az ru en
    
Baş səhifə
MTN haqqında
Tarix
Qanunvericilik
Erməni təcavüzü
Terrorizmlə mübarizə
Mütəşəkkil cinayətkarlıqla mübarizə
İctimaiyyətlə əlaqələr
MTN-in muzeyi
MTN-in Heydər Əliyev adına Akademiyası
Kitabxana
Bizimlə əlaqə
axtarın
Fotoalbom
Faydalı resurslar
© 2005 Milli Təhlükəsizlik Nazirliyi
MEQA şirkətinin istehsalı
İCTİMAİ ƏLAQƏLƏR MƏRKƏZİNİN MƏLUMATLARI
9 iyun 2008

NARKOTİK QAÇAQMALÇILIĞI İLƏ MƏŞĞUL OLAN DAHA İKİ DƏSTƏ MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİ TƏRƏFİNDƏN KEÇİRİLƏN ƏMƏLİYYAT TƏDBİRLƏRİ NƏTİCƏSİNDƏ İFŞA OLUNMUŞDUR

Bu günlərdə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “İran-Azərbaycan” marşrutu üzrə qaçaqmalçılıq yolu ilə narkotikləri daşıyan iki qrup yaxalanmış, onlardan ümumi çəkisi 6 kiloqramdan artıq heroin aşkarlanaraq götürülmüşdür.

Əməliyyat zamanı Yardımlı rayon sakinləri - Cabir Bədirov və Qabil Bağırov saxlanılmış, onlardan 3,5 kiloqrama yaxın heroin götürülmüşdür. Müəyyən edilmişdir ki, onlar və habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək həmin narkotik vasitəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək satış məqsədi ilə ölkəmizə gətirmişlər.

Məlum olmuşdur ki, Cabir Bədirov İran vətəndaşına sifariş etdiyi narkotik vasitəni sonuncudan qəbul etməyi Qabil Bağırova tapşırmışdır. Qabil Bağırov həmin narkotiki Yardımlı rayonunun Avaraq adlanan ərazisində İran vətəndaşından təhvil alıb Yardımlı qəsəbəsindəki evinin həyətində gizlətmişdir.

Bundan sonra, Cabir Bədirovun tapşırığı ilə Qabil Bağırov həmin narkotik vasitəni Bakı şəhərinə gətirərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmış və ona məxsus çantaya baxış zamanı 3,5 kiloqrama yaxın heroin aşkar edilərək götürülmüşdür.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən daha bir əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotik vasitələri daşımaqla məşğul olan Biləsuvar rayon sakini Sakit Musayev, Cəlilabad rayon sakinləri Zahid və Cahid Quliyev qardaşları saxlanılmış, 2 kiloqram 580 qrama yaxın heroin aşkarlanaraq götürülmüşdür.

Müəyyən edilmişdir ki, Sakit Musayev, Zahid Quliyev, Cahid Quliyev, habelə hazırda şəxsiyyətləri istintaqla müəyyənləşdirilən İran vətəndaşları və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, külli miqdarda heroini satmaq üçün qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətirmək barədə razılığa gəlmişlər.

Həmin sövdələşməyə əsasən, Sakit Musayevin sifarişi ilə İran vətəndaşları narkotik vasitəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycana gətirmiş, Cəlilabad rayonunun Zəhmətabad kəndi yaxınlığında Zahid Quliyevə vermişlər. Sonuncu narkotik vasitəni İran vətəndaşlarından qəbul etməsi barədə Sakit Musayevi məlumatlandırmış və həmin narkotiki ona təhvil vermək üçün Cəlilabad şəhərindəki “İran bazarı” adlanan yerdə görüş təyin etmişdir. Sakit Musayev təyin olunan yerdə Zahid və Cahid Quliyev qardaşları ilə görüşüb onların gətirdikləri heroini təhvil almış və bunun müqabilində Zahid Quliyevə 10 min ABŞ dolları vermişdir. Sakit Musayev həmin heroini özünün idarə etdiyi “Opel” markalı avtomobilin yük yerinə qoyaraq Bakı şəhəri istiqamətində hərəkət etmişdir. Sakit Musayev Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən Biləsuvar rayonu ərazisində saxlanılmış, onun avtomobilinə baxış zamanı 2 kiloqram 580 qrama yaxın heroin aşkar edilərək götürülmüşdür.

Hər iki faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işləri başlanılmış, adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

xəbər arxivi