|
Redaksiyadan: Bir neçə gün sonra Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları öz peşə bayramlarını - 1919-cu il mart ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin Baş Qərargahı tərkibində ilk xüsusi xidmət orqanı - kəşfiyyat və əks-kəşfiyyat bölməsinin təşkil olunması ilə yaradılmış milli təhlükəsizlik orqanlarının 86-cı ildönümünü qeyd edəcəklər. Əsası xalqımızın ümummilli lideri Heydər Əliyevin 23 mart 1997-ci il tarixli sərəncamı ilə qoyulmuş, bütün dövlət və idarəetmə qurumlarının tarixi kökə qayıdışı, dövlətçiliyin varislik prinsipinin təsbit olunması baxımından müstəsna əhəmiyyət kəsb edən bu bayram milli təhlükəsizlik orqanlarının əməkdaşları üçün daha çox hansı cəhətləri ilə əlamətdardır? MTN 28 mart - peşə bayramını necə qarşılayır? Azərbaycan dövlətinin təhlükəsizlik siyasətinin qurulmasında dünyada gedən qloballaşma və inteqrasiya prosesləri necə dəyərləndirilir? Azərbaycanın bu gün regional və beynəlxalq təhlükəsizlik sistemlərinin qurulmasında fəal iştirakını şərtləndirən amillər hansılardır? Bu və digər suallara milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudovun məqaləsində cavab tapa bilərsiniz.
Tarixi yaddaşa və ənənələrə sədaqət
Ölkənin milli təhlükəsizliyinin təmini işində bu gün Milli Təhlükəsizlik Nazirliyinin rolu və yeri barədə daha aydın təsəvvür yaranması üçün təhlükəsizlik orqanlarının keçdiyi çətin, ziddiyyətli, eyni zamanda şərəfli tarixi yolun ən mühüm mərhələlərinə qısa nəzər salmaq yaxşı olardı. Şərqdə ilk demokratik dövlət olan, cəmi 23 ay yaşamış müstəqil Azərbaycanın təhlükəsizlik orqanlarının 28 mart 1919-cu ildən başlayan təqribən bir illik səmərəli fəaliyyəti, milli kəşfiyyat və əks-kəşfiyyat sistemini təkmilləşdirmək səyləri 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində yarımçıq qaldı.
Sonrakı dövrlərdə, yəni 30 ildən artıq olan müddətdə insanların saxta və əsassız ittihamlarla həbsi, sürgünü və edamı, sovet epoxasının "yumşalma" mərhələsi başladıqdan sonra isə başqa vasitələrlə siyasi təqiblər davam etdi.
Azərbaycanın görkəmli elm və mədəniyyət xadimlərinin millətçi damğası ilə təqib olunmalarından qorunması və repressiyalara məruz qalmış bir çox insanların hüquqi və mənəvi bəraət alması, habelə bu orqanın milliləşdirilməsi istiqamətində səylərə yalnız 50-ci illərin sonlarından etibarən başlanmışdır. Azərbaycanın gələcək müstəqilliyinə və milli təhlükəsizlik orqanlarının kadr potensialının təşkilinə hesablanmış bu proses ömrünün 25 ilə yaxın bir dövrünü təhlükəsizlik orqanlarına həsr etmiş dünya miqyaslı siyasətçi, görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Onun Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində əks-kəşfiyyat xəttinə rəhbərlik etdiyi, xüsusilə də, komitənin sədr müavini və sədr olduğu illərdə bu qurumda milli kadrların işə götürülməsi, onların püxtələşib mühüm fəaliyyət sahələrində rəhbər vəzifələrə təyin olunması geniş vüsət almışdı. Heydər Əliyev respublika və SSRİ rəhbərliyində çalışdığı müddətdə də Azərbaycanın xüsusi xidmət orqanlarının fəaliyyətini daim diqqət mərkəzində saxlamışdır.
1991-ci ilin oktyabr ayında Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyinin təsis edilməsi ilə təhlükəsizlik orqanının tarixində yeni dövr başlandı. Artıq bu orqanların qarşısında duran vəzifələrin mahiyyəti dəyişmiş, ölkənin suverenliyi, konstitusiya quruluşu, iqtisadi, müdafiə, elmi-texniki potensialına, digər həyat əhəmiyyətli maraqlarına qarşı daxili və xarici təhdidlərin müəyyənləşdirilməsi və bu yönümdə mübarizə sahəsində mühüm tədbirlər görülməsi zərurəti yaranmışdı.
