|
"MİLLİ VƏ BEYNƏLXALQ TƏHLÜKƏSİZLİK MƏSƏLƏLƏRİNDƏ ƏMƏKDAŞLIQ AZƏRBAYCAN ÜÇÜN PRİORİTETDİR"
General-mayor Fərhad Vahabov hesab edir ki, beynəlxalq ictimaiyyət terrorçuluq, separatizm və ekstremizmə dəstək verən ölkələrə qarşı effektli sanksiya tətbiq etməlidir.
"Ordunun aynası" Azərbaycanın NATO-ya inteqrasiya prosesinə rəsmilərin münasibətini öyrənməkdə davam edir. Bu sayımızda NATO - Azərbaycan əməkdaşlığında Milli Təhlükəsizlik Nazirliyinin (MTN) yeri və roluna aydınlıq gətirməyə çalışdıq. Müsahibimiz Milli Təhlükəsizlik Naziri Xidmətinin rəhbəri general-mayor Fərhad Vahabovdur.
ŞƏXSİ İŞ FƏRHAD HÜSEYN OĞLU VAHABOV 1950-ci ildə Bakı şəhərində anadan olub. 1973-cü ildə Bakı Dövlət Universitetini, 1983-cü ildə SSRİ Daxili İşlər Nazirliyi Akademiyasını bitirib. 1975-ci ildə daxili işlər orqanlarında fəaliyyətə başlayıb, bu sistemdə sonuncu vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Təşkilati-İnspektorluq İdarəsinin rəis müavini olub. 2004-cü ildən Milli Təhlükəsizlik Naziri Xidmətinin rəhbəridir. General-mayordur. Evlidir, iki övladı var.
- Cənab general, Azərbaycanla NATO arasında əlaqələr və perspektiv planlar barədə nə deyə bilərsiniz? - Bu gün yüksək səviyyədə olan NATO - Azərbaycan əməkdaşlığının təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Məhz onun uzaqgörən siyasəti, ölkənin uzunmüddətli inkişaf perspektivlərini düzgün müəyyənləşdirməsi nəticəsində 1994-cü il may ayının 4-də "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivə sənədinin imzalanmasından sonra qarşılıqlı fəaliyyətin intensiv xarakter alması ilə NATO - Azərbaycan əlaqələrinin real əsaslar üzərində bərqərar olmasında mühüm mərhələ başlanıb. Təsadüfi deyil ki, Azərbaycan ATƏT-ə üzv olan 27 dövlətlə birlikdə bu proqramın ilk iştirakçıları sırasında olub.
Həmin dövrdə Azərbaycanın yaşadığı çoxsaylı problemlər, xüsusilə Ermənistanın təcavüzü nəticəsində ərazilərimizin işğalı və hələ davam etməkdə olan müharibə ilə bağlı yaranmış ağır vəziyyət hamıya məlumdur. Belə mürəkkəb və olduqca gərgin vəziyyətdə nəinki ölkənin taleyi ilə bağlı strateji seçimdə zəngin dövlətçilik təcrübəsi, müdriklik və cəsarət öz bəhrəsini verdi, üstəlik ölkənin gələcəyinə hesablanmış düzgün qərarlar qəbul edildi. 1996-cı ilin aprelində "SNT" proqramı çərçivəsində qarşılıqlı əməkdaşlığın konkret istiqamətlərinin müəyyənləşdiyi rəsmi təqdimat sənədinin imzalanması ilə proses məntiqi nəticəsinə çatdırıldı. Hazırda Azərbaycan bu proqramla əlaqədar üzərinə düşən 50-yə yaxın tərəfdaşlıq məqsədini yerinə yetirir.
Sonrakı dövrdə bu istiqamətdə əldə olunmuş uğurlardan danışarkən 1998-ci ildə NATO ilə Azərbaycan arasında Fərdi Tərəfdaşlıq Planının (IPP) imzalanmasını xüsusi qeyd etmək istərdim. Çünki məhz həmin sənədin imzalanmasından sonra ikitərəfli münasibətlər hərbi və hərbi-siyasi sahələrlə yanaşı, ölkə həyatının digər sahələrini, o cümlədən təhlükəsizlik sektorunu da əhatə etməyə başladı.
Qarşılıqlı əməkdaşlıqda qazanılmış uğurlar arasında Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda islahatların aparılmasında NATO standartlarının tətbiqi xüsusi qeyd edilməlidir. Ölkəmizin hər il təqribən 1000 nəfərədək nümayəndəsinin NATO-nun 300-dən artıq müxtəlif tədbirində iştirak etməsi qarşılıqlı əməkdaşlığın hansı səviyyədə olduğuna əyani sübutdur. Bu istiqamətdə görülmüş ardıcıl və məqsədyönlü tədbirlərin digər nəticəsi Azərbaycanın Qərbə sürətli inteqrasiya yolu tutmasında əlavə stimul olmuş, ölkəmizin demokratik dünyanın ayrılmaz tərkib hissəsinə çevrilməsinə şərait yaradılmışdır.
