|
Muzeydəki eksponat və məlumatların mühüm hissəsi Azərbaycan Demokratik Respublikası dövrünü əhatə edir. Müvafiq bölmələrdə ADR dövründə ilk xüsusi xidmət orqanlarının formalaşması və fəaliyyətinə, həmçinin tariximizin həmin dövrünü əhatə edən digər maraqlı məlumatlara rast gəlinir. 1917-ci ildə fevral burjua-demokratik inqilabından və oktyabr çevrilişindən sonra Rusiyanın həm özündə, həm də əyalətlərində (ucqarlarında), o cümlədən Azərbaycanda siyasi həyat son dərəcədə fəallaşdı. İctimai təşkilatlar, siyasi partiyalar, komitələr yarandı, bəzi partiyalar leqal fəaliyyətə keçdi.
1918-ci ilin fevral-mart aylarında Azərbaycanda bolşeviklər daha da fəallaşdı və onlar erməni daşnakları ilə birlikdə xalqımıza qarşı soyqırım siyasətini həyata keçirməyə başladılar. Mart soyqırımı onminlərlə soydaşımızın qətli ilə nəticələndi. Bakıda «İsmailiyyə» binası, «Kaspi» və «Açıq söz» qəzetlərinin redaksiyası erməni daşnakları tərəfindən yandırıldı. Zaqafqaziya Seymindən kömək çağırışı cavabsız qaldı. Belə olan təqdirdə, 1918-ci il mayın 28-də Azərbaycan Zaqafqaziya Seymindən çıxdı. Dörd partiyanı («Müsavat», «Hümmət», «İttihad» və «Müsəlman Sosialist Bloku») təmsil edən 44 deputat Milli Şuranı təsis etdi. Şura Tiflisdə, Qafqaz canişinin iqamətgahında «İstiqlal Bəyannaməsi» ilə çıxış edərək müstəqil Azərbaycan Demokratik Respublikasının yaranmasını bəyan etdi. Milli Şura Azərbaycan Demokratik Respublikasının 12 nəfərdən ibarət ilk müvəqqəti hökumətini yaratdı. Hökumətə rəhbər Fətəlixan Xoyski, xarici işlər naziri isə Məmmədhəsən Hacınski seçildi. 1918-ci il mayın 30-da ADR-in və onun ilk hökümətinin yaranması haqqında dünya ölkələrinə radioqramla məlumat verildi.
Birinci, müvəqqəti hökumət 1918-ci il iyun ayının 17-dək fəaliyyət göstərdi. İkinci və üçüncü hökumətlərə də rəhbərlik F.Xoyskiyə həvalə edildi. Dördüncü və beşinci hökümətlər isə Nəsibbəy Yusifbəylinin başçılığı ilə təşkil edilmişdir. Muzeyin tariximizin ADR dövrünü əhatə edən bölməsində 1918-ci il dekabrın 7-də fəaliyyətə başlamış ilk Azərbaycan parlamentinə dair materiallarla da tanış olmaq mümkündür.
ADR-in rəhbərliyi müstəqil dövlətin fəaliyyətinin ilk günlərindən ölkənin təhlükəsizliyini təmin etmək iqtidarında olan güc strukturlarının mövcudluğu zərurətini aydın dərk edir, müvafiq istiqamətdə məqsədyönlü iş aparılırdı. Parlamentin qəbul etdiyi Bəyannamədə qeyd olunurdu: «ADR-in ən vacib vəzifələrindən biri ölkənin ərazi bütövlüyünü qoruya bilən milli ordunun yaradılmasıdır». 1918-ci ilin dekabr ayında tam artilleriya generalı Səmədbəy Mehmandarov hərbi nazir təyin edildi. S.Mehmandarov müavini Əliağa Şıxlinski və Baş Qərargah rəisi Məmmədbəy Sulkeviçlə birlikdə milli ordunun yaradılması istiqamətində fəaliyyətə başladı. Onların birgə səyləri nəticəsində artıq 1919-cu ilin sonunda ADR 20 min nəfərlik orduya malik idi. Təcrübəli hərbçi olan S.Mehmandarov ölkənin təhlükəsizliyinin təminatı üçün ordunun imkanlarının yetərli olmadığını dərk edərək, Nazirlər Şurasına yazdığı təqdimatda xüsusi xidmət orqanlarının yaradılmasının vacibliyini vurğulayırdı. Bu təqdimatdan sonra 1919-cu il martın 28-də Səmədbəy Mehmandarov və Məmmədbəy Sulkeviçin Gəncə şəhərində imzaladıqları 157 saylı əmrlə 4 bölmədən ibarət general-kvartirmeyster şöbəsi yaradıldı. Şöbə aşağıdakı bölmələrdən ibarət idi: 1. Əməliyyat-Səfərbərlik; 2. Sıravi və hesabat; 3. Kəşfiyyat və əks-kəşfiyyat; 4. Rabitə xidməti.
Bununla da, Azərbaycanın xüsusi xidmət orqanının yaradılması istiqamətində ilk addım atılmış oldu. Lakin Kəşfiyyat və əks-kəşfiyyat bölməsinin fəaliyyətinin mülki sferaya sirayət etməməsi, eyni zamanda, Azərbaycana istər daxili, istərsə də xarici təzyiqlərin güclənməsi yeni, daha geniş imkanlara və səlahiyyətlərə malik xüsusi xidmət orqanının yaradılmasını tələb edirdi. Bu vəziyyətdə Azərbaycan höküməti 1919-cu il iyun ayının 9-da Dövlət Müdafiə Komitəsini (DMK) təsis etdi. Bu qəbildən növbəti addım 1919-cu il iyunun 11-də parlamentin Əksinqilabla Mübarizə Təşkilatının (ƏMT) yaradılması haqqında qəbul etdiyi qərar oldu. Bu təşkilat fəaliyyətini Azərbaycanda terror-təxribat, casusluq və s. bu kimi fəaliyyətlə məşğul olan qüvvələrə qarşı mübarizə istiqamətində qurmağa başladı. Təşkilatın ilk rəisi parlamentin üzvü Məmmədbağır Şeyxzamanlı (1880-1920) oldu. M.Şeyxzamanlı 3 aya qədər bu vəzifədə çalışdıqdan sonra onu qardaşı Nağı Şeyxzamanlı (1883-1967) əvəz etdi. N.Şeyxzamanlının müavini isə Mirfəttah Müsəvini əvəzləyən Mahmud Səfikürdski oldu.