Mühüm dövlətçilik təsisatlarından olan MTN-in fəaliyyətində dönüş mərhələsi ümummilli liderimizin Azərbaycan rəhbərliyinə növbəti qayıdışı ilə başlanmışdır. Məhz bu dövrdə nazirliyin özünəməxsus müsbət ənənələrinin bərpası, onların ən dəyərlilərinin yaşadılması üçün təşkilati-əməli tədbirlər görüldü. Azərbaycan Resrublikasının Prezidenti İlham Əliyev nazirliyin bir qrup əməkdaşına yüksək dövlət mükafatlarının təqdimetmə mərasimindəki çıxışında demişdir: "Bilirsiniz ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin Milli Təhlükəsizlik Nazirliyinə xüsusi münasibəti var idi. Onun ömrünün böyük bir hissəsi bu nazirlikdə keçmişdir. Ən kiçik vəzifədən sədr vəzifəsinədək, general rütbəsinədək yüksəlmişdi. Sonrakı fəaliyyətində - artıq Azərbaycanın birinci katibi vəzifəsinə seçiləndən sonra, Prezident vəzifəsinə seçiləndən sonra da o, daim bu orqana öz diqqətini əsirgəməyibdir".
Əsası milli öndərimiz tərəfindən qoyulmuş mühüm və fəal hüquq mühafizə siyasət xətti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə və uğurla davam etdirilir. Nazırda möhtərəm Prezidentimizin rəhbərliyi ilə aparılan dövlət quruculuğunun yeni mərhələsində Milli Təhlükəsizlik Nazirliyində fəaliyyətin milli maraqlar nəzərə alınmaqla, beynəlxalq standartlara uyğun qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Eyni zamanda, nazirliyin peşəkar kadr özəyinin daha da möhkəmləndirilməsi, keçmişin müsbət ənənələrinin yaşadılması, onların daim inkişaf etdirilməsi yönümündə ciddi səylər göstərilir.
Yeni reallıqlar, yeni yanaşmalar
Azərbaycan milli təhlükəsizlik orqanları hazırda öz zəngin tarixinin ən məsuliyyətli dövrünü yaşayır. Bu dövr ölkə daxilində və onun hüdudlarından kənarda keyfiyyətcə yeni reallıqlar və maraqlar zəminində cərəyan edən proseslərlə bilavasitə bağlı olmaqla, Azərbaycana qarşı daxili və xarici təhdidlərin konkretləşməsi, milli mənafelərin təmini üçün kompleks və ardıcıl tədbirlərin həyata keçirilməsi ilə səciyyəvidir. Müasir dövr, həmçinin qloballaşma və inteqrasiya proseslərinin dərinləşməsi, dünyanın coğrafi-siyasi mənzərəsində dəyişikliklərin baş verməsi, bütün beynəlxalq aləmə yeni təhdidlərlə fərqlənir. Artıq dünyada təhlükəsizliyin təmin olunması yollarına və vasitələrinə deyil, həm də bu anlayışın özünün mahiyyətinə baxışda prinsipial xarakterli dəyişikliklər mövcuddur. Belə ki, ölkələrin milli təhlükəsizliyin təmini işi hazırda yalnız daxili imkanlar hesabına deyil, həm də bu yönümdə beynəlxalq əməkdaşlıq sayəsində mümkündür. Dini və siyasi ekstremizm, təcavüzkar separatçılıq, narkotiklərin, radioaktiv maddələrin və silahların qanunsuz dövriyyəsi, insan alveri və nəhayət, terrorçuluq kimi dəhşətli təhlükələr bütün dünya dövlətləri, o cümlədən Azərbaycan üçün də eyni dərəcədə aktualdır.
Müasir və daim dəyişkən dünyada təhlükəsizliyin təmin olunmasının prinsip və istiqamətlərinin konkretləşdirilməsi digər xarici xüsusi xidmət orqanları kimi MTN-in də qarşısında keyfiyyətcə tamamilə yeni vəzifələr qoyur. Bu, ilk öncə regionda və dünyada gedən proseslərlə ayaqlaşmaq üçün qabaqlayıcı məlumatların əldə edilməsi, üsul və metodlarının təkmilləşdirilməsi, təhlil-proqnoz işinin gücləndirilməsi ilə 21-ci əsrin qlobal tələblərinə cavab verə biləcək bir təşkilata çevrilməkdən ibarətdir. Milli təhlükəsizliyin hərtərəfli təmini ilə yanaşı, paralel surətdə beynəlxalq təhlükəsizlik sisteminin formalaşdırılması prosesinin fəal iştirakçısı olan, demokratik cəmiyyət quruculuğunda yaxından iştirak edən MTN öz fəaliyyətini müasir tələblər səviyyəsində qurmaqla, mövcud potensialını Azərbaycan Respublikasının müstəqilliyi və dövlətçiliyinin möhkəmləndirilməsinə, milli maraqların daha etibarlı qorunmasına səfərbər edir.