Həm NATO, həm də bir sıra digər beynəlxalq təşkilatlar çərçivəsində iştirakın Azərbaycanın mənafeləri, milli və dövlət maraqları ilə tam uyğun olmaqla, qarşılıqlı faydalanma prinsipinə əsaslanması daha bir danılmaz nailiyyətdir. Azərbaycan artıq yalnız coğrafi-strateji mövqelərinə görə deyil, qısa müddət ərzində qazandığı zəngin təcrübə və qarşılıqlı əməkdaşlıqdakı etibarlılığı ilə tərəfdaşların marağına səbəb olur. Başqa sözlə desək, iqtisadi inkişaf və təhlükəsizliyin üzvi surətdə əlaqələndirilməsi sayəsində qazanılan uğurlar ölkəmizin Qərb, xüsusilə NATO-ya üzv dövlətlərin diqqət mərkəzində saxlanılmasına səbəb olan mühüm amillərdən sayıla bilər.
Artıq iki ildir NATO - Azərbaycan əməkdaşlığı öz inkişafının həm keyfiyyət, həm də həyata keçirilən tədbirlərin həcmi baxımından daha səmərəli və tamamilə yeni mərhələsinə qədəm qoyub. Bu mərhələ Azərbaycan Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasının NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının təsdiq edilməsi barədə" 03 avqust 2005-ci il tarixli sərəncamı ilə başlanıb. Əslində 2004-cü ilin əvvəlindən artıq bir sıra tədbirlərinin icrasına start verilmiş bu planın (IPAP) yerinə yetirilməsi istiqamətində ötən müddət ərzində çox böyük işlər görülüb.
NATO ilə Azərbaycan arasında 12 ildən artıq bir dövrü əhatə edən əməkdaşlıq əlaqələri doğrudan da səmərəli və əhəmiyyətli olub. Qarşılıqlı əməkdaşlığın hazırkı səviyyəsinə gəlincə, bu, əsasən özünün çoxtərəfli və getdikcə daha intensiv xarakter alması ilə səciyyəvidir. Azərbaycan Prezidenti cənab İ.Əliyevin NATO Parlament Assambleyasının yaz sessiyasındakı çıxışı qarşılıqlı etimada və birgə maraqlara əsaslanan bu münasibətlərin yüksək səviyyədə olmasını bir daha nümayiş etdirdi.
- Azərbaycanın NATO ilə əməkdaşlıq proqramlarında MTN-in payı nədən ibarətdir? - IPAP-ın yerinə yetirilməsində ölkənin digər dövlət orqanları ilə yanaşı, MTN də yaxından iştirak edir. NATO ilə nazirliyimizin qarşılıqlı əməkdaşlığında yeni mərhələ bizim təşəbbüsümüzlə, NATO-nun Xüsusi Komitəsinin işçi qrupunun terrorçuluqla mübarizəyə həsr olunmuş və ilk dəfə Bakıda 2004-cü ilin 28-29 oktyabrında uğurla keçirilmiş iclası ilə başlanıb. Bunun davamı, Azərbaycana olan etimadın və marağın artmasının daha bir təsdiqi kimi 2004-cü ilin 16-17 noyabrında NATO-nun Xüsusi Komitəsi üzvləri və üzv dövlətlərin xüsusi xidmət orqanlarının rəhbərlərinin iştirakı ilə Brüsseldə keçirilmiş tədbirdə milli təhlükəsizlik naziri cənab Eldar Mahmudovun geniş təqdimatla çıxışı olmuş, ölkəmizin terrorçuluğa qarşı mübarizədə qazandığı zəngin təcrübə və bu istiqamətdə gələcək fəaliyyət planları barədə NATO-ya üzv dövlətlərin nümayəndələrinə məlumat verilmişdir.
Bu tədbirlərdən sonra NATO rəsmiləri ilə MTN rəhbərliyinin görüşləri də intensiv xarakter almış, bir sıra sahələrdə əməkdaşlıq məsələlərinin daha da genişləndirilməsi və səmərəli həyata keçirilməsi istiqamətində ardıcıl məsləhətləşmələr aparılmışdır. O da qeyd olunmalıdır ki, 2004-2006-cı illərdə NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya ölkələri üzrə rəsmi nümayəndəsi cənab Robert Simmonsla və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri ilə nazirlik rəhbərliyinin müxtəlif çərçivələrdə görüşləri keçirilib.
