07 aprel 2005
Son vaxtlar Milli Təhlükəsizlik Nazirliyi tərəfindən mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində həyata keçirilən uğurlu tədbirlər, terrorçu təşkilatların amansız cinayətkar əməlləri cəmiyyətdə geniş rezonans doğurmuş təhlükəli bandanın zərərsizləşdirilməsi və digər önəmli işlərlə əlaqədar, eləcə də milli təhlükəsizlik orqanlarının 86-cı ildönümü münasibətilə nazirliyin ünvanına respublikanın bütün bölgələrindən, əhalinin ayrı-ayrı təbəqələrindən səmimi və xoş arzularla dolu təbrik teleqramları və məktubları daxil olmaqdadır.
Həmin təbriklərdə, eləcə də kütləvi informasiya vasitələrində gedən yazılarda, vətəndaşların radio və televiziya kanallarında yayımlanan çıxışlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən fəal hüquq-mühafizə siyasəti, habelə milli maraqlara, sabitliyə, cəmiyyət əleyhinə yönələn hər cür hüquqazidd əməllərə qarşı mübarizə sahəsində görülən ardıcıl və qətiyyətli tədbirlər təqdir olunur.
Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyi və şəxsi heyəti göstərilən diqqətə, xoş arzulara və təbriklərə görə bütün soydaşlarımıza öz dərin minnətdarlığını çatdırır və ictimaiyyətimizi bir daha əmin edir ki, milli təhlükəsizlik orqanları xalqımızın və ölkəmizin milli maraqlarının, dövlətçilik mənafelərinin, sabitliyin, hər bir vətəndaşın konstitusion hüquqlarının və təhlükəsizliyinin qorunub saxlanılması, cəmiyyət əleyhinə və dövlətin əsaslarının sarsıdılmasına yönələn hər cür qəsdlərin qarşısının alınması üzrə vəzifələrini bundan sonra da qətiyyətlə yerinə yetirəcəkdir.
|