Ölkəmizin milli təhlükəsizlik maraqları nəzərə alınaraq, nazirlik xüsusi xidmət orqanlarına xas spesifik kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətindən başqa, dövlət sirri təşkil edən məlumatların qorunması, informasiyanın mühafizəsi, korrupsiya, transmilli mütəşəkkil cinayətkarlığın bütün təhlükəli növləri ilə mübarizəyə xüsusi önəm verir. Ötən bir il ərzində Azərbaycanın xarici siyasətinin həyata keçirilməsi sahəsində nazirliyimiz tərəfindən görülən tədbirlər daha konkret xarakter daşımışdır. Nazirlik, həmçinin Ermənistanın ölkəmizə qarşı təcavüzkar separatçılığa rəvac verən və terrorçuluq siyasətinin dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən etirafına nail olunmasında yaxından iştirak etmişdir. Qarabağın tarixi, Xocalı soyqırımı, münaqişənin əsl mahiyyəti, əsir və girov götürülmüş şəxslərə qarşı ermənilər tərəfindən törədilən vəhşiliklər və s. obyektiv məlumatların müxtəlif dillərə tərcümə edilərək xaricdə yayılması üzrə və digər istiqamətlərdə fəal tədbirlər həyata keçirilmişdir.
Eyni zamanda, xarici dövlətlərin xüsusi xidmət orqanlarının ölkəmiz əleyhinə yönəlmiş casusluq, kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması sahəsində konkret işlər görülmüşdür.
Bundan başqa, mütəşəkkil cinayətkarlıq və terrorçuluqla mübarizə sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilmiş, tərəfdaş dövlətlərin xüsusi xidmət orqanları, təhlükəsizlik problemləri ilə məşğul olan beynəlxalq təşkilatlarla real və səmərəli əməkdaşlıq əlaqələri daha da genişləndirilmişdir.
Terrorçuluqla mübarizə
Hazırda nazirliyin fəaliyyətinin prioritet istiqamətləri arasında terrorçuluqla mübarizə mühüm yer tutur. Dünyada və ölkədə baş verən proseslər, beynəlxalq aləm üçün aktual olan terrorçuluğun ictimai-siyasi, sosial-iqtisadi həyatın bütün sahələrində ciddi fəsadlar törədə bilməsi bu qlobal təhlükə ilə mübarizə istiqamətində fəaliyyətin daim diqqətdə saxlanmasını zəruri edir.
Son dövrlər Misir, Türkiyə, İspaniya, Pakistan, Rusiya və planetin bir sıra nöqtələrində baş verən terror aktları göstərir ki, hazırda dünyanın heç bir ölkəsi bu dəhşətli bəladan özünü tam müdafiə olunmuş hesab edə bilməz. Bu baxımdan, beynəlxalq terrorçuluqla mübarizə sahəsində fəaliyyətin daha da təkmilləşdirilməsi, müxtəlif ölkələrin təcrübəsinin öyrənilməsi və təhlili, mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması zəruridir. Terror niyyətlərinin vaxtında aşkarlanması üçün qabaqlayıcı məlumatların əldə olunması və cinayətkarların zərərsizləşdirilməsi ilə yanaşı, terrora həssas sahələrin tam müəyyənləşdirilməsinə, həmin yerlərdə terror-təxribat fəaliyyətini çətinləşdirən və mümkünsüz edən şəraitin yaradılmasına diqqət artırılmışdır. Bu fəaliyyət Azərbaycanın terror təhlükələrindən müdafiəsi istiqamətində bir sıra uğurlar qazanılmasına imkan vermişdir.
Belə ki, 2004-cü ildə əcnəbi vətəndaşların iştirakı ilə terror aksiyaları planlaşdıran, həmçinin, terrorçu qadın-kamikadzelər hazırlayan dəstələrin fəaliyyətinin qarşısı cinayətə hazırlıq mərhələsində alınmışdır. Ötən ilin avqustunda həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycanın dövlət orqanlarında və strateji obyektlərində, habelə izdihamlı, xüsusən, xarici vətəndaşların kompakt işlədikləri və yaşadıqları yerlərdə silsilə terror aksiyaları həyata keçirməyi və bu işdə "kamikadze" qadınlardan istifadə etməyi planlaşdıran ekstremist əhval-ruhiyyəli cinayətkar qrupdan partlayıcı qurğular və maddələrin hazırlanması sxemləri, komponentləri, külli miqdarda trotil şaşkaları, əl qumbaraları, hərbi ləvazimat, güclü təsiredici qüvvəyə malik zəhərli vasitənin reseptləri, radikal dini ədəbiyyat, həmçinin, qrup üzvləri tərəfindən hazırlanmış və "Əl Qaidə - Qafqaz" təşkilatının adından imzalanmış "Azərbaycan rəhbərliyinə və xalqına xəbərdarlığ"ın mətni aşkar edilərək götürülmüşdür. Həmçinin, 2004-cü ilin oktyabrında beynəlxalq terrorçu təşkilatlarla əlaqəsi olan, xarici vətəndaşlardan ibarət daha bir təhlükəli cinayətkar qrup ifşa olunaraq zərərsizləşdirilmişdir. Cinayətkar qrupdan külli miqdarda hərbi ləvazimat və xüsusi rabitə dəstləri, xeyli sayda silah və döyüş sursatı, uzaq məsafədən idarə olunan elektron partlayıcı qurğuların sxemləri və sair aşkar edilərək götürülmüşdür.
