az ru en
    
Main page
About MNS
History
Legislation
Armenian aggression
War on terrorism
Combating organized crime
Public relations
Museum of MNS
Academy of the MNS named after Heydar Aliyev
Library
Contacts
find
Photo gallery
Useful links
© 2005 Minister of National Security
Azerbaijan Republic
Prodused by MEQA
LIBRARY
Publications
Interviews
Articles
Letters
Interview with Mr. Eldar Mahmudov, minister of national security of the Republic of Azerbaijan (in the Azerbaijan language) (“Azerbaijan” newspaper, 28.03.2007)



- Cənab nazir, Azərbaycanın keçmişinə nəzər saldıqda aydın görünür ki, ölkəmizin xüsusi xidmət orqanları hansı sınaqlardan çıxıb, necə ağır yol keçiblər. Söz azadlığı və demokratiya şəraitində MTN-in tarixi haqqında kifayət qədər material dərc olunsa da, fikrinizcə, hansı tarixi səhifələrə indiyədək işıq salınmayıb?

- Həqiqətən də ölkəmizin xüsusi xidmət orqanlarının tarixi maraqlı və sirli, qəmli və kədərli, eyni zamanda, şanlı səhifələrlə zəngindir. Ümummilli Liderimiz də qeyd etmişdir ki, Azərbaycanda təhlükəsizlik orqanları ağır, çətin, əzab-əziyyətli, eyni zamanda, şərəfli yol keçibdir. Azərbaycanın DTK-da rəhbər vəzifələrdə çalışdığı zaman Heydər Əliyev əvəzsiz xidmətlər göstərmiş, peşəkarlıq məktəbini yaratmışdır. Məhz o, milli kadrların yetişdirilməsi, doğma Azərbaycanın maraqlarının, onun yetirmələri olan ziyalıların, elm və incəsənət xadimlərinin təqiblərdən qorunmasına diqqət yetirir, repressiyaların qurbanı olmuş elitamızın görkəmli nümayəndələrinin milli tariximizdə qanuni yerlərini tutmasına nail oldu.Dövlət müstəqilliyimizin bərpasından sonra milli tariximizin qaranlıq səhifələrini, o cümlədən xidmətimizin tarixini araşdırmaq məqsədi daşıyan həmin proses "Yaddaşın bərpası" adı altında MTN çərçivəsində yeni qüvvə ilə davam etdirildi.

Mürəkkəb arxiv araşdırmaları yolu ilə artıq tariximizlə bağlı bir çox məsələlərə kifayət qədər aydınlıq gətirilib və fəxr hissi ilə qeyd edə bilərik ki, Azərbaycanın xüsusi xidmət orqanları 1919-cu ilin martın 28-də Hərbi Nazirliyin nəzdində yaradılmış kiçik bir kəşfiyyat bölməsindən bu gün müstəqil Azərbaycan Respublikasının əsas dayaqlarından olan Milli Təhlükəsizlik Nazirliyinədək çətin bir inkişaf yolu keçmişlər. Eyni zamanda, təhlükəsizlik orqanlarının tarixində indiyədək tədqiqatını gözləyən bir çox maraqlı mövzular var və fürsətdən istifadə edərək mən tarixçilərimizi bunlara diqqət yetirməyə bir daha dəvət edirəm.

- Şübhəsiz ki, Azərbaycanın ən ağrılı problemi Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllidir. Problemin Azərbaycanın milli maraqları çərçivəsində həlli ilə əlaqədar Cənab Prezident dəfələrlə, xüsusən də son zamanlar çox qəti mövqeyini nümayiş etdirmiş, hücum taktikasını önə çəkmişdir. Güc naziri olaraq Sizin fikirləriniz də mühüm maraq kəsb edir...
- Cənab Prezidentin xarici siyasət doktrinasında bu problemin həlli əsas yer tutur və real siyasi fəaliyyətə söykənir. Dövlət başçısı problemin həlli ilə bağlı konkret olaraq bildirib: "Azərbaycan artıq o ölkədir ki, öz torpaqlarının işğalına dözməyəcəkdir. Azərbaycan artıq o ölkədir ki, öz iqtisadi, siyasi, hərbi potensialından istifadə edib, istədiyinə nail olacaqdır".

