|
1990-cı ilin 21 yanvarında mən Kommunist Partiyasını mənən tərk etdim və açıq mübarizəyə başladım. Bu mübarizə şəxsən özüm üçün deyildi, yeni bir vəzifə almaq üçün deyildi. Sadəcə, görürdüm ki, xalq ağır vəziyyətdədir, respublikanın rəhbərləri xalqa xəyanət edirlər, xalqın ziyalı, dəyərli adamları ayağa qalxıblar, ancaq onları boğurlar. Hesab etdim ki, burada mənim səsim onların səsinə güc verə bilər. Beləliklə də, biz bu ağır vəziyyətdə xalqımızı, onun milli mənliyini, mənəviyyatını qoruya bilərik.
Heydər ƏLİYEV Ümummilli lider
Müsahibimiz Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya YUSİFZADƏDIR.
- Ziya müəllim, bir qayda olaraq, tarixi şəxsiyyətlərə müəyyən tarixi məqamda ehtiyac yaranır və onlara öz missiyasını yerinə yetirmək üçün bir dəfə şans verilir. Amma Azərbaycan hər dəfə sınağa çəkiləndə, böhrana düşəndə Heydər Əliyevə ehtiyac yaranmışdır...
- Heydər Əliyevin böyüklüyü ondadır ki, o, hər hansı tarixi xronologiya çərçivəsinə sığan, konkret bir məqamda gərəkli olan şəxsiyyət deyildi. Ümummilli liderimiz öz zamanının və məkanının çərçivəsinə sığmayan, hər zaman gərəkli olan, daha geniş miqyaslı şəxsiyyət idi. Heydər Əliyevin birinci rəhbərliyi dövründə Azərbaycan müstəqil deyildi, federativ fövqəldövlətin - Sovet İttifaqının respublikalarından biri idi. Bu dövrdə müstəqillikdən danışmaq ölümə bərabər idi. Müstəqil Azərbaycan haqqında yalnız düşünmək, müstəqilliyin mənəvi, mədəni, iqtisadi əsaslarını yaratmaq olardı. Bu nöqteyi-nəzərdən, 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə gənc, amma idarəetmə sahəsində təcrübəli, qətiyyətli xarakterə, güclü intellektə malik dahi bir şəxsin - Heydər Əliyevin seçilməsi, sözün əsl mənasında Azərbaycan xalqının qisməti idi. Heydər Əliyev Azərbaycanın inkişafı üçün sovet dövrünün və dövlətinin verdiyi bütün imkanlardan istifadə etdi. Məhz Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində qısa bir müddətdə - 13-14 ildə Azərbaycan kiçik xammal respublikasından böyük sənaye mərkəzinə çevrildi, milli-mənəvi dəyərlər inkişaf etdi, Azərbaycan vətəndaşı bir şəxsiyyət kimi yetişdi.
Heydər Əliyevə ümumxalq məhəbbəti gətirən, ümummilli lider səviyyəsinə yüksəldən əsas keyfiyyətlərindən biri onun təbiətcə quran, yaradan insan olması idi. Uzağa getmək, bütün Azərbaycanı səyahət etmək lazım deyil, elə Bakıya göz gəzdirmək kifayətdir. Azərbaycanın paytaxt şəhərində XX əsrdə tikilən, indi gözə dəyən nə varsa, Heydər Əliyevin adı ilə bağlıdır. Elə indinin özündə də postsovet respublikaları içində ən çox tikinti gedən Azərbaycandır, ən çox tikilən şəhər Bakıdır. Xalq isə məlum olduğu kimi, tikən, quran, yaradan, özündən sonra böyük izlər qoyan şəxsiyyətləri sevir.
Bütün bu işlərin, irəliləyişlərin heç biri asan başa gəlmirdi, Azərbaycanda hər bir yeni sahənin açılışı, yeni bir zavodun tikilməsi üçün mübarizə aparmaq, bu mübarizədə qalib gəlmək lazım idi. O zaman SSRİ-də 15 respublika var idi və təbii ki, hər bir respublikanın rəhbəri yeni sahənin öz respublikasında açılmasını, yeni zavodun öz ərazisində tikilməsini istəyirdi. Ümummilli liderimiz Heydər Əliyev bu mübarizələrdən birini belə xatırlayırdı: "O dövrdə kondisioner zavodunu Ukraynada tikmək planlaşdırılırdı. İttifaq səviyyəsində məsələ həll olunmuş, layihə də hazırlanmışdı. Amma biz mübarizə apardıq, bu zavodun Azərbaycanda tikilməsinə, həm də yapon mütəxəssisləri ilə birgə tikilməsinə nail olduq. Bu cür böyük işlər asan başa gəlmirdi".