Milli təhlükəsizliyimiz üçün real təhdidlərdən olan dini ekstremizmin miqyasının genişlənməsi bu və ya digər formada terrorçuluq fəaliyyəti üçün əlverişli sosial mühitin yaradılmasına təkan verə biləcək amil kimi qiymətləndirilir. Son vaxtlar bu qəbildən olan radikal qrupların öz fəaliyyətlərinin coğrafi dairəsini genişləndirmələri, sıralarına yeni sosial təbəqələr cəlb etmək cəhdləri açıq müşahidə olunur. Beynəlxalq terror şəbəkəsinin bilavasitə himayədarlığı ilə ölkənin iqtisadi infrastrukturunda, strateji obyektlərində, Silahlı Qüvvələrində özəklərin yaradılmasına cəhdlər də bu xüsusatı təsdiqləyir. Artıq milli təhlükəsizlik orqanları belə yönümlü bir sıra cinayətkar niyyətləri ifşa etmişlər. Biz, Azərbaycan ictimaiyyətini də məsələyə ciddi yanaşmağa və belə təzahürlərə qarşı mübarizədə xüsusi xidmət orqanlarına yardımçı olmağa və əsl vətəndaş mövqeyi nümayiş etdirməyə çağırırıq.
O da qeyd olunmalıdır ki, hazırkı müasirləşmə və yeniləşmə mərhələsində uğurla davam etdirilən səmərəli xarici siyasət nəticəsində Azərbaycanın bir sıra Qərb ölkələri və mötəbər beynəlxalq təşkilatlarla əlaqələri sırf dövlətlərarası münasibətlərdən strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Azərbaycanın beynəlxalq terrorçuluğa qarşı mübarizədəki fəallığının güclənməsi buna əyani sübutdur və antiterror koalisiyasında iştirak hər şeydən əvvəl ölkənin milli maraqlarından irəli gəlir. Digər tərəfdən, sivilizasiyaların kəsişmə nöqtəsində yerləşən Azərbaycan Respublikası Avropa qitəsini təhdidlərdən qoruyan sipər dövlətə çevrilmişdir.
Təcavüzkar separatçılıqla mübarizə
Bu gün biz terrorçuluğun əsas təməllərindən olan təcavüzkar separatçılıqla mübarizəyə də xüsusi diqqət yetiririk. Çünki, məlum olduğu kimi, beynəlxalq terrorçuluğun tərkib hissəsi olan, Ermənistanda dövlət səviyyəsində dəstəklənən erməni terrorçuluğunun başlıca hədəfləri siyahısında Azərbaycan da öndədir. 1988-ci ildən bəri Azərbaycanda izləri Ermənistan Respublikasına və Dağlıq Qarabağ separatçılarına gedib çıxan 373 terror aktı qeydə alınmışdır. Nəticədə 2000 nəfərə yaxın Azərbaycan vətəndaşı həlak və 1600 nəfər əlil olmuşdur. Təkcə 1995-1997-ci illərdə ölkə ərazisində 60-dan çox təxribatçı-terrorçu həbs edilmiş və hər konkret halda onların Ermənistan ərazisində hazırlıq keçmələri, məhz oradan maliyyə, silah və sursat dəstəyi almaları prosessual qaydada sübuta yetirilmişdir.
Ölkə Prezidentinin milli maraqların hərtərəfli təmin olunması sahəsində qarşımıza qoyduğu ən başlıca tələblərdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, xalqımızın mənafeyinə uyğun həllində bütün imkanlardan istifadə edilməsi, düşmənin kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinin qarşısının alınması, təbliğatın səmərəli qurulması və əks-tədbirlərin görülməsindən ibarətdir. Bu tapşırığın icrası ilə əlaqədar qeyd etmək istərdim ki, digər dövlət orqanları və ictimai təşkilatlarla birgə səylər nəticəsində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, təcavüzkar separatçılığı hərtərəfli dəstəkləməsi, Dağlıq Qarabağ və digər işğal altındakı nəzarətdənkənar ərazilərdə qanunsuz fəaliyyətlər həyata keçirməsi artıq beynəlxalq strukturlar tərəfindən tərtib edilən rəsmi sənədlərdə də öz əksini tapır.