Ali Baş Komandan dəfələrlə, xüsusən də son zamanlar öz nitqlərində erməni dairələrinin uydurma təbliğatının qarşısının daha qətiyyətlə alınmasının vacibliyini vurğulayıb, qəti əks-hücuma keçmək vaxtının çatdığını qeyd edib.Dövlət başçısının hücum strategiyası hər bir sahədə - ictimai-siyasi, iqtisadi və xüsusən də informasiya kimi mühüm istiqamətdə hücumu, yəni, qarşı tərəfin üstələnməsini nəzərdə tutur. İqtisadiyyatda, xarici siyasətdə, milli maraqların və təhlükəsizliyin təmin olunmasında hücumu, ardıcıllığı və çevikliyi önə çəkir.

Ötən üç il ərzində Milli Təhlükəsizlik Nazirliyi də fəaliyyətini məhz ölkə rəhbərinin bu strategiyası üzrə təşkil edib.Cənab Prezident İlham Əliyevin müvafiq tövsiyələri bizim başlıca iş prinsipimiz olub: "...Azərbaycanın haqq işi, Azərbaycanın siyasəti və görülmüş bütün işlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həllinə gətirib çıxaracaqdır. Milli təhlükəsizlik orqanlarının da bu istiqamətdə gördüyü və görəcəyi işlər böyük əhəmiyyət kəsb edir".

Göstərilən fikir düşmənin təxribat və kəşfiyyat-pozuculuq fəaliyyəti əleyhinə mübarizə ilə yanaşı, informasiya cəbhəsində də düşmənə qarşı hücum prinsipini ifadə edir. Bu baxımdan, Azərbaycana qarşı Ermənistanın uzun illərdən bəri davam edən informasiya blokadasının yarılması üzrə nazirliyimizin payına düşən spesifik məsələlərin həllində nəzərəçarpacaq uğurlar vardır. Son zamanlar Azərbaycanın informasiya cəbhəsində üstünlük əldə etməsi artıq Ermənistanda rəsmi səviyyədə etiraf olunur.

- Azərbaycanın milli təhlükəsizliyinə təhdidlərin sırasında əsasən - terrorçuluq, təcavüzkar separatçılıq, dini ekstremizm, neft-qaz kəmərlərinə qarşı təhlükələr, Azərbaycanın informasiya təhlükəsizliyi, korrupsiya ilə mübarizə durur

- bunlardan ən vacibi, ən mürəkkəbi hansılardır və prioritet hansına verilir?
- Sizin sualınız, həm də cavabdır. Siz əsas təhdidləri sadalayırsınız, bunların hamısı Azərbaycanın milli maraqlarına və mənafelərinə, bütövlükdə dövlətimizə mümkün təhlükələrdir. Həmin təhdidlərə qarşı mübarizə məsələləri daim gündəmdədir. Bu mübarizədə birinci və ya ikinci dərəcəli istiqamətlər yoxdur. Burada məsələyə kompleks yanaşılması, təhlükəsizliyimizi sarsıda biləcək hər bir təhdidin qarşısının alınması vacibdir. Əsas məsələ bu fəaliyyətdə müvafiq nəzəri yanaşmalar, zəruri qüvvə və vasitələrlə silahlanmaqdan və onlardan düzgün istifadəni təşkil etməkdən ibarətdir.

İndi Azərbaycan mahiyyətcə yeni təhdidlərlə də üzləşir. Respublikada kapital qoyuluşu genişlənir, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri, TRASEKA və Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr həyata keçirilir. İri regional layihələr həmişə və hər yerdə maraqlı siyasi qüvvələrin və yaxud transmilli kriminal qruplaşmaların hədəfinə çevrilir. Bu cür əlverişli iqtisadi şərait və müsbət dəyişikliklər, eyni zamanda, Azərbaycana qarşı müxtəlif təhdidlərin, o cümlədən terror-təxribat təhlükələrinin də artması ilə müşayiət olunur. Ölkəmiz transmilli mütəşəkkil cinayətkar qruplar üçün də cəlbedici görünür. Bütün bu faktorlar təhlil olunur, vəzifələr müəyyən edilir və həyata keçirilir.