Taleyin qisməti ilə mən XX əsrin Azərbaycan dahisi Heydər Əliyevlə uzun müddət birlikdə çalışmışam, iş prosesində onu yaxından tanımaq, ondan öyrənmək imkanına malik olmuşam. Bu böyük şəxsiyyətin nəhəng intellektinə, tükənməz enerjisinə daim heyran olmuşam. Heydər Əliyev böyük təşkilatçılıq, idarəçilik və zəngin dövlətçilik təcrübəsinə malik olmaqla bərabər, yüksək təfəkkürə malik bir şəxsiyyət idi. Düşünürəm ki, Heydər Əliyev fenomenini yaradan əsas səbəb onun fitri istedadı, xalq dilində desək, Allah vergisi idi.
Şərq filosoflarından biri deyir ki, Allah vergisi ağacın yanmaq qabiliyyəti kimidir, od olmasa varlığı gözə görünməz. Deməli, yalnız insanın enerjisi, iş qabiliyyəti ilə Allah vergisinin qovşağında Heydər Əliyev kimi dahi şəxsiyyətlər yetişir. Heydər Əliyev daim öz üzərində işləyirdi, dünya təcrübəsini öyrənirdi, öz işi - dövlət rəhbərliyi ilə birbaşa bağlı olan siyasəti, iqtisadiyyatı, dövlət idarəçiliyini, kadrların seçilməsi və yerləşdirilməsi prosesini yaxşı bildiyi kimi, fəlsəfəni, tarixi, ədəbiyyat və mədəniyyət sahəsini də gözəl bilirdi. Heydər Əliyev tükənməz enerjisi, nəhəng intellekti sayəsində Sovet İttifaqı Nazirlər Soveti sədrinin birinci müavini, Siyasi Büronun üzvü səviyyəsinə ucalmış, bu fövqəldövləti idarə edənlərdən biri olmuşdu.
Heydər Əliyev fenomeni yalnız bir şəxsiyyətin fərdi qabiliyyətinin nəticəsi deyildi, bütövlükdə xalqın tarixi iradəsinin ifadəsi idi. Bu nəhənglikdə bir tarixin məntiqini özündə yaşatmaq, adi və ali məsələlərə bütöv bir xalqın mənafeyindən yanaşmaq asan deyildi. Heydər Əliyev tükənməz enerji, nəhəng intellektlə yanaşı, faktiki olaraq, ölçüyəgəlməz xarizmə malik idi. 1993-cü ilin iyun hadisələrini xatırlayaq. Azərbaycanın dövlətçiliyi, müstəqilliyi təhlükə altına düşəndə, xalq öz böyük oğluna, Heydər Əliyevə müraciət etdi, Vətəni xilas etməyə dəvət etdi. Xalq-Heydər Əliyev birliyi reallaşdı, Azərbaycanı faciələrdən, parçalanmaq təhlükəsindən qurtardı. Ulu öndərimiz xalqla onu bağlayan qırılmaz tellər barədə danışarkən öz inamını belə ifadə etmişdi: "İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun Prezidenti kimi mənim həyat amalım ancaq bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyinə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam".
Heydər Əliyev xalqına inandığı, arxalandığı qədər də, xalq öz liderinə inanırdı, onun arxasınca ölümə getməyi şərəf sanırdı. Heydər Əliyev böyük vətənpərvərliyi və bundan irəli gələn Vətən və millət sevgisi ilə, dəmir məntiqi, tükənməz səbri, böyük siyasi iradəsi ilə bu inamı qazanmışdı, ümummilli lider səviyyəsinə ucalmışdı. Bu barədə ABŞ-ın eks-prezidenti, tanınmış ictimai-siyasi xadim Bill Klinton demişdir: "Heydər Əliyev ağlı, gücü, məntiqi, bəşəri dünyagörüşü, fenomenal təşkilatçılıq və idarəçilik keyfiyyətlərinə malik olan fövqəladə bir şəxsiyyətdir ".
- 1993-cü ilin məlum hadisələri zamanı Azərbaycanın müstəqilliyi, dövlətçiliyi məhv olmaq təhlükəsi qarşısında qalanda, xalq xilaskar kimi məhz Heydər Əliyevə müraciət etdi, onu hakimiyyətə dəvət etdi. Deməli, xalq öz liderinə böyük ümidlər bəsləyir, taleyüklü problemləri məhz onun rəhbərliyi ilə həll edəcəyinə inanırdı.