Lakin, biz Ermənistanın Azərbaycana qarşı fəal, məqsədyönlü şəkildə həyata keçirdiyi düşmənçilik, terrorçuluq siyasətinin ifşası, qabaqlanması və qarşısının alınması istiqamətində qarşımızda qoyulan vəzifələrin yerinə yetirilməsi üçün hələ çox işlər görməliyik. Milli mənafelərin hərtərəfli və tam təmin olunması işi də əslində Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən bu problemin necə həllini tapacağından asılıdır. Dünyada ölkəmizə qarşı mütəşəkkil bir qurumun mübarizə aparması və təhlükəsizlik orqanlarının öz fəaliyyətində bu amili hər an nəzərə alması zərurəti barədə Azərbaycan Respublikası Prezidentinin dedikləri bizim bu istiqamətdə başlıca iş prinsipimiz olmalıdır. Möhtərəm Prezident demişdir: "Azərbaycana düşmənçilik mövqeyində dayanan dairələr az deyildir. İlk növbədə, bu, erməni lobbisidir. Ermənistanın dünyadakı havadarlarıdır ki, Azərbaycana qarşı çox çirkin kampaniya aparırlar".
Biz Cənubi Qafqazda sülhə və təhlükəsizliyə ciddi təhdid mənbəyi olan Ermənistanın, strateji əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Ceyhan neft kəməri və digər beynəlxalq layihələrin gerçəkləşməsinə maneçilik törətmək istiqamətində pozuculuq fəaliyyətini davam etdirməsini daim diqqət mərkəzində saxlamalıyıq. Eləcə də, Ermənistanın dövlət orqanlarının və erməni diasporunun Azərbaycan ərazisində təxribat-pozuculuq aksiyaları keçirmələri, azsaylı xalqların nümayəndələrini separatçılığa təhrik, habelə destruktiv qüvvələri silah, döyüş sursatı, partlayıcı maddələrlə təmin etmək cəhdlərini nəzərə almalı, bunlara qarşı müvafiq tədbirləri gücləndirməliyik. Qeyd etmək yerinə düşərdi ki, bölgədə mövcud olan terrorçuluq və mütəşəkkil cinayətkarlığın bütün digər növləri yalnız Azərbaycan üçün deyil, bütün region və beynəlxalq aləm üçün real təhdid mənbəyi olaraq qalmaqdadır.
Transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə
Artıq qeyd etdiyim kimi, terrorçuluqla və mütəşəkkil cinayətkarlığın digər təhlükəli təzahürləri ilə mübarizə nazirliyin mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilmişdir. Bir sıra ölkələrin xüsusi xidmət və təhlükəsizlik orqanları ilə iki və çox tərəfli əməkdaşlıq əlaqələrinin qurulmasında bu sahəyə başlıca diqqət yetirilməsi heç də təsadüfi deyil. Bu baxımdan, transmilli cinayətkarlıqla mübarizə tərəfimizdən həm milli təhlükəsizlik, həm də qlobal beynəlxalq təhlükəsizlik sisteminin komponenti kimi nəzərdən keçirilir. Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi tədbirlər nəticəsində ötən il transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində ciddi nailiyyətlər əldə edilmişdir.
Belə ki, ölkədə narkotiklərin qanunsuz dövriyyəsi, saxta sənədlər düzəltmə, dələduzluq və aldatma yolu ilə vətəndaşların əmlakını mənimsəyən cinayətkar qrup yaxalanmış, qeyri-qanuni miqrasiya kanallarından istifadə cəhdlərinin qarşısı alınmışdır. Transmilli, mütəşəkkil cinayətkar dəstələr tərəfindən narkotik vasitələrin İran-Azərbaycan, Dağlıq Qarabağ-İran-Azərbaycan, İran-Azərbaycan-Rusiya marşrutları ilə daşınması kanalları aşkarlanmış, bir qrup şəxs məsuliyyətə cəlb edilmiş, ötən bir ildə 125 kiloqram müxtəlif növ narkotik vasitələr götürülmüşdür.
Qeyri-leqal miqrasiya ilə mübarizənin beynəlxalq terrorçuluğun və digər transmilli cinayətlərin qarşısının alınmasının mühüm şərt olduğu və Azərbaycanın bu növ cinayətlər, eləcə də insan alveri üçün tranzit, təyinat, həm də təminat ölkəsi kimi əlverişli coğrafi mövqeyə malik olması xüsusi nəzarətdə saxlanılmışdır.
