8 may 2009
Milli təhlükəsizlik nazirliyinin qabaqlayıcı əməliyyat tədbirləri xüsusilə ağır ictimai təhlükəli cinayətin qarşısının alınması ilə nəticələnmişdir.
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş qabaqlayıcı əməliyyat tədbirləri nəticəsində, əvvəlcədən əlbir olaraq əmlakı qəsdən məhv etmək məqsədilə yandırma və partlatma, habelə sifarişlə qəsdən adam öldürmə cinayətlərinin törədilməsini planlaşdıran bir qrup şəxs bu niyyətlərini reallaşdırmaq ərəfəsində zərərsizləşdirilmiş, xüsusilə ağır ictimai təhlükəli cinayətin qarşısı alınmışdır.
Azərbaycan vətəndaşları - Ağamirov İbrahim Miriş oğlu, Quliyev Bulud İnqilab oğlu, Cəlilov Şahbaz İsmayıl oğlu və Ələkbərov Ələkbər Rövşən oğlu qabaqcadan əlbir olaraq qrup halında 2009-cu ilin aprel-may aylarında aralarında əvvəlcədən əldə olunmuş razılığa əsasən, Ağcabədi rayonunun Aşağı Avşar kənd sakini Rüstəmov Fizuli Yəhya oğluna külli miqdarda ziyan vurmaq məqsədilə ona məxsus əmlakı yandırmaq və partlatmaq yolu ilə məhv etməyə cəhd göstərmiş, eləcə də onun qəsdən öldürülməsi üçün hazırlıq işləri görmüşlər.
Müəyyən edilmişdir ki, Ağcabədi Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi polis mayoru İbrahim Ağamirov xidmət etdiyi ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Fizuli Rüstəmovla aralarındakı şəxsi münasibətlər zəminində ondan qisas almaq niyyətilə əvvəlcə Fizuli Rüstəmovun Ağcabədi rayonunun girəcəyində yerləşən «Yəhya-Petrol» yanacaqdoldurma məntəqəsini yandırmaq və partlatmaq yolu ilə ona külli miqdarda ziyan vurmaq, bundan sonra isə onu öldürmək qərarına gəlmişdir. İbrahim Ağamirov bu məqsədlə tanışı, Ağcabədi rayon İcra hakimiyyəti hüquq şöbəsinin müdiri vəzifəsində işləyən Bulud Quliyevlə görüşüb niyyətini açıqlamış və «Yəhya-Petrol» yanacaqdoldurma məntəqəsini yandırmağı və partlatmağı, bundan sonra isə Fizuli Rüstəmovu öldürməyi ona sifariş vermişdir.
Bu cinayət əməlinin yerinə yetirilməsinə razılıq verən Bulud Quliyev sifarişin icrası üçün tanışı, qəsdən adam öldürmə cinayəti törətdiyinə görə əvvəllər məhkum olunmuş Şahbaz Cəlilov ilə Bakı şəhərində görüşərək, Ağcabədi rayonunda yaşayan bir nəfərlə aralarında ədavət olduğundan həmin şəxsə məxsus yanacaqdoldurma məntəqəsini yandırmağı və partlatmağı tapşırmış, bunun müqabilində 3 min, onu öldürmək üçün isə 10 min ABŞ dolları verəcəyini vəd etmişdir.
Bulud Quliyevin bu təklifi ilə razılaşan Şahbaz Cəlilov tanışı, əvvəllər məhkum olunmuş Ələkbər Ələkbərova həmin cinayətkar razılaşma barədə bildirmiş, Ağcabədi rayonunun girəcəyində yerləşən «Yəhya-Petrol» yanacaqdoldurma məntəqəsinin yandırılması və partladılması müqabilində onlara ödəniləcək 3 min ABŞ dollarından 1 minini özünə götürəcəyini, 2 min dolları isə ona verəcəyini vəd etmişdir. Bundan başqa, Şahbaz Cəlilov həmin yanacaqdoldurma məntəqəsinin sahibinin öldürülməsi müqabilində isə sifarişçinin onlara daha 10 min ABŞ dolları verəcəyini də demiş və Ələkbər Ələkbərov bu təkliflə razılaşmışdır.