- Tamamilə razıyam. XX əsrin sonlarında Sovet İttifaqının süqutu nəticəsində Azərbaycan müstəqillik qazansa da, böyük problemlərlə üzləşdi. İlk dövrlərdə respublikaya rəhbərlik edənlərin səriştəsizliyi və xəyanəti ucbatından Azərbaycanda siyasi və iqtisadi islahatlar keçirilmədi. 70 il mövcud olmuş Sovet dövlət strukturu və bu strukturun siyasi-hüquqi əsası olan konstitusiya saxlanıldı. Hakimiyyətin zorakı yolla dəyişdirilməsi bir ənənə şəklini aldı. Xarici təcavüzə məruz qalmış bir ölkədə daxili irtica baş qaldırdı. Hakimiyyət davasına qalxmış qruplar arasında vətəndaş müharibəsi başladı. Azərbaycanın 70 ildən sonra qayıtmış müstəqilliyi və dövlətçiliyi təhlükə qarşısında qaldı. Belə ağır bir zamanda xalq öz liderinə müraciət etdi, onu ölkəni, dövləti xilas etməyə dəvət etdi.
Bəli, Heydər Əliyevin müstəqilliyini elan etmiş Azərbaycanın rəhbərliyinə gəlişi tarixi bir zərurət idi, taleyin qisməti və xalqın tələbi ilə həyata keçirilirdi. Məhz xalqın inamından və tam dəstəyindən güc və ilham alan ulu öndərimiz Azərbaycan rəhbərliyinə qayıdışından dərhal sonra qısa zaman kəsiyində, 91-93-cü illərdə ölkəmizdə tüğyan edən anarxiyaya, hərc-mərcliyə və inamsızlığa son qoydu, xarici və daxili pozucu qüvvələrin terror-təxribat aksiyalarının qarşısını aldı, milli ordumuzu formalaşdırdı, ictimai-siyasi sabitliyə nail oldu, demokratik dövlət quruculuğunun sistemini formalaşdırdı, vətəndaşların hüquq və azadlıqlarına təminat yaratdı, siyasi plüralizm və vətəndaş həmrəyliyini bərqərar etdi, Azərbaycanı dünyanın qabaqcıl ölkələri ilə bütün sahələrdə bərabər hüquqlu əsaslarda iki və çoxtərəfli əməkdaşlığa cəlb etdi, ölkəmizi beynəlxalq aləmdə sivil, hüquqi, dünyəvi, sülhsevər dövlət kimi tanıtdı.
Bütün bunlara nail olmaq üçün təbii ki, nəhəng intellekt, vətən sevgisi ilə bərabər, böyük cəsarət, qətiyyət lazım idi. 1993-cü ildə AXC-Müsavat hökumətinin Heydər Əliyevi Naxçıvandan Bakıya - hakimiyyətə dəvət etməkdə əsl məqsədi Azərbaycan liderini S. Hüseynov irticası ilə üz-üzə qoymaq, öz canlarını qurtarmaq idi. Heydər Əliyev uzaqgörən siyasətçi, uzun illər təhlükəsizlik orqanlarında işləmiş təcrübəli əməliyyatçı kimi bunları əvvəlcədən bilirdi. Amma çox çətin, ağır bir seçim qarşısında qalmışdı: Azərbaycanın, xalqın taleyi və öz şəxsi təhlükəsizliyi. Ümummilli lider bir an da tərəddüd etmədi, öz şəxsi taleyini təhlükə qarşısında qoyaraq təpədən-dırnağa qədər silahlanmış irtica ilə mübarizəyə atıldı. Və möcüzə baş verdi - ağıl irticaya üstün gəldi. Xarici təcavüz dayandırıldı, daxili irtica tərksilah olundu, Azərbaycanın parçalanmaq, müstəqilliyini itirmək təhlükəsi aradan qaldırıldı. Ümummilli liderimizin misilsiz diplomatik məharəti sayəsində yaxın qonşularla pozulmuş münasibətlər yaxşılaşdırıldı, kiçik Azərbaycanın maraqları böyük dünya ölkələrinin maraqları ilə uzlaşdırıldı, Azərbaycanın dünyaya inteqrasiya prosesi başlandı. Həmin zamanda Heydər Əliyev həmin tarixi qərarı qəbul etməsəydi və xalqın tələbi ilə hakimiyyətə qayıtmasaydı, Azərbaycanı böyük faciələr gözləyirdi. Bəli, bu gün Azərbaycan var deyə, inkişaf edir, irəli gedir deyə xalqımız əmin-amanlıq şəraitində, firavan yaşayır deyə, biz məhz Heydər Əliyev şəxsiyyətinə minnətdarıq.