İqtisadi təhlükəsizlik məsələləri - iqtisadi cinayətkarlıqla, korrupsiya ilə mübarizə, strateji obyektlərin mühafizəsinin səviyyəsi, ölkəyə sərmayə qoyan xarici şirkətlərin və vətəndaşların normal fəaliyyəti və təhlükəsizliyi, xarici investisiya qoyuluşuna şərait yaradılması və s. məsələlər də diqqət mərkəzində olmuşdur.
Ötən il bu sahədə görülən digər işlər, o cümlədən, ölkənin ali məktəblərinə tələbə qəbulunda yol verilmiş qanun pozuntularının, mədəni irsimizə qarşı yönəlmiş hüquqazidd əməllərin qarşısının alınması, həmçinin, terrorçuluqla mübarizədə əldə edilən uğurlar Milli Təhlükəsizlik Nazirliyinin xalq arasındakı nüfuzunu artırmışdır.
Bu baxımdan, Milli Təhlükəsizlik Nazirliyinin cari il martın 10-da adam oğurluğu, qətllər və s. ağır cinayətlər törədilməsi ilə məşğul olan dəstənin aşkarlanıb zərərsizləşdirilməsi, onların girov saxladığı şəxsin azad olunması istiqamətində həyata keçirdiyi peşəkar və səriştəli əməliyyat-axtarış tədbirləri cəmiyyətdə geniş və müsbət rezonans doğurmaqla, nazirliyin nüfuzunu daha da yüksəltmişdir. Həmin dəstənin hələ 1990-cı illərin əvvəllərindən etibarən törətdiyi dəhşətli cinayət əməlləri istintaq tərəfindən sübuta yetirilmişdir və bu iş davam etməkdədir.
Bağlı qalmış bu cinayətlərin açılması barədə tapşırığın Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Təhlükəsizlik Nazirliyinə həvalə edilməsi bizə göstərilən böyük etimad idi. Qısa müddət ərzində aparılan əməliyyat, təhlil, xüsusi təhqiqatlar nəticəsində əvvəllər törədilmiş və bağlı qalmış çoxsaylı adam oğurluğu və qətl hadisələrinin eyni cinayətkar dəstə tərəfindən və oxşar üsullarla həyata keçirildiyini müəyyənləşdirərək cinayətkarları zərərsizləşdirən nazirlik əməkdaşları onların peşəkarlıqlarına bəslənən inamı doğrultdular.
Ölkə başçısı bandanın zərərsizləşdirilməsi məqsədilə keçirilmiş "Qara Kəmər" əməliyyatında fərqlənmiş Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarına yüksək dövlət mükafatlarının təqdimat mərasimində demişdir: "Onu qeyd etmək istəyirəm ki, bu, Azərbaycanda son illər ərzində baş vermiş ən böyük cinayətlərdən biri idi. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən aparılmış əməliyyat, ən uğurlu, ən böyük əməliyyat idi". Bu, bizim işimizə verilən ən yüksək qiymətdir. Fəaliyyətimizin belə yüksək diqqətə layiq görülməsi və şəxsən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanın özü tərəfindən təqdim olunan dövlət mükafatları bizi xalqın və ölkənin ali rəhbərinin etimadını doğrultmağa və dövlətçiliyin etibarlı müdafiəsi istiqamətində səylərimizi daha da gücləndirməyə səsləyir.
Hüquqi, demokratik dövlətin qurulmasında iştirak
Milli Təhlükəsizlik Nazirliyinin hüquqi, demokratik dövlətin qurulmasında iştirakı baxımından da ötən il əlamətdar olmuşdur. Belə ki, nazirliyin fəaliyyətini tənzimləyən yeni normativ-hüquqi aktlar, o cümlədən, "Milli təhlükəsizlik haqqında", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Dövlət sirri haqqında" və s. qanunlar qəbul edilmiş, ölkə Prezidenti tərəfindən nazirliyin yeni Əsasnaməsi və təşkilati strukturu təsdiq edilmiş, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsi, vəzifə və hüquqları müvafiq Fərmanla müəyyən olunmuşdur.
Yeni qanunvericilikdə milli təhlükəsizliyin əsas elementləri olan bir çox anlayışların, o cümlədən milli maraqların və təhdidlərin tərifi verilmiş, təsnifatı aparılmış, milli təhlükəsizliyin təmini sahələri və sisteminin əsas elementləri müəyyənləşdirilmişdir. Ölkə qanunvericiliyinə əsasən, risk və təhdidlər - ölkənin həyat əhəmiyyətli mənafelərinə mümkün təhlükə, milli maraqlarının həyata keçirilməsinə mane olan və ya onlara təhlükə yaradan şərait, proses və amillər kimi təsbit olunmuşdur. Göstərilən normativ aktların qəbulu bizim fəaliyyətimizin hüquqi çərçivəsini, ölkənin milli təhlükəsizliyinin hərtərəfli təmin olunması işində vəzifə və səlahiyyətlərimizi dəqiq müəyyən etmişdir.
