02 aprel 2005
Məlumat verildiyi kimi, cari ilin mart ayının 10-da Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin "Qara kəmər" şərti adı altında keçirdiyi xüsusi əməliyyat nəticəsində qəsdən adamöldürmə, adam oğurluğu və digər xüsusilə ağır cinayətlər törətmiş və uzun illər cəzasız qalmış təhlükəli banda zərərsizləşdirilmişdir.
Əməliyyatın uğurla keçirilməsində xüsusi fərqlənmiş Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltifolunma mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin banda və onun üzvlərinin törətdiyi hüquqazidd əməllər barədə hələ 2001-ci ildə respublikanın Baş Prokurorluğundan Milli Təhlükəsizlik Nazirliyinə göndərilmiş yazılı məlumatların yoxlanılması ilə bağlı göstərilmiş fəaliyyətsizliyə və itirilmiş illərə görə ciddi iradlarını bildirmişdir.
Bununla əlaqədar, nazirlikdə xüsusi yoxlama qrupu yaradılmış və daxili təhqiqat aparılmışdır. Müəyyən edilmişdir ki, Azər İsmayılovun və Rövşən Əliyevin öldürülməsi faktları ilə bağlı başlanmış cinayət işləri üzrə 2001-2003-cü illərdə Baş Prokurorluqdan Milli Təhlükəsizlik Nazirliyinə daxil olan ümumilikdə 8 əməliyyat tapşırığında hazırda zərərsizləşdirilmiş bandanın artıq məsuliyyətə cəlb edilmiş bir çox üzvünün adlarının qeyd olunmaqla, onların bu cinayətlərdə iştirakının mümkünlüyü barədə fərziyyələrin yoxlanılması həvalə edilmişdir. Həyata keçirilmiş əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlərin nəticələri üzrə Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat heyəti tərəfindən tərtib olunmuş arayışlarda göstərilən şəxslərin qəsdən adamöldürmə və adam oğurluğu cinayətlərində iştiraklarını ehtimal etməyə əsas verən halların, onların ifşası istiqamətində məqsədyönlü əməliyyat tədbirlərinin keçirilməsini vacib edən ayrı-ayrı xüsusatların olmasına baxmayaraq, bu sənədlərdə sabiq milli təhlükəsizlik naziri Namiq Abbasovun və əməliyyat sahəsinə kuratorluğu həyata keçirən nazir-müavini general-mayor Tofiq Babayevin icranın təşkili üzrə demək olar ki, istiqamətverici göstərişləri olmamış, başlıcası isə bu yönümdə fəaliyyət məntiqi sonluğa çatdırılmamışdır.
Daxil olmuş əməliyyat tapşırıqlarının icrasının nəticələri üzrə gəlinmiş qənaətlər barədə faktiki olaraq cavab məktubları göndərilməmiş, yalnız Baş Prokurorluğun rəhbər heyətinin və cinayət işlərinin istintaqını aparan müstəntiqlərin şifahi şəkildə məlumatlandırılmasına dair qeydlər edilməsi ilə kifayətlənilmişdir. Məsələnin müzakirələrinə həsr olunmuş əməliyyat müşavirələri sənədləşdirilməmiş, zəruri qərarlar qəbul edilməmişdir.
Beləliklə, aparılmış daxili təhqiqatla müəyyən edilmişdir ki, təhlükəli bandanın vaxtında ifşa olunaraq zərərsizləşdirilməsi üzrə qısa müddətdə lazımi tədqiqatlar və təhlillər aparıb aşkar izlər və əlamətlər əsasında təkzibolunmaz sübutlar əldə etmək üçün imkanlar olduğu halda, düşünülmüş və səriştəli xüsusi əməliyyat hazırlayaraq onu peşəkarlıqla həyata keçirmək əvəzinə, fəaliyyətsizlik göstərilmiş, rəhbərlik tərəfindən icra intizamına nəzarət yarıtmaz olmuş, Azər İsmayılovun axtarılması ilə bağlı fəaliyyət isə 2003-cü ilin may ayından əsassız olaraq, ümumiyyətlə dayandırılmışdır. Bununla da, dövlət başçısının qeyd etdiyi kimi, illər itirilmiş, cəzasızlıqdan istifadə edən banda daha neçə ailəyə faciə, maddi və mənəvi məhrumiyyətlər gətirmişdir.
Uzun illər cəzasızlıq şəraitində fəaliyyət göstərmiş, tamah-zorakı yönlü cinayətkar əməlləri cəmiyyətdə geniş rezonans doğuran, hüquq mühafizə orqanlarının peşəkar imicinə ciddi xələl gətirən təhlükəli bandanın aşkarlanması və zərərsizləşdirilməsi ilə bağlı zəruri əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini təşkil etmədiklərinə, xidməti vəzifələrinin icrasına məsuliyyətsiz yanaşdıqlarına və prinsipsizlik göstərdiklərinə görə nazirliyin idarə rəisinin müavini, polkovnik Qasımov Seyfulla Şamil oğlu və şöbə rəisi polkovnik-leytenant Nağıyev Sahib Novruz oğlu hərbi xidmətdən ehtiyata buraxılmaqla milli təhlükəsizlik orqanlarından xaric olunmuş, daha 7 məsul əməkdaş haqqında ciddi intizam tənbehi tədbirləri görülmüşdür. Baş Prokurorluqdan daxil olmuş əməliyyat tapşırıqlarının icrası və ona nəzarət üzrə fəaliyyəti yarıtmaz təşkil etmiş və bu yönümdə ciddi nöqsanlara yol vermiş nazir müavini general-mayor Babayev Tofiq Behbud oğlunun tutduğu vəzifədən azad olunması barədə raportu əsasında ölkə rəhbərliyi qarşısında qaldırılmış vəsatət təmin edilmişdir.
Tutduğu vəzifədən, sosial-siyasi mövqeyindən asılı olmayaraq, qanun qarşısında hamının bərabərliyi prinsipini, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olması barədə Konstitusiya müddəasını rəhbər tutan Milli Təhlükəsizlik Nazirliyi bəyan edir ki, milli təhlükəsizlik orqanlarının şəxsi heyəti Azərbaycanın milli mənafelərinin əleyhinə yönəlmiş hər cür qəsdlərin qarşısının alınması işində bundan sonra da prinsipial və qətiyyətli olacaqdır.
|