Ancaq böyük dövlətçilik və idarəçilik təcrübəsinə malik Heydər Əliyev müstəqil Azərbaycanın maraqlarına cavab verən və müasir dünya standartlarına uyğun olan demokratik Konstitusiya və mütərəqqi idarəçilik sistemi yarada bilərdi. Azərbaycanda müharibə dayanandan və ictimai-siyasi sabitlik bərqərar olunandan dərhal sonra, 1995-ci ilin noyabrında Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın indi haqlı olaraq "İnsan haqları manifesti" adlandırılan Konstitusiyası hazırlandı və ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olundu. Eyni zamanda, çoxpartiyalı əsasda demokratik seçkilər yolu ilə Azərbaycan parlamenti seçildi. Yeni parlament vaxt itirmədən siyasi və iqtisadi islahatların keçirilməsi üçün qanunvericilik bazasının hazırlanması ilə məşğul oldu. Azərbaycanda Prezident Heydər Əliyevin rəhbərliyi ilə dövlət quruculuğu dövrü başlandı.
Heydər Əliyevin dövlət rəhbəri, xalqının lideri kimi fəaliyyətinin kökündə açıq siyasətin həyata keçirilməsi, bu siyasətin xalqa xidmət etməsi dururdu. O, xalqın tələbi ilə hakimiyyətə qayıdanda elan etmişdi: "Xalq hər şeyi bilməlidir". Ümummilli liderimiz öz siyasətini həyata keçirərkən xalqın rəyini əsas tutur, xalqı narahat edən problemləri qabardırdı. Fərqi yoxdur, istər Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması, istər Ermənistan-Azərbaycan müharibəsində atəşkəs olsun, istər "Əsrin müqaviləsi"nin bağlanması, müstəqil Azərbaycanın Konstitusiyasının qəbul olunması, istər Bakı-Tbilisi-Ceyhan kimi beynəlxalq layihələrin reallaşması olsun - bütün bunlar sosial sifariş idi və xalqın istəyi, arzusu ilə həyata keçirilirdi. Bu gün xalqın arzuları artıq reallıqdır - ümummilli liderimizin böyük siyasi iradəsinin və gərgin diplomatik fəaliyyətinin nəticəsində bir vaxtlar nağıl hesab olunan beynəlxalq layihələr artıq işləyir, Azərbaycana on milyardlarla dollar gəlir gətirir, ölkəmiz sürətlə inkişaf edir, insanların həyat səviyyəsi yüksəlir. Azərbaycan nefti artıq Ceyhana axır, Qazaxıstanın BTC-yə qoşulması məsələsi də həll olunub. Hazırda Bakı-Tbilisi-Ərzurum qaz kəməri işləyir, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi həyata keçirilir. Qərbdə Xəzərin dibi ilə keçəcək Türkmənistan və Qazaxıstan qazını Azərbaycanın ixrac kəmərləri ilə Avropaya çıxaracaq "Nabukko" qaz kəməri layihəsi müzakirə edilir. Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan bu layihələrə qonşu Gürcüstanı və qardaş Türkiyəni cəlb etdi. Ermənistan beynəlxalq layihələrdən, deməli, həm də beynəlxalq sərmayələrdən kənarda qaldı. Hazırda Azərbaycan xarici sərmayələrin və ÜDM-in səviyyəsinə görə, MDB məkanında və bütün dünyada birincidir. Ermənistan isə öz iqtisadi, deməli, həm də siyasi müstəqilliyini getdikcə daha çox itirməkdə və başqa dövlətin forpostuna çevrilməkdədir.
