9 may 2008
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi ilə bağlı Milli Təhlükəsizlik Orqanları bir sıra tədbirlər keçirib
Mayın 9-da milli təhlükəsizlik naziri Eldar Mahmudov və nazirliyin rəhbər heyəti ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi ilə bağlı Fəxri xiyabana gələrək, ümummilli liderin məzarı önünə əklil qoymuş, xatirəsini ehtiramla yad etmişlər.
Görkəmli oftamoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilmiş, məzarı üzərinə gül dəstələri qoyulmuşdur.
Sonra Milli Təhlükəsizlik Nazirliyi Qaradağ Rayon İdarəsinin yeni inzibati binasının açılışı olmuşdur. Binanın təməli ötən il ümummilli lider Heydər Əliyevin ad günündə qoyulmuş, bu il 85 illik yubileyi ərəfəsində istifadəyə verilmişdir.
Milli təhlükəsizlik naziri Eldar Mahmudov müasir üslubda tikilmiş binanın açılışını bildirən rəmzi qırmızı lenti kəsdikdən sonra tədbir iştirakçıları foyedə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətini, milli təhlükəsizlik orqanlarının tarixini və bu gününü əks etdirən fotostendlərə baxmışlar.
Binanın otaqları, əməliyyatçıların iş şəraiti ilə tanış olan nazir Eldar Mahmudov bildirmişdir ki, daim tikinti, quruculuq və abadlığa xüsusi önəm verən ümummilli liderimiz Heydər Əliyevin bu sahədə müdrik tövsiyələri rəhbər tutulur. Eldar Mahmudov çıxışında bu açılışın milli təhlükəsizlik orqanlarının əzəli və fəxri rəhbəri ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunduğunu qeyd etmişdir. Bildirilmişdir ki, binanın inşası amalı inkişaf və quruculuq olan ulu öndərin tövsiyələrinin, eləcə də Prezident İlham Əliyevin müasirləşmə siyasi xəttinin yerinə yetirilməsi istiqamətində daha bir addımdır.
Ulu öndərin əziz xatirəsinə həsr olunan tədbirlərin davamı olaraq, Milli Təhlükəsizlik Nazirliyinin himayəsində olan Əzizbəyov rayon 2 nömrəli internat məktəbinin şagirdləri mayın 9-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində ümummilli liderin 85 illik yubileyinə həsr edilmiş “Bir ömrün salnaməsi” bədii sərgisində olmuşlar. Sərginin müxtəlif bölmələrini gəzən uşaqlar əyani vasitələrin köməyi ilə Heydər Əliyevin mənalı ömür yolu və zəngin fəaliyyətilə yaxından tanış ola bilmişlər. “Milli təhlükəsizlik sistemi” bölməsində nümayiş olunan ulu öndərin Azərbaycanda təhlükəsizlik orqanlarına rəhbərlik etdiyi vaxtlarda iş otağındakı stol və stul, hərbi forması, vəsiqələri, xidməti dövründə təltif edildiyi fəxri fərman və ordenləri, müstəqillik illərində bu sahənin inkişafı ilə bağlı gördüyü işlərə dair şəkillər, kitablar və digər materialları şagirdlər maraqla seyr etmişlər.
|