Özəl olaraq vurğulamalıyam ki, nazirlik son 3 il ərzində qarşıya qoyulmuş vəzifələrini yeni yanaşmalarla, yeni strategiya və taktika ilə, özü də ən müasir xüsusi texniki vasitələrdən istifadə etməklə yerinə yetirir. Sualınızda sadaladığınız təhdidlərin bir-birilə bağlılığını nəzərə alaraq, biz həmin təhdidlərə qarşı mübarizədə komplementar yanaşma prinsipindən istifadə edirik.

Bir məsələyə də toxunmaq istərdim. Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi və möhtərəm Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın sabitliyin dönməz bərqərar olduğu, etibarlı siyasi və iqtisadi partnyor dövlət kimi beynəlxalq imici formalaşmışdır. Regionda gərginlik ocaqlarının mövcudluğuna, ölkəmizin özünün uzun müddətdən bəri müharibə vəziyyətində olmasına baxmayaraq, məhz sabitlik, tarazlaşdırılmış xarici siyasət, antiterror koalisiyasında fəal iştirak, dönməz dünyəvi və hüquqi-demokratik dövlət quruculuğu sayəsində Azərbaycana geniş xarici sərmayə qoyuluşuna, burada mühüm beynəlxalq layihələrin həyata keçirilməsi etibar edilmişdir. Azərbaycanın milli mənafelər və partnyorluq münasibətlərindəki sözünə sadiqliyi və prinsipial mövqeyi ölkəmizə olan etimadı daha da gücləndirir.

O da məlumdur ki, enerji daşıyıcılarının nəql olunduğu ölkələr zəruri yanacaq vasitələrini alarkən, onun sərfəli qiymətlərlə, təhlükəsiz və aramsız çatdırılmasına, eləcə də idxalçı dövlətlərin gələcəkdə bu faktordan siyasi təzyiq vasitəsi kimi istifadə etməyəcəklərinə əminliyə xüsusi önəm verirlər.

Bu gün ölkənin enerji resurslarının milli maraqlar naminə səmərəli istifadəsi məsələsinin ziddiyyətli beynəlxalq münasibətlərin, habelə ayrı-ayrı güc mərkəzlərinin vaxtaşırı təzahür edən volyuntarist geosiyasi davranışlarının girovuna çevrilməməsi çox vacib, diqqətəlayiq nailiyyətdir. İndi hamılıqla, hətta opponentlərimiz tərəfindən də etiraf olunur ki, Azərbaycan dünyada mövcud olan enerji münasibətlər sisteminin ciddi və sabit subyektidir.

- Cənab nazir, nəzarətsiz ərazilər problemi terrorla mübarizədə hansı çətinliklərə səbəb olur?
- Milli maraqların hərtərəfli təmin olunması sahəsində qarşımızda duran ən başlıca vəzifələrdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, xalqımızın mənafeyinə uyğun həllində bütün imkanlardan istifadə edilməsi və əks-tədbirlərin görülməsidir. Onun icrası ilə əlaqədar qeyd etmək istərdim ki, digər dövlət orqanları və ictimai təşkilatlarla birgə səylər nəticəsində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, Dağlıq Qarabağ və digər işğal altındakı nəzarətdənkənar ərazilərdə qanunsuz fəaliyyətlər həyata keçirməsi artıq beynəlxalq strukturlar tərəfindən tərtib edilən rəsmi sənədlərdə də öz əksini tapır.

Coğrafi məkanından asılı olmayaraq, nəzarətdənkənar ərazilər onların yerləşdiyi ölkələr və həmçinin qonşu dövlətlər, ümumən beynəlxalq aləm üçün ciddi təhlükədir. Nəzarətdənkənar ərazi hüquqi təsirin olmadığı və qanunların işləmədiyi yer deməkdir. Belə ərazilər müxtəlif tip cinayətkar birləşmələr üçün sərbəst fəaliyyət meydanıdır. Bu ərazilərdən narkotiklərin, silahların, nüvə silahı komponentlərinin qanunsuz dövriyyəsi, insan alveri, terrorçuların təlim mərkəzləri, zəhərli və radioaktiv maddələrin hazırlanması üçün istifadə olunması istisna deyil. Bununla bağlı, ayrı-ayrı faktlar da vardır. Onu da əlavə etməliyəm ki, əgər nəzarətdənkənar ərazilər ciddi geosiyasi rəqabət məkanında, özü də silahlı münaqişələr zonasında, həm də bir-birinə rəqib, yaxud düşmən olan dövlətlərin hüdudlarında və ya onun yaxınlığında yerləşirsə, bu daha da təhlükəlidir. Daha doğrusu, terrorizm təhlükəsi kəskin surətdə ciddiləşir və beynəlmiləlləşir. Ona görə də, istər terrorçuluqla, istərsə də cinayətkarlığın hər hansı bir təhlükəli növü ilə mübarizədə, həm bütün daxili imkan və qüvvələrin səfərbər olunmasına, həm də maraqları üst-üstə düşən dövlətlər və xüsusi xidmət orqanları arasında sıx əməkdaşlıq münasibətlərinin yaradılmasına önəm verilir.