Beləliklə, Heydər Əliyevin praqmatik, uzaqgörən və sülhsevər siyasəti Azərbaycanın dövlətçiliyini möhkəmləndirdi, müstəqilliyini əbədiləşdirdi. Heydər Əliyev sübut etdi ki, müstəqilliyi qorumaq onu qazanmaqdan qat-qat çətindir və bu çətin, taleyüklü işin öhdəsindən şərəflə gəldi. Bəli, Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri olaraq öz missiyasını yerinə yetirdi - 1993-cü il iyunun 15-də, xalqın tələbi ilə Ali Sovetin sədri seçildiyi gün elan etdiyi kimi, ömrünün qalan hissəsini Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr etdi, Azərbaycanın dövlətçiliyini möhkəmləndirdi, müstəqilliyini əbədiləşdirdi və əbədiyyətə qovuşdu. Həmin soyuq dekabr günlərində dünyanın adlı liderlərinin çoxu Bakıdaydı, Heydər Əliyev adına Saraydaydı. Sanki bütün dünya Böyük insanla vidalaşırdı, təbiətin özü də qan ağlayırdı. Azərbaycan xalqı ümummilli liderini özünə xas bir əzəmətlə, dünya səviyyəli liderə layiq böyük hörmətlə son mənzilə yola saldı. Günlərlə, həftələrlə, aylarla onu ziyarət edənlərin sayı azalmadı. İndi də azalmır... -Hazırda Azərbaycanda Heydər Əliyev siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Deməli, Heydər Əliyev idealları yaşayır, müqəddəs xilaskarlıq missiyası davam edir.
-Bəli, ümummilli liderimiz bütün mənalı həyatını xalqına qurban verməklə kifayətlənməmiş, xalqının gələcəyini düşünmüş, müdrik Heydər Əliyev siyasətini davam etdirəcək, xalqın taleyini təyin etmək kimi şərəfli və məsuliyyətli vəzifəni öz üzərinə götürəcək yeni lideri - Prezident İlham Əliyevi yetişdirmiş və Azərbaycan xalqının xidmətinə vermişdir. Heydər Əliyev seçkilərdən əvvəl Azərbaycan xalqına müraciət etmiş, mən İlham Əliyevə özüm qədər inanıram demişdir: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir, dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Azərbaycan xalqı da Heydər Əliyevə özü qədər, öz varlığı qədər inanırdı və bu inamın nəticəsi olaraq, 2003-cü ilin prezident seçkilərində Heydər Əliyev siyasətinə, Heydər Əliyev məktəbinin ən layiqli yetirməsinə, Azərbaycanın yeni lideri İlham Əliyevə səs verdi. İlham Əliyev də prezident seçkilərinə bu inamın varisi kimi getmişdi, xalq qarşısında Heydər Əliyev siyasətini davam etdirmək, Azərbaycanın ümummilli liderinin yolu ilə getmək öhdəliyi götürmüşdü. Heydər Əliyev siyasətinin əsas prioritetlərini isə Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımızın öz doğma yurdlarına qayıtması, əhalinin sosial vəziyyətinin durmadan yaxşılaşdırılması, dövlət idarəçiliyinin səmərəli, dünya standartlarına uyğun şəkildə qurulması, rəhbər işçilərin məsuliyyətinin artırılması, ölkəmizin beynəlxalq aləmdə əlaqələrinin daha da genişləndirilməsi, Azərbaycanın dünya birliyinə, o cümlədən Avropa xalqları ailəsinə daha çox inteqrasiya olunması təşkil edir. Prezident İlham Əliyev öz səlahiyyətlərini icra etdiyi dörd il ərzində seçkiqabağı platformasının bütün istiqamətləri üzrə xalqa verdiyi vədləri yerinə yetirir, sözü ilə əməlinin bir olduğunu sübut edir. Möhtərəm Prezidentimizin müdrik, inamlı, son dərəcə cəsarətli daxili və xarici siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə dinamik şəkildə inkişaf edir, əhalinin sosial müdafiəsi istiqamətində ardıcıl addımlar atılır, ictimai-siyasi sabitlik dönməz xarakter alır, Vətənimizin siyasi-iqtisadi nüfuzu və çəkisi dünyada ildən-ilə möhkəmlənir. Ermənistan artıq dünya birliyi tərəfindən təcavüzkar ölkə kimi tanınmış, Azərbaycan regionda lider dövlətə çevrilmişdir. Bütün bunlar Heydər Əliyev siyasi və iqtisadi strategiyasının təntənəsidir. Məhz bu strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi qısa müddət ərzində Azərbaycanda çox böyük nailiyyətlər əldə edilməsinə imkan vermişdir, ölkənin iqtisadi və sosial həyatında dünyada analoqu olmayan nailiyyətlər əldə olunmuşdur. 2005-ci ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) istehsalı 26 faiz artmış, 2006-cı ildə 34 faizə çatmış, 2007-ci ildə isə 27 faiz təşkil etmişdir. Hazırda Azərbaycan bu göstəricilərinə görə bütün dünyada birincidir.
