərasimi («Azərbaycan», 17.03.05)
Şərəfli ömür yolu (Xatirə Tağıyeva, «Respublika» 25.01.05)
Sonradan qəhrəman olmurlar, anadan qəhrəman doğulurlar (Xatirə Tağıyeva, Esmira Şükürova, «Respublika», 19.12.04)
«Erməni cinayətləri» - yeni kitab erməni daşnaqlarının azərbaycanlılara qarşı soyqırımından bəhs edir (Şəhla Tahirqızı, «Yeni Azərbaycan», 02.12.04)
O əsil qəhrəman idi (Xatirə Tağıyeva, «Azərbaycan», 09.04.04)
Mən ölmək istəmirəm (Pakizə Bəşirova, «Sərhəd». 1-15.09.99)
Ölümünə inanmırıq (Pakizə Bəşirova «Sərhəd», 28.03.99)
Şəhid Nadir (Cəlal Qasımov, Adil Babayev, «Sərhəd», 29.06.93)
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına Döyüş Bayrağının təqdim edilməsinə həsr olunmuş təntənəli mərasim
Milli Təhlükəsizlik orqanlarinin əməkdaşlari peşə bayramlarini qeyd etmişlər (Azərtac)
Şəkidə təhlükəsizlik orqanlarinin yaradilmasinin ildönümü geniş qeyd olundu
Sumqayıtda respublika təhlükəsizlik orqanlarının 87-ci ildönümü qeyd olunmuşdur (AzərTAC)
Vətənin təhlükəsizliyini qorumaqdan şərəfli vəzifə ola bilməz
Erməni "xalq nağılları" ( «Каспи» qəzeti, 07.10.2006)
ГЕНОЦИД = КАКА или сила слов
Армянский сепаратизм на Южном Кавказе (журнал «Дирчелиш XXI аср», 104-105/2006)