6 iyul 2009
Milli Təhlükəsizlik Nazirliyi narkotik qaçaqmalçılığı ilə məşğul olan şəxsləri zərərsizləşdirmuişdir
Milli Təhlükəsizlik Nazirliyinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində son günlər keçirdiyi növbəti əməliyyat tədbirləri nəticəsində İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması üzrə daha bir faktın qarşısı alınmış, 48 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülmüşdür.
Beyləqan rayon sakinləri Nəsirov Tahir Vaqif oğlu, Quliyev İlqar Oqtay oğlu və Səfərov Samir Niyazi oğlu, Kəlbəcər rayon sakini Hüseynov Rəşad Zakir oğlu, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycan ərazisinə gətirmişlər.
Müəyyən edilmişdir ki, Tahir Nəsirovun təşkilatçılığı ilə hazırda şəxsiyyətləri istintaq tərəfindən araşdırılan İran İslam Respublikasının vətəndaşları İran-Azərbaycan dövlət sərhədinin Beyləqan rayonu istiqamətindən külli miqdarda narkotik vasitəni qaçaq yolla keçirib həmin rayonun 1-ci və 2-ci Şahsevən kəndlərinin arasındakı ərazidə gizlətmişlər. Əvvəlcədən əldə olunmuş razılığa əsasən, Tahir Nəsirov və İlqar Quliyev narkotik vasitələri həmin yerdən götürürmüş və təxminən gecə saat 3 radələrində Bakı şəhərinə gətirmişlər. Onlar Rəşad Hüseynovun gözətçi işlədiyi bağa gələrək narkotikləri burada gizlətmiş və özləri də həmin bağda gecələmişlər. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində adları çəkilən şəxslər saxlanılmış, həmin bağa baxış zamanı oradan 30 kiloqrama yaxın həşiş, habelə Tahir Nəsirovun qanunsuz əldə etdiyi Türkiyə istehsalı olan 1 ədəd «Mini Kral» start tapançası aşkarlanaraq götürülmüşdür.
Faktla bağlı cinayət işi başlanılmışdır.
MTN ictimai əlaqələr mərkəzinin 2009-cu il mayın 4-də KİV üçün açıqladığı məlumatda Astara rayon sakinləri Pərviz Əliyevin, İlham Səmədovun və Asəf Qasımovun, Bərdə rayon sakinləri Asəf Əzimovun və Saleh Məmmədovun, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşlarının və qeyrilərinin qabaqcadan əlbir olaraq satış məqsədi ilə 40 kiloqrama yaxın narkotik vasitə olan həşişi qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycan ərazisinə gətirdikləri və həmin şəxslərin ifşa olunaraq zərərsizləşdirildikləri barədə geniş məlumat verilmişdir.
Bu faktla bağlı MTN İstintaq Baş İdarəsində başlanılmış cinayət işi üzrə davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində adları çəkilən təqsirləndirilən şəxslərin narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı törətdikləri hüquqazidd əməllərinə dair yeni hallar məlum olmuş, onlara məxsus gizli saxlanc yerindən əlavə 18 kiloqrama yaxın həşiş aşkar edilərək götürülmüşdür.
Hazırda cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
|