2004-2007-ci illərin təcrübəsi bir daha göstərdi ki, Prezident İlham Əliyev Heydər Əliyev ideallarına sadiqdir. Azərbaycan Prezidenti öz çıxışlarında, müraciətlərində dəfələrlə qeyd etmişdir ki, mən xalqın xidmətindəyəm, xalqın iradəsini həyata keçirirəm, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri də xalqın xidmətində durmalıdırlar. Onlar gərək ürəklə işləsinlər, öz vəzifə borclarını şərəflə və ləyaqətlə yerinə yetirsinlər, ən əsası isə, insanlara diqqətlə yanaşsınlar. Bu, mənim siyasətimdir, kim bu siyasəti həyata keçirəcək, bizimlə işləyəcək, kim ki, həyata keçirə bilməyəcək, deməli, işləyə bilməyəcək. İlham Əliyev siyasətinin gücü də bundadır, açıq aparılmasında, xalqla təmasda olmasındadır. Yəni həyata keçirilən siyasət xalqa aydındır, hər bir vətəndaş bu siyasətin ona, ailəsinə xidmət etdiyinə əmindir, bu siyasətin həyata keçirilməsində iştirak edir. Odur ki, Azərbaycanın hər bir vətəndaşı İlham Əliyev siyasətini dəstəkləyir. Ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi siyasətin əsasında insan amili dururdu. Azərbaycanda bu gün də bu siyasət həyata keçirilir, hər şey insan üçün, hər şey Azərbaycan vətəndaşları üçündür. Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin əsasını təşkil edən dövlət proqramları Azərbaycan vətəndaşlarının sosial-iqtisadi problemlərinin həll olunmasına, hər bir insanın yaxşı yaşamasına xidmət edir. Nəticələr göz qabağındadır: 4 ildə 610 min yeni iş yeri açılmışdır ki, bunların da 430 mini daimi iş yerləridir. Sosial rifahın əsas göstəricisi olan əhalinin pul gəlirləri və orta əmək haqqı hər il yüksəlir. Azərbaycanın hər yerində - bölgələrdə və mərkəzdə yeni məktəblər, yeni olimpiya-idman kompleksləri, yeni müalicə-diaqnostika mərkəzləri inşa edilir, elektrik stansiyaları tikilir, yeni yollar salınır, su kəmərləri, qaz xətləri çəkilir. Azərbaycan xalqının gələcəyinə, gələcəyi quracaq gənc nəslin yetişdirilməsinə ünvanlanmış bu işlər bu gün daha sürətlə davam edir, şəhər və kəndlər sürətlə abadlaşır, regionlar inkişaf edir, yeniləşir, gözəlləşir. Bütün bu layihələr Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir və onun şəxsi nəzarətindədir.
XX əsrin görkəmli şəxsiyyətlərindən olan Heydər Əliyevin siyasi varisi kimi Prezident İlham Əliyev Dağlıq Qarabağ problemini diplomatik yolla həll etmək istiqamətində ardıcıl siyasət aparır. Prezidentin BMT-nin, Avropa Şurasının, İslam Konfransı Təşkilatının tribunalarından cəsarətli və ədalətli çıxışları Azərbaycanın haqq səsini bütün dünyaya çatdırır. Təbii ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin diplomatik yolla həllinə imkan verməzsə, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan başqa variantları nəzərdən keçirəcək, işğal altında olaan torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir. Odur ki, Prezident ordu potensialının gücləndirilməsinə böyük əhəmiyyət verir və bunu öz siyasətinin əsas prioritetlərindən biri hesab edir.
Bu gün Prezident İlham Əliyevin bir şüarı var: "Əsl siyasət xalq üçün işləmək, faydalı iş görməkdir". Bəli, yalnız xalq üçün faydalı iş görməklə xalqın inamını qazanmaq olar. Mustafa Kamal Atatürk deyirdi ki, xalqa əfəndilik etmirlər, xalqa xidmət edirlər. Yalnız xalqa xidmət edənlər xalqın əfəndisi səviyyəsinə yüksəlirlər. Heydər Əliyev də xalqa xidmət etməklə, öz mənalı ömrünü xalqına həsr etməklə ümummilli lider səviyyəsinə yüksəlmişdi. Prezident İlham Əliyev də Atatürk yolunu, Heydər Əliyev yolunu davam etdirir, xalq üçün işləməklə, xalqa xidmət etməklə xalqın məhəbbətini, inamını qazanmışdır.
Müsahibəni apardı: Qalib ARİF
|