Nazirlik tərəfindən ötən il Azərbaycan Respublikasının qoşulması və qanunverici orqanın müzakirəsinə çıxarılması nəzərdə tutulan onlarla müxtəlif beynəlxalq normativ-hüquqi sənədlərə, o cümlədən müqavilə, protokol, qanun layihələrinə müvafiq rəy və təkliflər verilmişdir.
Qeyd olunanlarla yanaşı, hazırda milli təhlükəsizliyin təmin edilməsinin konkret məqamlarının əksini tapacağı Milli Təhlükəsizlik Konsepsiyasının hazırlanması ilə əlaqədar aparılan işlərdə nazirliyin əməkdaşları yaxından iştirak edirlər.
Əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi
Təhlükələrin oxşarlığı və eyniliyi öz növbəsində MTN-in xarici dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlığının vacibliyini artırır. Bununla bağlı, terrorçuluğa və transmilli cinayətkarlığın digər formalarına qarşı mübarizə sahəsində nazirlik 30-dan çox ölkənin xüsusi xidmət orqanı ilə səmərəli əməkdaşlıq edir. MTN, həmçinin MDB dövlətlərinin xüsusi xidmət və təhlükəsizlik orqanları rəhbərləri Şurasının və Türkdilli dövlətlərin xüsusi xidmət orqanları rəhbərləri Konfransının fəal üzvüdür. Son vaxtlar nazirlik beynəlxalq əməkdaşlıq imkanlarından daha səmərəli istifadə edir, bir çox Qərb və Yaxın Şərq ölkələrinə səfərlər zamanı və MDB məkanında keçirilən görüşlərdə transmilli mütəşəkkil cinayətkarlıq, xüsusilə beynəlxalq terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri ətraflı müzakirə olunmuşdur.
Xarici siyasətin uğurla həyata keçirilməsi üçün əlverişli şərait yaradılması işində iştirak Ötən ilin iyul ayında Xarici İşlər Nazirliyində Azərbaycanın əksər dövlət orqanları və xarici ölkələrdəki səfirliklərimizin nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə möhtərəm Prezidentimiz İlham Əliyev xarici siyasətin formalaşması və həyata keçirilməsi sahəsində qarşıya çox mühüm vəzifələr qoymuşdur. Bu vəzifələrin hər bir əməkdaş tərəfindən dərindən öyrənilməsi və fəaliyyət prinsipi kimi qəbul olunması üçün nazirlikdə ardıcıl tədbirlər görülür.
Ərazi bütövlüyünün bərpası istiqamətində ölkə rəhbərliyinin apardığı siyasi xəttin həyata keçirilməsi üçün bütün imkan və vasitələrin səfərbər olunması, Dağlıq Qarabağ probleminin əsl mahiyyəti, münaqişənin Azərbaycan üçün ağır nəticələri barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılmasında səylərimizin artırılmasına çalışırıq. Ermənistana qarşı informasiya mübarizəsi düşünülmüş, planlı, müvafiq dövlət orqanları ilə əlaqəli şəkildə aparılır.
Yaxın günlərdə Dağlıq Qarabağ münaqişəsi, əsir və girov götürülmüş şəxslər haqqında erməni mövqeyindən çəkilmiş filmin Hollandiyada yayılmasının qarşısı alınmış, adekvat olaraq Qarabağın etnik tarixi, Xocalı soyqırımı, münaqişənin əsl mahiyyəti, Azərbaycan üçün ağır nəticələri barədə obyektiv məlumatlar müxtəlif dillərdə tərtib edilərək xaricdə diplomatik kanallar vasitəsilə və digər yollarla yayılmışdır.
Dayanıqlı sabitliyin təmini işində iştirak
Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi kimi: "Ölkəmiz öz coğrafi-strateji vəziyyətinə, müstəqil siyasət apardığına görə, müxtəlif yerlərdən Azərbaycana qarşı müxtəlif təxribat əməliyyatları daim olacaqdır. Onun üçün də Azərbaycanda ictimai-siyasi sabitlik, sağlam mühit, xalqın birliyi bütün bu çətinliklərin qarşısını almaq üçün əsas şərtdir".