Cəmi iki ay öncə Bakıda NATO ilə terrorçuluğa qarşı mübarizə üzrə əməkdaşlıq çərçivəsində keçirilən 2 günlük seminarda Alyansın bir sıra yüksək vəzifəli rəsmiləri, o cümlədən NATO-nun Müdafiə Planlaşdırması və Siyasəti Departamentinin idarə rəisi cənab Corc Katsirdakis iştirak edib.
Nazirliyin nümayəndələri Planın icrası məqsədilə ölkənin strateji inkişaf xəttinin müəyyənləşdirilməsində mühüm əhəmiyyətə malik Milli Təhlükəsizlik Konsepsiyasının hazırlanması məqsədilə müxtəlif qurumların təmsil olunduğu Azərbaycanın Respublikası Milli Təhlükəsizlik Siyasəti üzrə İşçi Qrupunda və ekspert qrupunda yaxından iştirak etmişlər.
Əməkdaşlarımız Corc Marşall adına Avropa Təhlükəsizlik Məsələləri Mərkəzində, ABŞ-ın Milli Müdafiə Universitetinin Bakıda təşkil etdiyi kurslarda iştirak etmiş, xarici ölkələrin ekspertləri ilə Milli Təhlükəsizlik Konsepsiyasının layihəsinin müzakirəsi sahəsində keçirilən görüşlərdə fəal olmuşlar.
Başlıca fəaliyyət istiqamətimiz olan terrorçuluğa qarşı mübarizədə əməkdaşlıq sahəsində görülən işlərin həcmi və əhəmiyyəti xüsusi qeyd edilməlidir. Terrorçuluğa qarşı mübarizə sahəsində qanunvericiliyin monitorinqi, bu qəbildən olan cinayətlərlə mübarizənin səmərəliliyinin artırılması və həmin əməllərə görə cəzaların müəyyən edilməsi məqsədilə idarələrarası işçi qrupu yaradılıb. Bu qrup tərəfindən beynəlxalq standartlar nəzərə alınmaqla "Terrorçuluğa qarşı mübarizə haqqında" qanunun yeni variantı hazırlanmaqdadır. Terrorçuluqla mübarizədə Azərbaycan Respublikasının təcrübəsi və milli qanunvericiliyi, ölkənin beynəlxalq təşkilatlar və xarici dövlətlərlə əlaqələri, habelə beynəlxalq terrorçuluqdakı yeni tendensiya və təhdidlərin qarşısının alınması imkanları və bu sahədə çatışmazlıqlar təhlil edilir, terrorçuluğa qarşı mübarizə üzrə milli fəaliyyət planlarının, o cümlədən anti-terror strukturlarının maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə layihələr hazırlanır və onların icrası sahəsində müəyyən işlər görülür.
MTN Akademiyasında terrorçuluqla mübarizəyə dair müvafiq təlimlər keçirilmiş və gələcəkdə beynəlxalq terror təhdidləri üzrə təlimlərin keçirilməsi üçün aktual mövzuların müəyyənləşdirilməsi, metodik köməkliyin göstərilməsi və təcrübə mübadiləsinin aparılması, zəruri normativ-hüquqi sənədlər və ədəbiyyat əldə edilməsi məqsədilə NATO və digər tərəfdaş ölkələrin ixtisaslaşmış qurumları ilə əlaqələr yaradılmışdır. MTN Akademiyasında yaradılacaq və terrorçuluq əleyhinə hazırlıq, eləcə də bu sahədə ikitərəfli və çoxtərəfli əməkdaşlıq qurumu kimi fəaliyyət göstərəcək Beynəlxalq Təlim Mərkəzinin müvafiq maddi-texniki baza, zəruri avadanlıq və müasir elmi-texniki vəsaitlərlə təchiz olunması, işçi heyəti ilə komplektləşdirilməsi, Mərkəzin fəaliyyəti üçün zəruri hüquqi-normativ sənədlərin, təlimatların, tədris proqramlarının işlənməsi və digər zəruri məsələlərin həlli ilə əlaqədar NATO tərəfi ilə müvafiq əməkdaşlıq davam etdirilir.
Nazirliyimizin təşkilatçılığı ilə 2006-cı ilin iyulunda Azərbaycanda növbəti dəfə təşkil edilən NATO həftəsi zamanı Avroatlantika Tərəfdaşlıq Şurası formatında terrorçuluqla mübarizədə əməkdaşlıq məsələlərinin müzakirəsinə həsr olunmuş "Terrorçuluğa qarşı mübarizə sahəsində NATO əməliyyatlarına tərəfdaşların töhfələri və iştirakları" mövzusunda seminar keçirilmiş, tədbirdə 30-dan çox ölkənin 50-dən artıq nümayəndəsi təmsil olunmuşdur. Bu, NATO-nun PAP-T fəaliyyət planı çərçivəsində əməkdaşlıq proqramının yerinə yetirilməsi ilə əlaqədar təşkil edilmiş daha bir önəmli tədbir idi. ABŞ-da baş vermiş 2001-ci ilin dəhşətli 11 sentyabr olaylarından dərhal sonra qəbul edilmiş NATO-nun terrorçuluqla mübarizə sahəsində ən mühüm fəaliyyət planlarından olan PAP-T-nin həyata keçirilməsinə Avroatlantik Tərəfdaşlıq Şurasının üzvü kimi Azərbaycan da mühüm töhfələr verib. Terrorçuluqla mübarizənin əsaslarını müəyyən edən bu Plan iştirakçı ölkələr arasında əməkdaşlığın genişləndirilməsi, müxtəlif tədbirlər, o cümlədən təlimlər vasitəsilə müntəzəm surətdə təcrübə və informasiya mübadiləsi aparılmasını nəzərdə tutur.