2009-cu il mayın 2-də Şahbaz Cəlilov Bulud Quliyevə onun sifarişini yerinə yetirəcək bir nəfəri tapdığını və həmin şəxsi onunla görüşmək üçün Ağcabədi rayonuna göndərdiyini bildirmiş, həmçinin Ələkbər Ələkbərovun istifadəsində olan mobil telefon nömrəsini də ona vermişdir. Bulud Quliyev və Ələkbər Ələkbərov Beyləqan-Ağcabədi yolunda yerləşən «Görüş-Petrol» adlı yanacaqdoldurma məntəqəsinin yaxınlığında görüşmək barədə razılaşmışlar. Bulud Quliyev özünün «KIA-Sorento» markalı avtomobili ilə Ələkbər Ələkbərovu qarşılamış və onu Ağcabədi rayonunun girəcəyində yerləşən Fizuli Rüstəmova məxsus «Yəhya-Petrol» yanacaqdoldurma məntəqəsinin yanına gətirərək buranı nişan vermişdir. Beləliklə, Bulud Quliyev və Ələkbər Ələkbərov qeyd olunan yanacaqdoldurma məntəqəsinin elə həmin gecə saat 01 - 03 radələrində yandırılması və partladılması barədə razılaşmışlar.
Bulud Quliyev qeyd olunan yanacaqdoldurma məntəqəsinin sahibinin öldürülməsini də planlaşdırdıqlarını və bu barədə Şahbaz Cəlilovla əvvəlcədən razılaşdıqlarını, bunun müqabilində ona 10 min ABŞ dolları məbləğində pul verəcəyini vəd etdiyini, lakin hazırda 8 min dollar pullarının olduğunu Ələkbər Ələkbərova bildirmişdir. Sonuncu sifarişli qətli bu məbləğ müqabilində də yerinə yetirəcəyinə razı olmuşdur. Sonra Bulud Quliyev ilkin olaraq «Yəhya-Petrol» yanacaqdoldurma məntəqəsini yandırmağı və partlatmağı Ələkbər Ələkbərova tapşırmış və bu işin görülməsi üçün ona 500 ABŞ dolları məbləğində beh vermiş, pulun qalan hissəsini isə tapşırıq icra edildikdən sonra ödəyəcəyini vəd etmişdir.
Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi qabaqlayıcı əməliyyat tədbirləri ilə bu təhlükəli cinayətin qarşısı vaxtında alınmış, onu törətmək istəyən şəxslər yaxalanmışlar. Şahbaz Cəlilov tərəfindən qardaşı Elşən Cəlilovun Bakı şəhərindəki mənzilində gizlədilmiş «Makarov» tipli 1 tapança, ona aid 1 ədəd tapança darağı və 20 patron sonuncu tərəfindən könüllü olaraq təhvil verilmişdir. Eyni zamanda, Şahbaz Cəlilovun özünün yaşadığı Bakı şəhərindəki mənzilindən 14 ədəd 5,45 mm çaplı avtomat patronu, Ələkbər Ələkbərovun üzərindən «RQD-5» tipli 1 əl qumbarası, «UZRQM» tipli 1 qumbara alışdırıcısı və cinayətin törədilməsi məqsədilə beh kimi Bulud Quliyevdən qəbul etdiyi 500 ABŞ dolları aşkar edilərək götürülmüşdür.
Faktla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürməyə hazırlıq), 28,120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə adam öldürməyə hazırlıq), 29,186.2.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törətməyə cəhd) və 29,186.2.2-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törətməyə cəhd) maddələri ilə cinayət işi başlanılmışdır. İbrahim Ağamirov, Bulud Quliyev, Şahbaz Cəlilov və Ələkbər Ələkbərov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir. İşin bütün hallarının araşdırılması üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
|