- İndiki dövrdə informasiya təhlükəsizliyi nə dərəcədə aktualdır və necə təmin olunur?
- Ölkəmizin milli təhlükəsizlik maraqları nəzərə alınaraq, nazirlik xüsusi xidmət orqanlarına xas spesifik kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətindən başqa, dövlət sirri təşkil edən məlumatların qorunması, informasiyanın mühafizəsi üzrə də işləri həyata keçirir.

Hazırda beynəlxalq terrorçu təşkilatlar, transmilli mütəşəkkil qruplar və digər cinayətkar ünsürlər müasir informasiya-kommunikasiya texnologiyalarından, elmi-texniki nailiyyətlərdən, o cümlədən İnternetdən də geniş istifadə edirlər. Kibercinayətkarlığın, xüsusilə də kiberterrorçuluğun getdikcə daha ciddi xarakter alması bu təhlükələrin qabaqlanması istiqamətində də nazirliyin fəaliyyətinin təkmilləşdirilməsini vacib edir. Bizim əsas məqsədimiz Azərbaycanın informasiya məkanının xarici və daxili mənfi təsirlərdən qorumaq, qanunçuluğun, dövlətin, cəmiyyətin və fərdin maraqlarını, hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir.

Məlumdur ki, indiki dövrdə informasiya çox qiymətli bir sərvətə dönmüşdür və müəyyən məlumatların sızması, yaxud sui-istifadəsi nəticəsində ağır fəsadlar yarana bilər. Belə bir amili nəzərə alaraq, nazirlik informasiya təhlükəsizliyinin təmin olunması məqsədi ilə xüsusi rabitə kanallarının, məlumat bazalarının və digər resursların icazəsiz giriş, istifadə və təhrif cəhdlərindən qorunması istiqamətində tədbirlər görür. Sözsüz ki, bu sahədə qanunsuz əməllərə qarşı mübarizə, eyni zamanda, müvafiq texniki avadanlıqların mövcudluğunu, habelə yüksək texnologiyalara dair xüsusi bilgi və bacarıqlara yiyələnməyi tələb edir. Məlum olduğu kimi, ölkəmizdə milli təhlükəsizlik orqanlarının inkişafını, maddi-texniki bazasının möhkəmləndirilməsini və müasirləşdirilməsini nəzərdə tutan müvafiq dövlət proqramı qəbul olunmuşdur. Zənnimcə, həmin proqramın həyata keçirilməsi əsnasında kibertəhdidlərə qarşı mübarizə imkanları da genişlənəcək, informasiya təhlükəsizliyi ilə bağlı bütün sahələrə diqqət daha da artırılacaqdır.

- Qeyd etdiyiniz həmin inkişaf proqramı hansı keyfiyyət dəyişikliyinə səbəb olacaq?
- Qısaca desəm, Cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış bu proqramın əsas məqsədi milli təhlükəsizlik orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi və müasirləşdirilməsi, eyni zamanda, əməkdaşların sosial təminatının gücləndirilməsi, onların yaşayış və iş şəraitinin yaxşılaşdırılmasından ibarətdir.

Geniş mənada isə bu proqram demokratik, dünyəvi, insan hüquq və azadlıqlarını təmin edən, Avro-atlantik məkana inteqrasiya yolu ilə gedən müasir və mütərəqqi Azərbaycanın təhlükəsizlik orqanlarının yeni dövrün tələbləri və çağırışlarına cavab verən qurum kimi daha da möhkəmlənməsinə xidmət edəcək.