Biz terrorçuluqla mübarizədə hər bir ölkəyə mövcud problemləri, onların səbəbləri və xüsusiyyətlərini üzə çıxarmağa və aradan qaldırmağa imkan yaradan bu Planı yüksək qiymətləndiririk.
Yeri gəlmişkən qeyd etmək istərdim ki, dünyada terrorçuluğun yeni təzahürlərinin getdikcə daha ciddi xarakter alması bu təhlükənin önlənməsi istiqamətində fəaliyyətimizin təkmilləşdirilməsi zərurətini daha da artırıb. Fikrimizcə, terrorçuluqla mübarizədə birinci və ikinci dərəcəli istiqamətlər bölgüsünə, dini və milli çalarlara və xüsusən "ikili standartlar" siyasətinə yer olmamalıdır. Beynəlxalq ictimaiyyət "hər yerdə və hər zaman" prinsipini rəhbər tutaraq, terrorçuluq, separatçılıq və ekstremizmə dəstək verən ölkələrə qarşı birgə və effektli sanksiyalar qəbul etməlidir.
Başqa bir vacib məqam ölkəmizin iqtisadi tərəqqisini şərtləndirən, Azərbaycanı geniş sərmayə qoyuluşu üçün cazibədar edən mühitin daha da möhkəmləndirilməsi, beynəlxalq iqtisadi layihələrin uğurla həyata keçirilməsinə əlverişli şəraitin yaradılmasıdır. Cənubi Qafqazdakı beynəlxalq iqtisadi layihələrdə, xüsusən Xəzərin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılması ilə bağlı alternativ nəqliyyat dəhlizində risklərin və təhdidlərin qiymətləndirilməsi üzrə layihələrin hazırlanmasında yaxından iştirak edilmişdir. Eyni zamanda, kəmərlərin təhlükəsizliyinin əməliyyat təminatı ilə bağlı müntəzəm tədbirlər keçirilmişdir. Artıq Bakı - Tbilisi - Ceyhan neft kəmərinin istifadəyə verilməsi bu tədbirlərin intensivliyinin və effektiv koordinasiyasının daha da yüksəldilməsini tələb edir.
Həmçinin ölkə üçün mühüm əhəmiyyət daşıyan digər istiqamətlərdə Plana müvafiq işlər görülüb. Nüvə terrorçuluğu və nüvə təhlükəsizliyi istiqamətində Milli Elmlər Akademiyası ilə birlikdə müvafiq işlərin aparılması nəzərdə tutulub. Nazirlik NATO çərçivəsində keçirilmiş kütləvi qırğın silahlarının yayılmama, hərbi qüvvələr və mülki şəxslərin müdafiəsinə yeni yanaşmalar, kibertəhlükəsizlik və fövqəladə planlaşdırma və s. məsələlərlə bağlı tədbirlərdə fəal təmsil olunub.
Ümumiyyətlə, bir məsələni xüsusi vurğulamaq istərdim ki, NATO ilə əməkdaşlıq proqramları çərçivəsində həyata keçirilən tədbirlərlə əlaqədar NATO ekspertlərinin vaxtaşırı keçirdikləri qiymətləndirmələrdə MTN-in gördüyü işlər yüksək qiymətləndirilmişdir. Əminliklə demək olar ki, NATO - Azərbaycan əməkdaşlığı sahəsində ötən illər ərzində əldə edilmiş çox mühüm nəticələr, yüksək perspektivə malik olan qarşılıqlı əməkdaşlığımız gələcəkdə daha da inkişaf edəcək, hər iki tərəfin maraqlarına cavab verməklə, regional, beynəlxalq əməkdaşlığın inkişafına səmərəli töhfə olacaq. Azərbaycan sivil, dünyəvi, hüquqi və demokratik, milli və Avropa dəyərlərinə söykənən bir dövlətdir, məqsədi insan və vətəndaş hüquqlarına dönmədən hörmət, devizi isə "sülh, sabitlik və inkişaf"dır.
C.MƏMMƏDOV, İ.BAYANDURLU
|