|
Martın 19-da milli təhlükəsizlik orqanlarının yaradılmasının 88-ci ildönümü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşı ilə görüş keçirilmişdir.
Görüşü təhsil ocağının rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov açaraq məlumat vermişdir ki, tarixini 1919-cu il martın 28-dən başlayan milli təhlükəsizlik orqanlarının 88 yaşı tamam olur. Natiq təhlükəsizlik orqanlarının əməkdaşlarını əlamətdar gün və Novruz bayramı münasibətilə səmimi təbrik etmiş, MTN-in tarixindən danışmış, bu orqanda çalışanların nüfuzunun artmasında Ümummilli Lider Heydər Əliyevin rolunu xatırlatmışdır. Rektor vaxtilə ayrı-ayrı ziyalıların ləkələnib həbs olunmasının qarşısının alınmasında da xalqımızın böyük oğlunun xidmətlərini vurğulamışdır.
MTN-in Baş İdarə rəisi polkovnik İsmayıl Bağırov, İdarə rəisi polkovnik Məmməd Cəfərli, Nazirliyin Heydər Əliyev adına Akademiyası rəisinin müavini polkovnik Tofiq Heydərov görüş iştirakçılarına təhlükəsizlik orqanları əməkdaşlarının fəaliyyətinin müxtəlif sahələri barədə məlumat vermişlər. Natiqlər bu orqanın keçdiyi mərhələlər, Azərbaycan müstəqilliyini bərpa etdikdən və Milli Təhlükəsizlik Nazirliyi kimi fəaliyyətə başladıqdan sonra formalaşması və möhkəmlənməsində görkəmli dövlət xadimi Heydər Əliyevin rolundan minnətdarlıqla söz açmışlar.
Erməni kəşfiyyat orqanlarının törətdiyi terror aktları, terrorçuların həbs edilməsi, planlaşdırılan terror aktlarının qarşısının alınması, düşmənin ölkəmizin müxtəlif regionlarında separatçılığı qızışdırmaq cəhdləri barədə faktlar maraqla qarşılanmışdır. Xüsusi vurğulanmışdır ki, Azərbaycanın müstəqilliyini qısqanclıqla qarşılayan, xalqımızı səksəkədə saxlamaq istəyən qüvvələr az deyildir. Onlar məqsədlərinə nail olmaq üçün əhalinin səbatsız nümayəndələri arasında özlərinə dayaq axtarırlar. Prezident İlham Əliyevin yeritdiyi düşünülmüş daxili və xarici siyasət sayəsində bu qüvvələr ölkəmizlə bağlı niyyətlərini gerçəkləşdirə bilmir, dövlətçiliyimiz möhkəmlənir, respublikamız müstəqillik yolu ilə inamla addımlayır. Öz növbəsində təhlükəsizlik orqanları müxtəlif vasitələrlə Azərbaycanı beynəlxalq terrorizm poliqonuna, narkokartellərin tranzit yoluna çevirmək istəyənlərə layiqli müqavimət göstərir, terror aktlarının qarşısını alır, daxildəki xəyanətkarları ifşa edir, mütəşəkkil cinayətkarlıqla mübarizə aparırlar.
Görüş iştirakçılarına MTN-in iqtisadi təhlükəsizlik sahəsində gördüyü tədbirlər, təhlükəsizlik orqanları üçün kadr hazırlığında qazanılan uğurlar, müvafiq təhsil ocağının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında da məlumat verilmişdir.
Xüsusi vurğulanmışdır ki, bu görüş MTN-ə, təhlükəsizlik orqanlarının əməkdaşlarına etimadın artmasının təzahürüdür.MTN əməkdaşları görüş iştirakçılarını maraqlandıran suallara cavab vermişlər.Seyfəddin Qəndilov qonaqlara Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası barədə kitabı təqdim etmişdir.
|