- Cənab nazir, əsas uğurlarınız kimi nəyi qeyd edərdiniz?
- Ölkəmizin əleyhinə yönələn kəşfiyyat-pozuculuq fəaliyyətinə qarşı, terrorçuluqla, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə və ümumən, milli maraqların etibarlı təmin olunmasında əldə edilmiş konkret nəticələr bizim ən böyük uğurlarımızdır.

Bunun səbəbi isə zəruri islahatların aparılması, nazirliyin normativ-hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təminatının gücləndirilməsi, günün tələblərinə uyğun yeni fəaliyyət istiqamətlərinin və vəzifələrin müəyyən edilməsi, peşəkar kadr özəyinin möhkəmləndirilməsi, hər bir əməkdaşın işinə obyektiv qiymət verilməsi və şəxsi heyətin sosial müdafiəsinə dövlət səviyyəsində diqqət və qayğının artırılmasıdır.Ümumi desəm, xalqımızın milli təhlükəsizlik orqanlarına olan etimadının xeyli artması, cəmiyyət və dövlət başçısı tərəfindən işimizə verilən yüksək qiymət uğurlarımızın əsas göstəricisidir.

Mən dəfələrlə demişəm və yenə də vurğulamaq istəyirəm ki, fəaliyyətimizin təşkili və uğurlarımız ulu öndər Heydər Əliyevin xüsusi xidmət orqanlarında yaratdığı peşəkarlıq məktəbinin ənənələrindən, onun doğma Azərbaycana, milli mənafeyinə və maraqlarına, müstəqilliyinə və dövlətçiliyinə dönməz sədaqəti kimi sönməz duyğularından və amallarından qaynaqlanır. Bu belədir və həmişə belə olacaqdır. Şəxsi heyətimiz böyük qürur hissi ilə Ümummilli Lideri bizim orqanın əbədi fəxri rəhbəri sayır. Sonda Azərbaycan xalqına MTN əməkdaşları adından əmin-amanlıq və səadət, Azərbaycanın tərəqqisi və qüdrətlənməsi naminə yüksək sayıqlıq, sarsılmaz birlik və zəfər əhval-ruhiyyəsi diləyirəm.

INTERVIEWS
“Trend News” interview with Deputy Minister of National Security of the Republic of Azerbaijan major-general Ali Shafiyev (27.06.2008)
Interview with Mr. Ziya Yusifzade, head of the Academy of Ministry of National Security named after Heydar Aliyev (in the Azerbaijan language) (“Xalg gazeti” newspaper, 12.12.2007)
Interview with Mr. Eldar Mahmudov, minister of national security of the Republic of Azerbaijan (in the Azerbaijan language) (“Azerbaijan” newspaper, 28.03.2007)
Interview with Mr. Farhad Vahabov, head of the apparatus of minister of national security of the Republic of Azerbaijan (in Russian) (“Zerkalo” newspaper, 30.09.2006)
Interview with Mr. Eldar Mahmudov, minister of national security of the Republic of Azerbaijan (in Russian) (“Nezavisimaya gazeta” newspaper, 06.06.2005)
Interview with Mr. Ziya Yusifzade, head of the Academy of Ministry of National Security (in the Azerbaijan language) (“Azerbaijan” newspaper, 12.05.2005)
Interview with Mr. Eldar Mahmudov, minister of national security of the Republic of Azerbaijan (in Russian) (“Interfax” news agency, 28.03.2005)
Interview with Mr. Eldar Mahmudov, minister of national security of the Republic of Azerbaijan (in Russian) (“Zerkalo” newspaper, 26.03.2005)
Interview with Mr. Bahadur Huseynov, retired major-general chairman of Council of Veterans of War, Labour and Armed Forces (in the Azerbaijan language) (“Xalg gazeti” newspaper, 17.02.2005)
Interview with Mr. Eldar Mahmudov, minister of national security of the Republic of Azerbaijan (in Russian) (“Azerbaijan” newspaper, 07.12.2004)
Interview with Mr. Mammad Jafarli, head of department of the Minisytry of National Security (“Azernews”, 25.03.2004)
Interview with Mr. Eldar Mahmudov, minister of national security of the Republic of Azerbaijan (in Russian) («Caspian Energy», № 6 (34), 2005)
“Punishment is unavoidable” – Minister of national security about assassination of Elmar Huseynov