ƏMT cəmi 9 ay fəaliyyət göstərdi (iyun 1919-mart 1920). Bu müddət ərzində təşkilatda 77 nəfər əməkdaş çalışmışdı. Burada ermənilər istisna olmaqla müxtəlif millətləri (azərbaycanlılar, ruslar, gürcülər, ukraynalılar) və siyasi baxışları təmsil edən nümayəndələr fəaliyyət göstərmişdir. Muzeydə ƏMT-nin fəaliyyətini əks etdirən bölmədə əməkdaşların siyahısı, ərizə surətləri, təşkilatın proqramı, möhürü, blank nümunələri və sair materiallarla tanış olmaq mümkündür.
Sənədlər göstərir ki, Əksinqilabla Mübarizə Təşkilatınının yaradıcıları onun tədricən təkmilləşdirilməsi istiqamətində də fəaliyyət göstərmişlər. Bunu aşağıdakı sxemlər sübut edir:

1919-cu ilin oktyabrında isə S.Mehmandarov Milli hökümətə artıq aşağıdakı planı təklif etmişdir:

Lakin bu planların reallaşması mümkün olmadı. 1920-ci il mart ayının 6-da ƏMT öz fəaliyyətini dayandırdı. Sovetləşmədən sonra onun əməkdaşlarının bir hissəsi, o cümlədən Məmmədbağır Şeyxzamanlı güllələndi, müəyyən hissəsi də həbs olundu. Nağı Şeyxzamanlı Türkiyəyə mühacirət etməyə məcbur oldu. Eyni aqibət Gəncə üsyanında iştirak etmiş Azərbaycanın görkəmli sərkərdələri general-mayor Şahzadə Əmir Kazım Mirzə Qacara, general-mayor İbrahim ağa Usubova, general-mayor Əbdülhəmid bəy Şərifbəy oğlu Qaytabaşıya, polkovnik Rüstəmbəy Şıxlinskiyə, iyunda güllələnmiş general-leytenant Məmmədbəy Sulkeviçə də qismət oldu. Cəmşid Naxçıvanski 2 dəfə həbs olunub, azad edildikdən sonra, 1937-ci ildə güllələndi. Səmədbəy Mehmandarov və Əliağa Şıxlinskini isə bu aqibətdən Nəriman Nərimanovun V.İ.Leninə yazdığı məktub-xahişi xilas etdi. Muzeyin müvafiq bölməsində istintaq materialları, güllələnmiş generalların fotoşəkilləri, repressiya qurbanlarının sənədləri əks etdirilmişdir.
Cəmi 23 ay yaşamasına baxmayaraq, şərqdə ilk demokratik dövlət olan ADR-in tariximizdə xüsusi yeri var. Ümummilli liderimiz Heydər Əliyev ADR-in fəaliyyətini və Azərbaycan tarixindəki mövqeyini yüksək qiymətləndirərək, 80 və 85 illik yubileylərinin keçirilməsi ilə əlaqədar sərəncamlar imzalamış, müstəqil Azərbaycan Respublikasının təhlükəsizlik orqanının tarixini, ADR-in dövründə yaranmış ilk xüsusi xidmət orqanından götürməyi düzgün və məqsədəuyğun hesab etmişdir. Muzeydə müvafiq tarixi dövrü əks etdirən və MTN əməkdaşları tərəfindən yazılmış kitablar, həmçinin XX əsrin əvvəllərində istifadə edilən silah nümunələri ilə də tanış olmaq mümkündür).
|