Ulu öndərimizin bu tövsiyəsini öz fəaliyyətində daim rəhbər tutan Milli Təhlükəsizlik Nazirliyinin Azərbaycan Respublikasında quruculuq işləri, sərmayə qoyuluşu və tərəqqi üçün başlıca təminat olan, böyük zəhmətlər hesabına yaradılmış sabitliyin qorunub saxlanılmasında xüsusi rol oynaması əhali arasında rəğbət hissi ilə qarşılanır. İctimaiyyətlə qarşılıqlı əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qaldırılması, vətəndaşların təhlükəsizliyinin təmin olunması kimi şərəfli işdə yaxından iştirakı nazirliyin xalq arasında nüfuzunun yüksəlməsinə ciddi təkan vermişdir. Ötən ildən etibarən İctimaiyyətlə Əlaqələr Mərkəzi fəaliyyətə başlamışdır. Bu günlərdə İnternet şəbəkəsində MTN-in rəsmi saytı yaradılmışdır.
İslahatlar və sosial təminat
Yuxarıda göstərilənlərin və digər mühüm vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bu gün nazirliyin daha geniş imkanları vardır. Ötən ilki struktur dəyişiklikləri fonunda yeni kadr təyinatları da baş vermiş, kollektivdə yaradılan işgüzar və səmimi əhval-ruhiyyə nəticəsində nazirliyin işinin dövrün tələbləri səviyyəsində qurulmasına daha böyük imkanlar yaranmışdır. Həmçinin, əməkdaşların iş şəraitinin yaxşılaşdırılması, maddi-texniki vasitələr və müasir avadanlıqla təminatı istiqamətində zəruri tədbirlər görülür. Bir sözlə, nazirlikdə işgüzar və peşəkar fəaliyyət üçün bütün imkanların təmin olunması sahəsində ardıcıl tədbirlər davam etdirilir.
Eyni zamanda, əməkdaşların sosial müdafiəsi gücləndirilmiş, ölkə Prezidentinin Fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının əmək haqları artırılmışdır. Sosial problemlərin həlli ilə bağlı ölkə rəhbərliyinin diqqət və qayğısı, görülən işlər əməkdaşlarımız tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanır. Zənnimizcə, bütün bu amillər Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına göstərilən böyük etimadın təzahürüdür.
Aparılan islahat və dəyişikliklərin əsas məqsədi mövcud strukturun təkmilləşdirilməsi, yeni təfəkkürlü, səriştəli kadrların irəli çəkilməsidir. Həmçinin, müasir dövrün çağırışlarına və milli təhlükəsizliyə yönəlmiş yeni təhdidlərə qarşı nazirliyin fəaliyyətinin daha optimallaşdırılması, bu mühüm dövlət strukturunun cəmiyyətdə nüfuzunun və etimadının artırılması sağlam mühitin bərqərar olmasından ibarətdir.
Biz möhtərəm Prezidentimizin rəhbərliyi ilə dövlət quruculuğunun növbəti mərhələsinə - "yeniləşmə və müasirləşmə" dövrünə qədəm qoymuşuq. Bu mərhələ bizdən xalqımızın etimadı, dövlət başçısının göstərdiyi diqqət və qayğı müqabilində bütün qüvvə və imkanlarımızı milli maraqlarımızın və təhlükəsizliyimizin layiqincə təmin edilməsinə yönəltməyi tələb edir. İnamla demək olar ki, təşəkkülünün 86-cı ildönümünü qeyd etdiyimiz milli təhlükəsizlik orqanlarının əməkdaşları fəaliyyətlərini məhz bu istiqamətdə quracaq, vəzifə borclarının yerinə yetirilməsində insan və vətəndaş hüquq və azadlıqlarına dönmədən riayət olunması, humanizm, dövlət və cəmiyyət qarşısında cavabdehlik, vətənpərvərlik prinsiplərini rəhbər tutmaqla, Azərbaycanın milli təhlükəsizliyinin təmin olunması sahəsində bütün qüvvə və bacarıqlarını əsirgəməyəcəklər. Eyni zamanda, xalqımızı əmin etmək istərdim ki, hər bir vətəndaş öz hüquq və azadlıqlarının, qanuni mənafelərinin və eləcə də milli maraqların dövlət tərəfindən qətiyyətlə və ardıcıl surətdə qorunacağına arxayın ola bilər.
Fürsətdən istifadə edərək, əlamətdar gün münasibətilə milli təhlükəsizlik orqanlarının bütün əməkdaşlarını və hörmətli veteranlarımızı bir daha ürəkdən təbrik edir, onlara cansağlığı, ölkəmizin tərəqqisi və təhlükəsizliyinin təmini üzrə möhtərəm Prezidentimizin inamla davam etdirdiyi siyasi kursun həyata keçirilməsində yeni-yeni uğurlar arzulayıram.
Eldar Mahmudov, Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri, general-leytenant
|